Adəmin ilk arvadı Lilit vampir idi? – Dəhşətə gətirən faktlar

Adəmin ilk arvadı Lilit  vampir idi? – Dəhşətə gətirən faktlar
7 fevral 2026
# 14:50

Kulis.az İbrahim Azizin yeni yazısını təqdim edir.

Vampirliyin dəqiq başlanğıc tarixi məlum olmasa da, bu əfsanənin izlərinə Mesopotamiyada, Dəclə və Fərat çayları sahilindəki Assur kitabələrində və Xaldey tabletlərində rast gəlinir. "Vampir" sözünün etimologiyası mübahisəli olub, əsasən slavyan dillərinə (xüsusilə serb dilinə) aid edilsə də, bəzi mənbələr onun türk mənşəli "uber" (üstün) və ya tatar dilindəki "ubyr" (cadugər), eləcə də yunanca "içmək" mənasını verən sözlərdən törədiyini iddia edirlər.

Tarix boyu demək olar ki, bütün mədəniyyətlərdə qan içən və ya həyat enerjisini soran varlıqlara inanılmışdır. İbranilərin müqəddəs kitablarında və Babil demonologiyasında adı keçən, Adəmə itaət etməyərək şeytanın tərəfinə keçən "Lilit" ilk vampirlərdən sayılır; o, gecələr bayquş cildində uşaqlara və hamilə qadınlara hücum edən varlıq kimi təsvir edilirdi. Bənzər motivlərə yunan mifologiyasında uşaqlarını yeyən "Lamia" (Zevsin lənətlənmiş məşuqəsi), gənc kişiləri yoldan çıxaran "Empusa" və Mesopotamiyanın "Ekimmu"sunda rast gəlinir. Hətta filosof Apollonun, tələbəsi Menipponun toyunda gəlini ifşa edərək onun vampir olduğunu üzə çıxardığı rəvayət edilir.

Şərq folkloru da bu baxımdan zəngindir. Qədim Çində "Chiang-shih", Hindistan və Nepalda divar rəsmlərində əks olunan "Rakşasalar" və ağaclarda başıaşağı asılan "Baital", Malayziyada isə sadəcə baş və sallanan daxili orqanlardan ibarət olan "Penanggalan" kimi qorxunc varlıqlar mövcud idi.

Türk və Altay mifologiyasında da vampir inancı güclü olmuşdur. Burada çoxbaşlı nəhəng "Yalmavuz", insanların həyat gücünü oğurlayan "Ubyr" və məzardan çıxan "Xortdan" kimi anlayışlar var idi. Osmanlı dövründə, xüsusilə Balkanlarda "cadı", "obur" kimi adlandırılan varlıqlara qarşı "vampir ovçuları" fəaliyyət göstərir, Övliya Çələbi də "Səyahətnamə"sində bu hadisələrdən bəhs edirdi.



Orta Əsr Avropasında "Qara ölüm" (taun) epidemiyaları zamanı kütləvi ölümlərin vampirlərdən qaynaqlandığı düşünülürdü. Lakin inanc 18-ci əsrdə, xüsusilə Avstriya-Macarıstan sərhədlərində rəsmi bir "epidemiya" xarakteri aldı. Petar Blaqoyeviç və Arnold Paole kimi şəxslərin öldükdən sonra dirilib kəndliləri boğduğu iddia edilirdi. Avstriya rəsmiləri tərəfindən hazırlanan "Visum et Repertum" (Görüldü və aşkarlandı) kimi tibbi hesabatlarda cəsədlərin çürümədiyi, saç və dırnaqlarının uzandığı, ağızlarında təzə qan olduğu qeydə alınırdı. Bu vəziyyət kilsəni çətinliyə salmışdı, çünki çürüməmək adətən müqəddəslik əlaməti sayılırdı. Çarəsiz qalan ilahiyyatçılar, müqəddəslərin cəsədinin xoş, vampirlərin isə pis qoxulu olduğunu iddia edərək vəziyyətdən çıxmağa çalışırdılar.

Folklordakı vampir obrazı müasir kinodakı aristokratlardan fərqli olaraq, çirkli, şişkin və qırmızı sifətli kəndli idi. Onları zərərsizləşdirmək üçün sarımsaqdan, "qurdboğan" bitkisindən istifadə edilir, cəsədin üzü torpağa tərəf basdırılır, məzarın üzərinə daş yığılır və ya dəmir qəfəs hörülürdü. Ən radikal üsullar isə başı kəsib ayaqların arasına qoymaq, yandırmaq və ya ürəyinə paya sancmaq idi. Paya üçün istifadə olunan ağac növü bölgəyə görə dəyişirdi: slavyanlarda göyrüş, Sileziyada palıd, serblərdə isə yemişan (və ya titrək qovaq) ağacı seçilirdi.



Tarix boyu "vampirizm" adlandırılan halların arxasında əslində tibbi savadsızlıq və ölüm qorxusu dayanırdı. Müasir elm bu əfsanələrin yaranmasını konkret bioloji proseslər və xəstəliklərlə izah edir:
Çürümə prosesinin dərk edilməməsi: Ölümdən sonra bədəndə yaranan qazlar cəsədi şişirdir (vampirin "kökəlməsi" zənni) və daxili təzyiq qanı ağız-burundan xaric edirdi. Dərinin çəkilməsi nəticəsində saç və dırnaqların uzandığı düşünülürdü. Cəsədə paya batırılarkən çıxan səs isə sadəcə yığılmış qazların səs tellərindən keçməsi idi.

Xəstəliklər:

Porfiriya: Dərinin günəşə həssaslaşması, yaraların yaranması və diş ətlərinin çəkilərək dişlərin uzun görünməsi (Prof. Devid Dolfinin nəzəriyyəsi).

Quduzluq: Sudan qorxma, aqressiya, işığa baxa bilməmə və dişləmə meyli.

Katalepsiya: Nəbzin hiss edilməyəcək dərəcədə zəifləməsi səbəbindən diri-diri basdırılanların sonradan məzardan çıxmağa çalışması.

Pellaqra: Vitamin çatışmazlığından dərinin qabıq verməsi və günəşə həssaslıq.



Vampir obrazının kəndli folklrundan "aristokrat"a çevrilməsi ədəbiyyat sayəsində baş verdi. Con Polidorinin "Vampir" (ilk aristokrat), Şeridan Le Fanunun "Karmilla" (ilk qadın və erotik vampir) əsərləri bu keçidi təmin etdi. Lakin zirvə nöqtəsi Bram Stokerin "Drakula" romanı oldu. Stoker öz personajını tarixi şəxsiyyət, düşmənlərini payaya keçirməsi ilə tanınan Valaxiya şahzadəsi III Vlad Tepeşdən ilhamlanaraq yaratmışdı.

Maraqlı bir detal olaraq, Stokerin bu romanı yazarkən Osmanlı coğrafiyasında casusluq edən macar türkoloq Armin Vamberidən və Övliya Çələbinin qeydlərindən (Çərkəz oburları) təsirləndiyi iddia edilir. Tarixi rəvayətlərə görə, Fateh Sultan Mehmet dövründə Zaqanos Paşaya tabe olan, üzlərində dəmir maska gəzdirən və gecələr döyüşən xüsusi bir dəstə Voyvodaya (Drakula) qarşı mübarizə aparmış, lakin Belqrad mühasirəsi zamanı sirli şəkildə yoxa çıxmışdır.

Beləliklə, qədim inanclar, tarixi şəxsiyyətlər və elmi biliksizlik birləşərək bu gün tanıdığımız vampir fenomenini formalaşdırmışdır.

# 136 dəfə oxunub

Oxşar xəbərlər

“Qış nağılı”  II Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirildi

“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirildi

14:05 7 fevral 2026
Məsuliyyətini idrak etməyən “İdrak” direktoru – Təhsil ocaqlarının başına kimlər gətirilir?

Məsuliyyətini idrak etməyən “İdrak” direktoru – Təhsil ocaqlarının başına kimlər gətirilir?

13:00 7 fevral 2026
Məşhur repçi İslamı qəbul etdiyini açıqladı

Məşhur repçi İslamı qəbul etdiyini açıqladı

13:00 7 fevral 2026
Ürəyin yetmədiyi yerdə ağıl bəhanə uydurur... - Aysel Güreldən sitatlar

Ürəyin yetmədiyi yerdə ağıl bəhanə uydurur... - Aysel Güreldən sitatlar

12:30 7 fevral 2026
Özümə söz verdim... - Günün mahnısı

Özümə söz verdim... - Günün mahnısı

11:30 7 fevral 2026
"Hamlet"  filminin dünya premyerası baş tutdu

"Hamlet" filminin dünya premyerası baş tutdu

10:50 7 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər