Siçovul dərisi geyinmisən, dalana dirənib gözlərin - Cavid Fərzəli

Siçovul dərisi geyinmisən, dalana dirənib gözlərin - Cavid Fərzəli
28 aprel 2026
# 15:59

Kulis.az Cavid Fərzəlinin şeirlərini təqdim edir.

Bir axşam yatağımda qızdırma içində oyandım,
Elektrik lampası bomboz...
Əllərim yarasaya dönmüş,
Gördüm uçur ayaqlarım,
Dırnaqlarım divarı qucaqlayır,
Daş soyuqluğuna bürünmüşəm.

Ağzında titrəyir gecənin dişləri,
Küçələr çiyinlərindən soyunur işıq dirəklərini.

​Pəncərənin gözü qıyılır ay işığına,
Gecə sirkə qoxuyur şəhərin üstünə.
İndi bir otağın küncündə,
Qaranlıq balıq kimi üzür tavanı.
Nə göy üzü qanadını sevir,
Nə gecə gözlərini.

Divarlarda yeriyən kölgələrin sümük ağrısıyam,
Bir evin yuxusunu dırnaqlarımla cızıram.
​Şəhərin üzündə kor bir pərdəyəm,
Küçə işıqlarının qanı axır qanadlarımdan.

Göydələnlərin soyuq alnında sürünürəm,
Binalar bir-birinə başını söykəyib yatır.

​Bir saat qülləsinin əqrəbindən asılmışam–
Barmaqlarım göz açır yad bir səhərə,
Qorxuram günəş töksün gözünü.


***

Qıpqırmızı divarları məxmər gecə qucaqlayır,

Gözlərim işıqdan dərir yaddaşını.

Ovuclarımın gözü görmür,

Sərxoş güzgülərdə gülür şəkillərim.

Barmaqlarımı pianonun dilləri sevir,

Bənövşəyi divarlar rəqsə qalxır.

Kölgələr lal addımlarıma qucaq açır,

Yarıyuxulu ayaqqabılarıma baş qoyur ayaqlarım.

Bir sarımtıl kağız yarpaq tökür,

Əllərimdən gecə düşür.

Süd kimi yollar burulur gecənin kənarında,

Ağappaq arzular dil açır,

bir şəklin adından danışır.


***

Söylə, hansımız qəddarıq?
Əlini qana batırmadan ağacların başını kəsən günəşmi,
yoxsa əli qan içində kor bir kölgə?

Göy üzü başımızın üstündən asılmış divar.
Bu divar içində min bir sancıyla işıq təki yanmaqmı,
yoxsa Tanrını qarğıyıb barmaqlarını havadan asmaq?

Yaxşı günün gəlməyəcəyini bilə-bilə
gözlərini bir çağa yuxuda çürütməkmi,
yoxsa səhərin yoluna bir ağac əkib
qaralmış kölgələrin əlindən tutmaq?

İndi de, hansı daha ağır günahdır;
gözləməkdən şəkillərinin ürəyi saralmış pəncərəni uçurmaq,
yoxsa o pəncərədən boy atıb
həsrətlə ağlayana göz yummaq?

De, hansı sabah daha parlaqdır–
qaranlığın sərxoşluğu olan sübh,
yoxsa səhərin ürəyinə qatılan zəhər?..

Siçovul şəkli

Hər gün küçə siçovulları gəmirir qurğuşun səbrimi,
Sən siçovul dərisi geyinmisən, dalana dirənib gözlərin.
Qapqara kölgələr beynimin içində,
Laxlamış dişlərinlə qurdalayır əsəblərimi.
Kaş ki, bu bənövşə havalar kəsə yolunu,
Buludların ayağını qazmayasan,
Göy üzünü çeynəməyəsən,
Kaş ki, bir tikə çörək qatlaya dizini!

Anan səni zirzəmilərdə doğub,
Sən bir siçovul balasısan.
Şəhərin çürümüş yağışlarından qaçırsan üstümə,
Zirzəmi qoxusu gəlir hər kəlməndən.
Durub ayağa, ağzının üstündən sözlə vurasan,
Yağan yağış tüpürə üzünə,
bu gəmirici gülüşünə.
Bilirəm, ovuclarını yandırır çirkli göz yaşların...

Sümüklərinə qədər soyasan mundar kimliyini,
Asfalta sərilmiş quyruqlu leşinə tüpürüb keçəsən!
Ürək gəlməyə qabağına, Allah tutmaya qollarını,
Yox, yox... daha yalvarmasın, ciyildəməsin ayaqlarıma!
Neyləyim axı sən özün yazmısan taleyini,
Sən özün şəhərin divarlarına ürəyinin çirkini yaxmısan.
Mən indi neyləməliyım ki.. bəlkə bir gün üzündən soyular siçovul dərisi...

İt də utanar bu qaranlıq künclərdə böyüyən zatından,
Gərək diz çöküb ...bağışla... deməyə dili gəlməyə,
Min kərə keçəsən aynaların içindən...

Kanalizasiya sularında xırtdəyəcən günahda boğulursan,
Axı səni sevməyən buğda dənələrindən necə arzular düzürsən
Ağ kağızlara?
Ağzını zibilliyə, qaralmış alaq otlarına sürtərək yerini göstərəsən!
Mən səni olduğun kimi sevə bilmərəm, körpə siçovul,
Dik-dik qarşımda gəzə bilməzsən,
əyilmisən yer üzünə.
Axı sən narıncı küçələrin tulladığı zibillə böyüyürsən.
Necə brilyant arzusan gecələrin ürəyində!?
Sənə yarasa gecələrin belə ürəyi bulanır...

İstəyirəm tikə-tikə doğrayım havanın üzünü,
Hər anı boğazından tikan kimi keçirim.
Canını yandıran kül rəngindir,
Ağlama, kimsə göz yaşlarına ocaq qalamasın.

Sındırıb divarların qabırğasını, qan qusdurmaq istəyirəm,
Bu siçovul dərisi geyinmiş dumana.
Canında qudurmuş zirzəmilərin azadlığı var,
Gəzərsən çölləri, gəzərsən saralmış günləri,
Bir gün şəkilini tapıb ölərsən...

***

Şeytan nəğməsi

Cümə günündə,

Körpə ulduzlar barmaqlarını sayanda,

Alqırmızı eşqiylə

Nərgiz çarşabını açıb atır,

əncir ağacı kimi kövrəlir

Elgünü gözləyərkən

Gölməçələr ay işığına yamaq salır,
qaranlıq quyruğunu sürüyür işığın ayağının altından.

Bir anın içində

Nərgiz sevdiyi rənglərlə boyayır Elgünün yolunu,
gecənin rəngini dəyişir payız.

Məscid günbəzi gəmirir Nərgizin arıq gözlərini,
hündürboylu kölgələr baxışlarını yerə sərir.

Küçələrin dilində qandaldır qapqara yanmış bir kağız,
Şeytan nəğmələri günah qapısına meyitlərdən divar hörür.

Ana divarlar öz doğduğu pəncərəni dişinə çəkir,
beyni mürəkkəbə batmış küçələr
taleyini qanla zəncirləyir.

Körpə çiçəklərin fəryadı küləklərə dönür,
Allahın göydən yerə enmiş qanadları diş çıxarır,
yırtır göyərmiş qorxularının pərdəsini.

Bozumtul buludlar örtür Nərgizin üzünü,
öpüşünü daşqalaq eyləyir şeytan dodaqları.

Edam ağacı soyur gecəni ay işığından,
Ay doğulduğu alatoran səhərlərdə

Elgün gəlib görür ki, Nərgizin göz yaşlarını
bir stəkan su ilə kəsir Ayət mələyi.

# 126 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı

Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı

17:07 28 aprel 2026
Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsi ucaldılır

Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsi ucaldılır

15:52 28 aprel 2026
Teylor Sviftin konsertində qətliam planı - Məhkəmədə etiraf

Teylor Sviftin konsertində qətliam planı - Məhkəmədə etiraf

15:19 28 aprel 2026
Nurəddin Kazımovun 100 illiyi münasibətilə sərgisi istifadəçilərə təqdim olundu

Nurəddin Kazımovun 100 illiyi münasibətilə sərgisi istifadəçilərə təqdim olundu

15:08 28 aprel 2026
Yumor hissi insanda yeganə ilahi keyfiyyətdir... - Məşhur alman filosofdan aforizmlər

Yumor hissi insanda yeganə ilahi keyfiyyətdir... - Məşhur alman filosofdan aforizmlər

15:00 28 aprel 2026
Amerikalı pop ulduz səsini əmtəə nişanı kimi qeydiyyatdan keçirəcək

Amerikalı pop ulduz səsini əmtəə nişanı kimi qeydiyyatdan keçirəcək

13:17 28 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər