Kulis.az Yusif Məmmədlinin “Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu” yazısını təqdim edir.
“Çöldə daha çox payız havası idi; günəşsiz, tutqun, yüngül küləkli, yağış qoxulu...” - Rüstəm Dastanoğlunun hazırkı mövsümə uyğun bu təsviri “Havalı Alı” hekayəsinin ilk cümləsidir.
Payız havasının təmkinli sükunəti ilə başlayıb, insan şüurunun dərinliklərinə və kainatla vəhdət axtarışına uzanan bu hekayə, əslində, müasir insanın ən ağrılı nöqtəsinə toxunur. Gündəlik həyatın avtomatlaşmış, mexaniki ritmi içində itib-batmış ruhumuzun səsini eşitmək cəhdidir.
Həyatın adidən adi günlərindən biri. Çöldə payızın o darıxdırıcı, amma bir o qədər də adamı düşüncəyə qərq edən yağış qoxulu havası var. İnsanlar hara isə tələsirlər: işə, evə, ya da sadəcə zamanı öldürməyə. Sürətlə yeriyən də var, ləng addımlayan da, sevinclisi də, dərdi başından aşanı da. Hamı eyni çarxın içindədir- ağına-bozuna baxmadan hamının üstündən axıb keçən həyat çarxının.
Amma bu axının içində təsadüfi bir dayanacaq nöqtəsi var: divana uzanıb gözlərini yuman, daxili dünyasında qəribə bir işıq və yüngüllük duyan qəhrəman. “Havalı Alı” hekayəsi məhz bu daxili pauza ilə başlayır və oxucunu adi məişət çərçivəsindən çıxarıb kainatın dərinliklərinə aparan bir səyahətə qoşur.
Hekayədə obrazlar sadəcə ədəbi personajlar deyil, insan psixologiyasının və həyat baxışının müxtəlif qütbləridir.
Divanda uzanan qəhrəman (Müşahidəçi): O, şəhər həyatının, sivilizasiyanın içində yaşasa da, hələ də daxilindəki təmiz qavrayış qabiliyyətini itirməyən insandır. Həmin gün o, sadəcə dincəlmir, həm də həyatın sürətli axınına qarşı üsyan edir. Bədəninin yüpyüngül olmasını, yerindən qopub uçmaq istəməsini hiss edəndə anlır ki, insan həm də fiziki sərhədlərdən ibarət deyil. Onun düşüncələri oxucuya bir bələdçi rolunu oynayır, qəhrəmanın gözü ilə biz də Havalı Alının dünyasına daxil oluruq.
Havalı Alı - dəlidir yoxsa müdrik? O, kəndin "havalanmış" adamıdır. Amma müəllif bu obraza heç də cəmiyyətin damğaladığı bayağı dəli kimi yanaşmır. Havalı Alı sivilizasiyanın, cəmiyyət qanunlarının, dinlərin və məişətin fövqündə dayanən arxetipik bir fiqurdur. Onun nə malda-mülkdə gözü var, nə də insan mənafeyində. O, təbiətlə bütöv olan, kainatın pıçıltılarını eşidən tək-tük canlılardandır. Canavarların ona toxunmaması, əksinə, başlarını onun ayaqlarına sürtməsi isə simvolik məna daşıyır - təbiət öz kökünə sadiq olanları tanıyır və qoruyur. İnsan isə əslində, təbiətə yadlaşdığı üçün yırtıcıya çevrilib.
Həsənqulu xan və nurani kişi (Mənsəb və "Heç Nə"): Hekayənin sonuna doğru daxil edilən bu şərtsiz əhvalat mətnin əsas ideya yükünü daşıyır. Vəzir köməkçisinin özünü güc və status sahibi zənn etməsi, nurani qocanın isə "Bəs Allah-Taaladan üstün kim var?" sualına cavab olaraq "Bax, mən həmin Heç Nəyəm!" deməsi bütün sosial iyerarxiyanı bir göz qırpımında dağıdır. Qoca heç nədir, çünki hər şeydir; o, kainatla birləşib, şəxsi eqosundan və mənfəətindən azaddır.
Məncə, hekayənin ən güclü tərəfi onun qaldırdığı fəlsəfi suallardır. Müəllif (qəhrəmanın dili ilə) insanın sahib olduğu şüuru onun bəlası kimi təqdim edir. Heyvanlar milyon illərdir təbiətlə harmoniya içində yaşayır. Bəs insan? İnsan ağılanandan, şüur qazanandan sonra mənafe önə çıxıb. Mənafe isə ilahi əlaqəni zədələyib. İnsan təbiətə uyğunlaşmaq əvəzinə, təbiəti özünə tabe etməyə çalışıb. Kosmosa peyklər göndərən, müstəmləkələr quran, hər şeyi ölçüb-biçən insan öz daxili evini, mənəvi kökünü dağıdıb. Hekayədəki bu cümlə xüsusilə dərin məna daşıyır:
"Bəlkə də, insan bu yer üzünə yersiz əlavədi, başqa dünyaların məhsuludu, yer üzünə məhz nizamı pozmaq üçün göndərilib."
Cəmiyyət öz sisteminə uyğun gəlməyənləri, adi qanunlarla yaşamaq istəməyənləri "havalanmış", "dəli" adlandırır. Amma əslində, havalananlar həmin dəlilər deyil, məhz yer üzünün nizami pozan, hər şeyi pul və güc tərəfə çevirən "ağıllı" insanlardır.
Hekayə oxucuya nəsihət vermir, tövsiyə “səpələmir”, sadəcə bir ovqat ötürür. Mesaj isə budur: gündəlik qaçhaqaçdan, məişət qayğılarından, "işə gedirəm, işdən gəlirəm" burulğanından bir anlıq başını qaldırıb göyə baxmaq lazımdır.
Havalı Alının yoxa çıxması və kəndlilərin onun işığa çevrilib ulduzlar arasında itməsi əfsanəsi sadəcə nağılvari detal deyil. Bu, insanın fiziki bədənin qandallarından qurtulub ruhən azad olması, əsl evinə - kainata qayıtması deməkdir. Qəhrəmanın sonda özünə verdiyi söz də məhz bu axtarışın təzahürdür: şəhərin toz-torpağından, yalançı dəyərlərindən yorulmuş ruhumuz gecənin bir aləmində həmin "İşığı" - təmizliyi, sadəliyi və təbiiliklə vəhdəti yenidən tapmaq istəyir.
Mətnin dili axıcıdır. Təsadüfi deyil ki, qəhrəman otaqda həzin musiqi səsi eşidir və duyğularını musiqiyə çevirmək istəyir. Payız havasının təsviri ("günəşsiz, tutqun, yüngül küləkli, yağış qoxulu") sadəcə fon deyil, qəhrəmanın daxili sakitliyinin təbiətdəki əks-sədasıdır.
"Havalı Alı" adı da çox simvolikdir. "Hava" sözü burada köklənmə, yerdən qopmaq, yüngüllük, ucalıq mənalarını ehtiva edir. Yerə bağlanmış, torpağın qatı maddiliyinə batmış insanlara nisbətən, Havalı Alı ruhən havada, yəni azadlıq məkanındadır. Və hekayənin adı sanki qafiyəlidir, musiqilidir.
Bu hekayə oxucunu tələsdirmir, əksinə, yavaşlamağa, ətrafdakı sadə həqiqətlərin fərqinə varıb onlardan zövq almağa kökləyir. Həyatın mənasını böyük binalarda, karyerada deyil, bəlkə də Havalı Alının sadəliyində, təbiətlə bütövləşməkdə axtarmaq lazımdır. Sonda qəhrəmanın o İşığı axtarmağa söz verməsi, hər birimizin içindəki sönmüş ulduzu yenidən yandırmaq istəyimizin əksidir.