"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj
6 noyabr 2026
# 14:41

Kulis.az Mikayıl Ruhandın "Qapı" kitabının təqdimat mərasimin reportajı təqdim edir.


Paytaxtın ədəbi mühitində daha bir yaddaqalan hadisə baş tutur. LİBRAFF mağazalar şəbəkəsinin Park Akademiya filialında şair-filosof Mikayıl Ruhandın yeni çapdan çıxmış “Qapı” kitabının təqdimat mərasimi keçirilir. Ədəbiyyat və incəsənət nümayəndələrinin, tanınmış ziyalıların və oxucuların iştirak etdiyi tədbir həm də maraqlı fəlsəfi müzakirələrlə yadda qalır.

Müəllifin “Elm və təhsil” nəşriyyatında nəşr olunan “Qapı” əsəri axtarışların və sualların kitabıdır. Nəşrdə fəlsəfə, hikmət, varlıq, əxlaq və insanilik kimi vacib anlayışlara toxunulub, həmçinin Qərb filosoflarının və Şərq müdriklərinin həyata, insana, dünyaya münasibətlərinə dair baxışlar yer alıb. Kitabda müxtəlif fəlsəfi baxışların qarşılaşdırılması, onların ortaq və fərqli cəhətlərinin araşdırılması insanın həqiqət axtarışlarına yeni məna qazandırır. Əsərin ön sözünün müəllifi Dalğa Xatınoğlu, redaktoru isə Mənsurə Qaçayqızıdır.

Tədbiri giriş sözü ilə açan şair-dramaturq İlqar Fəhmi əvvəlcə müasir ədəbiyyatdakı meyllərdən və kitabın fərqli cəhətlərindən danışır:

“Müasir Azərbaycan, eləcə də dünya ədəbiyyatında müəlliflər əksər hallarda mənsur şeir və esse janrlarından yan keçirlər. Yazıçılar çox vaxt süjetləri, əhvalatları və hadisələri ya sırf poetik qəlibdə, ya da ənənəvi təhkiyə şəklində təqdim etməyə üstünlük verirlər. Düzdür, bu janrlar dünya ədəbiyyatında və mədəniyyətində də heç vaxt kütləvi olmayıb, amma təəssüf ki, son 10-15 ildə belə nümunələrin sayı daha da azalıb. Biz zamanın zahiri tərəfinə sürətlə bağlanmağa öyrəşmişik. Daha çox zahiri hadisələrə, əhvalatlara, gərgin süjetlərə can atırıq. Bunların fonunda hansısa fikri ifadə etmək mümkün olursa, edirik, olmursa, yox. Hadisəsiz, süjetsiz əsərlər isə oxucuya sanki bir qədər maraqsız görünür. Halbuki, məncə, məhz bu cür əsərlər insan zehnini hadisələrlə yükləmir, oxucunu birbaşa fikir və düşüncə ilə üz-üzə qoyur.

Təbii ki, bu, olduqca çətin, ağır və mürəkkəb yanaşmadır. Belə mətnlərdə oxucu ilə müəllif arasında müəyyən məsafə yaranır və müxtəlif kateqoriyalarla bağlı fərqli düşüncələr meydana çıxır. Əsərdə bir məqam xüsusilə diqqətimi çəkdi: nəşrin adından da bəlli olduğu kimi, "dayana bilmək" fəlsəfəsi təkcə bu kitabın və ya müəllifin deyil, bütövlükdə bu düşüncə tərzinin şüarına çevrilə bilər. İnsan daim nəyisə öyrənmək, nəyəsə nail olmaq üçün irəli qaçır. Amma çox vaxt xoşbəxtlik qaçan adamın arxasında qalır; bəlkə də, xoşbəxtlik elə dayana bilməkdədir. İlk baxışdan bu fikirlər ziddiyyətli görünə bilər, amma mahiyyət etibarilə çox maraqlıdır. Elə bilirik ki, xoşbəxtliyə qaçmaqla çatacağıq, halbuki xoşbəxtlik qaçhaqaçda yaranmır. Yalnız dayanan adam qaçanı kənardan görə bilir. Məsələnin dərinliyinə varmadıqda insana elə gəlir ki, dayanmaq məğlubiyyətdir, geridə qalmaq, anı itirmək, hərəkətdən və dinamikadan qopmaqdır. Çünki biz sürət dövrünə düşmüşük.

Elm, zaman və texnologiya həyatımıza böyük bir sürət gətirib. Ancaq mənə elə gəlir ki, əsas məsələ insanın mənəvi və ruhi dayanacağıdır. Çünki insan yalnız ayaq saxlayanda qaçarkən ötəri gördüklərinin dərinliyinə enə bilir. Ən dinamik, gərgin hadisələrlə zəngin əsərlərdə süjetin özü oxucuya dərinə getməyə imkan vermir, sən sadəcə hadisələrin ardınca qaçırsan. Bu baxımdan düşünürəm ki, təqdim olunan kitab bizi həmin dayanacağa – düşünməyə sövq edir. Ola bilər ki, hansısa məqamlarla razılaşmayaq, bəzi fikirlər bizə yorucu, bəziləri isə əksinə, çox doğma gəlsin. Amma istənilən halda, bu mətnlər insanı düşünməyə vadar edir. Kitabın ən maraqlı cəhəti odur ki, mən onu süjetli əsərlərdən fərqli olaraq ardıcıl oxumadım. Əsəri istənilən səhifədən açıb oxuya və öz düşüncələrinin ardınca gedə bilərsən. Konkret süjetə və ya hekayəyə bağlı olmadığı üçün kitabı istənilən vaxt vərəqləyib həmin düşüncə burulğanına düşmək mümkündür. Ümid edirəm ki, bundan sonra da belə əsərlərin ardı gələcək...”

Kitabın ön sözünün müəllifi, ədəbiyyatşünas-şair Dalğa Xatınoğlu isə çıxışında əsərin fəlsəfi köklərinə və aforistik üslubuna toxunub:

“Qeyd etmək istərdim ki, bu səpkili əsərlərin kökü çox qədim tarixə, daha dəqiq desək, Roma ədəbiyyatına bağlıdır. Məsələn, Mark Avreli tərəfindən qələmə alınan məşhur kitab ingilis dilində "Meditations" adlansa da, ərəb dilinə çox gözəl şəkildə – "əməl" sözündən yaranan "Təəmmülat" kimi tərcümə edilib. "Təəmmülat" dərindən, içdən düşünmək mənasını verir. Onun kökündə dayanan "əməl" anlayışı isə insanın daxilindən gələn istəyi ifadə edir və müəyyən mənada Süleyman peyğəmbərin məsəllərini xatırladır. Kitabın üslubunu aforizmlər – qısa kəlamlar adlandıra bilərik. Dəyərli fəlsəfi və ədəbi əsərlərin böyük bir qismi məhz aforizmlərdən ibarət olur. Məsələn, Şekspirin əsərlərindən seçilmiş aforizmlər toplusu elə müəllifin öz kitabları qədər həcmlidir. Onun yazdığı hər bir qısa cümlə dərin məna yükü daşıyır və istənilən məqamda dərin söhbət açmaq üçün aforizm rolunu oynayır.

Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Ədəbiyyatda təxəyyülün gücü olduqca dərindir. Şekspirin də ifadə etdiyi kimi, şairin baxışı müqəddəs və çılğın bir vəcd içindədir; onun qələmi xəyalın yaratdığı naməlum varlıqlara can və biçim verir. Xəyal güclü olduqda təsəvvür gerçəkləşir və şairin qələmi bu təsəvvürə bədii don geyindirir. Əsərin məzmununda mənim üçün ən maraqlı mövzulardan biri əxlaq anlayışı ilə bağlı oldu. Bu gün cəmiyyətdə "əxlaq" kəlməsi fərqli çalarlarda işlədilsə də, əslində, bu söz "xulq" kökündən gəlir. "Xulq" isə öz növbəsində "xilqət", yəni yaradılış deməkdir. İnsanın təbiətində doğuşdan var olan xüsusiyyətlər onun əxlaqını formalaşdırır. Kitabda bu məsələnin fəlsəfi şərhi mənə böyük zövq verdi. Sonda bu dəyərli kitabın nəşr olunması münasibətilə təbriklərimi çatdırır və müəllifə davamlı uğurlar arzulayıram”.

Təqdimatda çıxış edən kitabın redaktoru, şairə Mənsurə Qaçayqızı isə əsərlə bağlı oxucu təəssüratlarını belə ifadə edib:

“Təqdimatdan söz düşmüşkən, qeyd edim ki, mən mütaliəni çox sevirəm. Bu kitabla ilk dəfə tanış olanda o, düşüncələrimə dərindən təsir etdi. Düzü, əvvəlcə əsərin cəmi yeddi səhifədən – bəlkə də daha az həcmdən ibarət olması mənə bir qədər qəribə, sanki qısa hesabat kimi görünmüşdü. Gündəlik mütaliə vərdişim üçün bu, kiçik bir mətn olduğundan, ilk baxışdan necə bir əsərlə qarşılaşdığımı tam təsəvvür edə bilmirdim. Ümumiyyətlə, hesab edirəm ki, hər bir kitab cəmiyyətə təqdim olunmalıdır. Ən zəif sayılan kitabın arxasında belə zəhmət və əmək dayanır, buna görə də heç kimin əməyini kiçiltmək olmaz. Lakin bu əsər – Mikayl müəllimin kitabı tamamilə fərqlidir. Mətni oxuyanda müəllifə yazıb təbrik etdim və çox maraqlı bir kitab alınacağını bildirdim. Çünki bu əsər məni dərindən düşünməyə vadar etdi.

Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Kitabı oxuyub düşüncələrə daldıqca sanki qaranlıqda bir işıq görürsən. Nəşrin adı da rəmzi məna daşıyır: "Qapı". Həyatda qarşımıza daim qapılar çıxır və hər dəfə üzümüzə yeni bir qapı açılır. Kitabı vərəqlədikcə fərqli hisslər keçirirsən: bəzən oxuduqlarına qarşı çıxırsan, bəzən dərin düşüncələrə dalırsan, bəzən isə tamamilə razılaşırsan. İnsan həmişə həqiqət axtarışındadır. Bu kitabda həqiqətin qarşısında dayanıb susursan və ən əsası – aydınlanırsan, içindəki işıq daha da parlayır. Əsərdə toxunulan mövzular çox maraqlıdır, oxuduqca bu barədə uzun-uzadı danışa bilərəm. Ancaq istəyirəm ki, ən təsirli məqamlar sirr olaraq qalsın, oxucular özləri kitabı əldə edib oxusunlar və bu təsiri şəxsən yaşasınlar. Arzu edirəm ki, hər kəs öz düşüncə dünyasına uyğun olaraq bu kitabda yeni bir qapı aça bilsin”.

Görüşdə çıxış edən fəlsəfə doktoru Müşfiq Ötgün məsələyə cəmiyyətin ekzistensial böhranları və dövrün tələbləri prizmasından yanaşıb:

“Mən dostumun gənclik illərində yazdığı şeirlərini hər zaman çox bəyənmişəm. O dövrdəki yaradıcılığı indikindən fərqlənsə də, şairin 30 illik ədəbi fəaliyyəti məni ondan uzaqlaşdırmadı, əksinə, yaradıcılığına daha sıx bağladı. Kitabdakı bəzi əsərləri oxuduqdan sonra bir daha əmin oldum ki, intellektual ədəbiyyatın yaranması və inkişafı mütləq alqışlanmalıdır. İlk növbədə ona görə ki, biz 90-cı illərin gəncliyi köhnə sistemin dağılıb yenisinin qurulduğu ağrılı bir keçid dövründə yaşamışıq. Həmin dövrdə ən çox ehtiyac duyduğumuz şey ətrafda baş verənlərə işıq sala biləcək bir ədəbiyyat idi, lakin o zaman belə əsərlər yox idi. Biz böyük sıxıntılar içərisində idik və nəyi, nə üçün yaşadığımızı dərk edə bilmirdik.

Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Hesab edirəm ki, yaşadığımız dünyanı, üzləşdiyimiz ekzistensial böhranları, daxili sarsıntı və təzadları mənalandıra biləcək intellektual ədəbiyyatın formalaşması son dərəcə vacib və təqdirəlayiqdir. Ən əsası isə bu ədəbiyyat məhz öz içimizdən doğmalıdır; biz onu Avropada və ya Amerikada yazılmış əsərlərlə əvəz edə bilmərik. Çünki yaşadığımız mühitin ekzistensiyasını yalnız bu çətin illərdən keçmiş, bu cəmiyyəti duymuş insanlar anlaya və tam şəkildə mənalandıra bilərlər. Onların yaratdığı bu cür əsərlər bugünkü gənclərin gələcəyinə işıq tutmaq gücündədir. Məhz bu baxımdan müıllifin yaradıcılığına nəzər saldıqda, orada həm ədəbiyyat, həm də fəlsəfə müstəvisində çox böyük və dərin mənaların yer aldığının şahidi oluruq”.

Əməkdar artist Nicat Kazımov da öz növbəsində kitabın oxucuda doğurduğu təəssüratlardan bəhs edərək qeyd edib:

“Kitab oxucuda çoxsaylı suallar doğurur. Bayaq Müşviq müəllimin də qeyd etdiyi kimi, bəli, biz o sualların cavabları ilə razıyıq. Lakin bu suallar məni narahat etmədi, əksinə, dərindən düşünməyə vadar etdi. Çox şadam ki, belə bir əsər işıq üzü gördü və oxucuların ixtiyarına verildi. İstəyən hər kəs bu kitabı əldə edib mütaliə edə bilər. Bu nəşrlə tanışlıq mənim üçün son dərəcə xoş oldu”.

Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Tədbirdə həmçinin, folklorçu alim İşıqlı Atalı və Real TV-nin aparıcısı, tanınmış jurnalist İlham Şaban çıxış edərək müəllifin yaradıcılığından, “Qapı” kitabının zəngin fəlsəfi mahiyyətindən və oxuculara verəcəyi faydalardan bəhs ediblər.

Sonda söz müəllifə – şair-filosof Mikayıl Ruhanda verilib. O, tədbir iştirakçılarına təşəkkürünü bildirərək insanın daxili axtarışlarından danışıb:

“Bu çıxış mənim üçün böyük məsuliyyətdir. Mən bu məsuliyyəti dərk edirəm və sizinlə bir arada olmağım həmin yükü bir az da artırır. Odur ki, fikirlərimi sizinlə qısa şəkildə bölüşmək istəyirəm. İlham bəy qeyd etdi ki, hər kəsin öz daxili axtarışı var. İnanmaq istəyirəm ki, insanlar həmişə öz daxillərində axtarışdadırlar və bu proses fasiləsiz davam edir. Bu yolda insan indiyə qədər keçdiyi həyat yolunu və qazandığı təcrübəni dərindən hiss etməli, bütün bunların fərqinə varmalıdır.

İnsanlar min illərdir təbiəti araşdırır, varlığın başlanğıcını, həyatın axarını həqiqətin mahiyyətini öyrənməyə çalışır. Bütün bu axtarışların içində insanın özünə ünvanlanmalı olduğu ən böyük sual budur: "Mən kiməm və həyatın mahiyyəti nədir?". "Mən kiməm?" sualı insanın həm keçmişinə, həm də gələcəyinə işıq salır. Əslində, dünya fəlsəfə tarixinin böyük bir hissəsi məhz bu sualın ətrafında formalaşıb. Həyat elə bir axındır ki, heç vaxt yerində durmur; daim yenilənir və dəyişir. İnsan özü də bu dəyişikliyin mərkəzindədir. Yunan fəlsəfəsində Heraklitin dəyişkənliklə bağlı məşhur yanaşması var.Ona görə varlıq daim hərəkətdədir. Filosofun bunu axan çaya bənzətməsiylə bağlı məşhur bir obrazı var. Bu fasiləsiz axın fonunda insanın mənəvi dünyasının dəyişməsi də həmin sualın mühüm bir hissəsini təşkil edir. İnsan dünyaya sığmamalı, öz ömrünü və nə üçün yaşadığını daim sorğulamalıdır.

Sokratın məşhur bir kəlamı var: "Sorğulanmayan həyat insan üçün yaşamağa dəyməz". Bu fikirdə çox qiymətli bir məna var.Qədim Şərq müdriki Konfutsinin də belə bir gözəl fikri var: "Öyrəndiklərini həyata tətbiq etmək sevindirici deyilmi?". Bu iki fikir insanların mövcud halının həyatı və dünyanı öyrənməyə yetərli olmadığını göstərir. Müasirimiz olmuş mənim ustadım Asif Ata da “İnsan dəyişməsə, dünya dəyişməz” deyə haray çəkirdi. Dünya dəyişirsə, təbiət dəyişirsə və sahib olduğumuz həqiqətlər dəyişirsə, insanın mənəvi aləmi də dəyişməlidir. Hər gün eyni adam kimi yuxudan oyanmaq olar, amma eyni adam kimi yuxuya getmək olmaz. Hər gün daha ədalətli, daha mərhəmətli daha nəcib olmalısan.Həqiqətən də, insan öyrəndiklərini mütləq həyatına tətbiq etməlidir; bilik yalnız nəzəriyyədə qalmamalıdır. Bütün bilikləri öyrənsən də, kitab yazzsan da, hətta Budda kimi Bodhi ağacının altında meditasiya etsən belə, öyrəndiklərini həyatda tətbiq etməsən, həqiqətə çatmaya bilərsən. Və bütün bunların sonunda bilməlisən ki, sən özünü nə qədər yaratmısan.

Kitabın mahiyyəti barədə də qısa danışmaq istərdim. Hesab edirəm ki, əsəri oxuyan hər kəs müəyyən suallarla üz-üzə qalacaq. Kitabı mütləq həqiqət kimi ortaya qoymamışam, belə bir iddiam da yoxdur. Sadəcə inanıram ki, oxucular bu suallar ətrafında düşünəcəklər. Çox istərdim ki, oxusunlar, kimsə razılaşmasın, oxucu, hətta razılaşmamaq üçün daha artıq düşünəcəksə, kitab artıq məqsədinə çatmış olacaq".

Çıxışlardan sonra müəllif tədbir iştirakçılarının suallarını cavablandırıb. Təqdimat mərasimi imza saatı və xatirə fotolarının çəkilməsi ilə başa çatıb.

# 123 dəfə oxunub

Oxşar xəbərlər

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

14:39 6 noyabr 2026
Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

14:36 6 noyabr 2026
“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər