Fidan Qasımova: "Heydər Əliyev yorulub-usanmaq bilməyən işgüzarlıq qabiliyyəti ilə bizi heyrətə salırdı" - TARİXİ ŞƏXSİYYƏT

Fidan Qasımova:  "Heydər Əliyev yorulub-usanmaq bilməyən işgüzarlıq qabiliyyəti ilə bizi heyrətə salırdı" - TARİXİ ŞƏXSİYYƏT
15 may 2026
# 10:00

Kulis.az Xalq yazıçısı Elmira Axundovanın "Tarixi şəxsiyyət" layihəsi çərçivəsində görkəmli opera müğənnisi, Xalq artisti Fidan Qasımova ilə müsahibəsini təqdim edir.

Elmira Axundova – Hörmətli Fidan xanım, sizin üçün əziz olan «Heydər Əliyev və Qasımova bacıları mövzusunda» söhbət etmək imkanını yaratdığınız üçün təşəkkür edirəm. Bu böyük siyasətçi həyatınızda hansı rolu oynayıb? Anlayıram ki, bütün uğurlarınızı özünüz – öz istedadınız, qabiliyyətiniz, əməksevərliyiniz sayəsində qazanmısınız. Amma yenə də, necə düşünürsünüz, Heydər Əliyev sizin həyatınızda müəyyən rol oynayıbmı? Və bu rol nədən ibarətdir?

Fidan Qasımova – Sizin suala cavab verməzdən əvvəl Heydər Əliyev barədə bir neçə kəlmə demək istəyirəm. Hər insan yer üzünə hansısa bir missiya ilə gəlir. Heydər Əliyev bu insanlar arasında ən görkəmlilərindən idi. Respublikaya rəhbərlik etdiyi ilk vaxtlardan bəri o, Azərbaycanı bütün istiqamətlər üzrə, o cümlədən mədəniyyət və incəsənət sahəsində qabaqcıl mövqeyə çıxarmaq üçün əlindən gələni edib. Yeni fəaliyyətə başlayan gənc səhnə ustaları arasında olan bizlər də onun qüdrətli enerjisindən, fəaliyyətindən ilham alır və öz liderimizin incəsənət sahəsindəki ümidlərini doğrultmağa çalışırdıq.

Öz xalqının mədəniyyətini ürəkdən sevən, ona dərindən bələd olan Heydər Əliyev bu mədəniyyətin ən yaxşı təmsilçiləri barədə qürurla danışırdı. Həmin adamların çoxu ilə dostluq edirdi, çoxuna hörmət bəsləyirdi, dəstək olur, yaradıcılıqlarını izləyirdi. Biz də səhnədə ilk addımlarımızı atdığımız andan onun diqqətində olan adamların sırasına düşmüşdük. Bizim eyni ailədən olan iki doğma bacı olmağımız və ikimizin də uğur qazanmağımız kimi nadir fakt da ona xoş gəlirdi. Bizim çıxış etdiyimiz hər yerdə konsert proqramına həmişə Azərbaycan bəstəkarlarının ən yaxşı əsərlərini daxil edirdik və o bunu çox bəyənirdi.

Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra, ozamankı çox mürəkkəb şəraitə baxmayaraq, ölkəmiz barədə həqiqəti dünyaya çatdırmağa çalışırdı və bunun üçün də çox zaman hökumət nümayəndə heyətinə mədəniyyət və incəsənət adamlarını da daxil edirdi. Çox zaman biz – Qasımova bacıları da onların arasında olurduq. Dünyanın müxtəlif xaqlarının dilində əsərlər ifa etmişik və əlbəttə ki, öz bəstəkarlarımızın əsərlərini də təbliğ etmək bizə qismət olub. Heydər Əliyevin Bonnda, Londonda, Parisdə, Berlində və başqa şəhərlərdə dövlət başçılarını, mətbuat nümayəndələrini öz erudisiyası, böyük siyasi ustalığı ilə təəccübləndirdiyinə şahidik. Heydər Əliyev çox zaman bizi özünün yorulub-usanmaq bilməyən işgüzarlıq qabiliyyəti ilə heyrətə salırdı. Onun nə zaman istirahətə vaxt tapdığını müəyyən etmək çətin idi. Bir görüş bitir, başqası başlayırdı, yeni suallar, əlavə cavablar, razılaşmalar, müqavilələr ortaya çıxırdı… Doğrudan da, o, nəhəng şəxsiyyət idi və biz xoşbəxtik ki, bu böyük insan bizə diqqət ayırır, yaradıcılıqda yeni zirvələri fəth etməyimiz üçün ilham və stimul verirdi.

Buna görə də sualınızın cavabında demək istəyirəm: əlbəttə, o bizim yaradıcı həyatımızda və taleyimizdə misilsiz rol oynayıb.

E.A. – Bəs o sizi ilk dəfə nə zaman görüb?

F.Q. – Heydər Əliyeviç məni ilk dəfə konservatoriyanın 50 illik yubileyində görüb, səhnəyə maestro Niyazi ilə birgə çıxmışdım və diqqətləri cəlb edə bildim. Bu, 1971-ci ildə olub. O zaman məni gələcəyin ulduzu adlandırdılar. Həmin vaxt hələ tələbə idim, konservatoriyanı bitirirdim. Konsert Opera və Balet Teatrında keçirilirdi, orada bizim böyük bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev və ittifaq respublikalarından çoxlu qonaqlar iştirak edirdilər.

Bundan sonra məni Moskvaya aspiranturaya göndərdilər və orada olduğum iki il ərzində Niderlandda və İsveçrədə iki beynəlxalq müsabiqədə iştirak etdim. Bakıya qayıdıb konservatoriyada dərs deməyə başladım, bir il sonra isə məni opera teatrına solist götürdülər. O zaman Üzeyir Hacıbəyovun «Koroğlu» operasının yenilənməsi məsələsi kəskin şəkildə gündəmə gəlmişdi. Heydər Əliyev bunu çox istəyirdi.

E.A. – Bəli, 70-ci illərdə Heydər Əliyev milli vətənpərvərlik və qəhrəmanlıq mövzusundakı bədii əsərlərə böyük əhəmiyyət verirdi. «Babək», «Nəsimi», «Nizami» filmlərini xatırlayaq…

F.Q. – Siz tamamilə haqlısınız. «Koroğlu» operasının yaradılmasına ən yaxşı qüvvələr cəlb olundu. Tamaşanın rəssamı Tahir Salahov, rejissoru bizim görkəmli sənətçimiz Firəngiz Əhmədovanın həyat yoldaşı Firudun Səfərov idi. Lütfiyar İmanov – Koroğlunun, Firəngiz Əhmədova isə Nigarın partiyasını ifa edirdi. Mən də partiyanı əzbərləmişdim, bilirdim ki, ikinci heyətdə onu mən oxuyacağam. Heydər Əliyeviç bu tamaşaya baxmağa gəldi. Deyim ki, məni də unutmadı, o, beynəlxalq müsabiqələrdəki uğurlarım barədə bilirdi və onun iti nəzərləri daim mənim inkişafımı izləyirdi.

İkinci hissədən sonra Heydər Əliyev öz əhatəsindəki adamlarla birgə foyeyə çıxdı, bir neçə dövrə vurdu. Mən valideynlərimlə birgə kənarda dayanmışdım. Heydər Əliyevin yanındakı izdiham bizə tərəf gəlirdi. Heydər Əliyev valideynlərimə yaxınlaşdı, salamlaşdı, sonra mənə müraciət etdi: «Fidan, bəs sən? Mən gəldim ki, səni eşidim. Biz gənc sənətçimizi Nigar obrazında eşitməyə gəlmişik».

Cavab verdim ki, mənim partiyam artıq hazırdır və növbəti premyerada mən mütləq Nigarı ifa edəcəyəm. Tezliklə belə də oldu, amma təəssüf ki, Heydər Əliyev mənim premyeramda iştirak edə bilmədi.

E.А. – Yəni o heç sizin ifanızda Nigarın partiyasını eşitmədi?

X.Q. (replika) – O, 2002-ci ildə, bizim yaradıcılıq fəaliyyətimizin 25 illiyində Nigarın partiyasını dinlədi. Amma tamaşanı tam görə bilmədi. Və Fidanın ifasını təxminən 30 il sonra eşitdikdən sonra o, səhnəyə çıxarkən dedi: «Üzeyir Hacıbəyov Koroğlu partiyasını Bülbül üçün yazıb. Amma Nigar partiyasını o, gələcəkdəki parlaq ifaçı üçün yazmışdı ki, bu ifanı da səhnədə Fidan Qasımova canlandırdı…»

E.A. – Sizin dostluğunuz, sizin ünsiyyətiniz belə başladı. Sonra Heydər Əliyev Moskvada işləməyə getdi. Xuraman danışırdı ki, Heydər Əliyev sizi tez-tez Moskvada dövlət konsertlərində çıxış etməyə dəvət edirmiş. Siz Azərbaycanın əməkdar, sonra isə Xalq artisti adını aldınız.

F.Q. – Əlbəttə, bütün bunlar onun iştirakı ilə baş tuturdu. Moskvada o, tez-tez ailəsi ilə birgə mənim konsertlərimə gəlirdi. 1984-cü ildə biz «konsert-ifaçılıq fəaliyyətinə» görə Azərbaycan Dövlət mükafatına layiq görüldük. «Qoskonsert»in xəttilə mən bir çox ölkələrdə çıxış etmişəm. O zaman bütün bunlar gözəl təşkil olunurdu. Bundan başqa, mən «Bolşoy Teatr»dan dəvət alırdım və orada əsas partiyaları ifa edirdim. Bir dəfə Verdinin «Sisiliyada axşam ibadəti» operasından Yelenanın bolerosunu böyük uğurla oxudum. Bu, Moskvada İttifaq evinin Sütunlu zalında baş tutdu. Həmin axşamkı tədbirdə Heydər Əliyev və mədəniyyət naziri Pyotr Demiçev də iştirak edirdi. Onlar belə qənaətə gəldilər ki, mən artıq SSRİ Xalq artisti adı üçün yetişmişəm.

E.A. – Beləliklə, demək olar ki, Heydər Əliyev bütün səhnə həyatınız boyu sizə dəstək olub, sizinlə qürur duyub və sizin yaradıcı bioqrafiyanızda müsbət rol oynayıb.

F.Q. – Əlbəttə. Belə bir adamın – özü də bütün ailə üzvləri ilə birgə sənin konsertinə baxması çox böyük dəyərdir. Bu, gerçəkdən də, adama ilham verir. O konsertimə gələndə mən xoşbəxtlikdən uçurdum.

Mən SSRİ-də də, ondan kənarda da tanınandan sonra qastrollara bacımla birgə çıxmağa başladım. Bu da maraq doğururdu – doğma bacılar, ikisinin də qeyri-adi vokal göstəriciləri var, biri İtaliyada, o biri Yunanıstanda beynəlxalq müsabiqələrdə qalib olur və s. Yeri gəlmişkən, mən beynəlxalq müsabiqədən vətənə mükafat gətirmiş ilk ifaçıyam.

Söhbətimizdə iştirak edən Xuraman Qasımovanın replikası:

X.Q. – Heydər Əliyevin də qeyd etdiyi kimi, Fidanın tarixi rolu ondadır ki, o, Azərbaycan vokal sənəti tarixində ölkəmizi beynəlxalq səviyyəyə çıxaran ilk azərbaycan qadınıdır. Fidan ilk azərbaycanlıdır ki, 1977-ci ildə ifaçıların İtaliyada – opera sənətinin, demək olar ki, beşiyində keçirilən beynəlxalq müsabiqəsindən birinci mükafatı qazandı. Heç bir saxta təvazökarlığa ehtiyac duymadan deyə bilərəm ki, o zaman biz öz qələbələrimizlə Moskvanı heyrətləndirirdik. Məsələn, xaricdən nailiyyətlərlə qayıdandan sonra məni SSRİ KP MK-nın mədəniyyət şöbəsinin müdiri Şauro, SSRİ mədəniyyət naziri Demiçev səviyyəsində qəbul edirdilər. Onlar bizi çox isti qarşılayırdılar…

F.Q. – Bizim haqqımızda Timoxin və Dobroxotova yazıblar, bu məşhur sovet tənqidçiləri məni və bacımı «sovet mədəniyyətinin ulduzları» adlandırıblar. Bu gün həmin dövr barədə nə deyirlər-desinlər, o zaman mədəniyyətə diqqət yetirilirdi və ona dövlət səviyyəsində dəstək vardı.

E.A. – Mənimlə söhbətində Xuraman xanım sizin 90-cı illərin əvvəllərində Türkiyəyə nə üçün və necə dərs deməyə getdiyinizdən, sizin ailənin yaşadığı ağır dövrdən və Bakıya dönüşünüzdən ətraflı danışıb. Eyni zamanda onu da deyib ki, bir çox subyektiv səbəblərdən doğma opera və balet teatrına qayıtmamısınız. Bu, əlbəttə, çox kədərli məqamdır və ədalətsizlikdir ki, siz ölkəyə qayıtdıqdan sonra bizim səhnədə artıq parlamadınız, sadə tamaşaçı da teatrda Qasımova bacılarını seyr etmək imkanından məhrum olub.

F.Q. – Amma biz hətta İstanbulda olarkən belə, demək olar ki, hər il Bakıda fəal şəkildə konsertlər verirdik. Bundan başqa, müqaviləyə əsasən, «Bogema»nı teatrında ifa etdik, bundan başqa, Xuraman «Toska»nı və Vasif Adıgözəlovun «Natəvan» operasında eyniadlı qəhrəmanın partiyalarını oxudu. Yeri gəlmişkən, bu çıxışlara görə biz vəd olunmuş qonorarların heç birini ala bilmədik...

E.А. – Fidan xanım, bəlkə, Heydər Əliyevlə bağlı mətbuata çıxmayan bir maraqlı, təsirli məqamı bölüşəsiniz?

F.Q. – Yəqin, nadir haldır ki, Heydər Əliyev öz səfəri ərəfəsində, konkret desək, Fransaya səfəri zamanı iki ifaçını təyyarədəki prezident salonuna dəvət edib, onlarla uzun, səmimi söhbət eləsin. O bizimlə zarafatlaşdı, suallar verdi, Xuramanın səhhəti ilə maraqlandı. Heydər Əliyev istəyirdi ki, biz Türkiyədən qayıdaq və burada öz kadrlarımızı yetişdirək. Deyirdi, bunun üçün lazım olan bütün şəraiti yaradacaq. Bu çox səmimi söhbət idi – sizə nə lazımdır, hansısa problemlər varmı? Biz heç vaxt ondan heç nə istəməmişdik. «Hər şey normaldı, hər şey yaxşıdı»…

Parisə bu səfəri biz heç vaxt unutmayacağıq. Bu, möcüzəvi səfər idi. Xatırlamıram, payız idi, yoxsa yaz, yağış çisələyirdi. İlk axşam səfirliyin əməkdaşları dedilər ki, hamı dincəlməyə gedə bilər, heç bir tədbir olmayacaq. Hamımız mehmanxanalara dağılışdıq. Bizim mehmanxana Heydər Əliyevin Yelisey çöllərindəki iqamətgahının yaxınlığında idi. Şam yeməyini yedik, nömrəmizə gəlib duş qəbul etdik. Rahatlaşıb televizora baxmaq üçün oturmuşduq ki, qəfil zəng gəldi. Səfirlikdən axtarırdılar. «Siz nömrədəsiniz?» – «Bəli, əlbəttə». – «Prezidentin şam yeməyinə şəxsi dəvəti var, o istəyir ki, siz də yeməkdə iştirak edəsiniz».

Təsəvvürünüzə gətirin: buna qətiyyən hazır deyildik. Hazırlaşmaq üçün bizə 10 dəqiqə verdilər. Əlavə 10 dəqiqə də istədik. Heydər Əliyeviç aşağı düşüb bizi foyedə gözləyirdi. Bu zaman o soruşmağı da unutmamışdı: – «Siz onlara əvvəldən xəbər vermişdiniz?» – «Xeyr». – «Onların gecikməyə haqqı var. Qadınları gözləmək lazımdır». Heydər Əliyev öz villasının vestibülündə gəzir, qobelenlərə tamaşa edirdi. Günahkar sima ilə içəri daxil olduq və o bizi dərhal sakitləşdirdi: «Hər şey qaydasındadır, Fidan, Xuraman, kefinizi pozmayın. Maşınlara oturacağıq».

Biz yola düşdük və onunla birgə gözəl bir axşam keçirdik. Orada fransızca danışmağımıza və ya Müzettanın ariyasını oxumağımıza ehtiyac yox idi. Ona sadəcə həmin axşamı bizimlə birgə keçirmək xoş idi və Heydər Əliyev fəxr eləyirdi ki, onun bu cür ziyalı təmsilçiləri var. Amma cənab prezidentin xahişi ilə biz xalq mahnılarımızdan birini müşayiətsiz oxuduq. Yeri gəlmişkən, həmin axşam nümayəndə heyətindən heç kəsi öz nömrəsində tapa bilməmişdilər, hamısı hardasa gəzirdilər. Və Heydər Əliyev ozamankı baş nazir Fuad Quliyevə demişdi: «Görürsən də, Fuad, heç kəs yox idi nömrələrdə, bu qızlardan başqa. Bunlardan ibrət almaq lazımdır».

E.A. – Çox maraqlı epizoddur…

F.Q. – Bu cür epizodlardan mənim yaddaşımda çoxdur. Gəlin sizə ən həyəcanlı hadisə barədə də danışım, bunu ilk dəfədir bölüşürəm…

1994-cü ildə sevimli əmimiz qızı Fəridə Qasımovanın oğlu Zəki ağır xəstələndi, həmin vaxt biz artıq Türkiyədə çalışırdıq. Onun 34 yaşı vardı, infarkt keçirmişdi. Həkimlər həyəcanlı proqnozlar verirdilər. Zəkiyə ürək transplantasiyası lazım idi. Bütün qohumlar ciddi təşviş içərisində idilər, bilmirdilər, təzə ailə qurmuş cavan, yaraşıqlı Zəkiyə, iki körpə uşaq atasına necə kömək etsinlər.

1995-ci ildə bizi Türkiyədən Bakıya konsertdə iştirak üçün dəvət etdilər, orada ifaçılar da, bəstəkarlar da Azərbaycanın yaradıcı qadınları idi. Konsert Kirxada baş tutdu. Azərbaycan Prezidenti Heydər Əliyev də gəlmişdi. Bizim çıxışımız tədbirin sonuna yaxın olmalı idi. Tərslikdən, konsert uzanırdı, biz isə tez çıxış edib Zəkiyə dəyməyə getmək istəyirdik. Adımızı proqramda görən Heydər Əliyeviç öz mühafizə rəhbəri general Vaqif Axundovu yanımıza, kulisə göndərdi ki, bizə onun şam yeməyi dəvətini çatdırsın, axı biz Bakıya bir neçə günlüyə gəlmişdik.

Bizə maşın ayırdılar, konsertdən sonra prezidentlə onun Yaşıl teatrın yanındakı iqamətgahına getdik. Bizdən başqa dəvətli yox idi. Görüş tamamilə qəfil alınmışdı, amma biz çox gözəl, unudulmaz bir axşam keçirdik. Siz, yəqin ki, foyesində üzüm salxımı formasında qeyri-adi lüstrü olan iqamətgahı görmüsünüz.

Şam yeməyi zamanı səmimi söhbətimiz oldu. O bizim qardaş Türkiyədə necə yaşamağımız, müqaviləmizin hələ nə qədər davam edəcəyi, səhhətimiz, işimiz, yaşayış yerimizlə bağlı hansısa problemin olub-olmaması ilə maraqlanırdı. Biz cavab verdik ki, heç bir problemimiz yoxdu, hər şey yaxşıdır.

Heydər Əliyeviç bizə Moskvadakı işi ilə bağlı çoxlu maraqlı şeylər danışdı, hansı çətinliklərlə qarşılaşdığını, Zərifə xanımla ayrılığını necə ağır keçirdiyini dedi. Hətta yadımdadır ki, onun gözləri də doldu…

Axşam çox gözəl keçdi. Biz üçlükdə hətta onun sevdiyi mahnılardan bəzilərini də oxuduq. Sonra o bizi çaya, hər cür şirniyyata və özünün sevimli qızılgül mürəbbəsinə qonaq etdi. Elə mehriban şərait yaranmışdı ki, özümüzü az qala ailə çevrəsində hiss edirdik, vaxtın necə keçdiyini bilmədik. Saat 01.30 oldu və biz vidalaşdıq. Və o, qəfildən mənə dedi: «Fidan, biz bu gün çox gözəl axşam keçirdik, amma mən sənin gözlərində kədəri gördüm, fikrin də sanki heç burada deyildi. De görüm, səni nə narahat edir, bəlkə, hansısa problemin var?» Bu sualdan az qala sözün əsl mənasında donub qaldım… Axı doğrudan da, kədərli, həyəcanlı idim, görünür, bunu heç cür gizlədə bilməmişdim.

İnsan və eləcə də peşəkar kimi xüsusi müşahidə qabiliyyətinə malik Heydər Əliyeviç bunu sezməyə bilməzdi. Siz deyin, məgər bu təəccüblü deyilmi? Mən etiraf etməli oldum. Dedim ki, siz, həmişəki kimi, haqlısınız, ailəmizə bəla üz verib, bacım oğlu ciddi xəstədir və təcili ürək köçürülməsə, o ölə bilər. Halbuki cəmi 34 yaşı var. Azərbaycanda bu cür əməliyyatları həyata keçirmirlər. Moskvadakı Transplantologiya Elmi-Tədqiqat İnstitutunda əməliyyata razılıq verdilər. Çox bahalı əməliyyat idi, ovaxtkı pulla 40 min dollara başa gəlirdi. Təbii ki, bu məbləği toplamaq mümkünsüz idi. Biz Bakıya gəlmişik ki, ailə şurasında düşünüb qərar verək, ona necə və nə ilə kömək edə bilirik. Yeri gəlmişkən, Zəki 6 nömrəli məktəbdə İlham Heydər oğlu ilə birgə oxumuşdu.

Heydər Əliyev məni çox diqqətlə dinlədi, bizim çiyinlərimizi ata kimi qucaqladı və dedi ki, artıq gecdi, evə getmək lazımdır, sabah düşünüb bir yol taparıq.

Səhəri gün bizə Səhiyyə Nazirliyindən zəng vurdular, təfərrüatları öyrəndilər. Sonra səhiyyə naziri Əli İnsanov özü bizimlə əlaqə saxladı, dedi ki, Prezident Aparatından Zəki Qasımovun təcili Moskvaya aparılması barədə tapşırıq alıb.

Zəki bu gün həmin unikal mərkəzdə ürək köçürülməsi əməliyyatı olunmuş birinci və yeganə azərbaycanlıdır. Biz ona baş çəkirdik və bilirdik ki, orada Zəkiyə xüsusi qayğı göstərilir. Sovet hökumətində işlədiyi illər ərzində səhiyyə sahəsinə də nəzarət etmiş Heydər Əliyeviçin nüfuzu o qədər güclü idi ki, xəstəxanada başa düşürdülər: onlar Zəkiyə görə Əliyevin özünün qarşısında cavabdehlik daşıyırlar…

Açıq desək, donor tapmaq asan deyildi. İyirmi yeddi parametr üzrə uyğunluq tələb olunurdu: çəki, boy, qan qrupu, damarların eni, sağlam orqanlar. Donorun yalnız beyni iş qabiliyyətini itirmiş ola bilərdi və s. Vaxt əzablı şəkildə uzanırdı. Gözləyənlərin uzun siyahısında yer alan Zəki gözümüzün önündəcə əriyirdi və nəhayət, əməliyyat günü yetişdi. 6 fevral 1996-cı ildə, səhərə yaxın Moskvada iri bankirlərdən birinin 18 yaşlı mühafizəçisi başından güllə yarası alaraq öldü və bu barədə Mərkəzə xəbər verdilər. Zəkini təcili əməliyyata hazırladılar və Möcüzə baş verdi. Əməliyyatı akademik Valeri İvanoviç Şumakov özü uğurla həyata keçirdi – ölümündən sonra Transplantologiya və Süni Orqanlar Mərkəzinə onun adını verdilər.

Bu unikal hadisə barədə bizim, həm də Rusiyanın qəzetlərində yazdılar. Allaha şükür, Zəki bu gün də həyatdadır və Heydər Əliyevin ona cansağlığı arzusuyla imzalayıb bağışladığı fotoşəkli göz bəbəyi kimi qoruyur.

X.Q. (replika) – Yeri gəlmişkən, bu fotoşəklin tarixçəsi də çox maraqlıdır. Bir dəfə nümayəndə heyətinin tərkibində Prezidentlə birgə qərb ölkələrindən birinə, deyəsən, Londona uçurduq və söhbət zamanı biz Heydər Əliyevin özümüzlə götürdüyümüz bir neçə fotoşəklini imzalamaq üçün ona verdik. Onların arasında bir şəkildən iki nüsxə idi. O bu məqama dərhal diqqət yetirirdi və soruşdu ki, nə üçün bir şəkildən iki ədəddir. Biz cavab verdik ki, şəkillərdən biri Heydər Əliyeviçin həyata qaytardığı bacımız oğlu üçündür.

Biz indi Zəkinin ad gününü ildə iki dəfə qeyd edirik – iyunun 30-da və fevralın 6-da.

E.A.Maraqlı tarixçədir! Hərçənd Heydər Əliyev – mən çoxcildliyimdə də bu barədə danışmışam – təkcə sizin bacınız oğlunu həyata qaytarmayıb. Onun qayğısı və dəstəyi sayəsində Xalq şairi Fikrət Qoca ağciyər xərçəngindən sağaldı, dəhşətli qəzaya düşmüş böyük rəssam Tahir Salahov, eləcə də Zərifə xanımın qardaşı Cəmil Əzizoviç Əliyev onun vaxtında göstərdiyi kömək sayəsində həyatda qaldılar. Bu siyahını uzatmaq da olar…

Fidan xanım, söhbətimizin yekununda Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətində rolu barədə nə deyə bilərsiniz?

F.Q. – O bizim hamımıza ilham verirdi. O hamını – Müslümü Poladla, Niyazini, Əmirovu Qarayevlə, Rəşid Behbudovu Rauf Hacıyevlə barışdırmağa çalışırdı. O istəyirdi ki, yaradıcı mühitdə əmin-amanlıq olsun. Məşhur mədəniyyət xadimlərinin öz aralarında yola getməmələri onun xoşuna gəlmirdi.

E.A.Heydər Əliyev, ümumiyyətlə, konfliktsiz adam idi. Mən indi onun fəaliyyətinin Moskva dövrü ilə bağlı müxtəlif görkəmli şəxslərdən aldığım köhnə müsahibələrə baxıram. Orada Heydər Əliyevin Moskvadakı həmkarları deyirlər ki, o, konfliktsiz adam idi, həmişə kompromis variantı tapmağa çalışırdı ki, qeyri-sağlam maraqların qarşıdurması baş verməsin.

F.Q. – Nə üçün o bizi daim iqamətgahında toplayırdı? Biz dəfələrlə masa arxasında oturmuşuq, incəsənətin müxtəlif janrları barədə söhbətləşmişik, danışmışıq ki, biz hamımız bir yerdə olmalı, dоstluq etməliyik, çünki bizim yeganə vətənimiz – Azərbaycanımız, dünyada bənzəri olmayan zəngin mədəniyyətimiz var.

Doğrudan da, axı yaradıcı mühitdə bu konfliktlər, narazılıqlar hətta ən görkəmli aktyorların energetikasına da mənfi təsir göstərir. Biz, məsələn, öz ölkəmiz üçün daha böyük işlər görə bilərdik. Bizim potensialdan sonadək istifadə olunmadı, mədəniyyət sahəsindəki məmurlar bizə mane olurdular. Amma biz heç vaxt gileylənmirdik. İşləyirdik.

Bu səbəbdən də Heydər Əliyevin müxtəlif vaxtlarda verdiyi insani dəyəri – onun səmimi-qəlbdən dediyi sözləri xatırlayırıq. Bu sözləri biz heç vaxt unutmayacağıq: «Onlar 999 əyarlı qızıldandırlar».

E.A. Bəli, bu böyük insan hər kəsin dəyərini bilirdi. Sizi də sözün həqiqi və məcazi mənada zərgər dəqiqliyi ilə qiymətləndirmişdi. Səmimi və maraqlı müsahibə üçün sizə təşəkkür edirəm, Fidan xanım!

F.Q. – Siz də çox sağ olun ki, məni danışdırıb o unudulmaz illərin ovqatına qaytardınız…

* Fidan Qasımova Azərbaycan Dövlət mükafatı laureatıdır, «Şöhrət», «Şərəf» və «İstiqlal» ordenlərinə layiq görülüb, «dünya mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə» adı Kembric Universitetinin Ümumdünya Ensiklopediyasına daxil edilib.*

# 87 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan təmsilçisi “Avroviziya-2026”da mübarizəni dayandırdı

Azərbaycan təmsilçisi “Avroviziya-2026”da mübarizəni dayandırdı

10:12 15 may 2026
Mixail Bulqakov Tolstoyu və Puşkini geridə qoydu

Mixail Bulqakov Tolstoyu və Puşkini geridə qoydu

17:32 14 may 2026
Azərbaycanda şəhərsalma modeli:  Sovet planlaşması fonunda milli memarlıq ənənələrinin qorunması - ARAŞDIRMA

Azərbaycanda şəhərsalma modeli: Sovet planlaşması fonunda milli memarlıq ənənələrinin qorunması - ARAŞDIRMA

17:00 14 may 2026
Əkrəm Əylisli Avropanın nüfuzlu ədəbiyyat mükafatının finalında

Əkrəm Əylisli Avropanın nüfuzlu ədəbiyyat mükafatının finalında

15:32 14 may 2026
Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

14:41 14 may 2026
İçərişəhər tarixində ilk

İçərişəhər tarixində ilk

14:20 14 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər