“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?
23 sentyabr 2026
# 12:00

Kulis.az Fərid Hüseynin “Biz, onlar və bizim dağlar” – tanış gəlir, amma hər şey fərqlidir" yazısını təqdim edir.

Yazıçı Natiq Məmmədlinin yenicə çapdan çıxmış “Biz, onlar və bizim dağlar” romanı 44 günlük Vətən müharibəsinin insanların taleyində buraxdığı dərin izləri və tarixi ədalətin bərpasını özündə əks etdirən orijinal əsərdir. Müəllif əsəri İkinci Qarabağ müharibəsində şəhid olmuş əmisi oğlu İmran Məmmədlinin və bütün şəhidlərimizin əziz xatirəsinə ithaf etməklə müharibənin ağrı-acısını öz taleyində yaşadığını, onun bütün rənglərinə bələd olduğunu göstərir.

Roman Qarabağ uğrunda gedən döyüşləri, xüsusilə Talış və Suqovuşan istiqamətindəki hadisələri əhatə edir. Burada “Biz” (Azərbaycan əsgəri və onun daşıdığı mənəvi dəyərlər) və “Onlar” (Ermənistan tərəfi və davakar millətçilik ideologiyası) arasındakı ziddiyyətlər, müharibənin fərqli tərəflərdən görünüşü və dağlarımızın bu hadisələrə “şahidliyi” ön plana çəkilir. “Bizim dağlar” ifadəsi torpağın əsl sahibinə qovuşmasını, otuz illik həsrətin bitməsini simvolizə edir.

“Onlar”ın mənəvi çöküşü

Əsərin əsas qayəsini yalan və gerçəklik kontekstində qazanılmış mənəvi üstünlük təşkil edir. Erməni komandanlığının əsgərlərə dediyi “Azərbaycanlılar silahı atıb qaçacaq” vədi ilə onların reallıqda qarşılaşdıqları güclü artilleriya atəşi və mütəşəkkil ordu arasındakı fərq “Onlar”da mənəvi çöküş yaradır. Romanın sonunda Vüqarın Ağayevin təslim olanları öldürməməsi, Azərbaycan əsgərinin mənəvi ucalığını və müharibənin yalnız vətən torpağını işğaldan azad olunması naminə edildiyini, qəddarlıq məqsədi daşımadığını göstərir.
Natiq Məmmədlinin bu romanı yalnız bir qələbə salnaməsi deyil, həm də müharibənin insan psixologiyasına təsirini və Azərbaycan xalqının tarixi ədaləti bərpa edərkən saxladığı mənəvi-humanist prinsipləri əks etdirən uğurlu bir əsərdir.

Müharibə – mənəvi sınaq meydanı

Müasir roman janrı fərqli dünyagörüşlərin və səslərin toqquşması meydanıdır. Bu əsər həm Azərbaycan, həm də Ermənistan tərəfinin baxış bucaqlarını paralel şəkildə təqdim edir. Bu “dual” (ikili) struktur əsərin sadəcə bir xronika olmadığını, roman təfəkkürünə söykəndiyini sübut edir. Müxtəlif talelərin (məsələn, Xocalı ağrısı ilə Suqovuşan döyüşlərinin kəsişməsi) bir nöqtədə birləşməsi roman arxitektonikasının əlamətidir. Baxmayaraq ki, hadisələr 44 günlük müharibəni əhatə edir, müəllif retrospektiv prizmasından 30 illik işğal dövrünə, qaçqınlıq talelərinə və tarixi yaddaşa müraciət edir. Bu əsər “gerçək faktlar əsasında” yazıldığı üçün burada “Docu-fiction” (sənədli-bədii) estetikası hakimdir. “Biz, onlar və bizim dağlar” əsəri müasir hərb romanı estetikasına böyük ölçüdə cavab verir. O, müharibəni sadəcə hərbi əməliyyat kimi deyil, bir “mənəvi sınaq meydanı” kimi təsvir etməklə roman janrının tələb etdiyi dərinliyi yarada bilib.
Romanın adı çox güclü bir intertekstual işarədir. Müəllif erməni ideologiyasının ən güclü vizual simvolunun adını götürərək onu Azərbaycanın zəfər hekayəsinə və tarixi ədalətə xidmət edən bir formaya salıb. Bu, oxucuda ilk baxışdan “Tanış gəlir, amma indi hər şey fərqlidir” hissini oyadan uğurlu bir bədii priyomdur.

Təhlükəli illüziyalar

Romanda erməni millətçiliyinin ideoloji əsaslarına və “Miatsum”, “Nemezis” kimi hərəkatlara toxunulması əsərin ən mühüm qatlarından biridir. Müəllif bu konteksti erməni əsgərlərinin daxili dünyası, sığındıqları bunkerlərdə tapılan əşyalar və onların keçmişi üzərindən təhlil edərək bir neçə mühüm mesaj verir.
Romanda erməni hərbçilərinin sığındığı bunkerdə və kazarmanın “Məxfi şöbə”sində tapılan materiallar bu ideologiyanın necə qurulduğunu nümayiş etdirir. Kazarmanın divarlarında və gizli seyflərdə eramızdan əvvəlki dövrlərə, Roma imperiyası vaxtına aid qondarma “Böyük Ermənistan” xəritələrinin tapılması müəllif tərəfindən “xəyali keçmişin əzəməti” kimi təqdim olunur. Bu xəritələr erməni gənclərinin (məsələn, 18 yaşlı Artur, Robert, Suren) beyninə yeridilən saxta tarixi iddiaların və “Miatsum” ideologiyasının vizual sübutudur. Müəllif göstərir ki, bu xəritələr əslində real coğrafiyanı deyil, təhlükəli illüziyaları özündəəks etdirir.
Komandirlərin əsgərlər qarşısındakı çıxışlarında “Biz qisas almağa gəlmişik!” şüarları və türklər haqqında qorxunc miflər (qulaq kəsmək, göz oymaq) “Nemezis” ruhunun davamıdır. Roman boyu görürük ki, bu millətçi ideologiyalar (məsələn, daşnak partiyasının təbliğatı) sıravi erməni əsgərlərini cəbhədə taleyin ümidinə buraxan, onları “ölüm maşınına” çevirən bir vasitədir. Müəllif erməni millətçiliyinin nəticəsi olan faciələri digər dünya qətliamları ilə müqayisə edərək hadisənin miqyasını göstərir. Romanda Xocalı və “Tunel qətliamı” (Kəlbəcər) zamanı baş verən vəhşətlər Osvensim, Xatın və Lidise qətliamları ilə eyni sırada tutulur. Bu, millətçi ideologiyanın sadəcə “milli hərəkat” olmadığını, əksinə, bəşəri cinayətlərə və “insanlığın ərşə dirənən naləsinə” səbəb olan bir şər qüvvə olduğunu mesaj verir.

“Yaşa və qoy yaşasın” şüarı “Öldür və qoy ölsün” ideologiyasına qarşı

Müəllifin ən güclü mesajlarından biri ideologiyanın insan həyatı qarşısındakı acizliyidir. İyirmi gün zülmət bunkerdə qalan, ac və yaralı erməni əsgərləri (Hayk, Qaqaik, Vartan və digərləri) sonda anlayırlar ki, onları döyüşə göndərən guya “böyük ideyalar” və komandirlər onları unudublar. “Miatsum” deyib gələnlərin ən böyük arzusu sonda “meyitlərinin İrəvana göndərilməsi” üçün Azərbaycan əsgərindən (Vüqardan) aman diləmək olur. Yazıçı bu konteksti təhlil edərək bildirir ki, erməni millətçiliyi və onun doğurduğu “Miatsum”, “Nemezis” kimi hərəkatlar həm Azərbaycan xalqı üçün böyük faciələr törədib, həm də erməni xalqının özünü (xüsusən gənc nəsli) bu saxta və qanlı ideologiyanın qurbanına çevirib. Azərbaycan əsgərinin onlara uzatdığı “həyat əli” isə bu nifrət dolu ideologiyaya qarşı mənəvi və humanist bir qələbənin simvoludur.
Baş qəhrəman Vüqar Ağayevin bunkerlərdə ac və çarəsiz qalan, ideologiya tərəfindən aldadılmış erməni əsgərlərinə qarşı göstərdiyi münasibət “Yaşa və qoy yaşasın” prinsipinin birbaşa təzahürüdür. O, rəqibini məhv etmək imkanı olduğu halda, ona yaşamaq şansı verir. Bu, Azərbaycan əsgərinin mənəvi üstünlüyünün sənədləşdirilməsidir. “Yaşa və qoy yaşasın” şüarı romanda erməni tərəfinin “Öldür və qoy ölsün” ideologiyasına qarşı qoyulur.

“Müharibə romanları necə olmalıdır” sualına cavab

Natiq Məmmədlinin “Biz, onlar və bizim dağlar” romanı həm 44 günlük müharibənin gətirdiyi yeni reallıqlar, həm də düşmən tərəfinin daxili dünyasına psixoloji nüfuz baxımından Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Bu romanı fərqləndirən əsas cəhət, onun “post-zəfər” dövrünün ilk sanballı bədii nümunələrindən biri olmasıdır. Bu mövzuda olan digər əsərlərin çoxu həsrət və işğal dövrünün ağrısını daşıdığı halda, bu roman həm o ağrını, həm də qələbənin gətirdiyi mənəvi rahatlığı və “dağların” əsl sahibinə qovuşması faktını sənədləşdirir.

Düşünürəm ki, oxucu “Biz, onlar və bizim dağlar” romanını “müharibə mövzusunda yazılan əsərlər necə olmalıdır” sualına müasir cavab kimi qarşılayacaq.

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər