"Heç vaxt tam mənası ilə evə qayıda bilməzsən..." - "Ailədə bir ölüm" əsərindən bir hissə

"Heç vaxt tam mənası ilə evə qayıda bilməzsən..." - "Ailədə bir ölüm" əsərindən bir hissə
27 noyabr 2026
# 16:12

Bu gün amerikalı romançı, jurnalist, şair, ssenarist və kino tənqidçisi Ceyms Eycinin doğum günüdür.

Kulis.az onun Pulitser mükafatlı məşhur "Ailədə bir ölüm" əsərindən müəyyən hissələri təqdim edir.

Hamımız nə qədər uzağa getmişik. Özümüzdən nə qədər uzaqlaşmışıq. Arada o qədər məsafə, o qədər şey var ki, bir daha heç vaxt evə qayıda bilməzsən. Evə gedə bilərsən, evə getmək yaxşıdır, amma ömründə heç vaxt tam mənası ilə evə qayıda bilməzsən. Bəs bütün bunlar nə üçündür? Olmağa çalışdığım, istədiyim və uğrunda uzaqlara getdiyim hər şey -bütün bunlar nə üçündür? Yalnız bir yolla gerçəkdən evə qayıda bilərsən. Öz oğlun və ya qızın olar və hərdən xatırlayarsan, onların nə hiss etdiyini anlayarsan və bu, sanki yenidən özün olmaq, xatırlaya bildiyin ən kiçik yaşdakı halına dönmək kimi bir şeydir. Tanrı bilir ki, o, bir çox cəhətdən şanslı idi və şükür edirdi. Hər şey yaxşı idi, ümid edə biləcəyindən və layiq olduğundan da yaxşı idi, sadəcə, nə olursa-olsun və nə qədər yaxşı olursa-olsun, bu, bir vaxtlar sahib olduğun, itirdiyin və bir daha heç vaxt qaytara bilməyəcəyin o şey deyildi və hərdən, uzun fasilələrlə bunu xatırlayıb nə qədər uzaq düşdüyünü anlayanda, o qısa an belə ürəyini parçalamağa bəs edirdi. Və nə olursa-olsun, nə bu dünyada, nə də o biri dünyada edə biləcəyimiz, ümid bağlayacağımız, təxmin edəcəyimiz, arzulayacağımız və ya dua edəcəyimiz zərrə qədər belə bir şey yoxdur ki, bunu dəyişdirə və ya buna kömək edə bilsin. Çünki nə varsa, odur. Vəssalam. İndi qalan tək şey buna hazır olmaqdır, nə olursa-olsun, ona tab gətirəcək qədər güclü olmaqdır. Hamısı budur. Yeganə vacib olan budur, çünki mümkün olan tək şey budur.

***

Təkcə cəsarət kifayət etməz, həm də dözüm və iradə lazımdır. Unutmamalısan ki, bu dünyada yaşamış heç kəs xüsusi imtiyaza sahib deyil, balta istənilən an, heç bir xəbərdarlıq etmədən və ədalətə məhəl qoymadan istənilən boyuna enə bilər. Fikrini öz bəxtsizliyinə acımaqdan və bununla bağlı fəryad qoparmaqdan uzaq tutmalısan. Yadda saxlamalısan ki, bundan da pis, qat-qat ağır fəlakətlər əvvəllər milyonlarla insanın başına gəlib və onlar bunun öhdəsindən gəliblər, sən də gələcəksən. Buna dözəcəksən, çünki başqa çarən yoxdur -ya dözəcəksən, ya da məhv olub gedəcəksən. Bu, bir növ sınaqdır, Meri və dəyəri olan yeganə sınaq da elə budur. Başına belə ağır bir iş gələndə seçim qarşısında qalırsan: Ya həqiqətən yaşamağa başlayırsan, ya da ölməyə. Vəssalam.

***

Və necə ki, zülmət gecədə, sakit dənizdə bir dənizçi görünməz şəkildə yaxınlaşan ölümcül aysberqin varlığını onun nəfəsinin qəfil soyuqluğundan hiss edər, heçlik də özünü elə büruzə verdi. Üzərində sönüb gedən ulduz nəsillərinin işıldaböcək parıltısından belə cılız, dumanlıqların isə qış nəfəsindən daha əhəmiyyətsiz qaldığı o əbədi gecə, əbədiyyətin bankadakı ölü bir ilan kimi bükülüb solğunlaşdığı və sonsuzluğun dənizə sovrulmuş bir çalıquşunun çırpıntısına bərabər olduğu o qaranlıq, qalaktikaların fəlakətlərinin kəhrəba kimi səssizcə sovrulduğu o toxunulmaz sükutun ağlasığmaz uçurumu...

***

Tanrı asan yola inanmır.

***

Sənin sığınacağın altında hər şey gəlib-gedir. Uşaqlar çılğın və cəsurdurlar, mümkünsüz qələbələrin qalibləri kimi qaçır və qışqırırlar, amma çox keçmədən, elə mənim kimi, onlar da yuxuya gedəcəklər. Böyüyüb boya-başa çatanlar əminliklə danışır, hər zaman xidmət etməyə və qorumağa hazırdırlar, amma çox keçmədən onlar da, elə mənim kimi, içəri aparılıb yataqlarına uzadılacaqlar. Tezliklə heç kəsin oyaq qalmadığı o saatlar gələcək. Hətta çəyirtkələr, hətta cırcıramalar belə, sənin nəfəs kəsən sığınacağında donmuş arxlar kimi səssiz olacaqlar.

***

Kədər və sarsıntı dözüm həddini aşanda elə bir tükənmə və keyimə mərhələsi yaranır ki, artıq geriyə çox az şey qalır və insanda çox şeyi dərk etdiyi, anladığı barədə bir illüziya yaranır.

Rus dilindən tərcümə etdi: Sevinc Mürvətqızı

# 59 dəfə oxunub

Oxşar xəbərlər

Sarı işıqlar altında - Şahin Səmədovun hekayəsi

Sarı işıqlar altında - Şahin Səmədovun hekayəsi

16:14 27 noyabr 2026
"Həyat - divarları güzgülərdən ibarət təkadamlıq kameradır..." - Yucin O'Nilin sitatları

"Həyat - divarları güzgülərdən ibarət təkadamlıq kameradır..." - Yucin O'Nilin sitatları

14:30 27 noyabr 2026
Çətir - Həcərin hekayəsi

Çətir - Həcərin hekayəsi

11:00 27 noyabr 2026
Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi

Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi

16:27 26 noyabr 2026
"Sevgidə ədalət yoxdur və olmamalıdır" - Merilin Robinsonun "Gilead" romanından

"Sevgidə ədalət yoxdur və olmamalıdır" - Merilin Robinsonun "Gilead" romanından

14:24 26 noyabr 2026
"Mən cəmiyyətin ürəyini nişan almışdım, amma təsadüfən mədəsindən vurdum..." - Epton Sinklerin  sitatları

"Mən cəmiyyətin ürəyini nişan almışdım, amma təsadüfən mədəsindən vurdum..." - Epton Sinklerin sitatları

15:00 25 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər