Cıdır düzündə dəfn olunmağı vəsiyyət edən yazıçı

Cıdır düzündə dəfn olunmağı vəsiyyət edən yazıçı
15 noyabr 2023
# 13:00

Kulis.az Fərid Hüseynin "Cıdır düzü" adlı yeni məqaləsini təqdim edir.

Xankəndi erməni işğalından azad ediləndə nədənsə Cıdır düzü haqqında düşündüm. Yadımdadır ki, şair-yazıçı dostlarlaVaqif Poeziya Günlərinə gedəndə oradaqələm əhliCıdır düzünün lap axırında dayanıb şəkil çəkdirirdi, fonda isə Xankəndi görünürdü. Sanki onda insanlarımız Azərbaycanın ərazi bütövlüyü arzusunun önündə rəsm çəkdirirdilər.

Həmin vaxtlarda Cıdır düzü, Xankəndini bizə göz dağı – əsir yurd kimi göstərirdi. Xankəndi azad olunandan sonra, elə bil Cıdır düzü də rahat nəfəs almağa başladı. Daha Cıdır düzü bizə tapdaq altında olan yurdu yox, azad Vətəni göstərən ənginliyə, genişliyə çevrildi.

***

Şuşa azad olunanda Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin Şəhidlər Xiyabanında çox təsirli çıxışı hər kəsin yaxşı yadındadır. Təbii ki, həmin sirayətli nitqə qulaq asanda mən də çox qəhərlənmişdim. Onda dövlət başçımızın hikmətli kəlam siqləti ilə dillərə düşən “Şuşa, sən azadsan!” sözlərini eşidəndə nədənsə beynimdən “daha Mirzə Cəlilin xəyali məzarı da azaddır” fikri keçdi.

Ötən əsrin 20-ci illərinin sonlarında Cəlil Məmmədquluzadənin ürəyinin xəstə olduğu vaxtlar imiş və görkəmli ədib çətin nəfəs alırmış. Yazıçının Şuşaya getməsini bilən həkim isə məsləhət görübmüş ki, birdən-birə yüksəkliyə qalxma, əvvəlcə şəhərin aşağılarında bir neçə gün qal, nəfəsin o havalara alışsın, sonra mərkəzə gedərsən. Yazıçının həyat yoldaşı Həmidə xanım Məmmədquluzadənin xatirələrində bu kədərli olayların geniş təfsilatı bəs qədərdir. Qərəz, həkiminin sözünə əməl edən Mirzə Cəlil bir müddət qızı ilə aşağı kəndlərin birində qalıb sonra Şuşaya qalxır. Bu, o zamanlar imiş ki, yazıçıya diaqnoz qoyan həkimi xəstə barədə öz fikrini açıqca yazıbmış:“Artıq xəstənin kitabı bağlanıb. İki aydan artıq yaşamaz”. Xoşbəxtlikdən bu tibbi proqnoz özünü doğrultmayıb və həmin iki ay, iki ilə qədər çəkib. Amma yazıçı hər halda canındakı ağrılarıhamıdan yaxşı bilirmiş, düşünürmüş ki, daha ölüm ondan o qədər də uzaqda deyil. Ona görə də imkan yarandıqca vəfalı həyat yoldaşı Həmidə xanımla Şuşanın gözəlliklərinidadını çıxarmağa, könlüncə yaşamağa çalışırmış. Belə xoş anlarda – həyatdan kam aldığı günlərin birindəyazıçı Cıdır düzünün gözəlliklərini seyr edərkən qəfildən vəsiyyətini dilə gətirərək deyib: “Öləndə məni o təpələrin birinin üstündə basdırın”.

Hər dəfə Cıdır düzünə gedəndə Mirzə Cəlilin xəyali məzarını da ziyarət edirəm. Şuşa əsir ediləndə nə yaxşı ki, Mirzə Cəlilin məzarı orda deyilmiş, yoxsa onu da uçurub dağıdacaqdılar - deyə düşünürdüm. Amma indi əksini də fikirləşə bilirəm: Şuşa azaddırsa, deməli,Cəlil Məmmədquluzadənin arzusunda olduğu son sükut yeri də daha tapdaq altından deyil...

***

İşğal dövründə bizim üç şairimizin adı Cıdır düzündə "əsir" edilibmiş: Xalq şairi Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli və Çingiz Əlioğlu 70-80-ci illərdəki Şuşa səfərlərinin birində öz adlarını maşın boyası ilə Cıdır düzündəki qayalardan birinə yazıblarmış.

Onlardan sonrakı ədəbi nəsillərin nümayəndələrindən, şairlərdən neçəsi adların yazıldığı həmin qaya haqqında sıra-sıra şeirlər qələmə alıblar. 30 ilə qədər zaman kəsiyində bu üç şairin adları da Cıdır düzündə “yaşadı”...

Daha o adlar da qayalardan ya kiminsə dağıdıcı əli ilə, ya da təbiətin tufan-qarı sayəsində silinib gedib...

Amma əsas olan həmin adların silinməsi deyil, vacibi o isimlər yazılan qayadakı yerdir. O qayalar bizimdirsə ora bu gün mən, sabah bir başqası adını yaza bilər. Cıdır düzündəki qayaların daşları bizim yaddaşlarımızdır...

***

Cıdır düzü də, təkcə gözəlliklər, ənginlik, ucalıq məkanı deyil, həm də mənəviyyatların məhək daşıdır, daxili dünyaların güzgüsüdür. Şuşa azad olunandan sonra təşkil olunan səfərlərin birində yazıçıları Cıdır düzünü aparıblarmış. O boyda genişlikdə, eninə en, boyuna boy çatmayan bir yerdə yazıçı Mübariz Örənin arxasınca gələn bir həmkarı dilini dinc qoymayaraq deyib: “Çəkil, keçim”. Bu hadisə zaman-zaman adamlar arasında dodaq qaçıran zarafata, yaxud rişxənd mövzuzuna çevrilib... Amma üstündən ötəri keçiriləsi məqam deyil. Əlbəttə, ilk baxışdan adi həyat hadisəsidir, amma dərinlərə baş vuranda heç də sıradan, saya bir olay deyil. Çünki Cıdır düzündə kiminsə başqasının yerini dar eləməsi, qarşısını kəsməsi sadəcə mümkünsüzdür.

Görünür, ürəkdən böyük tıxanıqlığı, daralmanı daxili xılt yaradır, nəticədə insan o boyda ucsuz-bucaqsızlıqda da kiməsə“çəkilin” deyə bilir. Cıdır düzü bu mənada da yarış meydanıdır, – geniş ürəkli olmayan insanlar nəfəsləri eynən tövşüyən atlar sayaq daralır nəticədə təntiyirlər, azadlığın bəxş etdiyi səadətdə səyriməyə, səkməyə nə nəfəsləri çatır, nə də qanadlarının gücü...

***

Cıdır düz həmişə bir yarış meydanı olub, sanki ora özü-özlüyündə təbiətin rəqabət müstəvisidir. Bu cür rəqabət yeri olmaq o məkanın sankiəbədi alın yazısıdır. Tarixin müxtəlif dönəmlərində olduğu kimi son illərin hadisələrdində də Cıdır düzü yenə yarış meydanı olmağı bacardı.

Xatirinizdədirsə, II Qarabağ müharibəsinin başlamasında Nikol Paşinyanın Cıdır düzündəki məlum Yallı rəqsi sanki dövlətimizin səbr kasasını daşdıran son damla oldu. Sonrakı Vətən müharibəmiz, qələbəmiz hər kəsin yadındadır... Torpaqlarımız azad olundu.

Qələbəmiz o rəqsə cavab olsa da,yekun cavab 2021-ci il noyabrında Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı Azərbaycan prezidentinin Cıdır düzündəki möhtəşəm rəqsi oldu.

Bu rəqs, bu oyun, əvvəlki “nöqtəli oyunların” nidası idi. Bu rəqs “cavablaşması” haqq ilə batilin aqibətini, Xeyirin Şər üzərindəki qələbəsinin təntənəsini bütün dünyaya boyasız göstərdi...

Azərbaycan Cıdır düzünün ənənəvini təyinatını dəyişmədən orada yenə də yarışlar keçirir – sənət festivalları, muğam müsabiqələri təşkil edir. Biz əslində, Qarabağdakı varlığımızla o yerlərin fəlsəfi təyinatını, mənəvi mahiyyətini qoruyuruq. Beləcə Vətən onu sevən hər kəsi özü də bilmədən əsgərə çevirir...

# 3360 dəfə oxunub

Müəllifin son yazıları

# # #