Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?
27 oktyabr 2026
# 13:00

Bu gün tanınmış amerikalı şair Silviya Platın doğum günüdür.

Kulis.az Müge Gedikin "Silviya Plat: susdurula bilməyən səs" yazısını təqdim edir.

Silviya Platın yeni üzə çıxan son məktubları onun Ted Hyuz ilə təlatümlü nikahına və bu nikahın onun poeziyasına necə təsir göstərdiyinə yeni bir işıq salır.

Silviya Plat 1956-cı ilin əvvəllərində aşiq olduğunu düşündüyü bir adama uzun və mövzudan kənar bir məktub yazır. Həmin məktubda o, gənclik xəyallarını kinayə ilə ələ salaraq belə bir suala cavab axtarırdı: «Biz nə qədər rəmzi ola bilərik?»

Bir neçə həftə sonra şair Ted Hyuz ilə tanış olur. Dünyanın dörd bir yanından saysız-hesabsız oxucu bu iki şairin məhəbbət dastanını və onun faciəvi sonluğunu öz həyatları ilə eyniləşdirəcək, bütün bu hekayənin nə dərəcədə simvolik məna daşıya biləcəyinə heyrətlənəcəkdi.

Altı illik ailə həyatı, iki övlad və bir uşaqsalma ilə nəticələnən hamiləlikdən sonra Plat Ted Hyuzun xəyanət etdiyini öyrənir. Plat ağır ayrılıq ərəfəsində «Məktubları yandırmaq» («Burning the letters») adlı şeirini qələmə alır: «Bir ocaq qaladım, - deyir, - köhnə məktubların ağ yumruqlarından və ölüm xırıltısından usanıb». Bu məktubların ona istehza etdiyinə işarə vururdu: «Bilmədiyimi sanırdılar?»

Bütün bu hadisələrdən 55 il ötəndən sonra bu gün həmin məktubların ölüm xırıltısını yenidən eşidirik.

Platın ömrünün sonlarına yaxın dostu və həkimi Rut Barnhausa yazdığı məktublar bizə Plat və Hyuz haqqında bir çox qaranlıq məqamı aydınlaşdırır. Plat və Hyuzun hekayəsinə rəmzi çalar qatan, bir növ, bu məktubların dəyişən gender siyasəti üçün ildırımötürən rolunu oynamasıdır. Bu məktublar Plat və Hyuz hekayəsində onların bir-birinə və bir-birləri haqqında yazdıqları şeirlər qədər mühüm əhəmiyyət daşıyır.

Feminizm, ailə, psixi xəstəliklər, intihar və məişət zorakılığı barədə dəyişən təsəvvürlərimiz Plat və Hyuza münasibətimizə də təsir edir.

Rəğbətimiz iki şair arasında dolaşıb qalır. Hyuzun yaxın vaxtlarda çap olunan şeirləri isə Platın intiharına əslində Barnhausun səbəb olduğunu göstərir. Barnhaus Platın iyirmi yaşlarının əvvəlində keçirdiyi əsəb sarsıntısı və intihar cəhdindən sonra, ilk dəfə 1953-cü ildə xəstəxanaya yerləşdirildiyi vaxtdan etibarən onun psixiatrı olur. Xəstəxanadakı təcrübələri Platın «Şüşə qapaq» romanına ilham verir.

Sonralar Barnhaus Platın Boston həyatı boyunca onun terapevti olmuş, Plat İngiltərəyə köçəndə də dostluqları davam etmişdi. Barnhaus Plat ilə bir-birlərinə göndərdikləri məktubları yandırdığını bildirmişdi, lakin Hyuz Barnhausdan gələn və uzun illər üzə çıxmayacaq həmin məktubları Smit Kollecinin Plat arxivində qoruyub saxlamışdı.

Bu yaxınlarda Platın həyatının son bir neçə ayında Barnhausa göndərdiyi məktublar aşkarlandı. Münasibətlərindəki səmimiyyət və dürüstlük, eləcə də Platın son dövrlərdə yazdığı gündəliklərin itməsi nəzərə alınarsa (onların Hyuz tərəfindən məhv edildiyi deyilir), Platın son günlərindəki düşüncələrini öyrənmək üçün əlimizdə yeganə mənbə olaraq məhz bu məktublar qalmışdı.

Görünən odur ki, Plat Barnhausa Hyuzun həddindən artıq təcavüzkar olduğunu və ikinci uşağının tələf olmasına səbəb olduğunu yazıb.

Bu travmatik münasibət Platın bir çox şeirində yer alsa da, məhz bu məqamda irəli sürülən ittiham qarşımıza tamamilə yeni fakt kimi çıxır. Hər iki şairin yaradıcılığı zorakılıq çalarlı obrazlarla doludur. Yəqin ki, məktubları yandırmaq bunların ən məsumudur.

Həm Plat, həm də Hyuz əsərlərini emosional partlayışlarla ifadə edirdilər.

Plat ailə və analıq hissini mifoloji libasa bürüyərək ondan ilham qaynağı kimi faydalanmışdı, Hyuz isə ovçuluğun ibtidai instinktlərini incəsənətlə eyni bədəndə qovuşdurmuşdu.

Bu əfsanəni Plat və Hyuz öz əlləri ilə yaratmışdılar və zorakılığı - buna sadəcə rəmzi demək az olar - onun tam mərkəzinə yerləşdirmişdilər.

Platın ölümü isə bütün bunları açığa çıxardı...

"Guardian"

Türk dilindən tərcümə etdi: Aydan Ağayeva

# 107 dəfə oxunub

Oxşar xəbərlər

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər