Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası
6 noyabr 2026
# 15:00

Kulis.az Cavanşir Yusiflinin “21 söz, yaxud romanlar... toz-duman içində” məqaləsini təqdim edir.

Bu yazının adını “21 söz” qoyanda, bu barədə düşünəndə hər şey gün kimi aydın idi, amma indi, deyəsən, sıfırdan başlamalı olacağam. Hətta yazının adının niyə belə olmasını da unutmuşam, hər şey unudulmaqdan gəlir (dünya unutmaq üstündə fırlanır, fırlanır ki, ən gözəl bir şeyi xatırlaya bilsin...), gücü çatan qədər yada düşür, yaddan çıxan hissəni biryolluq unuduruq. Amma o hissə nə vaxtsa gəlib özünü təqdim edəcək. Biz bu dünyada olsaq da, olmasaq da. Məncə, ən maraqlısı onu bilməkdir.

Əslində, yuxarıda dediyimiz kimi, qəzetimizin keçən dəfəki sayında Aydın Talıbzadənin romanı haqqında yazı da (“Roman təcrübəsinə dair...”) bu məqalənin ideyasını daşıyır və bəlirləyir. Nə mənada? Haqqında danışacağımız mətnləri poetikanın, tənqidi-filoloji təhlilin məlum konseptləri baxımından deyil, daha çox bədii mətnin bizə intuitiv olaraq anlatdığı (ötürdüyü...) nəsnələrin bazasında araşdırmağa cəhd edəcəyik. Keçən dəfəki yazıda belə bir ideya-konsept var idi: təhkiyə məsələsi. Müəllif, mətni yazan, yaradan şəxs gözünün önünə qoyulan xəyali əlyazma mətnini oxuyaraq yaradır. Xəyalla gerçəkliyin qovuşduğu möcüzəvi bir məqamda (həm də bir daha təkrarlanmayan!) müəllif hər şeyi aydın şəkildə görür, bəsirət gözü tükü tükdən seçir, nəyi quracağını bilib, onu unudaraq sözlərin yolunu açır...

Yəni hər bir bədii mətnin başlanğıcı “plagiatdır”. Sitat: “...Beynində, fikrində belə bir ideya pardaqlanır ki, bu hadisələr hansısa əlyazmaya nəzər yetirilərək oxunur və yazılır – fikrən oxunur və sükut içində yazılır. Buna görədir ki, oxucu cümlələri oxuyub səsli düşünə bilir. Romanlarda bu səbəbdən çox qəribə ovqat yaranır. Müəllif ən inanılmaz pasajlara, ən inanılmaz hadisələrə istinad edir, yazır, irəliləyir, bizim heç inana bilmədiyimiz şeyləri həqiqət xanalarına düzür. Aydının təhkiyəsində əsas təsvir vasitəsi həm də inanılması mümkün olmayan nəsnələri dilləndirməkdir. Müəllif təbiət mənzərəsinə yer vermir, sözlə hiss və duyğuların hərəkətini, axın və dinamikanı təsvir edir. Bayaq dediyim əlyazma mətninin kənarlarında naxışlar çəkir – həm də müxtəlif kalliqrafik işarələrlə. Bir mətni, gözünün önünə gətirilən mətn təsvirlərini ən müxtəlif yozumlarda təqdim edir; fikrimizcə, bu, postmodern estetikanın doğurduğu texniki, texnoloji vasitələrdən biridir”.

O mətni, o əlyazmanı kim necə oxuyur, kim hara qədər oxuya bilir? Kimin dili neçə dəfə çaşır?

Şərif Ağayarın “Rəng mühəndisi”ndən danışmazdan öncə, fikrimizcə, “Kərpickəsən kişinin son dastanı” hekayəsinin quruluşundakı incəliklərdən, bu mətndə onun yaradıcılığının başlanğıcı və indiki halıyla bağlı nöqtələri təhlil etmək ehtiyacı var. Şərif, necə deyərlər, “dekonstruksiyaya” meylli nasirdir, ancaq məsələnin ümdə, ən kritik məqamı budur ki, o bunu edərkən həmişə reallıqla irreal dünyanın ona bəlli bir məqamında dayanıb durur. Həm də vaxtilə o, klassik ədəbiyyatı çox yaxşı mütaliə edib, ustad dizinin yanında oturaraq səbirlə klassiklərin əsərlərindən bu günə adlaya bilən mətləbləri seçib, sonalayıb, özü üçün təhlil edib və beləliklə, ədəbiyyatla həqiqət xanasında daşların düzgün düzülməsi qaydalarını öyrənib. Müşahidələrimə görə, yaradıcılığında az-çox uğur qazanan müəlliflərin bu uğur payında mütaliənin, xüsusən klassikanı öyrənməyin xüsusi yeri və çəkisi var. Şərifin Aşıq Ələsgərlə bağlı kitabı var – unikal əsərdir. Onun hekayə və romanları, mən biləni və inandığıma görə, klassika dəzgahından rəndələnib çıxıb. Kitabda aşıqələsgərşünasların, hətta füzulişünasların həsəd aparacağı dərəcədə tapıntılar və duyumlar var. Zahirən bağlı olmayan nəsnələr arasında çox mikroskopik pasajda, zaman kəsiyində yaxınlıq və bir-birini doğurma bucağını tapmaq elə Şərifin bu dərəcədə gözəl və təlatümlü roman yazmasını şərtləndirmişdir. Bizim şair və nasirlərin çoxu bizi yaradan klassikanı bilmirlər. Amma həvəslə qələmə sarılırlar.

“Rəng mühəndisi”ndə, sanıram, bir az da irəli gedib – burada hər yer toz-dumana bürünüb. “Kərpickəsən kişinin son dastanı” elə Şərifin də nəsr yaradıcılığında bir dövrün sonu kimi göstərilə bilər. Məhz bu mətndə ən kövrək tonlar artıq bir yerə, bir məcraya axışmır, tel-tel olub dillənir, uzaqdan baxdıqda belə insanların necə kövrəldiyinin şahidi olursan. Kərpickəsən kişi unikal adamdır, Sədini bilir, Quranı bilir, inandığı şeyi tanrı sanır, bir an danışdığı gözəl, ürək əsdirən nəsnələri başqa bir məqamda dana bilər, insanı sehrin içinə salıb, onu oradaca qoyub uzaqlaşa bilən ixtiyar bir kişidir. İnsanlara və hadisələrə münasibətdə ənənəvi prinsiplərdən çıxış edir, o bilir, kimin “başı balacadır”, min verstlik uzaqdan aynabənddə saçlarını darayan qızın narıncı darağını görür, belə heç nəyi gözündən buraxmayan sərvaxt adamın gözləri bir gün tutulmalıydı. Bu mətndə süjet hələ mətndən kənara adlamır, adlasa da, yenidən yuvasına qayıda bilmək potensialını göstərir.

“Rəng mühəndisi”ndə anti-roman elementləri çoxdur, klassik süjet devalvasiyaya uğrayır. Bu romanda bədii həqiqət ən müxtəlif prizmalardan “müşahidə edilir”, həmin prizmalar və illüziyalardan süzülərək mozaik şəkildə qurulur. Mozaika romanı yenidən hekayə biçiminə qaytarır; sanırsan, roman onlarla hekayənin bir məcraya axışıb qovuşmasından yaranıb, ancaq müəllifin həmin xəyali (şüuraltı) əlyazmadan oxuduqları romanı hekayələrin əlindən alıb qurtarır. Romanı oxuyanda, onun son cümləsini oxuyanda bunu dərindən anlayırsan.

Ümumən, bu romanda böyük, həcmli janrlardan kiçik və miniatür janrlara dönüş, daimi hərəkət və dönüş dinamikası çox güclüdür. Romanın çap edilən kimi top atəşinə tutulması onun, şübhəsiz ki, gücü ilə bağlıdır. Romanda “overinterpretation” mövcuddur. Bu nə deməkdir? Mətn elə qurulub ki, əvvəlki mədəni irs və mədəni oxu xətləri və rejimi ilə dialoqa baş vurulur, həm də təkcə dialoqa yox, kəsişmələr də göz qabağındadır. Dərininə şərh (overinterpretation) həm “Rəng mühəndisi”ndə, həm də “Əbuhübb”də var. Dərininə şərh oxu prosesində qarşınızda açılan üfüqləri də “əlyazma mətninə” çevirir. Müasir postmodern roman, fikrimizcə, hər şeyi oxu mətninə çevirir, Şərif bu üsuldan gərəyincə faydalanmışdır.

Hər bir romanın gücü içinə aldığı konsepti doğru-düzgün şərh etməkdən ziyadə, ən müxtəlif oxu variantlarını təklif etmək və məlum klişelərdən qaçıb yeni paradiqma yaratmasındadır. Sözün canı: Şərif bu romanıyla yeni roman diskursu və paradiqması yarada bilmişdir. Oxu prosesinin ağırlığı da buradan irəli gəlir. Aydının romanlarındakı oyun stixiyası burada o qədər “oynaq” deyildir və ola da bilməzdi; Şərif başqa bir kontekstə müraciət edir, oyun romanda ironiya və parodiya üzərindən keçir və icra edilir. Dünya bir kitab kimi ləngərlə oxunur, bəzən o qədər ağırlıq çökür ki, kitab, mətn oxucunun əlindən düşür və onda “Düşən əşyaların səsi” səni minillik yuxudan oyadır. Aydının romanlarında estetik qavrayışı ifadə etmək üçün oyun min bir cilvədən keçir, durulur, qarışır, alov dilimləri kimi ərşə dirənir və XX əsrin əvvəllərindəki Bakı, onun küçələri, damları, bütövlükdə coğrafiyası yeni estetik quruluşda təqdim edilir. Şərifin “Rəng mühəndisi”ndə onun hekayəsinə, yaxud hekayələrinə baxış, açıla bilən pəncərələr varmı? Var, şübhəsiz ki. “Kərpickəsən kişinin son dastanı”nda güllərin, çiçəklərin titrəyişi daim yanında olsa da, əlin çatmayan bir məmləkətin – uşaqlığın obrazıdır. Romandakı rənglər isə toz-dumanın içindən görünən, bir-birinə qarışmış ştrixlərdir. Diqqətli oxucu əsl rənglərin roman məkanında başqa çalarlar qazanmasının, hansı tərəfininsə uçulub dağılmasının şahidi olur və bu, dünyanın dərkində əyani düstura çevrilir.

# 172 dəfə oxunub

Oxşar xəbərlər

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər