Allah bizimlə belə danışır: Nəyi görmürük?

Allah bizimlə belə danışır: Nəyi görmürük?
9 fevral 2026
# 11:34

Kulis.az Samir Mirzənin "Allah bizimlə belə danışır: Nəyi görmürük?" yazısını təqdim edir.

Gecə uşağın qızdırması qalxmışdı, yuxusuzluq səhər güclə yuxudan durmağıma, əsəbi olmağıma səbəb olmuşdu. Böyük oğlumu hazırlığa aparmalıydım. Üzümdən zəhrimar tökülür, nə eşitsəm qıcıqlanırdım. Üstəgəl, səhər saatlarında mənasız tıxacda qalmağım əsəblərimi lap tarıma çəkmişdi. Hiss elədim ki, uşağı acılamışam, hazırlığa qoyanda asta səslə “ata səni çox istəyir də, bilirsən” - dedim, o isə çiynini çəkdi. Belə başa düşdüm ki, “ata, hanı, göstəmirsən!” - deyir. Yenə eyni səslə bir daha təkrarladım və eyni reaksiyanı verdi.

Qayıdarkən yolda bir nəfər maşına əl elədi, haradansa xatırlayırdım, amma tanımadım. Saxladım, əyləşdi. Bazarda nəsə fəhlə işi gördüyünü, “evdə oturmaqla pul qazanmaq olmaz” sözlərini dedi. Üzərindəki geyimi də gördüyü işə uyğun seçmişdi. Cavan idi. Elə məhəlləmizdə saxladım. Alqış edib düşüb getdi. Əhvalım bir qədər düzəlməyə başladı.

Uşağın arxasınca gedib növbəti hazırlığa aparıb qayıdarkən yolda Nizami əmini gördüm – qonşumuzdur, bir az bizdən yuxarıda qalır – bu dəfə özüm saxladım. Hal-əhval tutduq, ondan da bir alqış-dua aldım. Artıq yorğunluq, yuxusuzluğuma baxmayaraq, “Allah bəhanə yaradır ki, bizə xeyir versin” deyə düşünürdüm. Gözlərim doldu, elə indi də gözlərim doldu. Evə gülə-gülə girdim, zəhrimar ovqatımdan əsər-əlamət qalmamışdı. Sanki Allah hər bəndəsinin öz dili ilə onunla danışır, ona sığal çəkir. Kiməsə görə yoldan adam götürmək əlavə iş ola bilər. Elə mənim üçün də bəzən yorucu, təhlükəli gəlir. Tanımadığımı da götürməməyə çalışıram.

Yaradanın daha bir sistemli işini qarşıda idi. Bu dəfə işə tələsirdim, məhəlləmiz həmişəki kimi trasa çevrilib. Kəsə yollarla əsas yola çıxmağa çalışıram. İrəlidə qonşumuzu gördüm, başını aşağı salıb nəsə elədiyini bəhanə bilib saxlamadım. Bilirdim ki, istiqamətim dəyişəcək. Lakin qarşıda rastlaşdığım mənzərəyə peşman oldum, yol bağlı idi, gələn maşınları gözləyirdim, sürücülər əli ilə işarə edərək “bağlıdır, qayıt” deyirdi. Maşının üzünü döndərəndə fikirləşdim ki, onu götürməli idim, istiqamətim də oradan olmalı idi. Görməzdən gəlməklə sanki yaradanın işini pozmuşdum. İşarəni anlamamışdım. Qabağa düşmək istədim, geriyə göndərildim. Yaxşı ki, yolumun üstündə idi, götürdüm. Ondan da “insanlara dua etmək lazımdır, qarğış yaxşı iş deyil” nəsihətini aldım, xeyir-duası da öz yerində. “Nəsimi” metrosuna yaxınlaşırdım ki, “Varovski”nin yolu maşınların üzünə dayanmışdı, keçilməz görünürdü. Qonşu başqa istiqaməti izah etdi, həmin yolu bir dəfə seçmişdim, amma uzun olacağını düşünsəm də, onun dediyi kimi etdim. Həm də günahımı yudum. Axı onu əvvəl gördüyüm yerdən götürməmişdim. Düz metronun qarşısına gəldim, yolum belə alındı və istiqamətimi dəyişmədən işə gəlib çatdım. Siz təsəvvür edin, işə bir dəqiqə gecikdim, əgər həmin itkiyə - görməzdən gəlmək və irəli düşmək istəyərkən geri qayıtmasaydım, tam vaxtında işə çatacaqdım.

Hər şey necə də nizamlıdır. Elə deyilmi? Biz sanki çoxbilmiş davranıb işləri pozuruq. Sonra isə “neylədim axı?”, “kimin toyuğuna kiş dedim?” kimi fikirlərlə, günahı başqalarında görməklə məsuliyyəti üzərimizdən atırıq. Ətrafımızda baş verən hadisələri, işarələri, ilahi mesajları görməzdən gəlirik. Tələsirik, görmürük, anlamırıq...

# 751 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

16:33 15 iyun 2026
“15 iyun – Milli Qurtuluş Günü”  adlı virtual sərgi istifadəçilərə təqdim olundu

“15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

14:49 15 iyun 2026
Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

13:05 15 iyun 2026
32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

11:40 15 iyun 2026
Azərbaycanda Milli Qurtuluş Günü  qeyd olunur

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

10:03 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər