“Tolstoy axmaq bir tip olduğuna görə...”

“Tolstoy axmaq bir tip olduğuna görə...”
23 may 2013
# 12:36

Kulis.az isveçrəli yazıçı Herman Hessenin alman yazıçı Tomas Manna yazdığı məktublardan ikisini təqdim edir.

Hörmətli Tomas Mann,

Ötən günlərin birində həyat yoldaşım mənə sizin “Höte və Tolstoy” kitabınızı oxudu və mən həmişəki kimi gözəl əsərinizdəki aydın və sərrast ifadə tərzindən daha çox, bütün alman ənənəsinə zidd olaraq tragik problematikanı zəif göstərməyə, bəsitləşdirməyə və gözəlləşdirməyə yox, birbaşa onu vurğulamağa, ən əsası, dərinləşdirməyə çalışdığınız üçün kəskin zəkanıza və mərdliyinizə heyran qaldım. İstəyərəm biləsiniz ki, Höte-Şiller qarşıdurması mənim üçün xüsusi önəm daşıyır. O məqamda Kantın son illərdə yazdığı və yaşlı filosofun təbiətə olan eşqini əks etdirdiyi “böyük idrak” və “təbiətin sevgilisi” ziddiyyətini qabartdığı məqaləni yadıma salmalı oldum. Bu cəhət Kantın həmişə bəyəndiyim tərəfidir.

Tolstoy təbiət aşiqi, ovçu, nişançı, bəzən böyük düşüncə qarşısında axmaqlaşan və kiçilən bir tip olduğuna görə, çox vaxt mənə Hamsunu xatırladır. Bu məsələ mənə yad deyil, çünki o məsələləri mən də müdafiə edirəm. Mahiyyət etibarı ilə (mənşəycə) mən də anaya – başlanğıca tabeyəm. Əzəlim və bu günüm təbiətdir.

Kəsəsi, sizə yazınızın mənə verdiyi həzzə görə təşəkkür edirəm.

Qeyd: Həyat yoldaşıma bu fikirlərimlə bağlı uzun müddət əvvəl yazdığım bir məqaləni bu yaxınlarda təsadüfən tapıb göstərdim. Həmin məqalədə iki hissədən ibarət olan “ağıllı” və “dindar” ziddiyyəti Höte və Şiller analogiyası baxımdan bəlkə də sizə maraqlı görünə bilər.

Mart 1932

***

Hörmətli Tomas Mann,

Sizin haqda xəbər eşitmək, doğurdan da, adamı sevindirir. Dəyərli məktubunuz üçün təşəkkür edirəm. Basellə bağlı isə mən də pis oluram. Bunun səbəbinin isə ruhi yaxınlıqla bağlı olub-olmadığını şəxsən tam dərk edə bilmirəm. Almanlara xas vətən sevgisiylə indi, bir növ, əsrarəngiz və təsirli olan bu cür örnəklər yaşanır. Qovulmuş yəhudilər və kommunistlər var. Onların içində heç bir hissi olmayan sadəcə qəhrəmanlığı rəhbər tutaraq ciddi addımlar atmış insanlar olduğu kimi, bircə an belə qürbət üzü görməmiş və özünü boşluqda hiss etməmiş insanların indi böyük vətən həsrəti çəkdiyini görürük. Müharibə vaxtı belə şeylərin mənə nə qədər güc gəldiyini və qəlbimdəki Almaniya sevgisinin hislə bağlı yerini qəlbimdən qoparmaq üçün nə qədər zamana ehtiyacım olduğunu düşündükcə, bu məsələnin məziyyətini daha yaxşı başa düşürəm.

Sizin haqda həmişə ürəklə söhbət açırıq. O gündən sonra bura xeyli adam gəlib, bunlardan bir neçəsində - digər hisslər bir yana qalsın – sizdə Almaniyaya qarşı olan yurd sevgisini hiss elədim. Çəkdiyiniz həsrətləri də, müharibəylə bağlılığıma görə bilirəm, bəzən olur ki, indi də bəzi şeyləri ədəbiyyat və ya kitab yayımı mərkəzlərinin bülletenlərindən oxuyuram.

Etiraf edim ki, bu dəfə almanları və Almaniyanı maraqlandıran hadisələri müharibə vaxtındakı kimi həyəcanla izləmirəm. Artıq nə Almaniyadan narahatam, nə də ona görə utanıram, əksinə, az-maz təsirlənirəm. “Birləşdirmək” nə qədər çox şüara çevrilsə, insanların və ortaq düşüncənin inkar etdiyi funksionallığın qaçılmazlığına və labüd hesab edilməsinə olan inamım da bir o qədər möhkəmlənir.

Düşündüklərimin və etdiklərimin almanlıqla bir əlaqəsi olub-olmadığını dair hökm verə bilmərəm. Bir də o var ki, almanlıqdan da əl götürə bilmərəm. Almanların mənasız davranışlarına və yersiz sözlərini fərd olaraq onlara nifrət eləməklə, elə hesab edirəm ki, sadəcə özümə yox, xalqıma da xidmət edirəm.

Hamınıza qəlbən salamlarımı yetirirəm! Bu fəsil burda yaman quraqlıq oldu. Bağçaya süzgəcli qablarda su daşıyıb sulamaq istəyəndə isə yaxış yağdı və artıq hər kəs öz gül bağçasının yanından utanmadan keçə bilir. Ninonun yaxşı bəslədiyi iki pişik balası isə ailəmizi böyüdüb.

Ən xoş arzularla...

1933

# 3586 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #