90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq
4 may 2026
# 12:00

Kulis.az Sevinc Elsevərin İlham Əzizin "Qəvvas" romanı haqqında yazısını təqdim edir.

İlham Əzizin “Qəvvas” romanı ədəbi mühitdəki sükutu pozdu. Doğrudur, romanın belə tez populyarlaşmasında Seymur Baycanın təqdimatının da rolu oldu. Bəzi adamlar, doğrudan da, ədəbi avtoritetə sahibdirlər. Seymur da onlardan biridir. Amma haqq üçün deyək ki, İlham bəyin romanı da Seymuru yanıltmadı.

Onu da qeyd edim ki, Seymurun yazısından başqa, “Qəvvas” romanı haqqında yazılan heç bir yazını oxumağa imkan, vaxt tapmamışam. Bu yazını da yazarkən tərəddüd elədim. Fikirləşdim ki, xorla hamı bu romandan yazır, mənim yazmağıma nə gərək var?!

Amma yazmaqdan da özümü saxlaya bilmədim.

Romanın adı ilə bağlı müqayisəli fikirlər var idi. İlk fikri Seymur Baycan öz təqdimat yazısında irəli sürmüşdü. Səhv eləmirəmsə, Seymur "qəvvas" sözünün oxucuda bir təəssürat oyada bilməyəcəyini, adın müasir roman adı üçün uğurlu olmadığını yazmışdı.

Düzünü deyim, qəvvas sözünün anlamının nə olduğunu dəqiqləşdirməli olmuş, anlamla tanış olandan sonra hətta roman adı kimi sevmişdim. Fikirləşmişdim ki, İlham bəy ən doğru adı seçib romanına. Kitabın arxasında roman haqqında verilən şərh də fikrimi möhkəmləndirmişdi. Amma romanı oxuduqca və oxuyub bitirəndən sonra romanın adı ilə bağlı müəlliflə razılaşmayanlarla fikirlərim üst-üstə düşdü.
“Qəvvas” sadə, səmimi dillə yazılıb, avtobioqrafik roman təsiri bağışlayır. Elə inandırıcı təsir bağışlayır ki, oxuduqca yazılanların müəllifin öz başına gəlmədiyinə inana bilmirsən.

Roman elə bil birnəfəsə yazılıb, sən də birnəfəsə oxuyursan. Hətta müəllif romanı ayrı-ayrı fəsillərə bölməyib. Əhvalatlar, səhnələr bir-birinə çox sürətlə keçir.

Romanda hadisələr aylar ərzində baş verir. Amma adama elə gəlir ki, bir neçə günlük əhvalatların içindədir. Romanın oxunaqlı olmağına səbəblərdən biri də budur.

“Qəvvas” 90-cı illəri tam əhatə eləyə bilmir, məsələn, Qarabağ müharibəsindən bir kəlmə də yoxdur. “Hamı müharibədən də yazmalıdır”- deyə ittiham eləmirəm. Amma, heç olmasa, işarə eləmək olardı. Məsələn, Rusiyaya qaçaq gedənlərin arasında fərarilik edən bir azərbaycanlı obrazını salmaq olardı. Axı Rusiyaya gedənlərin hamısı o dövrdə borc əlindən, yaxud oğurluq etdiyinə görə getmirdilər. Müharibədən qaçanlar, sağ qalmaq üçün gedənlər vardı. Hətta adamlar vardı ki, sağ qalmaq üçün Rusiyaya gedir, orda hansısa bir səbəbdən öldürülürdülər. Dəhşətli illər idi!

Romanın qəhrəmanı İlqar istəmədən çıxılmaz vəziyyətə düşmür. Bir növ başına gələnlərə layiq olur. Çirkaba bulaşır, ruhunu kirləndirir, rüşvət almağa, asan yolla pul qazanmağa, dövlətə xəyanət etməyə başlayır. Karma da onu cəzalandırır, hər şeyi üzünə-gözünə bulaşdırır. Borca düşür, bir müddət Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoyaraq vəziyyəti idarə edir, amma nəhayətində ilişir. Papaqlardan birini külək aparır. Ya Əliyə, ya Vəliyə verməyə papaq tapılmır. Onda İlqar çarəni ölkəni tərk eləməkdə görür.

Bu cür əhvalat eynilə bir yaxınımın başına gəlmişdi. Bəli, yaxşı yaşamaq, biznes qurmaq məqsədi ilə yazığın əlini atmadığı iş qalmadı. Borc, sələm götürüb gah Rusiyaya nar vurdu, batırdı. Gah pomidor vurdu, batırdı. Bir ara oradan taxta gətirməyə çalışdı , buradakılardan kimsə “atdı”. Nəticədə, adam gah türməyə düşdü, gah çıxdı. Ailəsindən, uşağından oldu. Axırda da Rusiyada öldürüldü. Doğrudan da, Seymur demişkən, Rusiyada Qarabağdan daha çox adam ölüb 90-cı illərdə. Necə həyatlar məhv olub!

İlham Əziz o taleləri yazmaqla qaranlıq bir dövrə, həqiqətən, işıq tutub. Çox böyük ağrı ilə oxumaqdan başqa oxucuya çarə buraxmadan.

Romanın ən çox sevdiyim tərəfi qəhrəmanının təzadlarla dolu olmağıdır. İlqara yaxşı adam demək olarmı? Baxmayaraq ki, yaxşılığa meyllidir, amma yaxşı adam deyil. Təbiətindəki, xarakterindəki qüsurlardan dolayı başına iş açır. Baxmayaraq ki, romanın arxasında müəllif izah edir ki, guya qəhrəmanın taleyi ilə mahiyyəti arasında qarşıdurma var. Məncə, dərin bir qarşıdurmadan danışa bilmərik. İlqar “su səhəngi su yolunda sınar “ misalı zibilə düşür. Bir növ başına gələnlər ona haqq olur. Düzdür, romanda göstərilir ki, İlqar, əslində, xarab sistemin qurbanı olur. Düşdüyü vəziyyətdə şərait belə tələb edir. Amma öz canında da az olmur axı.

Bəs onun qayıdışı necə baş verir? Doğrudanmı o, qəvvasdır?

Məncə, deyil! Romanın adının haqqını vermir qəhrəman. Müəllifinin o cür gözəl ad tapmağına baxmayaraq.

İlqar “qayıdış” üçün nə edir? Necə mübarizə aparır? Romanın sonlarına doğru mən hansısa bir mübarizə ilə qarşılaşacağımı gözləyirdim. Amma İlqar qayıdış üçün heç nə eləmir. Sadəcə öz taleyinə passiv seyrçilik edir. Hətta təsadüflər nəticəsində daha böyük günahlardan, səhvlərdən qurtulur. Az qala narkotik üstündə tutulacaqdı. Azərbaycandan apardığı pulla açdığı kafedə qumarxana qurulur. Gözünün qabağında adam öldürülür, döyülür. Görüşdüyü qadın xərçəngə yoluxandan sonra ona elə biganə münasibət göstərir ki, adamda ikrah oyadır.

İlqar sadəcə tez-tez ötəri peşmanlıq hissləri keçirməklə kifayətlənir. Özü ilə daxili konflikti var. Amma özü ilə daxili konflikti belə o qədər zəifdir ki, adamın qəhrəmana acığı tutur.

Bəs İlqar necə xilas olur? Özü-özünü xilas edirmi? Xeyr! Vətəndən atası zəng edib deyir ki, bala, zülmlə, min bir əziyyətlə sənin burdakı borclarını ödəmişik. Halı ilə maraqlanmadığı qardaşı da kömək eləyib. Bir sözlə, boğulhaboğulda əl atıb qəvvası kənardan xilas ediblər.

Əsərin sonunda tək təəssüfüm buna oldu. İlqarın öz-özünü xilas eləməyini çox istərdim. Məncə, belə daha yaxşı sonluq ola bilərdi. Nəinki tələsik, “happy end”lə bitən, nağılvari sonluq!

Nəticə etibarilə, etiraf etməliyəm ki, İlham bəy oxunaqlı, gözəl mətn qoyub ortaya. Dili axıcıdır, dialoqları canlıdır. Hətta deyərdim ki, film ssenarisi kimi dinamik və canlıdır əsər. Çox da əl gəzdirmədən, üzərində böyük əziyyət çəkmədən yaxşı film çəkmək olar bu əsərdən.

Əsəri olduğu kimi çəksəydim, başqa ad düşünərdim filmimə.

P.S Tənqidi fikirlərim romanın qəhrəmanının ünvanınadır. Əsla, dostumuz İlham Əzizin deyil. İlham Əziz, bəlkə də, İlqarı elə bu cür görmək istəyib. Bu cür də yaradıb. Bu, müəllifin öz işidir. Amma bizim İlqara acığımız tutdu. Deyirik ki, belə olmaz, qəhrəmanı olduğun romanın adının haqqını vermək lazımdır.

# 89 dəfə oxunub

Oxşar xəbərlər

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər