"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?
1 may 2026
# 12:00

Kulis.az Vüqar Vanın "Hardasa, olardı 13-14 yaşım" romanı haqqında Bəhruz Tağızadənin yazısını təqdim edir.


Bir neçə məclisdə, müxtəlif yazılarda və yazarların dilindən eşitdiyim bu romanı çoxdan oxumaq, müəllifin qələmini yaxından tanımaq istəyirdim. Müəllifə verdiyim ilk suallardan biri də bu romanı neçə yaşında yazması ilə bağlı oldu. 26 yaşında ərsəyə gətirilmiş bu əsəri artıq ciddi ədəbiyyat nümunəsi hesab etmək olar.

Əgər Anton Çexovu, Nikolay Qoqolu və bu kimi ədibləri misal gətirməsək, demək olar ki, qırx yaşına çatmayan yazıçıların əsərləri çox vaxt müəyyən primitivliklərdən xali olmur. Lakin Vüqar Vanın qələmi bu ümumi qənaəti yıxıb-sürüyür. Onun yazı tərzi, müşahidə qabiliyyəti və daxili səsi göstərir ki, gələcəkdə daha böyük ədəbi uğurlar qazanmaq potensialına malikdir.

Düşünürəm ki, əgər o, zamanla həyat təcrübəsini daha da dərinləşdirə bilsə, qırx yaşdan sonra səsi daha da möhkəmlənmiş, urvatlı bir yazıçı kimi yalnız yerli yox, daha geniş - hətta Avropa ədəbiyyat mühitində də görünə bilər.

Vüqarın yaşadıqlarını çoxumuz yaşamışıq. Əsas olan yaşananın yox, onun necə dərk olunub mətnə çevrilməsidir. Bu mənada Vüqar usta yazardır.

Anadan aldığı travmalarla başlayan roman, axıcılığı ilə yanaşı, tərbiyəvi çalarlar da daşıyır. Alt qatda ana–oğul münasibətlərinin incə, travmatik qatları açılır və bu münasibətlər xüsusilə övladına qarşı sərt davranan analara kənardan bir güzgü tutur.

Vüqarı hələ tanımadığım vaxtlarda bir dəfə kitab mağazasında onun kitabına rast gəldim. Adının cazibəsinə qapılıb əlimə alıb bir az vərəqlədim, amma almadım. Düzü, pul səbəb deyildi, daha çox başqa bir şey məni saxladı: gedəcəyim çevrədə əlimdə kitab görsələr, lağ edəcəklərini, bunu da bir az şişirdərək danışacaqlarını yaxşı bilirdim. Elə buna görə kitabı yerinə qoyub çıxdım. Yarımçıq qalan söhbət kimi marağı beynimdə qaldı...

Hər kəs 13–14 yaşlarında bir uşağın yaşadıqlarına kənardan baxmaq istəyir. Bu elə bir yaşdır ki, insanın xarakteri formalaşmağa başlayır, ilk ciddi sarsıntılar, ilk suallar və ilk üsyanlar məhz bu dövrdə üzə çıxır. Uşaqla böyüklük arasında qalan bu keçid mərhələsi həm kövrək, həm də təhlükəlidir — atılan hər addım gələcək taleyin konturlarını cızır. Bu yaşda insan hər şeyi hiss edir, amma hər şeyi anlaya bilmir.

Uşaqların özlərinin yaratdığı "qanunlar" o yaşda sevginin və dostluğun möhkəm olmaması, bizim gülərək xatırladığımız tanış hadisələr, hisslər gözəl təsvir edilib. Xüsusilə bullinq səhnələri kifayət qədər təsirlidir - oxucunu narahat edir, düşündürür və həmin dövrün psixoloji ağırlığını hiss etdirir.

Romanda dini mühit təkcə bilik və ibadət yeri kimi yox, həm də müəyyən sirr və anlaşılmazlıqlarla dolu bir məkan kimi təqdim olunur. Mollanın yanına gələn qoca kişilər, çəhrayı kağızlara yazılan naməlum sözlər və onların qarşılığında verilən pullar uşaq qəhrəmanın gözündə bu mühiti bir qədər mistik və qapalı göstərir. O, baş verənləri tam anlamır, amma hiss edir ki, burada onun bilmədiyi, böyüklərə aid bir dünya var.

Xüsusilə kəbin məsələsinin sonradan açılması maraqlı detaldır - uşağın anlamadığı bir hadisənin arxasında, əslində, ciddi sosial və dini funksiya dayanır. Bu isə müəllifin uşağın baxış bucağını nə qədər dəqiq tutduğunu göstərir: oxucu da qəhrəmanla birlikdə əvvəlcə anlamır, sonra dərk edir. Dinlə yanaşı talış mətbəxinə və ailə müqaisələrinə də yer verilməsi əsərin keyfiyyətini artıran nüanslardandır.

İndi isə romandan təsirli bir hissə paylaşaq, sonra söhbətimizi davam edərik:

"Mən də tamaşaçı qrupuna aid idim. Ayaq üstə qalıb kompüterin ekranına gözümü zilləyirdim. Mənim kimi onlarla belə uşaq vardı. Evdən pul vermirdilər, onlar da sadəcə oyun oynayanlara tamaşa etmək üçün Elçin müəllimin yanına gəlirdilər. Nicatın ailəsi elə də varlı olmasa da, həmişə bir manat tapırdı. Mən bunu heç cür başa düşmürdüm. Necə olurdu ki, Nicatın hər gün bir manatı olur? Bəzən anamın çantasından 20–30 qəpik oğurlayırdım. Heç vaxt çox götürmürdüm. Həm qorxurdum ki, anam oğurluğumu hiss edər, həm də bilirdim ki, çox oynamağa vaxtım olmayacaq. Bir manat götürsəm belə, iki saat oynamağa imkan tapa bilməzdim. Ona görə 20–30 qəpik götürürdüm. Bunu heç vaxt hiss eləmirdi. Həftədə bir-iki dəfə oğurluq edə bilirdim".

Göründüyü kimi, parçada təqdim edilən “oğurluq” nə oğurluqdur, nə günahdır, nə də cinayətdir. Bu, oxucunu düşündürən və ad qoymaqda çətinlik çəkilən, bərabərsizlikdən əziyyət çəkən uşaqların ümumiləşmiş obrazıdır, sosial mühiti göstərən bir haldır:

"Gözümün pis günə düşməyinə görə sevinirdim, çünki ilk dəfə İrana gedəcəkdim. Məhəllədəki dostlarımdan bəziləri İrana getmişdi və ora haqqında qəribə əhvalatlar danışırdılar. Günorta hamı namaza gedir, bütün mağazalar açıq qalır. Heç yerdə spirtli içki satılmır. Məhərrəmlikdə küçədə atlarla, bayraqlarla, zurna-qavalla şəbihlər olur. Qoca kişilər oğlan uşaqlarına meyl edirlər. orucluqda hamı oruc tutmalıdır. İmamın qırxında hərkəs ehsan verir. Qadınlar küçəyə çıxmırlar, bütün işləri kişilər görür, hətta küçələri də kişilər süpürür".

Gözəl verilib. Qonşu ölkə haqqında təsəvvür yaradıb. Redaktor heyətinin də peşəkarlığı öz sözünü deyib. Roman çox səliqəli və təmizlənmiş haldadır. Romanın ən uzun cümləsi İrandan gətirib satılan malların siyahısıdır. Vüqar bir cümlə ilə dövrün iqtisadi portretini yaradıb. Bir cümlə ilə istehsalatsızlıqdan pullarımızın hansı yönə axdığını göstərib.

Usta Allahqulu obrazı oxucuya yad deyil - o, bizim köhnə “tanışımızdır”. Cəlil Məmmədquluzadənin Usta Zeynalının "nəvəsidir". Cəmiyyətdə tez-tez rast gəldiyimiz bu tip insan özünü dindar kimi təqdim etsə də, əslində, dərin biliyə malik deyil. Hamamda güzgü qoyulmasına qarşı çıxır, musiqini haram hesab edir, Quran oxumayanlara irad tutur, amma özü də Quranı oxumayıb. Qurandan başqa bütün kitabları lazımsız hesab edir. Vüqar bu obrazı çox maraqlı göstərib.

Bütün bunlarla yanaşı, qüsurlara da rast gəlinir. Belə ki, ana obrazının doğma balasının əlini bıçaqla dağlaması romanın ruhunu bir qədər zəiflədir. Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək də doğru deyil. Əvvəla, həmin ana övladını atmayıbsa, onun üçün işə gedib-gəlirsə, deməli, analıq hissini qoruyan bir qadındır. Analıq hissini qoruyan bir qadının isə tərbiyə üsulu kimi belə sərt və inandırıcı olmayan bir davranışa əl atması oxucu üçün əsaslandırılmamış qalır.

Və yaxud tualetin təsvirində "qapılara “Q”, “K” yazılmışdı" kimi cümlələr söz yığınıdır. Hamı bilir ki, tualetin qapısında bu yazılar olur. Onu romana yazmağa lüzum yoxdur. Əgər antisanitar vəziyyəti göstərmək istəyibsə, buna da ehtiyac yoxdur. Şərqin çox ölkələrində ümumi tualetlər o vəziyyətdədir.

Digər bir problem oxucunun mövzudan gözləntisinin olmamasıdır. Yəni oxucu əsərdə konkret bir inkişaf xətti və ya nəticə gözləmir, sadəcə maraqlı epizodların ardıcıllığını izləyir. Bu isə romanın dramatik gərginliyini azaldır və oxu prosesini bir qədər passiv hala gətirir.

Dialoqlara az yer verilməsi də əsas iradlardan biridir. Dialoqların məhdudluğu obrazların daxili dünyasının və münasibətlərinin daha canlı açılmasına imkan vermir. Bu səbəbdən bəzi yerlərdə mətn daha çox təsvir və sadalama üzərində qurulduğu üçün dinamika zəifləyir.

Sonluq isə çox təsirlidir və yüksək ədəbi səviyyədə işlənib. Kədər məhəllə panoramasının içində verilir, bu da hadisəyə daha geniş sosial fon qazandırır. Baharın ölümü və əsas qəhrəmanın keçirdiyi sarsıntı həm acı, həm də düşündürücüdür.

Məhəllə panoraması diqqətlə və detallı şəkildə işlənib, bu isə müəllifin müşahidə qabiliyyətinin güclü olduğunu göstərir.

Ümumilikdə romanın sonluğu Vüqar Vanın istedadlı və ciddi yazıçı kimi formalaşdığını təsdiqləyir.

# 118 dəfə oxunub

Oxşar xəbərlər

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

12:40 1 may 2026
"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

15:00 29 aprel 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər