"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında
6 noyabr 2026
# 10:00

Kulis.az Fərdi Hüseynin "Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında yazısını təqdim edir.

İşarələnmiş söz…

Klassiklərin dahiyanə yaradıcılıq nümunələri ilə bağlı məşhur bir fikir var ki, tərcümə zamanı onların əsərlərini tam mənada təhrif etmək mümkünsüzdür. Çünki onların yaradıcılıq incilərinin mayasında elə nəhayətsiz qüdrət, elə bir möhtəşəm ədəbi siqlət, ən əsası elə kamil iman var ki, onu tam mənada təhrif etmək, tərcümə prosesində əsas anlamdan büsbütün uzaqlaşdırmaq çətindir. Yəni tərcüməçilər qüdrətli qələm sahiblərinin əsərlərini hər nə qədər korlasalar da, çeviri prosesində ifrat azadlığa varıb məna sapmalarına rəvac versələr də, yenə özək anlam, ədəbi cövhər başdan sonacan itmir.

Xaqani Şirvaninin “Eyvan-i-Mədain” – “Mədain xərabələri” qəsidəsi poetik şəkildə Xalq şairi Məmməd Rahim tərəfindən dilimizə çevrilib. Əvvəla əsərin farsca adından göründüyü kimi “eyvan” sözü – yəni tağlar düzülmüş açıq salon, artırma anlamındadır. Bu sözü – eyvan kəlməsini Xaqaninin təsadüfən seçməsi, yaxud tərcüməçinin onu xarabalıq kimi qavrayıb o sayaq da dilimizə çevirməsi heç ağlabatan deyil. Eyvan – sarayın sütunlar şəbəkəsi olan yeri onun ən ehtişamlı hissəsidir. Kimsəyə sirr deyil ki, sarayın içinə hər adam girə bilmir, oradakı möhtəşəmliyi çoxları ancaq kənardan seyr edir, onun qıraqdan insanı valeh qoyan əzəmətli tağlarını görür. Bu mənada tağlar olan açıq salon – eyvan sarayın həm də xalqa görünən tərəfidir. Eyni zamanda şahlar, böyük vəzifə sahibləri də məhz həmin eyvanlarda dayanaraq şəhəri, oradakı həyatın qaynarlığını, güzəranın gedişatını, əhalinin yaşayışını seyr edirlər. Xaqani bu detalla – “eyvan” kəlməsi ilə göstərir ki, tağlı açıq salon – artırma həm sarayın xalq görən hissəsidir, həm də ki, sarayın camaata yönəlmiş nəzər nöqtəsinin mövcud olduğu məkandır. Beləcə Mədainin eyvanlarında xalq nəzəri ilə saray baxışı toqquşur...

Qəsidədə Xaqani öz möhtəşəm qələmi ilə Mədain şəhərini vəsf edir, söyləyir ki, burada hər şey dağılıb, bir zamanlar sarayda at oynadan qüdrət yiyələrinin hamısı ölüb gedib, şahlar devrilib, səltənətlər alt-üst olub. Bəs qalan kimdir, nədir? Qalan dövrünün söz sultanı Xaqani və onun insanlığı ibrətə səsləyən kəlamlarıdır. Bəs Xaqani özü orada əbədi qalacaqmı? Xeyr! Xaqani özünün də əbədi qalacağını demir, şair öz təsvirləri ilə bildirir ki, xalqın saray tağlarına zillənmiş nəzərləri də gəldi-gedərdi, şahların xalqa tuşlanmış baxışları da, elə Xaqaninin özü də. Dünyaya Xaqaninin ibrətli sözünün gözləri ilə, yəni fanilik nəzərləri ilə baxmaq lazımdır. Keçici, dünyanın həvəsindən xali, “bu gün var, sabah yox” olmayan bircə aləmlərə fanilik nəzəri ilə baxa bilmək fəziləti, bəsirətidir. Dünyada yeganə əbədilik olan ilahi nemət fanilikdir...

Xarabalıqdan abadlığa...

Mədain sarayının sütunlar düzülmüş hissəsi “Taği-Kəsra” adlanır. Hazırda Mədain xarabalıqları Bağdaddan təxminən 30 km aralıda “Salman-Pak” adlanan yerdə yerləşir. Taği-Kəsra Sasanilər zamanında da, hətta xarabalığa dönmüş halı ilə də o qədər gözəl olub ki, daim insanları heyrətləndirmiş. Rəvayətə görə, Xəlifə əl-Mənsur yeni sarayını tikəndə həmin dağıntının söküntülərindən istifadə edib. Yəni Mədainin dağıntıları belə əsrarəngiz sarayların ucalmasına gətirib çıxarıb. Qəsidədə belə bir yer var:

Ari çe əcəb dari kəndər çəmən-e giti

Coğd əst pey-e bolbol nouhəst pey-e əlhan

Hər bülbülü bir bayquş, hər nəğməni bir növhə

İzlər bu cahan içrə, olma buna gəl heyran.

Hər saray haçansa bir xarabalığa çevrildiyi kimi, hər xarabalıq üzərində də sonralar saraylar ucalır və dünyanın bu əbədi əvəzləşməsində heç, yox olan, itən insanın öz nəfsi ilə yaratdıqlarıdır. Ən böyük xarabalıq insanın nəfsidir. Və hər kimin nəfsi nə qədər böyükdürsə, sonda onun mənəvi xarabalığının da o qədər ucsuz-bucasız olacağı qaçılmazdır...

Məkkə ovqatı...

Xaqani Şirvani bu qəsidəni Məkkədən qayıdanda Sasanilərin keçmiş paytaxtı Mədainə, oradakı saray qalıqlarına, xarabalıqlara baş çəkəndən sonra yazıb. İslam əqidəsinə görə dünya var olduqca Məkkə şəhərindəki Kəbə evi də salamat duracaq, çünki ora qiyamətin bəlalarından hifz olunub, yəni əbədi mülkdür. Kəbə evi Allahın, Mədain sarayı isə hökmdarların mülküdür. Xaqaninin bu əsərində əbədi mülklə, fanilik evinin ziddiyyəti ortaya qoyulur. Müəllif özü isə əbədi olanla faninin arasındakı qızıl xətdə mövqe tutur. Həcc səfəri ilə bağlı iki detalı Xaqani qəsidəsinin mayasına möhtəşəm ustalıqla yerləşdirib. Həmin iki məqama nəzər salaq:

1. Məkkə elə bir şəhərdir ki, oradan hamı pay alır. Necə yəni hamı pay alır? Deməli, Məkkəyə hər il dünyanın dörd bucağından zəvvarlar axışırlar. Orada Allahı dərk edərək qayıdanlar mənən zənginləşirlər, onların dəyişən düşüncəsi ətrafdakı adamlara, ümumən bəşəriyyətdəki insani münasibətlərə müsbət təsir göstərir. Allahı dərk etməyənlər isə Məkkə bazarlarından pay-püşk alıb öz vilayətinə gətirib, dost-aşinaya paylayırlar. Yazılmamış qaydadır ki, Həcc səfərindən qayıdanlar yaxınlara töhfə gətirərlər, sovqat verirlər. Xaqani söyləyir ki, o da Həccdən qayıtdı və Mədaində gördüklərini yazmaqla insanlığa, bəşəriyyətə ibrət töhfəsi ərməğan etdi.

2. Məkkə yaxınlığında Cəmrə adlı bir şəhər var, deyilənə görə, oranın gilindən hazırlanan təsbehlərin tayı-bərabəri olmur, çünki oranın torpağı, qumu günəş şüalarının, ora xas havanın təsiri ilə elə qovurulur, aşınır ki, həmin yanmış maddədən hazırlanan təsbeh heç zaman ovulmur, rəngini itirmir. Mədaində isə hökmdarların çürümüş cəsədləri qarışmış torpaqdan təsbeh hazırlanır. İnsan gərək o torpaqdan hazırlanmış təsbehi əlinə götürəndə, çevirəndə düşünə ki, əgər hökmdarların son halı belədirsə, bəs bizim axırımız bundan daha yaxşımı olacaq?!

Güzgü simvolu...

Dünyada bütün güzgülər insana indisini, hazırki halını göstərir, ancaq Adəm övladına gələcəyini göstərən ən dəqiq güzgü, cam qara torpağın aynasıdır. Biz gərək qara torpağa baxmaqla gələcəyimizi – öz sonumuzu görək.

Xaqani Mədainin dağılması haqqında çoxsaylı təsvirlər verir və qəsidə boyunca biz ancaq uçulmuş, öz sonuna qovuşmuş səltənətlərin dürlü-dürlü rəsmlərini görürük. 46 beytlik əsərin yeddi beyti təkcə Dəclə çayı haqqındadır. Sual yaranır; nə üçün şair Mədaindən danışarkən Dəclə çayını bunca təsvir edir? Çünki çayın üzü də aynadır. O aynada ötüb keçmiş zamanın, məhv olmuş səltənətlərin, hökmranlıqların surəti əks olunub.

Bir zaman Mədain sarayında bulaqlar, fontanlar varmış, ancaq onları insan əli qurub-yaratmışdı deyə quruyublar, sarayla birgə onların da labüd sonu yetişib, ancaq Allahın var etdiyi Dəclə çayı min illərdir axmağından qalmır. Şair burada Allahın əbədi nemətləri ilə (Dəclə çayı) insan quruculuğunu (fontanlar, su kanalları və sair) üz-üzə qoyur və oxucuya düşünmək üçün imkan verir. Xaqani göstərir ki, dünyanın ötəri olan nemətlərinin aqibətini anlamaq üçün ona Allahın yaratdığının (əbədi olanın) gözləri ilə baxmağı bacarmalısan.

Yek rəh ze ləb-e Decle mənzel be Mədaen kon

Vəz dide dovom Decle bər xak-e Mədaen ran

Dəcləylə güzər eylə bir dəfə Mədainə,

Bir Dəclə də sən gözdən torpağına tök nalan.

Əz atəş-e həsrət bin beryan cegər-e Decle

Xod ab şenidəsti katəş konədəş beryan

Gör Dəclənin həsrətdən bağrı necə yanmışdır,

Söylə, eşidibsənmi, su odda ola büryan?

Xaqani təsvir etdiyi çaya sanki bədii can verir: Dəclə bütün olanlara şahiddir, o da ehtişamlı keçmişin intizarındadır, bu dünyada hər şeyin gəldi-gedərliyini görüb, ona görə də həmişə odlar söndürmüş bu su indi özü ötənlərin həsrət atəşindən alov alıb yanır. Dünyanın faniliyinin acısı suyu odda yandırmağa qadirdir, əgər belədirsə, çay alovlanırsa, bəs öz aqibətinə bələd insan necə qovrulub, büryan olmasın?

İki öyüd...

Xaqani üz tutur ötən əsrlərə və qəsidə boyunca insanlığa dönə-dönə iki öyüd verir:

1. İbrət al!

2. Ağla!

İbrət almaq ona görə gərəkdir ki, insanlar ondan əvvəl ağrılar dadmışların yanlışlarını anlasınlar. Dünənlərdə onlardan qat-qat artıq güc sahibi olanların heçliyi üzərində dayanaraq özlərini cahanın sahibi zənn etməsinlər.

Xaqani insana təkəbbür atından düşməyi tapşırır, öyüd edir ki, əyil, torpağı öp, sənin öpdüyün yer sabah öz çürüyəcəyin torpaq olacaq. Torpağı öp ki, özünlə mənəvən qarşılaşasan. İnsan zəkasının ən ali dərklərindən biri diri torpaq olduğunu anlamağındadır.

Bəs nə üçün Xaqani insanlara ağlamağı tapşırır? Bu günün insanı niyə keçmiş, dağılmış səltənətlər üçün göz yaşı axıtmalıdır? Çünki insan başqasına ağlamağı öyrənməlidir ki, öz halına da yana bilsin. Başqalarının halına rəhm etməyən insan öz ruhunu, nəticədə özünü də unudur. İnsan özgəsinə biganə ola-ola, özünə də yadlaşır, ötən əyyamlara ağlamayan kəs, bu gün üçün də yana, gələcəkdən sarı da qayğılana bilməz:

Bər dide-ye mən xəndi kinca ze çe migeryəd

Xəndənd bər an dide kinca nəşəvəd geryan

Ağlar gözümə güldün, sordun bu nə matəmdir?

Çox gülməlidir burda hər ağlamayan insan.

Xaqani göstərir ki, ağlayan insana çoxları gülür, ancaq ağlayana gülmək yox, gülənə ağlamaq lazımdır. Çünki gülən öz sonundan bixəbərdir. Xəbərsiz insan isə gülünc duruma düşməsi labüddür.

Su qarşısına keçən hər şeyi aşır, bu onun əzəli xarakteridir. Xaqaniyə görə keçmişə biganə olan, ötən əyyamlardan ibrət almayan insanın qəlbinin gözü tutulub, ürəyi kordur, insan göz yaşı ilə öz könlünün tutulmuş qulaqlarını açmalıdır ki, gec-tez öz ürəyinin səsini eşidə bilsin:

Gəh gəh be zəban-e əşk avaz deh eyvan ra

Ta bu ke be quş-e del pasox şenəvi zeyvan

Göz yaşları dil açsın, eyvana xitab etsin,

Bir kəlmə cavab alsın qəlbin qulağı ondan.

Detallar...

Xaqaninin istedadının böyüklüyü həm də əsərdəki bədii detalların işlənməyindədir. Məsələn, bu bədii detala diqqət edək: yazır ki, şah hakimiyyətdə olanda sarayının tağları önündəki şirlər səltənətin gəlhagəl dövründə az qalırdılar fələyə hücum çəkələr, indi isə çox cansız görünürlər, yəni hakimiyyət ehtişamlı olanda oradakı hər şey əlavə güc qazanır, mütləqmiş kimi görünən qüdrət onun ətrafındakı hər şeyə sirayət edir. Ancaq elə ki, hakimiyyət əldən getdi, həmin şir fiqurları dönüb olur bir yığın daş-qalaq. Şirlərin əzəməti, insanı riqqətə gətirən vahimələri qeyb olur. Yəni hakimiyyətlərin, onların timsalında fərdlərin əldə etdiyi güclər ona əlavə mənalar yükləyir, onları başqa cür – olduqlarından daha artıq göstərir, ancaq o yozum, yaxud aldanış siqlətindəki anlamlar heç zaman həqiqi mahiyyətə çevrilə bilmir...

Qadınlar...

Xaqani əsərdə iki qadın haqqında danışır: Zali-Mədain və Kufə qarısı. Zali-Mədain Sasani hakimiyyəti dönəmində hakimiyyət dağılanda sarayda qalmaq istəyən və özü evini heç nəyə dəyişməyən inadçı bir qadın olub.

Kufə qarısı isə Nuhun Tufanı zamanı evini tərk edərək gəmiyə minmək istəməyib. Hər iki qadın dünyadan əl üzməkdən boyun qaçırıb, ancaq sonda acı sonluq – cahandan qopmaq aqibəti onlardan da yan keçməyib. Yəni insan bu dünyadan beş əlli yapışmamalıdır, əgər Mədain də, Kufə də dağılmağa məhkumdursa, sən orada inad göstərib qalmaq istəsən də heç vəchlə qaçılmaz nəticəni dəyişə bilməzsən. Dünyada qalmaq üçün savaş aparmaq yerinə, insan öz aqibəti ilə hesablaşsa, ruhən də, fikizi cəhətdən də daha az əziyyət görər.

Kişilər...

Xaqani bu qəsidəsində bir neçə hökmdarın adını çəkir. Onlardan biri Ləxmilər dövlətinin rəhbəri Nemandır. Tarixin soraq verdiyinə görə, Nemanın hədsiz gözəl filləri varmış. Günlərin bir günü Sasani şahı ondan fillərindən bir neçəsini istəyir, ancaq o vermir, II Xosrov da onu hiyləylə saraya çağırtdırıb həbs etdirir, sonra onu öz fillərinin ayağı altda tapdalatdıraraq öldürtdürür. İnsan da dövranın ayağı altında əzilir, dünya bizi “öz evinə” çağırır, axırda da canımızı alır. Dünya insanı öz sərvətinin ayaqları altında tapdaladan Xosrov kimidir.

Xaqani yada salır ki, Hürmüz qızıl heyva, Xosrov Pərviz qızıl tərxun yeyərmişlər. Bu cür qızıl yeyənlərin hamısını axırda qara torpaq yeyir. İnsan daim bu dünyada sərvət əldə etmək üçün çalışır. Bəs sərvət ümumi mənada nəyə xidmət edir? Sərvət insanın bu dünyadakı yerini genişləndirmək üçündür. Kim fani dünyadakı yerini nə qədər çox böyüdürsə, axirətdəki sığınacağını bir o qədər kiçildir.

Dünya nə qədər ibrətli yer olsa da insan ondan az şey öyrənir. Bəzən çoxları dünyadan heç nə əxz etmir, ancaq dünya insandan bir şey öyrənib: acgözlüyü. Ona görə də dünya – bu ucsuz-bucaqsız torpaq suda da, quruda da, göy üzündə də, yer altında da insan yeməkdən doymur ki, doymur...

# 352 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər