Britaniya şou-biznesinin ən qalmaqallı simalarından birinin məhkəmədə təqsirli bilinməsi ölkədə əyləncə sənayesindəki güc münasibətlərini yenidən gündəmə gətirib.
Kulis.az xəbər verir ki, aktyor və komediyaçı Rassell Brend Londonun Sautvork Məhkəməsində bir qadını zorlamaqda və daha üç qadına qarşı cinsi zorakılıqda təqsirli bilinib.
Dörd həftə davam edən məhkəmə prosesində ittihamlar 2004–2009-cu illərdə baş vermiş hadisələrlə bağlı olub. Altı qadının ifadələrini dinləyən andlılar Brendə qarşı dörd ittihamı təsdiqləyib, digər iki zorlama və bir zorakılığa cəhd ittihamı üzrə isə bəraət qərarı veriblər.
Bir vaxtlar Britaniyanın ən məşhur televiziya və radio aparıcılarından olan Brend ittihamları qəbul etməyib. O, münasibətlərin qarşılıqlı razılıq əsasında baş verdiyini bildirib. Məhkəmə onu girov müqabilində azad etməyib və noyabrın 9-da hökmün elan ediləcəyini açıqlayıb.
İş bununla da bitməyə bilər. Polis aktyor barəsində daha iki zorlama iddiası üzrə araşdırmanın davam etdiyini bildirib. Hadisə Britaniya əyləncə sənayesində məşhurların nüfuzundan istifadə etməsi və zərərçəkənlərin uzun müddət susmağa məcbur qalması ilə bağlı müzakirələri yenidən alovlandırıb.