Dedi: Könlümdə o, gizlicə candır! - Əlişir Nəvainin “Xəmsə”sindən Xosrovla Fərhadın deyişməsi

Dedi: Könlümdə o, gizlicə candır!  - Əlişir Nəvainin “Xəmsə”sindən Xosrovla Fərhadın deyişməsi
9 fevral 2026
# 17:00

Bu gün dahi özbək şair və mütəfəkkir Əlişir Nəvainin (1441 – 1501) doğum günüdür.

Kulis.az bu münasibətlə ilk dəfə orijinaldan (qədim özbək dilindən) Akif Azalpın tərcüməsində Əlişir Nəvai “Xəmsə”sindən vəznini saxlamaqla
“Fərhad və Şirin” poemasından Xosrovla Fərhadın deyişməsini təqdim edir.

Şükuhundan yetib Xosrova təsir,
Qılıb eşqin odu könlünü əsir,

Unutdu eyləməyi qətli-bidad,
Onunla sorğu-sual etdi bünyad.

Dedi: Hardansan, ey məcnuni-gümrah?
Dedi: Məcnun vətəndən olmaz agah.

Dedi: Nədir sənə aləmdə peşə?
Dedi: Sevgidə məcnunluq həmişə.

Dedi: Bu işdə zəhmətin əbəsdir.
Dedi: Eşq odu peşəm olsa, bəsdir.

Dedi: Eşqin odundan de fəsanə!
Dedi: Kəs yanmadan tapmaz nişanə.

Dedi ki: Yandığını eylə məlum.
Dedi: Ondan irür tac əhli məhrum.

Dedi: Nə çağdan oldun sevgidən məst?
Dedi ki: Ruh deyildi tənə peyvəst!

Dedi: Bu sevgidən imtina eylə.
Dedi: Bu sözləri özgəyə söylə.

Dedi: Aşiqə nəyin çox əzabı?
Dedi: Firqət günü eşq iztirabı.

Dedi: Eşq əhlinin nədir həyatı?
Dedi: Görüşdə canan iltifatı.

Dedi: Dilbər adın söylərmi yadın?
Dedi: Dil qeyrətindən çəkməz adın!

Dedi: Könlün kimə sirli məkandır?
Dedi: Könlümdə o, gizlicə candır!

Dedi: Vüsalını edirsən arzu?
Dedi: Sevincimin baisidir bu!

Dedi: Yad alsa ləbindən bəhəri,
Dedi: Elə yadın olar zəhəri!

Dedi: Dodağının can alsa dadı,
Dedi: Yalnız budur canım muradı.

Dedi: Köksünü etsə parça-parça?
Dedi: Könlümü də verrəm asanca!

Dedi: Könlünü incitsə cəfası,
Dedi: Canımı da etsin fədası!

Dedi: Eşqin xeyiri yox, ziyandır!
Dedi: Faydası aşiqə əyandır.

Dedi: Bu eşqi atmaq yaxşıraqdır.
Dedi: Bu adət aşiqdən iraqdır.

Dedi: Al zəri, eşqi tut nihanı!
Dedi: Torpağa verməm kimiyanı!

Dedi: Canın fəraqdan bəlakeşdir?
Dedi: Vəslin ümidi var ki, xoşdur!

Dedi: Şahla yarışa etmə vərdiş!
Dedi: Eşq içrə təndir şahla dərviş!

Dedi: Canına sevgidən ələm var.
Dedi: Sevgidə candan kimə qəm var?

Dedi: Ölkə verim, keç bu həvəsdən!
Dedi: Bu xahişi et başqa kəsdən!

Dedi: Eşq içrə qətlin hökm edərəm!
Dedi: Eşqində məqsədə yetərəm.

Dedi: Onda deyil səndən iraq qətl!
Dedi: Bu sözlərindən yaxşıraq qətl!

Çətin keçsə də qızğın sorğu-sual,
Cavablar şahı asan eylədi lal.


# 88 dəfə oxunub

Oxşar xəbərlər

Bəxtim gülmüşdü mənə... - Günün şeiri

Bəxtim gülmüşdü mənə... - Günün şeiri

13:30 9 fevral 2026
"Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi millətim heeey!"- “Səksənincilər" layihəsindən Əlisəmid Kürün  şeirləri

"Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi millətim heeey!"- “Səksənincilər" layihəsindən Əlisəmid Kürün şeirləri

12:00 8 fevral 2026
Mənə bir məktub göndər, bilim ki, ölməmişəm... – Sabir Yusifoğlunun şeirləri

Mənə bir məktub göndər, bilim ki, ölməmişəm... – Sabir Yusifoğlunun şeirləri

15:00 3 fevral 2026
Burda cananların duyğusu yoxdur... - Günün şeiri

Burda cananların duyğusu yoxdur... - Günün şeiri

11:15 29 yanvar 2026
Dünyanın nə gözəl vaxtı görüşdük - Günün şeiri

Dünyanın nə gözəl vaxtı görüşdük - Günün şeiri

11:40 21 yanvar 2026
Bahar gəldi, getdi, sən gəlməz oldun... - Mədinə Gülgünün şeirləri

Bahar gəldi, getdi, sən gəlməz oldun... - Mədinə Gülgünün şeirləri

14:20 17 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər