"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov
14 may 2026
# 13:00

Kulis.az Şərif Ağayarın "Velosiped oğruları" hekayəsi haqqında Orxan İsmayılovun yazısını təqdim edir.

“Velosiped oğruları” son vaxtlarda Şərif Ağayardan oxuduğum üçüncü hekayədir. Şərif elə yazıçıdır ki, balaca bir mətniylə ədəbiyyatla əlaqəsi olmayan bir adamın bu mənalı-məşəqqətli sahəyə olan marağını nəzərəçarpacaq dərəcədə artıra bilər.

Amma bu mətn “o mətnlərdən” deyil. Doğrudur, hiss olunur ki, müəllif canıyananlıq göstərib öz hekayəsinə həssaslıqla yanaşıb, bununla belə, tez-tez vurğuladığım, meyar kimi işlətməkdən zövq aldığım böyük ədəbiyyat tərəzisində çox ağır gələcək əsərin ərsəyə gəlməsinə nail olmayıb.

Dialoq üzərində qurulan hekayə bəzi hissələrdə bədiilikdən çox, publisistik qeydlərin və sosial mesajların kölgəsində qalır. Bir mətndə ki müəllif oxucunun yerinə hər şeyi izah etməyə çalışır, orada ədəbiyyat bitir, nəsihətçilik başlayır.

Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir. "Evin yoxdursa, diş fırçan da yoxdur" cümləsi gözəl tapıntıdır, amma müəllif bununla kifayətlənməyib. Evsizliklə bağlı uzun-uzadı fəlsəfə quraraq mətni ağırlaşdırıb. Oxucuya o boşluğu hiss etdirmək lazımdır, o boşluğu personajın ağzı ilə tərif etmək yox. Ona görə də bu mətn bəzi hissələrdə hekayə yox, köşə yazısı təsiri bağışlayır.

Baş qəhrəmanın xarakterində ciddi fərqliliklər var. Bir tərəfdən vatsapda kifayət qədər modern, intellektual olan bir adam görürük. Digər tərəfdən, küçədə uşağın boğazını sıxan bir "vəhşi" peyda olur. Bu iki hal arasındakı keçid o qədər kəskindir ki, inandırıcı deyil. Müəllif bunu diş ağrısı ilə sığortalamağa çalışır, amma bu, çox ucuz fənddir.

Əgər qəhrəmanın daxilində o qədər böyük bir vulkan varsa, bu, vatsapdakı o "yumşaq" dialoqlarda da özünü büruzə verməli idi. Qəti şəkildə deməliyəm ki, Şərif burada personajın psixoloji portretini axıra qədər çəkə bilməyib.

Vatsap dialoqları bəzi yerlərdə çox süni səslənir. Məsələn, ağıl dişi haqqında verilən o tibbi məlumat... Hansı qadın vatsapda sevdiyi kişiylə bu tonda, belə kitab diliylə danışar? "Kista yarada bilər, təkamülün qalığıdır" və ilaxır. Bu, dialoq deyil, bu, müəllifin özünün bildiyi məlumatları, bir az sərt ifadə etsək, mətndə hara gəldi soxuşdurmasıdır.

Hekayənin sonu tam bir xaosdur. Müəllif bir tərəfdən velosiped dərdi, bir tərəfdən diş ağrısı, sondan isə qəfil "yalan xəbər oxuyan diktor" mövzusunu gətirir. Bu, "hər şeydən bir az olsun" prinsipidir ki, nəticədə heç nə tam olmur.

Hekayənin finalı vurduğu zərbə ilə oxucunu sarsıtmalı idi, amma əvəzində oxucu "görəsən, müəllif sonda nə demək istədi?" sualı ilə baş-başa qalır.

Şərif Ağayarın bundan güclü hekayələri çoxdur, ümid edirəm, bundan zəifləri elə də çox olmayacaq.

# 1374 dəfə oxunub

Oxşar xəbərlər

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər