Çətir - Həcərin hekayəsi

Çətir - Həcərin hekayəsi
27 noyabr 2026
# 11:00

Kulis.az Həcərin "Çətir" hekayəsini təqdim edir.

Praqadan Budapeştə avtobusla qayıdırdım. Otuz kilometr gəzmişdim. Yerim ikimərtəbəli avtobusun aşağı mərtəbəsində, üzbəüz dördnəfərlik oturacaqlardan birində idi. Ortada masa vardı, ayaqlarımı uzada bilirdim. İlk dəfə idi interneti, tualeti olan ikimərtəbəli avtobusa minirdim. İlk dəfə idi Avropada tək səyahət edirdim. Hər şey yaxşı idi, plana uyğun. Xoşbəxt olmamaq üçün bir səbəbim yox idi. Özümü yuxuda hiss edirdim. Sabah Budapeştdə gəzə bilmək üçün yatmalı idim.

Yanımda qaraqaş-qaragöz qız oturmuşdu, bizə oxşayırdı. Yaşıd olardıq. Rusca səs göndərəndə əmin oldum ki, azərbaycanlıdır. Burnu axırdı. Masanın üstündəki salfetdən istədi, cəsarətlənib azərbaycanlı olub-olmadığını soruşdum. Əvvəlcə gülümsədi. Sonra erməni olduğunu dedi. Yanaqlarım qızardı. İlk dəfə idi erməni görürdüm. Bu gecə yata bilməyəcəkdim. Bu nə iş idi düşmüşdüm?! Şəkillərimi harada paylaşdığımı, kimlərin baxdığını, kimin gözü dəyə biləcəyini analiz etməyə başladım.

Səyahətdən, ixtisasından danışırdı. Ingilis dili müəllimi imiş. Rahat idi. Niyə belə davrandığını başa düşə bilmirdim. Nəzakət xətrinə reaksiya verirdim. Bəlkə, zarafat etmişdi mənlə?

Şokoladlı vafli təklif etdi. Vafliləri sevirəm, mədəm də quruldayırdı. Amma yemədim.

Oturacağım getdiyimiz istiqamətin əksinə idi. Həll yolunu tapmışdım. Bu istiqamətdə otura bilmədiyimi deyib qarşıdakı ilə yerimi dəyişə bilərdim. Cütlük idilər. Qız başını oğlanın çiyninə qoyub yatmışdı. Bu variant alınmayacaqdı.

Yatsam mənə nələr edə biləcəyini hesablamağa çalışırdım. Nəsə oğurlaya bilərdi, şəklimi çəkə bilərdi. Başqa nələr edə bilərdi? Mehriban görünürdü, amma narahat idim. Yerə qoyduğum çantamı özümə tərəf çəkdim.

Hər tərəf zülmət idi. Hər kəs yerini rahatlayıb yuxulayırdı. Bakıda dinlədiyim mahnılara qulaq asırdım. Praqada keçirdiyim iki günü düşünürdüm. Hələ altı saat vardı.

Gözlərimi açdım. Bir ev mənə baxırdı. Balaca və sadə. Pəncərələri çöldən xəfənglə bağlanmışdı. Sanki heç kim yaşamırdı. Maketə oxşayırdı. Özümü teatrda hiss etdim. Yanaşı evlər də ona oxşayırdı. Harda olduğumu yadıma salmağa çalışdım. Başımı stolun üstündən qaldırdım. Qolum keyimişdi. Qulaqlığım çıxmış, telefon aramıza düşmüşdü. Mənzil başına çatırdıq.

Başını oturacağa söykəyib yatırdı. Saçları çiyninə tökülmüşdü. Burnu düz idi. Elə bilirdim bütün ermənilərin burnu əyridir. Erməni olduğuna inana bilmirdim. Bir az sonra o da oyandı. Bugünkü planımı soruşdu. Dəqiq cavab vermək istəmirdim deyə gəzəcəyimi dedim. Amma əvvəlki kimi narahat deyildim. Gecə özü ilə qorxunu aparmışdı. Özümdən utanırdım.

Avtobusdan birlikdə düşdük. Yağış yağırdı, hava soyuq idi. Titrəyirdim. Papağımı başıma çəkdim. Üstü rəngarəng pişik başları ilə dolu çətirini açdı. Mənə yaxınlaşdı, başıma tutdu. Ehtiyac olmadığını dedim, fikir vermədi. Yaxınlıqda açıq qəhvəxana bildiyini dedi. Hava işıqlanırdı. Ona qoşuldum. Yağış bir qolumuzu isladırdı.

# 48 dəfə oxunub

Oxşar xəbərlər

Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi

Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi

16:27 26 noyabr 2026
"Sevgidə ədalət yoxdur və olmamalıdır" - Merilin Robinsonun "Gilead" romanından

"Sevgidə ədalət yoxdur və olmamalıdır" - Merilin Robinsonun "Gilead" romanından

14:24 26 noyabr 2026
"Mən cəmiyyətin ürəyini nişan almışdım, amma təsadüfən mədəsindən vurdum..." - Epton Sinklerin  sitatları

"Mən cəmiyyətin ürəyini nişan almışdım, amma təsadüfən mədəsindən vurdum..." - Epton Sinklerin sitatları

15:00 25 noyabr 2026
"Qurd qocalanda köpəyə gülünc olar..." - Rəşad Nuri Güntəkin

"Qurd qocalanda köpəyə gülünc olar..." - Rəşad Nuri Güntəkin

12:39 25 noyabr 2026
"Gəlin, birini sağ buraxaq ki, tənha qalsın..." - Arundati Royun "Kiçik şeylərin Tanrısı"ndan sitatlar

"Gəlin, birini sağ buraxaq ki, tənha qalsın..." - Arundati Royun "Kiçik şeylərin Tanrısı"ndan sitatlar

10:00 24 noyabr 2026
"Gələcəyin dərdinə qalmaq lazımdır..." - Biz hamımız Qafqaz balalarıyıq

"Gələcəyin dərdinə qalmaq lazımdır..." - Biz hamımız Qafqaz balalarıyıq

16:00 23 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər