Rüşvət dilemması - Alpay Azərdən yeni hekayə

Alpay Azər, yazar

Alpay Azər, yazar

11 yanvar 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Alpay Azərin yeni yazdığı “Rüşvət dilemması” hekayəsini təqdim edir.

Günün birinci yarısı Nizam müəllim universitetdə mühazirələrini oxuyur, ikinci yarısı evdə yeddi-səkkiz şagird hazırlaşdırır, - çənə-boğaz məsələsi, yorğunluq. Axşam saat səkkizdən sonra sabahkı mühazirələrinə göz atır, gecəyə qədər kitab-jurnal oxuyur, indiyə qədər əlli iki elmi məqalə, iki monoqrafiya, üç dərslik yazıb, - gözlüyünün artan mənfiləri. Üstəgəl ilboyu hazırlaşdırdığı şagirdlərin verdiyi sınaq, əsas da test imtahanlarına görə keçirdiyi stresslər, təzyiq, aritmiya, baş ağrıları - sonda öyrəşdiyi otuz illik əziyyət. P.S. Evlənməmişdən qabaq cehiz, nişan, toy pulu düzəltməkçün elmə dəxli olmayan iki şöhrətpərəstə namizədlik dissertasiyası da yazıb.

ADU-nun (indiki BDU) filologiyasını bitirəndə tanışsız, rüşvətsiz müəllim kimi işə götürmüşdülər Nizam müəllimi. Sonra uğur uğurun dalınca: laborant, müəllim, baş müəllim, elmlər namizədi, dosent, elmlər doktoru və bu gün-sabah professor olacaqdı. Paralel - namuslu, dözümlü həyat yoldaşı və tərbiyəli, ali təhsilli üç qız. Otuz ildən çoxuydu aylıq maaş, əsas da dil-ədəbiyyat müəllimi kimi repetitorluqla ailəsini dolandırırdı. Sovetin vaxtı qəbul imtahanlarında nə o biri müəllimlər kimi rektora yol tapıb özünü komissiyaya saldırmışdı, - onda bir qəbuldan götürdükləri rüşvətə maşın, hətta ev alanlar olurdu, - nə də onda və indi semestr imtahanlarında bir tələbədən yüz manat, ya on manatlıq qalstuk götürmüşdü. Böyük qızını ərə vermişdi, hələ ki, elçiləri gəlməyən qalan ikisinin cehizi üçün əlinə artıq pul gəldikcə arvadına verirdi yığsın.

2-ci Alatavadakı üçotaqlı həyət evində kitablar, jurnallar əl-ayağa dolaşırdı. Zirzəmidə karton qutulara yığdığı kitab-jurnalların nazik vərəqləri illər ötdükcə nəm çəkdiyindən, bəzi səhifələrdə hərflər oxunmaz olurdu. İldə iki dəfə onları çıxardıb bir-bir səhifələri yoxlayırdı, qələmlə aram-aram silinməkdə olan sözlərin üstündən gedirdi. Vərəqlərin ona xoş gələn nəm iysi, ilk iki-üç kitabda gördüyü bu iş ona ləzzət eləsə də, sonrakılara gəlib çatanda səbirsiz olurdu, tıncıxırdı, fısıldayırdı əsəbindən. Moskvadan alıb gətirdiyi, alt rəfdəki kitablardan bir neçəsinin vərəqlərinin yoxa çıxdığını görəndə, az qalmışdı ağlasın, ulartıya bənzəyən səs çıxartmışdı, sonra siçan tələsinə bir təpik vurub qışqırmışdı: “Niyə gəbərtməmisən o alçaqları?!! Beş manat pul vermişəm e sənə!!” Arvadı üstünə təpinmişdi ki, a kişi, neyniyirsən, biabır elədin bizi qonşuların yanında. Böyük və ortancıl qızı bu səsi eşitməsinlər deyə, qulaqlarını bərk-bərk sıxmışdılar.

Nizam müəllim Moskvaya gedən dostuna pul verib həmin kitabları gətizdirmişdi. Şəhərdə bir-birinin dalınca təzə binaları tikməyə başlayanda, səbirsizliklə həyət evinin sökülməyini, tikinti şirkətindən alacağı pulla siçan, siçovul olmayan bina evinə köçəcəyi günü gözləyirdi.

“Voprosı literaturı” jurnalında çıxan üç məqaləni ilk dəfə Axundov kitabxanasında kseroks edib sevinə-sevinə evə gətirəndə... Hə, onda şəhərdə kseroks aparatları çox az idi. Vərəqləri yuxarı qaldırıb, tribunada çıxış edən natiq kimi yoldaşına demişdi ki, kseroks aparatı mininəşriyyat kimi bir şeydi, monoqrafiya, məqalə, nə istəsən, neçə vərəq istəsən, üzünü çıxardıb evə ata bilərsən. Sonra o biri əliylə masaya bir yumruq vurub demişdi: “Ay arvad, sənə deyəndə ki, əlyazmalar yanmır, inanmırdın. İndi gördün mən deyən oldu?” - “Stolu qırma, təzəsini almağa pul yoxdu,” - arvadı sakitcə reaksiya vermişdi...

Təzə maşın alanlar tez-tez həyətə düşüb maşının o tərəf-bu tərəfinə günlərlə tamaşa eləməkdən ləzzət aldıqları kimi, o da surətini çıxardığı materiallarla sanki birinci dəfə tanış olurdu: həvəslə oxuyurdu onları, sığallayırdı, sonra səliqəylə yığırdı rəngli kapron qovluqlara.

Leypsiq Universitetini bitirib germanist-filoloq diplomunu alan Elşənin atası bir vaxtlar Nizamla ADU-da eyni qrupda oxumuşdu. Elşən ilk yay tətilində Bakıya gələndə, atası onları tanış edib oğluna demişdi ki, ixtisasınla bağlı nə sualın olsa, istədiyin vaxt görüşüb məsləhət ala bilərsən. “İnandırım səni, bu adam Almaniyada yaşasaydı, onların məşhur bir filoloq alimi var, Marsel Rayx-Ranitski, onun kimi dünyada tanınardı,” - tanışlıqdan sonra Elşən evdə atasına demişdi. “Ehh, sən elə bilirsən Marsellər tək Almaniyada olur? Nizam ayda çox demirəm, ikicə min avro alsaydı, uşaq hazırlaşdırmaq əvəzinə, gedib tez-tez xaricdə konfranslarda çıxış eliyərdi, məqalələrini dünyanın məşhur elmi jurnallarında çap etdirərdi, olardı dünya şöhrətli alim,” - deyən atasının sifətində yaranan acı təbəssüm yaranmışdı.

Bir dəfə Nizam müəllimgildə az qala tavana çatan şkafın içindəki kitablara heyrətlə baxa-baxa Elşən demişdi: “Məllim, yüz faiz bunların hamısını oxumuş olarsız”. - “Yüz də olmasa, doxsan faiz olar”. - “Burda nə qədər kitab olar?” - “Hardasa səkkiz min kitab, beş-altı min də burda çıxan, bir də, Moskvadan abunəylə gələn jurnallar. Ehh, hələ nə qədərini siçan yedi”.

Axşam yerinə girəndə, Elşən səkkiz minin üstünə beş min gəlmişdi. “Eliyir on üç min kitab, əgər doğrudan doxsan faiz məsələsini düz deyirsə. Xoşbəxt adamdı vallah. Kaş gələn yay mən Bakıya gələnə qədər qalan on faizini də oxumuş olaydı”. Oxunulmayan kitabları Nizam müəllimin beyninə daxil olan qatarın son vaqonları kimi təsəvvürünə gətirmişdi.

Həmin gün axşam planlar qurdu Elşən: mütləq gedib Marsel Rayx-Ranitskiylə tanış olacam, həftəsonları oturub Nizam müəllimin iki-üç sanballı məqaləsini alman dilinə tərcümə eliyəcəm, təqaüdümdən pul ayırıb bir filoloq almana redaktə elətdirib Rayx-Ranitskiyə çatdıracam. Əminiydi ki, alman alim məqalələri oxuyub bəyənəcək, sonda Nizam müəllimin ordakı universitetlərdən birində qonaq professor (visiting professor) kimi dərs deməyinə kömək edəcək. Nizam müəllim də bu işlər alınana qədər babat bildiyi alman dilini təkmilləşdirəcək, Berlində, ya Leypsiqdə tələbələrə Füzulidən, Nizamidən mühazirələr oxuyub Avropada məşhur filoloq kimi tanınacaq, əsərlərinə tez-tez istinad edəcəklər: axtarış saytlarında Nizam yazan kimi, o dəqiqə yanında Əliyev soyadı çıxacaq. Qısası, həm Azərbaycan ədəbiyyatını Avropada tanıdacaq, həm də pul sarıdan korluq çəkməyəcək, nəhayət, repetitorluqdan canı qurtaracaq və nə vaxtsa söküləcək evinə görə şirkətdən kompensasiya gözləmədən ömrü boyu arzuladığı balkonu dənizə baxan on dördüncü mərtəbədə özünə təzə ev alacaq, qalan iki qızının da cehiz məsələlərini rahat həll edəcək.

Almaniyaya qayıdandan sonra bu ay, gələn ay gedib Marsel Rayx-Ranitskini tapacağı, tanış olacağı ümidiylə günlərin bir günü spiegel.de saytından onun ölüm xəbərini oxuyan Elşən dilxor oldu. “Bahoo, bu da vaxt tapdı da ölməyə... Nə pis oldu”. Özünü bir xeyli söydü tənbəlliyinə görə. Ertəsi gün google.de-də orta əsrlər Şərq ədəbiyyatıyla məşğul olan iki-üç alman alimini axtarıb tapsa da, onların ad-soyadlarını, işlədikləri universitetləri “Nizam m. uchun alimler.doc” faylına kopyalayıb atsa da, yenə ərincəkliyindən o işin dalınca düşmədi, diplomunu alıb qayıtdı vətənə.

...Artıq Bakıda iki müəllim kimi çayxanada oturub, saatlarla dünya klassiklərini, ədəbi cərəyanları, özəl universitetlərdən birində dərs deyən Elşənin həvəslə yazdığı dissertasiya işini müzakirə edirdilər. Ona elə gəlirdi, hər dəfə çantasında kitablarla görüşə gələn Nizam müəllim Leypsiq Universitetinin Bakıda doktorantura üzrə filialıdır, ad da tapmışdı: “adam-filial”. Nizam müəllim Nəsiminin “Ənəlhəq” konsepsiyasından danışanda, Elşən təsəvvürünə gətirirdi ki, Leypsiqdəki tələbə yoldaşlarıyla bir yerdə auditoriyadadı, ayağını ayağının üstünə aşırıb mühazirəyə diqqətlə qulaq asan alman, fransız, çex, polyak doktorantlar bloknotlarında qeydlər aparır, öz aralarında pıçıldaşa-pıçıldaşa tərifləyirlər Azərbaycandan gəlmiş professoru. Axırda da Elşənə deyirlər ki, heç bilməzdik, sizin ölkədə belə bir alim var.

Elşən ilk dəfə pirat saytlara girib dünyanın məşhur filoloqlarının kitablarını endirəndə, Nizam müəllim heyrətlənmişdi: “Əsl xəzinədi ki. Bunları heç yığıb-yığışdırmaq olmaz”. - “Nizam müəllim, burda az qala bir kitabxana var”. - “Ola bilməz” - “Olar, olar. Əsas odu ki, siçanlar disk yemir”. Gülmüşdülər. “Yaxşı, mənə de görüm, bunlar özləri göndərib saytlara əsərlərini, yoxsa kimsə onlardan xəbərsiz bunu eliyib?” - sualını eşidən Elşən elə bilmişdi, Nizam müəllimin müəllif hüququ məsələlərindən xəbəri yoxdu, ona görə bir az dolanbac cavab vermişdi: “Düzü, özlərinin xəbəri olmadan da kimsə göndərə bilər. Amma mən bilən, hətta alimlər bundan xəbər tutsalar belə sevinərlər ki, dünyanın istənilən yerindən sayta girib kimsə onları oxuyur”. Nizam müəllimsə “Vallah, biləm ki, məni çox demirəm, iki-üç ingilis, ya alman alimi oxuyacaq, tüpürərəm müəlliflik hüququma, göndərərəm monoqrafiyamı bu sayta,” - demişdi. Həmin gün Elşən internetklubda məqalələr, monoqrafiyalar olan iyirmi dörd pdf kitab endirmişdi. Sonra gedib bulvarda gəzmişdilər, çay içmişdilər, sağollaşana yaxın Nizam müəllim əlini çantasına vurub demişdi: “Burda üç kitab var, amma o nazik diskdə iyirmi dörd. Adamın heç inanmağı gəlmir vallah”.

Semestrboyu qayıbları yazmamağın, jurnallarda əməliyyat aparmaqla qayıbları yox etməyin əvəzində tələbələrdən pul alanlardan söhbət düşəndə, Nizam müəllimin fəxr hissi aşıb-daşırdı: “Hamının yanında üzümüz ağdı. Öz gözlərimlə görmüşəm, elələrinin pul aldıqları tələbənin qabağında dilləri necə qısa olur”.

Bir dəfə kəsirlərini sildirmək istəyən tələbə oğlanın qurduğu tələyə düşən, ümumi “normadan” çox pul istəyən prorektorun həbs olunmasını (o hadisəni telekanalların birində göstərmişdilər) müzakirə eləmişdilər: polis qəfil içəri girən an prorektor iki əlliliyi pəncərədən çölə atsa da, xeyri olmamışdı. Şahidlərin iştirakıyla dindirmə keçirmişdilər, kabinetdəcə protokol yazıb qandallamışdılar onu. Üzünü iki əliylə örtüb uşaq kimi ağlayan prorektor demişdi ki, ay Allah, bu, nə işiydi axı başıma gəldi. Elşənin yazığı gəlmişdi prorektora: “Nizam məllim, o mundar gədənin alçaqlığını gördüz? Yüz manata görə o cür işverənlik eliyillər?” - “Günah elə prorektordadı. Artıq tamahın axırı elə də olmalıydı, tələbəni sıxma-boğmaya salanda gərək fikirləşəydi. Bir də, rayon yerində tələbədən yüz manat istəyərlər?” - Nizam müəllim sadist təbəssümlə demişdi bunları. Sonra komissiya üzvü olduğu dövlət imtahanında aşağı bal aldığına görə, dəhlizdə vay-şüvən qaldıran tələbə qız yadına düşmüşdü Elşənin. “Üç yüz manat pul vermişəm e! Adama bu qədər bal yazarlar!” Rəfiqələri onu sakitləşdirməyə çalışmışdı: “Sakit ol ay qız, yəqin səni kimləsə səhv salıblar”. Sıxılmışdı Elşən, lap çox da başqa universitetdən gələn komissiya üzvünə görə az qalmışdı iki əliylə qulaqlarını tutsun. Dekanlıq məsələdən xəbər tutanda, tez öz “səhvini düzəltmişdi”, balını artırmışdılar üsyançı qızın və o qalmaqallı hadisə bir müddət tələbələrin, öz aralarında bunu müzakirə edəndə xısın-xısın gülən müəllimlərin dilindən düşməmişdi.

Keçmiş tələbələrin rüşvətxor müəllimləri, ən dəhşətlisi, ölüb gedənləri adlarıyla feysbuk statuslarında biabır eləməsini görəndə, Elşən bir təhər olurdu. “Vay-vay, adamın lap goruna söyürlər ki”. Bəzənsə qınamaq bir yana, ürəyində haqq qazandırırdı elələrinə: “Yazıqlar neyləsin e? Dörd-beş yüz manatla ailə saxlamaq olar? Qaldı ki, Nizam kimi uşaq hazırlaşdırmağa, işdən sonra it kimi yorulurlar, gücləri çatmır uşaq hazırlaşdırmağa”. Hətta ürəyinin dərinliyində “onsuz da oxumayan” imkanlı tələbələrin jurnalda qayıblarının çox olmasını istəyirdi ki, arada pulu dekana çatdıran maaşı iki yüz əlli manat olan müavinin də cibinə bir şey getsin.

Dərs dediyi dörd ildə keçid balı almaqçün tələbələrdən bir neçəsi, üç semestr dalbadal imtahanlarını tapşırtdırdığı uzaq qohumunun əmisi Elşənə dəfələrlə “hörmət” təklif eləmişdi. Hər dəfə Elşən cürbəcür bəhanələrlə (“Xəstəyəm”, “Məqalə yazıram, bərk məşğulam”, “İndi Bakıda deyiləm.”) “Gəl görüşək”lərdən imtina eləmişdi. Axırda qohum özündən çıxmışdı: “Ay kişi, indiyə qədər heç nəsiz yaxşılıq eləmisən bizə, gəl onda heç olmasa, sənə bir restoran qonaqlığı verim də. Olmaz axı belə. Hər dəfə bir bəhanəylə məndən qaçırsan”.

Onun pul götürməməyinə evdə adi bir şey kimi baxırdılar, - APU-da dərs deyən atası da, məktəbdə ibtidai sinif müəlliməsi işləyən anası da belə şeylərdən uzağıydı. Qohumların içində bibisinin əri hər onu görəndə danlayırdı: “Demirəm ki, kasıbdan pul götürəsən, amma kimin ki cibini pul deşir, üstəlik, özü verir, eləsindən fikirləşmədən götür. Başa düş, bu, sənə halaldı, haram o olar ki, sən kasıbı sıxma-boğmaya salasan ki, filan qədə pul gətir, qiymət yazım. Bax, gələn dəfə də biləm, varlı tələbələrdən pul götürmürsən, tay onda özündən küs” Gələn dəfə: “Yaxşı, onda yüz yox, əlli götür”. Sonrakı dəfə: “İndiyə qədər əlli manat da götürməmisən? Olmadı ki. Gələn dəfəyə otuz manat görtürməsən, səni danışdırmayacam”. Və son söhbətlərin birində bibisi ərini başından eləməkçün yalandan “Gələn dəfə on manat da olsa rüşvət götürəcəm” deyib öz bildiyini edən Elşən özünə etiraf etmişdi: “Biri gözlüyünün mənfilərini artıra-artıra halal puluyla qızına cehiz alıb ərə verir, o biri də məni, üstəlik, ailə qayğısından uzaq olanı qınayır ki, niyə varlı tələbələrdən rüşvət götürmürsən. Hələ rüşvətə halallıq donu da geyindirir”.

İşə düzələndən altı il sonra Elşənə dekan müavini vəzifəsi təklif olunanda, “hə”, “yox” cavabını verməkçün üç gün vaxt istədi. Həmin gün də məsələni açıb atasına danışdı. “Vallah, nə deyim? Mənim də, elə sənin də bildiyin odu ki, dekan müavinləri imtahan vaxtı pul yığmaq işlərinə baxırlar. Sən o yolun yolçusu deyilsən, amma yenə bax də” sözləri sanki sürünə-sürünə atasın ağzından çıxdı. “Yenə bax də nədi?” - bunu demədi Elşən, eləcə soruşdu, bəlkə Nizam müəllimlə görüşüm, görək o, nə deyir. Atası güldü: “Adam tapdın da. Özün fikirləş, rüşvətdən iki min kilometr uzaq olan bir adam sənə nə məsləhət verəsidi?”

Elmlər Akademiyasının bağında görüşdülər, hal-əhvaldan, Nizam müəllimi təzəcə professor olması münasibətiylə təbrik edəndən sonra Elşən əsas məsələni açıb dedi, axırda soruşdu ki, nə deyirsiz, razı olum bu işə.

- Elşən, hər halda məni az-çox tanıyırsan, bilirsən, sənin də, dədənin də xətrini necə çox istiyirəm, ona görə açıq danışacam sənlə. Birincisi, onu bil ki, dekan müavini kimi hər yerdə, əsas da elmi şurada, vakda (Ali Attestasiya Komissiyasının rus dilində olan abbreviaturası - Vısşaya Attestatsionnaya Komissiya – VAK) bütün qapılar üzünə açıq olacaq. İndi yazdığın namizədlik, gələcəkdə doktorluq işinin müdafiəsi vaxtı zəhlətökən bürokratik maneələr qabağına çıxanda, o vəzifə işinə çox yarıyacaq. Bir var, müdafiəyə qədər ağız açacağın adamlara özünü kafedranın məllimi kimi təqdim eliyəsən, bir də var, səni dekan müavini kimi tanıyalar, yəni bunlar fərqli-fərqli şeylərdi. İkincisi, maddi vəziyyət məsələsi, qabaqda evlənməyin var, ailə-uşaq qayğıları, özün görəcəksən o şeyləri. Amma belə məsələlərdə də həddi gərək aşmayasan. Demək istədiyim odu ki, o işə razı olsan, uduzmassan, əksinə sənin elmi fəaliyyətinə, karyerana çox xeyri dəyər.

Sifətində “Aaa, bu nə danışır?” yazılsa da, Elşən sakitcə dedi ki, gedim evdə bir az da fikirləşim, axırda bir qərara gələrəm.

Evə qayıdan Elşən yolboyu öz-özüylə danışdı: “Dediyi sözə bax, maddi vəziyyətini düzəldə bilərsən. Dalınca da deyir, həddi aşma ha, yəni tələbədən pul umanda, çox istəmə ki, o da səni polisə verib kameranın, ölkənin qarşısında biabır eləməsin. Yəni yüksək bal yazmaqçün mədəni şəkildə tələbəyə çatdır ki, qırx baldan yuxarı yüz manatdı, amma sənə əlli manat güzəşt edirəm. Ay Nizam müəllim, tay sənin o birilərdən fərqin nə oldu? Bu da mənim rüşvətdən iki min kilometr uzaq olan müəlimim”.

Bir anın içində dissertasiya işinin üçüncü fəslini yazmaq həvəsi öldü. “Vaxtında Marsel Rayx-Ranitskiylə tanış olsaydım, mən cəhənnəm, heç olmasa, Nizam gedib orda.... Ehh”.

Evdə atasına yalandan dedi ki, dostun da sənin kimi fikirləşir, deyir, o vəzifədə belə-belə işlər var, düşün, götür-qoy elə, özün seçim elə. İstəmədi atası əsl söhbəti eşidib çaşsın, qayıdıb soruşsun ki, ciddisən. İstəmədi Nizam müəllimin illərboyu evlərində kök salmış müsbət imicinə xələl gətirsin. İkicə saat sirri içində saxlaya bildi. Hər şeyi olduğu kimi açıb deyəndə, atası əvvəlcə çaşdı, sonra mızıldana-mızıldana: “Nə bilim... Elə deyirsə, bax də. Tay yekə oğlansan, belə məsələlərdə özün seçim eləməlisən,” - dedi.

Həmin görüşdən sonra Elşən heç cürə anlaya bilmədi, necə olur, otuz ildən çoxdu rüşvətdən uzaq birisi, bir vaxtlar tələbədən yüz manat istədiyinə görə prorektoru asıb-kəsən müəllim indi ona pullu vəzifəyə razı olmağı məsləhət görür, demir razı olma, evlənəndə alman dilindən tərcümələr, ya mənim kimi repetitorluq eləməklə ailəni saxla. (Elşən ertəsi gün dissertasiya işini yazıb bitirmədiyini bəhanə edib dekana dedi ki, müavin olmağa razı deyil.)

Ona elə gəldi, ölkədəki təmiz nizamlar ömrü boyu halal pul qazanmaqlarıyla fəxr etsələr də, buna görə məclislərdə dost-qohum təriflərindən ləzzət alsalar da, günlərin bir günü bibisinin əri kimilərinin sevimli “Bacarana can qurban” el sözünün məntiqinə sakitcə təslim olurlar. Sonra fikirləşdi, bəlkə bu günlərdə Nizam müəllimə təcili çoxlu pul lazımıymış (tutaq ki, arvadının, ya kiçik qızının müalicəsi üçün), tapa bilmirmiş və ömrü boyu düzgün həyat sürdüyünə görə özünə hədsiz nifrət edirmiş, istəmirmiş hələ cavan olan Elşən də onun kimi əziyyətli, kasıb həyat sürsün. “Atam da nə ətdi, nə də sümük”.

Lap axırda özünün də arada az maaşa görə tələbədən rüşvət götürən müəllimlərə haqq qazandırmağı yadına düşdü. “İlahi, doğrudanmı bu peşmançılıq hissi Nizam, atam kimi rüşvətdən uzaq adamlara illər sonra əzab verməyə başlayır və nə vaxtsa mən də onların gününə düşə bilərəm???”

...Artıq illər keçmişdi, artıq diskdən çox, fləşkədən istifadə edirdilər, feysbukda Nizam müəllim məqalələrini paylaşıb həmkarlarıyla, tələbələriylə debatlaşırdı. Elşən müdafiə edib filologiya üzrə fəlsəfə doktoru, bir müddət sonra dosent olmuşdu. Maaş azlığına görə, gedib başqa universitetlərdə saathesabı dərs deyirdi. Daha əvvəlki kimi Nizam müəllimlə çayxanada, bulvarda görüşmürdülər, feysbukda inboksla, ya statuslarda şərhlər yazmaqla əlaqə saxlayırdılar bir-biriləriylə. Nizam müəllim özü istəmirdi, ya unutmuşdu deyə, dekan müavini məsələsindən söhbət salmırdı.

Və bir gün feysbukda Nizam müəllimin infarkt keçirdiyindən xəbər tutan Elşən atasıyla bir yerdə beş nömrəli xəstəxanaya getdilər.

Palatanın tək sakini, arıqlayıb bənizi ağarmış Nizam müəllim gələnlərin kövrəldiyini görməməzliyə vurdu, baş qatmaqçün tez başladı dostu Mübarizi danlamağa. “A kişi, nə əziyyət çəkib bu qədər şey almısız. Bura bax hələ, - yemək, salat bankaları, meyvələrlə dolu olan dolabı açdı, - Bunların hamısını yemək lazımdı e.... Yox, dedim götürməyəcəm, zəhmət çəkib özünüzlə evə apararsız”. Sonra danlağın ikinci seriyası gəldi: “Ay Elşən, niyə evlənmirsən? Olmaz axı belə, müdafiəni də eləmisən, niyə gecikdirirsən bu işi?” Dostunu da danladı ki, özü tapmırsa, qohumların arasından birini tapın evləndirin də bunu.

Sonra Nizam müəllim dostuyla tələbəlik illərinə baş vurdular, ölənləri, qalanları yada saldılar, bir az Füzulinin “Su” qəsidəsini müzakirə elədilər, qəzəllər dedilər.

Araya sükut çökəndə, Nizam müəllim üzünü Elşənə tutdu:

- Bura bax, sənə o vaxtkı söhbətimizdən sonra başqa vəzifə-zad təklif eləmiyiblər?

- Yox. Elə onda yox dedim. Gördülər belə şeylər mənlik deyil, tay o vaxtdan heç nə təklif eləmirlər.

- Vallah, yaxşı elədin razı olmadın, yoxsa başın ağrıyacaqdı. Semestrlərin əvvəli cədvəl tut, gündə on dəfə cədvəl dəyiş, iclasa qaç, tədbirə qaç, mərtəbə-mərtəbə gəz məllimlərə boş auditoriya tap...

İllər öncə çayxanadakı söhbəti yadına salan Elşəni gülmək tutdu, atasına bir anlıq baxıb gördü, o da eyni vəziyyətdədi və qayıdıb deyəmmədi ki, ay Nizam müəllim, o vaxt dediyiniz nə idi, indi dediyiniz nədi.

Palatadan çıxanda Nizam müəllim yenə onların gətirdiyi şeyləri özlərinə qaytarmaq istədi, o bunun, bu onun əlini-qolunu qaytardı. Axırda Mübariz, dostunun qırımından hiss etdi ki, xeyri yoxdu, başıyla oğluna zənbilləri götürməyi işarə elədi və qəfil köynəyinin cibindən iki əlliliyi çıxardıb Nizam müəllimin şalvarının sağ cibinə basdı:

- Bax, inan Allaha, bunu götürməsən, üzünə baxmaram ha.

Yenə əl-qol hərəkətləri və qəfil vacib bir məsələni açıb deyəcəyini bildirimiş kimi Nizam müəllim şəhadət barmağını qaldırdı:

- Bir dəyqə.... Yaxşı, götürəcəm bu pulu, amma bir şərtlə, - əllilikləri götürüb şalvarının sol cibinə qoydu. Sonra sağ cibindən bir qırmızı yüzlük çıxardıb dostuna uzatdı. - Götür bunu... A kişi, deyirəm sənə götür də...

Bir anın içində ona çaşqın halda baxan dostunun köynəyinin cibinə basdı yüzlüyü.

- İndi qulaq as mənə, ay Mübariz. Yüz manatı rüşvətxor bir qohumum var, polkovnikdi, o verdi. Hardasa bir saat sizdən qabaq gəlmişdi. Verdi deyəndə, zorla soxdu cibimə. Sözümün canı odu ki, mən təmiz pul lazımıydı, onu da səndən götürdüm, yəni....

- Bir dəyqə, axı sən...

- A kişi, bilirəm nə deyəssən. Yox, o pul haram sayılmır, çünki onu mən sənə nə pay kimi verirəm, nə də rüşvət kimi. Onsuz da ömrün boyu mənim kimi bir manat da rüşvət götürməmisən. Nəysə, hesab elə, sənə yüzlük lazımıydı, mənə də iki əllilik. Pulu xırdaladım, bunnan da söhbəti bağladıq. Oldu?

- Olmadı....

- Oldu, oldu. Yaxşı, ürəyin rahat olsun deyə, gətirdiyiniz şeyləri götürürəm. Bəri ver onları, - Elşəndən zənbilləri götürdü, dolabı göstərib dedi: - Özünüz də gördüz ki, ora doludu, amma narahat olma, aparıb dəhlizdəki soyuducuda yerbəyer edərəm. Ya da paylayaram burdakı imkansız xəstələrə. Amma bir dəyqə, - zənbildən çıxardığı kələm dolmasıyla dolu bankanı dolabın üstünə qoydu. - Bu, mənlikdi.

Xəstəxanadan çıxanda atası Elşənə qəribə-qəribə baxıb dedi:

- Vallah, mən hələ də baş açammadım Nizamın bu pul xırdalamağı nə idi. Sən bir şey başa düşdün?

17 iyul, 2015 – 21 sentyabr, 2019

Bakı

# 3241 dəfə oxunub

Oxşar xəbərlər

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

12:00 9 aprel 2024
# # #