“Sən mənim sülhüm idin, cihad olmusan indi...” - Rəbiqə Nazimqızının yeni şeirləri

“Sən mənim sülhüm idin, cihad olmusan indi...” -  Rəbiqə Nazimqızının yeni şeirləri
5 noyabr 2026
# 15:00

Bu gün tanınmış şair və tərcüməçi Rəbiqə Nazimqızının doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun yeni şeirlərini təqdim edir.


Sən mənim yarıyadək...

Sən mənim yarıyadək yaşadığım nağılsan,
Qapı-qapı gəzmişəm, 40-cı da açılsa...
Necə divlərdən qaçıb, nə zindanlar görmüşəm,
Əjdahalar görmüşəm, qəhrəmanlar görmüşəm.
Nə şöhrətə qaçmışam, nə vədə, nə altuna,
Sarayları atmışam ayağının altına.
Ümiddən asılmışam, sınaqlardan keçmişəm,
Quyuları aşmışam, qınaqlardan keçmişəm.
Qara divlər, ağ divlər, ifritələr, mələklər
Tuta bilməyib məni, könlümdə kəpənəklər
Uçan xalçaya minib sənə gəlmişəm yenə.
Açsana qıfılları, qapıda görünsənə.
Bax çarığım yırtılıb, çırağım sönhasöndə,
Çörəkdən bircə tikə qalıb nimdaş heybəmdə.
Sən qırxıncı otağın aynasından baxırsan,
Nolar qapını açıb içəri də çağırsan.
Nə əllərin görünür qapının dəstəyində,
Nə də ki bir işarə arzundan-istəyindən.
Bu nağıla dəvəti mən səndən aldım axı,
Gülə-gülə gəlmişdim, al bu da ağlamağım.
Nə göydən alma düşür, nə daş yağır başıma.
Nə gedirsən ömrümdən, nə çıxırsan qarşıma.
Nolar qapını açıb, içəri də çağırsan,
Sən qırxıncı otağın aynasından baxırsan.

Tikanlı küləklər

Tikanlı küləklərin nəğməsi sənə yaddı,
Niyə söyləyim axı -
Əllərim öz qanımda,
ürəyim yandı, yandı.
Düyün saldım yalançı ümidlərin ipinə,
boğazıma keçirdim -
bu da bir intihardı.
Bir şeir bircə dəfə yazılır, sənə sözüm
Dodağımda qabardı.
Dedim, dilimdən çıxdı, qulaqlarından düşdü,
Küləklərə sarıldı.
Çıxdım gözündən - düşdüm, tikanlara ilişdim.
Yağışlara qarışdım.
Gün yoxdu, pəncərədən,
qorxma, şəklim görünməz,
Pərdələri yığışdır...
Tikanlı küləklərin nəğməsinə qulaq ver,
səsi gəlir yağışdan.

Göl mənzərəsi

O gölün üstündə mənim şəklim var,
Gah yaxına gəlir, gah uzaq düşür.
Gah üzmək istəyir sahilə doğru,
Gah da ki könlünə boğulmaq düşür.
Gah tülə bürünür, gah da dumana,
Hərdən də günəşi geyib "bax" deyir.
Hərdən ütü çəkir sərt qırışlara,
Hərdən də kükrəyir, sözü şax deyir.
O göl qucağında gül açır könlüm,
Bir ovuc su götür, qarışım sənə.
O göl qucağında solur xatirəm,
Yaxın gəl, özünü danışım sənə.
O göl qucağında göyərib qalan
Zanbaqlar şeirdi, sənə yazmışdım.
Sahilin sağında köhnəlib qalan
O qayıq sənindi, yolu azmışdı.
O göl qırağında çimir yuxular
Bircə nəğmə oxu, oyansın şəklim.
Ya bircə daş götür, tuşla üstünə,
Biryolluq ürəyi dayansın şəklin...

Yəhuda üçün

Sən ilahi bəxşişi kimi gəldin ömrümə,
Sən ruhların keşişi, şəfa mələyi idin.
Niyə döndün İblisə,
nə idi çiynindəki o ağır yük, o kisə?..
versəydin, daşıyardım...
nəyimə lazım idi axı ölüb-dirilmək,
qoysaydın yaşayardım...
Sən bağda, qaranlıqda yanağımdan öpmüşdün -
üzümü düşmənlərə tanıtdırmışdın, niyə?
Sənə qədər çoxları ürəyimdə ölmüşdü,
Nə lüzum vardı axı hamını xatırlayıb
bir-bir rəhmət deməyə...
Ürəyimə dammışdı sonuncu şam yeməyi,
qızdıra bilməmişdim həmin axşam yeməyi.
Bağlı idi süfrəmin bomboş qalan tərəfi,
sən oturan tərəfi.
Ləyaqətim, şərəfim, şöhrətim adın idi...
yadım olmusan indi.
Sən mənim sülhüm idin, cihad olmusan indi...
İndi hansı kahinə qanpulu versən, olmaz,
qan tarlası yaranar, yanar, torpaqlar yanar,
dənizlər buxarlanar, göy-göy üzü çat olar.
Mən çarmıxa çəkildim, çox keçməz,
tamam başqa, başqa adam doğular.
Üzün şişər, birdənəm, sıxma gözünü, çıx get.
çəkildiyim çarmıxa çevir üzünü, çıx get.
Get Tanrı xatirinə, get, əzizim Yəhuda,
daha görüşmərik biz... nə gerçək, nə yuxuda...

“Mənə bəla toxundu”

Əyyub Peyğəmbərə

Göydən xəbər gözlədim,
çiyərimə çəkmədim,
başıma gəldi hava...
Yerdə dayaq görmədim,
tapdandım torpaq kimi,
yenə düşdüm ayağa.
İçim od tutub yandı,
heç yanı yandırmadım.
Könlümdə dəniz vardı,
daşmadım,
batırmadım heç kimi...
Əyyub, indi gəmirir içimi
ac qurd kimi
özünə yol tapmayan qəzəb.
Üstümə bir bardaq sərin su səp,
Ürəyində yanan tərtəmiz ocaqdan
bir az işıq gətir,
Yaralarını gizlətdiyin yerdən
bir az torpaq ver mənə...
Bir də əlini göylərə uzadıb,
“bu da bir sınaqdı,
şükr elə”, söylə:
“şükr elə, ürəyin sağdı”...

Məhəmməd Peyğəmbərə

(ikinci şeir)

Dağları üstünə çökdürmək istədiyim ağrılardan
danışmaq yox,
onları salamlayıb başa keçirmək,
ya dəyirman daşının altında üyütmək istəyirəm,
ya da şeirə köçürüb atmaq.
Mələklər soruşsa, bircə cavabım olardı:
Ya özümə gəlmək,
Ya özümdən getmək istəyirəm
birdəfəlik,
ya da hər yerdə qalmaq.
Ya böyümək istəyirəm,
gövdəsiylə göy üzünə qovuşmağa,
budağıyla dan yerinə toxunmağa həsrət çəkən ağaclartək,
ya kiçilmək –
ayaq altında qalmağından ağrımayan, hələ bir də sinəsindən səxavətlə çiçək dərib
adamlara addım-addım xalça sərən torpaq kimi...
Mən bilirəm, göz yaşları bulaqlardan təmiz olur,
Mən bilirəm, gözlərindən axıb gedir adamların könlündəki -
ya qəzəbdi, ya da sevgi.
Mən içməyə bircə qurtum zəmzəm suyu axtarıram,
susuzluğum yoxdu mənim, amma bilmək istəyirəm,
bircə sözlə, həyatın özü nə dadır ki?
Niyə mənə elə gəlir, nə göyünsən, nə də yerin,
oddan-sudan kənar gəlir nə üçünsə mənə yerin.
Niyə mənə elə gəlir, sənin qəlbin zərrə qədər əzilmədi, incimədi?
Sirri nədi bu inamın, sənin səbrin nə qədərdi?
Niyə mənə elə gəlir, sən olduğun mağarada hörümçəyin
tor qurması möcüzə yox, müqəddərdi.
Bircə kəlmə deyəcəkdin bəlkə mənə: "Bu, qədərdi".

# 136 dəfə oxunub

Oxşar xəbərlər

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

17:00 4 noyabr 2026
"Məni ya sevməli, ya öldürməli..."  - Gültən Akından "Dəli qızın türküsü"

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü"

14:00 4 noyabr 2026
Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı  şairdən postmodern silsilə

Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı şairdən postmodern silsilə

13:00 4 noyabr 2026
Qudurğanlıq zorbalığın ən yaxın dostudur -  Rafiq Ələkbər

Qudurğanlıq zorbalığın ən yaxın dostudur - Rafiq Ələkbər

14:49 3 noyabr 2026
"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

13:30 3 noyabr 2026
"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

14:30 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər