"Sevgi naminə hər şeyi qurban verməyə dəyərmi?" - "Anna Karenina" tamaşasından qeydlər

"Sevgi naminə hər şeyi qurban verməyə dəyərmi?"  -  "Anna Karenina" tamaşasından qeydlər
13 iyun 2026
# 10:00

Kulis.az Şahanə Müşfiqin "Anna Karenina" - sevginin və tənhalığın elegiyası" resenziyasını təqdim edir.

Bir tərəfdə insanın qəlbi, digər tərəfdə isə cəmiyyətin sərt qanunları... Tolstoyun ölməz qəhrəmanı Anna Kareninanın faciəsi məhz bu qarşıdurmanın içində doğulur. Heydər Əliyev Sarayında nümayiş olunan “Anna Karenina” tamaşası da tamaşaçını ilk dəqiqələrdən etibarən həmin mürəkkəb və ağrılı dünyanın içinə aparmağı bacarır.

“White Roof” teatr studiyası tərəfindən təqdim olunan tamaşa Lev Tolstoyun dünya ədəbiyyatının şah əsərlərindən hesab edilən romanını sadəcə səhnəyə köçürmür, onun ruhunu, emosional yükünü və fəlsəfi qatlarını canlı teatr dilində yenidən canlandırır. Tamaşa boyunca sevgi, vicdan, ailə, mənəvi məsuliyyət və insanın öz xoşbəxtliyi uğrunda etdiyi seçimlərin ağır nəticələri ön plana çıxır.



Macar rejissor Gjorgji Rizeski əsərin çoxşaxəli məzmununu yığcam və təsirli səhnə həlləri ilə təqdim etməyə nail olub. Quruluşda diqqəti cəlb edən əsas məqamlardan biri psixoloji xəttin ön plana çəkilməsidir. Tamaşaçı hadisələri izləməkdən daha çox qəhrəmanların iç dünyasına daxil olur, onların yaşadığı tərəddüdləri, ağrıları və çıxılmazlıqları hiss edir. Minimalist səhnə tərtibatı, uğurlu işıq həlləri və ritmik mizansenlər tamaşanın emosional təsirini daha da gücləndirirdi.

Tamaşanın əsas yükü isə şübhəsiz ki, dünya ədəbiyyatının ən ziddiyyətli obrazlarından biri olan Anna Kareninanı canlandıran Oksana Rəsulovanın üzərinə düşmüşdü. Aktrisa qəhrəmanı yalnız qadağan olunmuş sevgiyə qapılan qadın kimi deyil, hissləri ilə cəmiyyətin sərt qaydaları arasında parçalanan mürəkkəb insan xarakteri kimi təqdim edir. Onun ifasında Anna gah güclü və məğrur, gah da çıxış yolu tapa bilməyən kövrək bir qadına çevrilir. Oksana Rəsulovanın xüsusilə emosional səhnələrdə nümayiş etdirdiyi daxili enerji və psixoloji dərinlik obrazın faciəsini tamaşaçıya hiss etdirməyi bacarır.

Gənc və istedadlı aktyor Sənan Kazımovun yaratdığı Vronski obrazı tamaşanın ən dinamik və təsirli personajlarından biri kimi yadda qalır. Aktyor obrazın ehtirasını, cazibəsini və emosional gücünü uğurla təqdim edir. Anna ilə qarşılıqlı səhnələrdə yaranan emosional gərginlik tamaşanın əsas hərəkətverici qüvvəsinə çevrilir. S.Kazımov Vronskini romantik qəhrəmandan daha çox, öz seçimlərinin məsuliyyəti ilə üzləşən bir insan kimi də göstərə bilir.



Tanınmış aktyor İlqar Cahangirin canlandırdığı Aleksey Karenin obrazı tamaşaya əlavə psixoloji qat qazandırır. Aktyor xəyanətə uğramış ər obrazını sadə və stereotip yanaşmadan uzaq təqdim edir. Onun qəhrəmanı daxilində böyük ağrı və qürur daşıyan, hisslərini nümayiş etdirməsə də, mənəvi sarsıntılar yaşayan mürəkkəb bir xarakterdir. Əslində, o həyat yoldaşının xəyanəti ilə özünü alçalmış hiss edən, bunu qüruruna sığışdırmayan bir zadəgandır. Amma digər tərəfdən həm Annaya olan sevgisi, həm övladına qarşı məsuliyyəti, həm də özünün, ailəsinin cəmiyyətdəki nüfuzuna xələl gəlməməsi arzusu ilə bütün olanları bağışlamağa, unutmağa da hazırdır. Aktyor Kareninin qəlbində tüğyan edən bu ziddiyyətləri məharətlə tamaşaçıya çatdırır. Bəzi səhnələrdə onun susqunluğu belə uzun dialoqlardan daha çox təsir bağışlayır.

Əməkdar artist Firdovsi Atakişiyevin Levin obrazı tamaşanın mənəvi dayağı kimi çıxış edir. Levin xətti Anna və Vronskinin ehtiraslı münasibətinə paralel olaraq həyatın daha sakit, daha sabit və mənəvi harmoniyaya əsaslanan tərəfini nümayiş etdirir. Aktyorun təbii və səmimi oyunu obrazın fəlsəfi mahiyyətini tamaşaçıya çatdırmağa imkan verir.



Tamaşanın mühüm üstünlüklərindən biri də aktyor ansamblının ahəngdar işidir. Aktyorlar Aydan Ağazadə, Tural Rza, Pərvin Dadaşova, Səbinə Asim, Nicat Məmmədov, Nihat Əsgərov və başqalarının rol aldığı səhnə əsəri insana bir daha öz hisslərinin əsiri olmamağı, cəmiyyət və insan qarşıdurmasındakı məsuliyyətin ölümsüzlüyünü xatırladır. Əsas obrazlar arasında qurulan münasibətlər inandırıcı görünür və hər bir personaj ümumi dramaturji xəttin ayrılmaz hissəsinə çevrilir. Bu isə tamaşanın emosional təsirini daha da artırır.
"Anna Karenina" yalnız bir sevgi hekayəsi deyil. Bu, insanın öz arzuları ilə cəmiyyətin tələbləri arasında qaldığı zaman hansı bədəli ödəməli olduğunu göstərən dərin psixoloji dramdır. Tamaşa boyu verilən suallar finaldan sonra da tamaşaçını düşündürür: Sevgi naminə hər şeyi qurban verməyə dəyərmi? İnsan öz xoşbəxtliyini seçərkən başqalarının taleyinə görə məsuliyyət daşıyırmı? Cəmiyyət fərdin həyatına nə dərəcədə müdaxilə edə bilər?



Gjorgji Rizeskinin quruluşunda “Anna Karenina” tamaşası klassik əsərin uğurlu səhnə interpretasiyası olmaqla yanaşı, güclü aktyor oyunları və təsirli rejissor həlli ilə yadda qalır. Oksana Rəsulovanın emosional və dərin Annası, Sənan Kazımovun ehtiraslı Vronskisi, İlqar Cahangirin dramatik Karenini və Firdovsi Atakişiyevin təmkinli Levini tamaşanın əsas uğurları sırasında xüsusi qeyd olunmalıdır.


Son pərdə bağlandıqdan sonra belə tamaşanın yaratdığı emosional təsir uzun müddət tamaşaçını tərk etmir. Məhz buna görə “Anna Karenina” tamaşasına hiss edilən və yaşanan səhnə əsəri desək, heç də mübaliğəyə yol vermiş olmarıq.

# 153 dəfə oxunub

Oxşar xəbərlər

"Sənət əsərlərindən təkbaşına zövq almaq təbiətimizə uyğun deyil..." - Nobel mükafatçısından sitatlar

"Sənət əsərlərindən təkbaşına zövq almaq təbiətimizə uyğun deyil..." - Nobel mükafatçısından sitatlar

10:30 13 iyun 2026
Milli Qurtuluş Günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Milli Qurtuluş Günü ilə əlaqədar silsilə materiallar hazırlandı

17:30 12 iyun 2026
Dinozavrları "dirildənlər": Paleo-rəssamlıq nədir?

Dinozavrları "dirildənlər": Paleo-rəssamlıq nədir?

17:09 12 iyun 2026
İlin ən qeyri-adi kitabı seçildi - Nüfuzlu ədəbiyyat mükafatı sahibini tapdı

İlin ən qeyri-adi kitabı seçildi - Nüfuzlu ədəbiyyat mükafatı sahibini tapdı

16:39 12 iyun 2026
"Evlilik müharibəyə getmək kimi bir macəradır..." -  Tanınmış ingilis yazıçıdan aforizmlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." - Tanınmış ingilis yazıçıdan aforizmlər

16:28 12 iyun 2026
Dövrümüzün ən bahalı rəsm əsərlərinin müəllifi vəfat etdi

Dövrümüzün ən bahalı rəsm əsərlərinin müəllifi vəfat etdi

15:30 12 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər