“İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi çap olunub.
Kulis.az xəbər verir ki, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı jurnalın alman dilindəki yeni nömrəsinə yazdığı “Ön söz”də ilk növbədə Azərbaycanın getdikcə artan nüfuzundan bəhs olunur.
Bildirilir ki, işğal olunmuş ərazilərimizin Prezident İlham Əliyevin uğurlu siyasəti və diplomatik bacarığı sayəsində azad edilməsi, Qarabağda aparılan bərpa işləri, böyük qayıdış prosesi istər bölgədə, istər də dünyada Azərbaycanın siyasi, iqtisadi və geopolitik mövqeyinin güclənməsinə gətirib çıxarıb. COP29 iqlim konfransının Bakıda uğurla həyata keçirilməsi, təkcə bölgədəki ölkələrin deyil, həmçinin ABŞ-ın da ciddi şəkildə dəstəkədiyi Zəngəzur dəhlizinin açılması yolunda görülən işlər, Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulmuş 5+1 layihəsinə qoşulması da ölkəmizin çəkisini daha da artırıb və onun Avropa və Asiya arasında enerji təchizatı və yük daşınması istiqamətlərində ən mühüm iştirakçılardan birinə çevirməkdədir.
Jurnalın daimi müəlliflərindən olan Andrey Vasilyevin məqaləsində 44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə, Qarabağın işğaldan azad olunması yolunda Prezident İlham Əliyevin rəhbərliyi altında görülən mühüm bir hadisə kimi qiymətləndirilir. Sonra da publisist qeyd edir ki, bununla belə Yuxarı Qarabağda silahlı separatçı dəstələrin hələ də qalması bütün bölgə üçün təhlükə mənbəyi idi. Məhz 2023-cü ilin sentyabrında keçirilmiş bir günlük antiterror əməliyyatı separatçı rejimin mövcudluğuna son qoydu. Azad olunmuş Qarabağda aparılan bərpa və quruculuq işləri də məqalənin mühüm məqamlarındandır.
Azərbaycan mədəniyyətinin Almaniyada tanıdılması ənənəvi olaraq “İRS-Erbe” jurnalının mühüm istiqamətlərindən biridir. Bu nömrədə də həmin mövzuda bir neçə məqalə dərc edilib. Professor Ataəmi Mirzəyevin “Füzuli: söz mülkünün sultanı” məqaləsi böyük Azərbaycan şairinin əsərlərinə, yaradıcılığının fəlsəfəsinə, onun Yaxın Şərqə və türkdilli ölkələrə, onların mədəniyyətinə və ədəbiyyatına göstərdiyi təsirə həsr edilib.
Alman müğənnisi Dagmar Kuhn “Yaxın Şərqlə Qərb arasında: mənim Azərbaycan musiqisi ilə qarşılaşmalarim” məqaləsində ilk dəfə Almaniyada Azərbaycan musiqisinin ifasını eşidəndən sonra onunla dərindən maraqlanmasından, musiqimizin tarixi, görkəmli bəstəkarlarımız və ifaçılarımız haqqında məlumat toplamasından yazır. Amma bununla kifayətlənməyən alman müğənni bir neçə Azərbaycan mahnısını öyrənməyə qərar verir və onları bu günə qədər müxtəlif konsert və tədbirlərdə ifa etməkdədir.
Mədəniyyət mövzusunda olan daha bir məqalə Mirzə Qədim İrəvaninin rəssamlıq fəaliyyətinə həsr edilib.
Arxitektor Aygün İmanova Azərbaycandakı alman məskənlərinin (1818-1941) tarixindən qısaca bəhs etdikdən sonra onlardan biri olan və bu gün Çinarlı adlanan tarixi Georgsfeld qəsəbəsi və onun arxitekturası haqqında geniş məlumat verir.
Faiq Nəsibovun Avstriya vətəndaşı Alfred Vakano haqqındakı yazısı bu almanın Oktyabr inqilabından əvvəl Rusiyada yaratdığı firmasının nəzdində Bakıda açmış olduğu pivə zavoduna həsr olunub.
İnanırıq ki, “İRS-Erbe” jurnalının növbəti nömrəsi də alman oxucularının geniş marağına səbəb olacaq.