Bir yazlıq ömür - Sevinc Xanbutayevanın hekayəsi

Bir yazlıq ömür - Sevinc Xanbutayevanın hekayəsi
13 may 2026
# 13:45

Kulis.az Sevinc Xanbutayevanın "Bir yazlıq ömür" hekayəsini təqdim edir.

Yaz fəsli idi. Günəş meşənin üzərinə sakitcə yayılır, xəfif külək budaqların arasından keçərək hər ağaca yeni həyat pıçıldayırdı.

Torpaqdan gələn nəm qoxusuna təzə açılmış yarpaqların, çiçəklərin ətri qarışmışdı. Sanki bütün meşə uzun və ağır bir qışdan sonra nəfəsini yenidən tapmışdı.

Ağacların hər biri yazın gəlişi ilə tumurcuqlanır, budaqlarında yeni yarpaqlar açırdı. Onların arasında bir ağac da vardı. O da digər ağaclar kimi qışın sərtliyindən çıxmağı bacarmışdı.

Gövdəsi əvvəlkindən bir az daha möhkəm görünür, budaqlarında isə yeni yarpaqlar açmağa başlayırdı. Amma o ağac digərlərinə heç vaxt tam bənzəmirdi.

İllərlə meşədə ən çox küləyə sinə gərən, ən çox yorulan o olmuşdu. Hər qırılan budağın səsini ilk o eşitmiş, hər solan yarpağın dərdini ilk o dinləmişdi.

Meşədə hansı ağac yorulurdusa, kölgəsini onun üstünə salan da o idi. Hansının budağı sınırdısa, ilk ona dayaq duran da yenə o olurdu.

Bəlkə də buna görə özünü böyütməyə gecikmişdi. Amma bu yaz başqa idi. Ağac ilk dəfə idi ki, bütün inamı ilə böyümək istəyirdi. Öz-özünə "Yaz fəslidir,” deyirdi. - “Bu dəfə mən də digər ağaclar kimi çiçəklənəcəyəm, yarpaqlarım gur açacaq.”

Bir neçə gün hər şey istədiyi kimi getdi. O da səhərlər günəşi salamladı, küləyin toxunuşu ilə yarpaqlarını oyatdı. Gövdəsi yavaş-yavaş böyüməyə başladı. İlk dəfə idi ki, özünü həyatdan geri qalmamış kimi hiss edirdi.

Sonra bir gün… Səhər yenə günəş doğdu. Meşə hər zamankı kimi oyandı. Quşlar səs saldı, yarpaqlar işığa tərəf çevrildi. Amma qəfil göy üzü qaralmağa başladı. Günəşin yerini ağır buludlar aldı. Ardınca şiddətli yağış başladı.

Külək budaqları amansızlıqla silkələyirdi. Digər ağaclar güclü gövdələri ilə yarpaqlarını qoruyurdular. İllərlə böyüyən kökləri onları yerində saxlayırdı. Amma o ağac yeni açılmış incə yarpaqlarını bir-bir öz zəif gövdəsinin dibinə düşərkən görürdü.

Yağış səngiyəndə budaqlarında bir dənə də yarpaq qalmamışdı. Gövdəsi əyilmişdi.O gündən sonra ağac nə səhərlər günəşi salamladı, nə də axşamlar aya baxdı. Meşə yenə yaşayırdı, fəsillər dəyişirdi, digər ağaclar bar verir, öz fidanlarını böyüdürdülər.

Amma o ağac günbəgün rəngini itirdi. Yavaş-yavaş qurudu. Bir gün meşəyə bir odunçu gəldi. Ağacların arasına baxdı və yalnız onu kəsdi. Çünki onun gözündə o ağac artıq qurumuşdu.

Qurumuş ağacın da torpağın üstündə yeri yox idi... Heç kimə maraqlı gəlmədi, heç kim soruşmadı ki, o ağac necə quruyub, niyə quruyub...

Amma səbəbini meşə bilirdi. Hər “meşədə” belə fədakar, saf duyğulu “ağaclar” var ki, sonları sadəcə “qurumaq” olur...

# 907 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyada lazım olduğundan çox qadın vardı, amma..." - "Sərgərdan"  romanından bir hissə

"Dünyada lazım olduğundan çox qadın vardı, amma..." - "Sərgərdan" romanından bir hissə

12:30 27 iyun 2026
"Bir kişi ilə xoşbəxt olmaq üçün..." - Helen Keller

"Bir kişi ilə xoşbəxt olmaq üçün..." - Helen Keller

10:30 27 iyun 2026
Yetim oğlan  - Muxtar Auezovun hekayəsi

Yetim oğlan - Muxtar Auezovun hekayəsi

10:00 27 iyun 2026
Necə oldu ki, biz kitab oxumağa başladıq? - Nübar Eldarqızı

Necə oldu ki, biz kitab oxumağa başladıq? - Nübar Eldarqızı

10:20 26 iyun 2026
Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

10:00 26 iyun 2026
"Həyatda qalmaq cəsarəti yalnız ölüm qorxusu bitəndə mümkündür..." - Macar yazıçıdan sitatlar

"Həyatda qalmaq cəsarəti yalnız ölüm qorxusu bitəndə mümkündür..." - Macar yazıçıdan sitatlar

17:43 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər