"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr
25 oktyabr 2026
# 10:00

Kulis.az Azər Turanın "Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr" yazısını təqdim edir.

1818-ci il. Sonralar Sorbon Universitetinin professoru olacaq 26 yaşlı Viktor Kuzen dünya ədəbi-estetik düşüncəsinə "sənət sənət üçündür" düsturunu təklif edir. Artıq iki yüz ildir ki, Kuzenin təlimi ətrafında mübahisələr səngimək bilmir. Ədəbiyyatda parnasçılığın, daha sonra dekadansın, ardıyca simvolizmin, estetizmin... gəlişməsinə nədən olan nəzəriyyə bu gün də dövriyyədədir.

"Sənət sənət üçündür" təlimi türk poeziyasına ilk parnasçı, ilk dekadans, ilk simvolist, bəlkə, hətta ilk impressionist Cənab Şəhabəddinin şeirləri ilə daxil olur. O isə son şeirinə qədər estet, dekadans və simvolist olaraq Pol Verlenin təsiri altında qalır... Mübhəmliyini sona qədər qoruyur. "Qaranlıq və dərin bir fikrin incə sirləri açıq və aydın söylənməməli, ancaq təlqin yoluyla anladılmalıdır. Kəlmə və cümlə ruhun sirlərini çırılçılpaq ortaya atmamalı, bəlkə şəffaf bir sənət niqabıyla bürünmüş buraxmalıdır" - deyə daha çox musiqidən hörülmüş orkestral şeirin yaradıcısı olur...

Xalid Ziya Uşaqlıgil: "Əruza barmaqlarının arasında şaşırdacaq mərifətlər yapdıran, qafiyələri heç gözlənilməyən və umulmayan yerlərdən bir sehrbaz məharətiylə ovlayan, nəzm biçimlərinə hər gün bir libas geydirərək bir kaleydoskop kimi çeşidli rənglərlə gözləri qamaşdıran Cənab Şəhabəddin sadəcə bir şair deyil, xariqələr yaradan bir məharət sahibidir", - deyir.

Avropa şeirinin şəkillərini türk ədəbiyyatına öncə o gətirir. İlk sərbəst müstəzadları o yaradır. "Yazılmamış şeir" adlı ilk türk sonetinin də, misilsiz və doyulmaz aforizmlərin - "Tiryaki sözlər"in müəllifi də odur - Cənab Şəhabəddin...

***

1897-ci ilin qışı. Cənab Şəhabəddin "Qar nəğmələri" şeirini yazır. "Əlhani-şita" türk poeziyasının əhvalını, ovqatını dəyişdirən şeirlərin ilklərindəndir.

Bəyaz bir titrəyişlə, dumanlı uçuşla, ümidlərin polifonik səssizliyi ilə... təbiətin yuxuya getmiş ruhuna yağan və səssiz-səmirsiz ağlayan qar gözəllik naminə gözəllik, sənət naminə sənət üçün yağır. Uçarkən düşüb ölən kəpənəyi mələk qanadlı qar solğun bağçalarda arayır. Bir zamanlar qanadlarını çiçəklərin üstünə yelpazə kimi açan kəpənəyin nəşi üzərində uçuşan qar səmadan düşüb ağlayır. Bəyaz və xırda bayquşlar kimi qar uçub getmiş quşları budaqlarda, yuvalarda arayır... Qar ruh bağçasında sükutun səsi, bahar çiçəklərinin yerinə açılmış ağ çiçək, eşini qeyb edən quş və quşların nəğməsinin yerinə səslənən ümidin səssizliyidir. "Cənab Şəhabəddin sifətlər, bənzətmələr və məcazlar vasitəsilə qarı və digər ünsürləri, şeir boyunca durmadan dəyişdirmiş, başqa bir şəklə salmışdır. Bunların başlıca iki qayəsi vardır: Biri, mənzərəni rəsm kimi gözlərimizin önündə canlandırmaq, ikincisi, "kainatın ruhu"nu meydana çıxarmaq, təbiəti həssas qılmaqdır. "Əlhani-şita"da psixoloji intiba imajların içində gizlidir... Səadət ilə hüzn duyğusu bir-birinə qarışır... Qalib duyğu, qeyb olan bir səadət duyğusudur və ya melanxoliyadır" (Mehmet Kaplan).

Bu şeirdə zaman, məkan, kədər, qürub, kainat bir tablonun çərçivəsi içinə yerləşdirilir. Sonralar Yahya Kamalın yazacağı "Qar musiqisi"nin ilk notları da bu şeirin əks-sədası kimi səsləndi:

Bin yıldan uzun bir gecənin bəstəsidir bu,

Bin yıl sürəcək zənn edilən qar səsidir bu.

Cənab Şəhabəddin zamanın axışında, vaxtın rayihəsində "saati-semenfam"ı - yasəmən rəngli saatın axışını təsvir edə biləcək qədər, "Şikəsteyi-rəngi səfalət"i, yəni yoxsulluğun incimiş rəngini görə biləcək qədər rəssam, yuxuların oxuduğu nəğməni şeirləşdirə biləcək qədər hədsiz həssasiyyətə malik bir bəstəkar idi. Pol Verlen kimi.

Cənab Şəhabəddin şeirinin timsalında türk poeziyasının ənənəvi qəlibləri qırıldı. Obrazlar sistemi yeniləndi. Türk şeirində orta əsrlər sona çatdı.

***

1911-ci ildə yenə də Cənab Şəhabəddinin qələmi ilə Tanrıya xitabın - münacatın modern örnəyi yazıldı. Bodler havası türk poeziyasına Şəhabəddinin nəfəsindən yayıldı:

Düşüb üstündə ağlamaq dilərəm,

Söylə, ey Tanrı, dizlərin nerədə?

Türk şairi ilk dəfəydi ki, düşüncənin metafizik harmoniyasını pozmadan Tanrıyla belə məhrəm bir üslubda danışırdı.

"İnsanların hər biri bir Şopenhauer olsaydı, təkcə elmin, mədəniyyətin və bu dünyada hüzur və rahatlığın deyil, hətta insanlığın belə mövcud olmaması gərəkirdi. Çünki Şopenhauer insanlığın da deyil, kainatın belə yaradılmasındansa, yoxluğunu tərcih edir. Varsın, özü yox olsun!"

Əhməd Midhət 1887-ci ildə qələmə aldığı "Şopenhauerin yeni hikməti" adlı yazısını bu sözlərlə tamamlayır.

Qəribədir, elə o ərəfədə Şəhabəddinin kədərli-kədərli axıb gedən yasəmən rəngli vaxtına - "saati-semenfam"ına, ruhlarla gizli söhbətlər edən xəyal çiçəklərinə qarşı ilk təpki də elə Tənzimatın ilk yazarı Əhməd Midhəddən gəldi. Ədəbiyyat tarixi isə sübut etdi ki, Cənab Şəhabəddin haqlıymış: "Səsimizi dimağımıza topladıq. Zamanımızın iztirab və sıxıntı fəlsəfəsinə layiq, acı bir üslub aradıq, tapdığımıza "dekadan" dedilər."

Amma dekadan dedikləri bu üslub XX yüzil türk poeziyasının yeni məhvərinə, Cənab Şəhabəddin isə Tofiq Fikrətin təbirincə, "ədəbiyyatımıza həyat verən cövhər"ə çevrildi.

***

Və ən qəribəsi... 27 yaşında qar barədə hüznlü bir şeir yazmış Cənab Şəhabəddin bu şeirdən 37 il sonra - 1934-cü ilin 12 fevralında, qarlı bir gecədə dünyasını dəyişdi...

# 143 dəfə oxunub

Oxşar xəbərlər

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər