Cücərən ümidlər - Fərid Muradzadə

Fərid Muradzadə

Fərid Muradzadə

27 noyabr 2021
# 16:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Fərid Muradzadə "Cücərən ümidlər" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Palıd möhkəmlik, bərklik, mətinlik, əzəmətlilik simvoludur. Elə bizim gerbimizdə də bu bərklik, möhkəmlik simvolu öz əksini tapmışdır. Uşaq olarkən cüssəli, boy-buxunlu adamlar haqqında nənə-babalarımızdan eşitdiyimiz "palıd gövdəli adamdır" ifadəsini o zamanlar tam mənası ilə dərk etməsək də cüssəli adam olduğuna eyham edildiyini bilirdik. Rəmzi dəyərli olduğu kimi mahiyyət etibarı ilə də qiymətli ağacdır palıd.
Üç il əvvəl ta uşaqlıqdan bu günə qədər mənim üçün xətri əziz olan, həmişə özümə böyük qardaş bildiyim, bu gün belə məndən böyük kimi yolunu saxladığım qonşu sözünü mənim üçün həmişəlik əziz edən həmkəndlim, qonşum Ədil Alıyev mənə zəng edərək bizim həyətimizdəki qollu-budaqlı palıd ağacı haqqında bir şeir yazmağı xahiş etmişdi.

Doğrusu tam səmimi olaraq etiraf edim ki, məndən kimsə hansısa bir yazı yazmağı istəsə o yazını yaza bilmirəm, amma… bu mövzu mənim təkcə cismimi, qəlbimi deyil ruhumu da yerindən oyatdı. Telefonda sağollaşan kimi yazdım. Doğrudur, o şeir mənim ilk qələm təcrübələrimdən idi. Ancaq mənim ən sevdiyim şeir də məhz elə o şeirdir.

Bizim kəndimiz rayonumuzun ən ucqar kəndlərindən biri idi. Kəndimiz mənfur düşmənlərimizlə çox yaxın məsafədə yerləşirdi. Dağlıq və münbit ərazidə yer tutan bu kənddə hər fəslin öz gözəlliyi vardı. Bu kəndin sakinləri də suyu, havası, torpağı kimi saf idilər. Həyat bu ucqar dağ kəndində nə qədər gözəl imiş, ilahi…

Bizim həyətyanı sahəmiz digər qonşularımızla müqaisədə o qədər də böyük deyildi. Ancaq bizim həyətimizdə bir ağac vardı ki, kənddə heç kimin həyətində o yaşda , o möhtəşəmlikdə, o irilikdə və o ağac kimi əzəmətli ağac yox idi. Ağlım kəsəndən o ağacı görmüşdüm. Atam da, əmilərim də, babam da, babamın atası da o ağacı görmüşdü. Neçə-neçə insan yola salmışdı qoca palıd.

Mənim uşaqlığımın həmdəmi olan qoca palıd, uca palıd… yadımdadır… gizlənqaç oynayanda o möhtəşəm ağacın ardına sığınardıq. Gündüzləri bizi hifz edərdi qoca palıd. Hərdən budaqlarından sallanan tırtıllar boyun-boğazımızı dalasa da biz ondan əl çəkməzdik. Qozalarını yığıb heyvanlarımıza yedirdərdik. Hətta lap kiçik yaşlarımızda onun yaşıl, yağlı qozaları bizim oyuncağımıza çevrilərdi. Yay günlərində torpaqdan çıxmış yoğun köklərinə axşamlar inəklərimizi, buzovlarımızı bağlayardıq. Qoca palıd evimizin, həyət-bacamızın orientiri idi. Nə olsa hamı ya palıdın yanını, ya da həndəvərini nişan verərdi. O palıd mənim hafizəmdə həmişə elə ordadır. Yeri dəyişilməyib. Üç il əvvəl yazdığım şeirdə ürəyimdən keçən arzuları kövrək misralara köçürmüşdüm. İnsan ümidini heç zaman üzmür. Hər zaman ümiddən söz açılanda yadıma qədim Yunan mifologiyasından bir əsatir düşür. Orda qeyd olunur ki, Yer üzündə bütün cismani və mücərrəd varlıqlar müxtəlif küplərə doldurulur. Lakin qəflətən qasırğa baş verir və bütün küplər dağılır. Küplərlə birlikdə içindəkilər də məhv olur .Qırıq bir küpün içində yalnız ümid sağ qalır. Ümidini üzən insan sonunu yaşayır demək. Mən o şeirdə köhnə xatirələrimi və gələcək arzularımı qısa şəkildə yazmışdım. Nagahani olaraq ürəyimdə yaxın zamanda mütləq o yerlərə dönəcəyimizə inam artmışdı. İnam insan övladının ən kəskin və ən güclü silahdır. O şeirin sonunda başda Ədil qardaş olmaqla bütün dostlarla birlikdə qoca palıdın kölgəsində çay süfrəsində əyləşməyi arzulamışdım. Niyyət hara mənzil ora məsəli var. Məhz həmin gün mən o yerlərə böyük qayıdışa niyyətlənmişdim. Qələm əhlinin ruhu da, istəkləri də, arzuları da, duyumu da fərqli olur… Rəşadətli Azərbaycan Ordusu tərəfindən rayonumuzun düşmən tapdağından azad olunması xəbərinin bəyan edilməsi elə o an məni 27 illik həsrətin sonuna aparmış oldu. Mən qoca palıdın budaqları altında idim…

Qış gecələri uzun olur. Pandemiyanın tüğyan etdiyi uzun qış günlərində evdə qaldığımız zamanlar idi. Sosial şəbəkələrdə və you tube portalında Vətən müharibəsi qəhrəmanlarımız haqqında hazırlanmış videolara baxırdım. Baxdıqca da əməlləri, sücaətləri, qazilikləri və şəhadətləri ilə hər kəsin qəlbində yer tutmuş igidlərimizlə qürur hissi duyurdum. Təəssüf ki, mən döyüşlərdə iştirak edə bilməmişdim. Telefondan ayrılıb sükunəti dinləyərək gözlərimi tavana zilləmişdim. Sanki hansısa bir xəbər gözləyirdim. Fikrə getmişdim. Telefon səsi məni düşüncələrimdən ayırdı. Vatsapp mesengerə ard-arda gələn çoxlu mesajlar vardı. Mesajlar zabit dostumdan gəlmişdi .Böyük əksəriyyəti videolar idi. Özümdən asılı olmayaraq hələ yüklənməyən görüntülərin o yerlərdən olduğu qənaətinə gəldim. İnternet zəif idi. Ya da nəsə başqa problem vardı. Səbrim kəsilmişdi. İlk video yüklənən kimi barmağım telefonun ekranına toxundu. Gördüyüm mənzərədən dəhşətə gəlmişdim. İlahi… elə bil burda insan yaşamamışdı. Sanki yüz illərin xarabalıqları idi buralar. Ağappaq qara bürünmüş yerlərdə təkəm-seyrək yoxa çıxmaqda olan evlərin yaxud da hansısa tikililərin qaralmış, insan əməllərindən utanmış, məyus daşları görünürdü. Daşın da qəlbi var. Mərhum xalq şairi Xəlil Rza Ulutürkün məşhur şeirində deyildiyi kimi:

Bu dünyada otun, suyun,
torpağın da yaddaşı var.
Sındırılmış bir budağın,
söndürülmüş ocağın da yaddaşı var.
Ələk-vələk, darmadağın otağın da yaddaşı var.
Düşmən nə qədər talasa da, alt-üst etsə də daşın-torpağın hafizəsini poza bilməzdi.

Ədilgilin səkkiz otaqlı ikimərtəbəli möhtəşəm evlərinin yerində miskin xarabalıq vardı. Gözlərimdən süzülüb səssizcə üzümü yandıra-yandıra axan göz yaşlarına hakim ola bilmirdim. Bura yəni bu viranə kənd bir zamanlar o qədər gözəl idi ki… Mənim üçün dünyanın ən gözəl mənzərəsi idi bu kəndin füsunkar mənzərəsi. Evimizin yerində kiçik bir divar qalmışdı. Həyət -bacamızdakı ağaclardan əsər-əlamət yox idi. O qədər yoxa çıxan sərvətin içərisində məni ən çox yandıran palıd idi. İki əsrlik qoca palıd edam olunmuşdu. Amansız cəlladlar əsrlərin yadigarına rəhm etmədən, onun mənəvi dəyərinə qiymət vermədən məhv etmişdilər. Belə vəhşiliyi ancaq erməni vandalları edə bilərdilər. Zabit dostum mənim hafizəmdə dərin iz qoymuş adı var özü yox palıdın yerini bir neçə dəfə çəkmişdi. Ürəyim sıxılırdı. Sanki kəsilən qollu-budaqlı, əzəmətli palıd deyildi. Elə bil mənim başımı kəsmişdilər. İnanmayacaqsınız, amma mən kəsilən möhtəşəm, iki yüz yaşlı nəhəng palıdın gövdəsindən axan qana qarışmış göz yaşları görürdüm. Çox gec olmasına baxmayaraq valideyinlərimlə əlaqə saxladım .Mənə verilən ilk sual ürəyimi sızlatdı. Hər ikisi eyni anda soruşdular:

- Palıd yerindədir?

Anamın ağladığını aşkar eşidirdim. Atam isə səssiz göz yaşı axıtmışdı. O palıdla bağlı hamımızın şirin xatirələri vardı…

İlahi nizamla tarazlanmış hər şey gözəldir. Elə fəsillər kimi. Hər bir fəslin öz gözəlliyi var. Bahar isə tamam fərqlidir. Bahar insanın ruhunu yeniləyir, könlünü oxşayır. Bahar insana yeni nəfəs, yeni həvəs bəxş edir. Gözəl bir yaz günü idi. Nazlana-nazlana boylanan günəş öz qızılı şüalarını pəncərədən içəri salmışdı. Eyvana çıxıb çiçək ətri, ləçək ətri və ağac qoxusu hopmuş havanı ciyərlərimə çəkdim. Yuxudan gümrah oyanmışdım. Yadımda qalmasa da gözəl bir yuxu gördüyümü bilirdim. Bu səhər qəlbim fərəhli idi. Az sonra evdən çıxdım. Telefonda interneti aktiv edən kimi mesajlar gəlməyə başladı. Yenə zabit dostum idi. Cəld şəklə toxundum və o an… bəlkə də sizlərə qəribə gələr, amma… Nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Elə bil mənə bu dünyada ən qiymətli bir hədiyyə bağışlamışdılar. Zəng edib zabit dostuma təşəkkürümü bildirdim. Qoca palıdın yerindən təxminən iki metr aralıda olduqca kiçik nazik bir palıd şivi boy atmışdı. Bu palıd şivi qoca palıdın nəsil davamçısı idi. Bu balaca pöhrə mənim və ailəmizin cücərən ümidləri idi.

# 1079 dəfə oxunub

Oxşar xəbərlər

# # #