"Bəlkə, əynindəki mundirinə görə onunla xoş danışdılar?" - İsi Məlikzadənin "Evin kişisi" povestindən bir hissə

"Bəlkə, əynindəki mundirinə görə onunla xoş danışdılar?" - İsi Məlikzadənin "Evin kişisi" povestindən bir hissə
12 may 2026
# 10:00

Bu gün görkəmli yazıçı, dramaturq İsi Məlikzadənin anım günüdür.

Kulis.az ədibin "Evin kişisi" povestindən bir hissəni təqdim edir.

Qaçay içəri girəndə Baxışın yanında beş-altı adam vardı. Hamısı da ayaqüstə dayanmışdı. Sədr oğlana başı ilə stul göstərdi. Qaçay əyləşdi. Baxış qarşısındakı kağızlara dördrəngli qələmlə tələm-tələsik qol çəkirdi. İmzası yaman uzun idi, vərəqin yarısını tuturdu.

Oğlan, ömründə birinci dəfə girdiyi bu geniş, işıqlı otağa nəzər saldı. Sədrin sağ tərəfində hündür, dəmir seyf qoyulmuşdu. Dolabçanın üstündə həsir şlyapa vardı. Baxışın geyim-keçimdə səliqəli olduğunu Qaçay bilirdi. Ütüsüz şalvar geyinməzdi. Cürbəcür qalstuklar bağlayardı. Baxışın sifətində azacıq çopur vardı. Sümüklü uzun burnunun ucundakı xırda göyümtül xalı elə bil tuşla döymüşdülər. Qaçay sədrin qaramtıl sallaq dodaqlarına baxdı və bədənindən üşütmə keçdi. Pənahın dodaqları! Qaçaya elə gəldi ki, indi burda oturub sinəsini parıltılı uzun stola söykəyən Pənah özüdür. Ancaq qara eynəyini taxmayıb. Oğlanın qulaqlarında yaşıl "Volqa"nın siqnalı guruldadı. Gözlərinin qabağında toz dumanı qalxdı.

Bu dumanın içində hər şey itdi; müşəmbəli qalın qapı da, hündür dəmir seyf də, dolabça da. Ayaqüstə duran adamlar da ağ örtüyə büründülər. Bu sonsuz ağlığın fonunda təkcə Baxışın qələmi möhkəm tutan uzun qara barmaqları donub qaldr. Qaçay alnını ovxalayıb, sədrin burnunun ucundakı göyümtül xala baxdı. Otaqda ikisindən başqa heç kim yox idi. Oğlan bura gəlməyinə peşman olmuşdu və qəlbində qəflətən baş qaldırmış bu hissi boğmağa çalışırdı. Boğdu bu hissi. Ürəyindən çıxarıb, bayaq gözlərinə görünən ağ pərdənin arxasına atdı... Baxışın çay qumu rəngində olan sifətinə yayılmış təbəssüm Qaçayı cəsarətləndirdi. Dili topuq çala-çala mətləbini dedi.

Sədr, ona axıracan danışmağa macal vermədi:

- Mütləq. Mütləq tapşıraram Tapdığa. Demək, evlənirsən? Mübarək!.. Mübarək!

- Hələ evlənmirəm. Hazırlıq görürəm.

- Əlinin içindən gəlir. Lazımdı... Lazımdı... Atan necədi? Çoxdandır kişidən xəbər tuta bilmirəm. Mən ona borcluyam... Ömrüm boyu... Kişiyə de ki, onun yaxşılıqlarımı unutmamışam. - Sədr barmaqları ilə stolu döyəclədi və Qaçay başa düşdü ki, söhbət artıq qurtarıb...

O, Baxışın kabinetindən sevincək çıxdı. Sanki bütün müşkül işləri bu müşəmbəli qapının arxasında yerli-dibli həll olunmuşdu. Pul haqqında, borc haqqında heç fikirləşmək də istəmirdi. İndi göy onun gözlərinə başqa rəngdə görünürdü. Beyni də, ürəyi də işıqla dolmuşdu: "Dünyada nə qədər yaxşı adam varmış... Sahibov... Baxış... Tapdıq... Lap elə Canəli də. Nə olsun ki, keçəldir".

Qaçay ayaqlarının altını görmürdü. Fikri Ağcanın yanında idi. Düşünürdü ki, günorta yeməyinə gedəndə atasını da, anasını da sevindirəcək. Otaqda gizlənən bacısı bu xoş xəbəri eşidib şadlanacaq. Ancaq utandığından qardaşını bağrına basa bilməyəcək. Qaçay bir evin kişisi olduğuna yavaş-yavaş inanmağa başladı. Bəs necə? Əgər elə deyilsə, niyə Baxış onun təvəqqesini yerə salmadı, niyə Tapdıq sözünü ağzında yarımçıq qoyub geri qaytarmadı?

İkisi də ədəb-ərkanla onu dinlədi, onun üzünə gülümsədi. Bəlkə əynindəki mundirinə görə onunla xoş danışdılar? Qoy olsun! Mundir də kişiliyin bir nişanəsidir! Sədrin son sözləri onunçün qaranlıq qalmışdı. Baxış dedi ki, ömrüm boyu atana borcluyam. Dedi ki, onun yaxşılıqlarını unutmamışam. Nə borc? Nə yaxşılıq? Rayonun bütün ticarət işləri əlində olan bir adama, o boyda idarənin böyüyünə kor Mikayılın hansı yaxşılığı keçə bilər? Bəlkə Baxış səhv edir? Bəlkə Qaçayı kiminləsə dəyişik salıb? Hə, bir də dedi ki, çoxdandır kişidən xəbər tuta bilmirəm. Axı, Baxış nə vaxt Mikayılın qapısını açıb? Yadına gəlmirdi Qaçayın. Qətiyyən yadına gəlmirdi. Bəlkə Mikayıl, doğrudan da nə vaxtsa Baxışın dadına yetib. Axı, Mikayıl əvvəllər kor deyildi. Çörəkxanada işləyirdi. Yəqin o, adamlara yaxşılıq eləyəndə Qaçay bu dünyada yoxmuş.

O, bazar başına çatdı. Bir cərgədə düzülmüş xırda dükanların qabağında yaşıl "Volqa" gördü. Arxa şüşəsinə ipək pərdə çəkilmişdi. Nömrəsinə baxmadı, onsuz da tanıyırdı. Pənah dərzixanadan gülə-gülə çıxdı. Qoltuğunda qəzet bükülüsü vardı. Qara eynəyi gözlərində idi. Balacaboy, çil-çil dərzi onu maşına qədər ötürdü. Pənah "Volqa"ya əyləşdi. Maşın asta-asta uzaqlaşdı.

Qaçayın əhvlı pozuldu. Bayaqkı sevinci elə bil ürəyindən çıxıb çınqıl daşlarla dolu yola səpələndi, üstündən Pənahın yaşıl "Volqa"sı keçdi. "Mebeli nəynən alacağam?" Maşını görməsəydi, bu zəhlətökən sual bəlkə də beynində dolanmayacaqdı. Günah Pənahdadır, onun yaşıl "Volqa"sındadır, qara eynəyindədir. Niyə o, tez-tez Qaçayla rastlaşır?

Sanki Pənah bir neçə nüsxə idi, rayonun hər künc-bucağında bir Pənah dayanmışdı. Niyə çəkilib ev-eşiyində oturmur, küçələrdə nə iti azıb? Bakıda instituta girmişdi. Deyilənə görə, müəllimlə dalaşıb, üçüncü kursdan qovublar. Qaçaydan iki yaş böyükdür, hələ əsgərliyə getməyib. Heç harda işləmir, amma "Volqa"sı var. "Eh, nə döyərdim Pənahı" - deyə Qaçay fikirləşdi, guya bununla bütün işləri düzələcəkmiş. O hiss edirdi ki, ürəyində bir acıq baş qaldırıb. Bu qəfil acığın səbəbi özünə də məlum deyildi. Təkcə onu bilirdi ki, hirslənmək üçün Pənah bir bəhanədir.

Yanı beşikli motosiklet tırıltı qopararaq körpüdən keçib ona doğru gəlirdi. Aləmi başına götürmüş gurultudan Qaçayın əsəbləri lap tarım çəkildi. Əlini qaldırdı:
- Saxla!
Motosiklet düz onun qarşısında dayandı. Giegahlarına dən düşmüş orta yaşlı kişi motosikletin səsini azaltdı. Günəşdən qamaşan gözlərini qıyıb gülümsədi:
- Xoş gördük.
- Nə səs-küy qaldırmısan? Bu arabanı sürməsən olmaz?
- Buna da min şükür. Ayaqlarımı yerdən götürür.
Kişi çox arıq idi, onu görə də adını "Pazaq Vəli" deyirdilər. Lap cavanlığından poçt şöbəsində işləyirdi. Bu motosikletlə gəzmədiyi yer qalmamışdı. Sorağı gah Şəkidən, gah Bakıdan gəlirdi. Hər şənbə günü Şuşaya qalxıb, İsa bulağının suyundan içirdi. Vəli həm də yaxşı ovçu idi. Tez-tez quş vurmağa, balıq tutmağa gedirdi.

Qaçay beşiyə tərəf adladı. Tarım çəkilmiş brezent örtüyün ucundan tutub qaldırdı. Beşikdə dolu meşin çanta vardı.
- Bu nədir?
- Balıq.
- Hardan tutmusan?
- Ağ göldən. Meylin çəkirsə bir-ikisini götürə bilərsən. Peşkəşdir.
- Satmağa aparırsan?
- Yox, canım, balalarıma aparıram.
- Bilmirsən ki, balıq tutmaq qadağandır?
Vəli hələ də gülümsəyirdi:
-Nə qadağa, canım? Balıqdır də. Dən vermirlər, ot-ələf yedizdirmirlər, öz-özünə törəyib artır.
Deyəsən, bu sözlərdən Qaçayın xoşu gəlmədi. Qaş-qabağını salladı. Yadına düşdü ki, milis idarəsində işləyən müddətdə hələ bir adam da tutmayıb.
- Milisə gedəcəyik, Vəli!
Kişi bilmədi onun dediklərinə inansın, ya yox.
- Boşla, canım, nə milisbazlıqdır?
- Gedəcəyik! Ağ göldən balıq tutmaq qadağan olub!
Vəli, oğlanın qırımından anladı ki, o, əl çəkməyəcək. Daha gülümsəmedi:
- Mən neyləmişəm, axı? Balığa nə qadağa? Buna qadağa qoyanın kəlləsi xarab olub. - Şəhadət barmağını gümüşü gicgahına dirədi.

Qaçay əsəbiləşdi. Görəsən, bu adamlar günahlarını niyə başa düşmürlər? Buna bir bax! Dövlətin malın dağıdır, hələ özünü təmizə də çıxarmaq istəyir. Qanun hamı üçün qanundur!
Qaçay Vəlinin tərkində oturdu:
- Sür milisə!
Kişi başını çiyni üstdən döndərib tərs-tərs ona baxdı:
- Ə, məni milisnən qorxuzursan?! Xəlvətdə lum-lum udanları gözünüz görmür?! Onlara gücünüz çatmır, eləmi?!
- Sür, sənə deyirəm!
Vəli hirslə tüpürüb sükandan yapışdı. Motosiklet yerindən necə sıçradısa, Qaçay az qaldı arxası üstə yıxılsın. Əl atıb Vəlinin çiynindən bərk-bərk tutdu...
Milis idarəsinin həyətinə çatan kimi Qaçay beşikdəki meşin çantanı götürdü. Pazaq Vəli skamyada oturan milisionerləri görüb səsini qaldırdı:
- Buna bax! Tutmağa adam taрıb!
Pilləkəndə dayanan Canəli onu sakitləşdirməyə çalışdı:
- Bircə səbir elə. Hay-küy lazım döyül, Gəl içəri görək, nə əngəl qaynatmısan.
Vəlini boş otaqlardan birinə apardılar. Vəli Qaçayın küncə tulladığı meşin çantaya bir təpik ilişdirdi:
- Əşi, bundan ötrü adam tutarlar, hayy?!
-Qışqırma, ə, bura bazar döyül. - Canəli ona stul göstərdi. - Otur! Cavab ver görüm...
Vəli onun sözünü ağzında yarımçıq qoydu:
- Nə cavab verim, ey! Caniyəm mən"!
Canəli onun çənəsinin altında dayanıb ciddi görkəm aldı:
- Mən indi səni danışdıraram. - Gözlərini Vəlinin üzünə zilləyib köynəyinin sağ qolunu yavaş-yavaş çırmalamağa başladı. Pazaq Vəli təəccübdən yerində donub qaldı. Boğazının nazik dərisini az qala deşib çıxan hülqumu tez-tez enib qalxdı. Qaçaya baxdı və rəngi qaçdı.
Qorxdu ki, Canəli birdən onu vurar. Vəli hirsindən titrəyən əlini çənəsinə çəkdi. Boğuq səslə, qırıq-qırıq dedi:
- Ağlını başına yığ, e. - Gülümsəməyə çalışdı, ancaq bunun əvəzində yanaqları səyridi. Baxışlarında açıq-aydın qorxu, xəcalət oxunan Vəlinin nəzərləri, ayaqlarını aralı qoyub, qolunu çırmalayan Canəlinin işıldayan üzündə gəzdi.

Qaçayın ürəyini narahat bir hiss bürüdü: "Birdən vurar?" Canəlinin xırda gözlərinin kənarlarında bic bir təbəssüm sezdi. Onun biləyindən ehmalca yapışıb, əlini aşağı saldı.
Qapı açıldı. Sahibovu kandarda görəndə elə bil Qaçayın üstündən dağ götürüldü. Rəis sakitcə soruşpu:
- Nə olub? Nə məsələdi?
Canəli cəld cavab verdi:
- Tutmuşuq, nəçənnik.
Sahibov üzünü Vəliyə çevirdi:
- Gəl yanıma.
Vəlini rəisin otağına ötürdülər. Sahibov Qaçayın məlumatını dinlədikdən sonra başı ilə ona işarə elədi: "Gedə bilərsən".
Qaçay uzun dəhlizdə Canəli ilə rastlaşdı. Onun qolundan yapışdı.
- Pazaq Vəlini doğrudan vurmaq istəyirdin?
Yenə həmin bic təbəssüm Canəlinin xırda oynaq gözlərində dolandı:
- Mən ömrümdə adam vurmamışam. Qorxuzurdum onu. Nəçənnik gəlməsəydi, Pazağı lap betər qorxuzardım. - Gülüb geri döndü.

Qaçay onun boynunun ardına baxdı. Yanıq yerinə oxşayırdı. Vəli bir neçə dəqiqədən sonra Sahibovun kabinetindən çıxdı. Rəngi hələ də ağappaq idi. Qaçayın ulduzsuz, işarəsiz bomboz poqonlarına baxıb, tez də üzünü nifrətlə döndərdi...
Qaçayı rəisin yanına çağırdılar.
Sahibov ona stul göstərdi. Sonra qarşısındakı qovluqları üst-üstə yığıb kənara qoydu. Əlini cibinə salıb təsbehini çıxartdı. Qara muncuqları saya-saya fikrə getdi. Gözləri yol çəkə-çəkə dilləndi:
- Sayıq olmaq yaxşı şeydir...Ancaq kiçik bir məsələni şişirtmək, ittiham dərəcəsinə gətirib çıxarmaq yaramaz. Pazaq Vəlinin günahından keçmək də olar, keçməmək də. Madam ki, keçmək olar, onda niyə keçməyək?
Mayor susdu. Qaçay onun gözlərindən heç nə anlamadığı üçün cavab vermədi. Fikirləşdi ki, Sahibov bu idarənin rəisidir, məsələni necə istəsə eləcə də həll eləyə bilər. Qaçayla məsləhətləşməyə borclu deyil. Ancaq o, adi bir milisionerlə hesablaşır, qərarını ona aydınlaşdırır.
Canəli doğru deyib: "Sahibov peyğəmbərdi, bizim nəçənniyimiz yox, atamızdır".
Rəis təsbehini stolun üstünə qoydu. Çeçələ barmağının ucu ilə ətli çənəsini ehmalca qaşıdı, sanki dərisinin cızılacağından ehtiyat edirdi.

- Biz Pazaq Vəlini tuta da bilərdik. Amma bundan cəmiyyətə nə fayda? Borcumuz elələrini tərbiyə eləməkdi. Biz onu cərimə elədik, danladıq. Günahını dedik, o da başa düşdü... Yadında saxla: bizim vəzifəmiz adamları tutub dama salmaqdan ibarət deyil. Biz tərbiyəçiyik. Bildin?
- Bildim, yoldaş mayor!
- Bir də ki, insaniyyətlik var, axı. Biz gərək bir-birimizə həyan olaq. Bir-birimizin səhvini deyək. Yolundan azanı düz yola çağıraq. Qorxuzmaq, ağır cəza vermək yaxşı tərbiyə üsulu deyil. Anladın?
- Anladım, yoldaş mayor! - Qaçay yanını azacıq qaldırıb, təzədən oturdu. Fikirləşdi ki, rəisin dedikləri şübhəsiz, doğrudur. Ancaq o, Pazaq Vəlini nahaq buraxdı. Gərək onu möhkəm cəzalandıraydı. Cərimə eləməkdən nə çıxar? Əvvəllər bu Mil düzündə nə qədər ceyran vardı. Hanı o ceyran sürüləri? Qırdılar, tələf elədilər. İndi də balığa dadanıblar. Gün gələr, Ağ göldən balıq qurtarar, çöllərdə turacın, qırqovulun səsi kəsilər. Onda haray hara çatacaq?
Sahibov şəhadət barmağını silkələdi:
- Unutma, o yerdə ki böyük cinayət işi var, dövlətimizin mənafeyi var, gerək orda qətiyyətli olaq.
Mayor yaşıl nazik köynəyinin bir-iki düyməsini açdı. Qaçay qalxıb əllərini yanina saldı:
- Gedə bilərəmmi, yoldaş rəis?
- Gedə bilərsən.
Qaçay həyətə çıxdı. Həyətdə üç-dörd mílisioner vardı, Nuru Nəsirli də burada idi. Pasport stolunun rəisi ilə söhbətləşirdi. Müavin Qaçaya baxıb pasport stolunun rəisini dümsüklədi. Qaçay özünü görməməzliyə vurdu. Ancaq Nəsirlinin nüfuzedici nəzərlərindən elə bil yerişini itirdi. Dəmir qapıya doğru nə üçün getdiyini özü də bilmədi. İdarədən həyət qapısına qədər olan məsafə ona çox uzun göründü.
...Qaçay taxta çarpayıda atası ilə qarşı-qarşıya oturub çay içirdi. Ay işığı tut ağacının budaqları arasından süzülüb balaca süfrədəki qənddanın, çaydanın üstünə düşürdü. Mikayıl kişi barmağını yaşlayıb papirosun odlu başına basdı.
Eşmənin gözü cızıldayıb söndü:
- Deyirsən, Baxış söz verdi də.
- Möhkəm söz verdi. Özü də dedi ki, atan mənə çox yaxşılıq eləyib. Nə yaxşılıq eləmisən ona?
Kişi mütəkkəyə dirsəklənib üzünü göyə tutdu:
- Yadıma gəlmir... Elə bir yaxşılığım keçməyib Baxışa. Müharibə vaxtı bir-iki dəfə çörək vermişəm. Yəqin yadından çıxmayıb... Sağ olsun... Dava vaxtı mən çörəkxanada işləyirdim. Onda Baxış yekə oğlan idi. Özündən kiçik qardaşı da vardı. Anası çoxdan ölmüşdü. Atası da müharibəyə gedəndən bir il sonra qara kağızı gəldi... Bir gün Baxış məni yanladı. Utana-utana çörək istədi. Dedi, qardaşım acdır. Baxdım, yazığım gəldi. Dizəcən qarda nazik çust geyinmişdi, əyin-başı tökülüb gedirdi. Çörək verdim. Dedim, tez-tez gel. İki-üç dəfə gəldi. Küt gedən, yanan çörəklərdən artıq-urtuq qalırdı bizə, onlardan Baxışa da verirdim. Sonra, deyəsən, utandı, daha görünmədi. Yazığın qardaşı o qışdan çıxmadı. - Mikayıl köks ötürüb tüklü üzünü qaşıdı. Qaçaya elə gəldi ki, atası gülümsəyir. O, kişinin səmaya zillənən donuq gözlərində heç bir ifadə görmədi. Kimdənsə eşitmişdi ki, göz ürəyin aynasıdır. Qaçayın baxdığı bu ayna isə çoxdan çilik-çilik olmuşdu. O, atasının ürəyindən keçənləri gözlərindən oxuya bilmirdi. Onunla danışanda, üzbəüz oturanda çətinlik çəkirdi.
Qaçay artırmadakı çarpayıda uzandı...
Bikəgilin evindən kamança səsi gəldi. Süleyman çalırdı. Heyf o oğlandan! Tez-tez içib keflənir. Yazıq Bikə onu evə güclə, darta-darta gətirir... Gör necə çalır, lap ağladır kamançanı. Nahaq yerə adına "Kamança Süleyman" demirlər ki? Yəqin indi Cahid də onun yanındadır. Oturub qulaq asır. Qaçay həyətdə qab-qacaq səsi eşidib, başını azca qaldırdı; Ağca
quyunun yanında qabla suya çəkirdi. Arxası Bikəgilin çəpərlərinə tərəf idi. Ləng tərpənməyindən hiss olunurdu ki, bütün fikri-zikri musiqinin yanındadır. Ay işığı hər tərəfi süd rənginə boyasa da Qaçay bacısının sifətini yaxşı görə bilmirdi. Ancaq görmək istəyirdi. Bu anda, bu dəqiqədə Ağcanın qonur gözlərinə baxmaq istəyirdi. Oğlan birdən kövrəldi. Ona elə gəldi ki, bacısını əbədi itirir. O gedəcək və bu komadakı ocağın işığı, hərarəti azalacaq, qocaların beli büküləcək. Qaçay qəflətən qəlbinə yol tapmış kövrəkliyi tez də boğdu. Düşündü ki, Ağca öz böyük səadətini bu evdən kənarda tapmalıdır. Onun da əbədi yuvası, ocağı olmalıdır. Qaçay üzünù divara çevirdi və hər gecə yatanda olduğu kimi yenə Əntiqəni xatırladı. Həmişə də xatirələri eyni yerdən, eyni nöqtədən başlayırdı; körpünün yanındakı dərədən... Qaçay əsgərliyə getməmişdən bir gün qabaq qızın qarşısını orada kəsmişdi. Dünəndən yazıb hazırladığı məktubu çıxarıb ovcunda tutmuşdu:
- Sabah əsgərliyə gedirəm, Əntiqə.
Qız gözlərini məktəb çantasına dikib susmuşdu. Oğlan, səsi titrəyə-titrəyə soruşmuşdu:
- Məni gözləyəcəksənmi?
Əntiqə razılıqla başını tərpətmişdi. Qaçay ovcunda sıxdığı məktubu ona uzatmışdı:
- Al, oxu.
- Dedim ki, gözləyəcəyəm. Daha məktubu neynirəm?..
Məktub Qaçayım cibində getdi. Neçə-neçə şəhərlər gəzdi. Axırda qat kəsdi, didilib töküldü. Bir gün Ağca qardaşına bəd xəbər yazdı: "Əntiqə onuncu sinfi qurtaran kimi Baxışın oğlu Pənah onu zorla qaçırıb...". Elə bil Qaçayın qolları sınıb yanına düşdü. Həftələrlə eyni açılmadı. Ancaq bu uzaq diyarda Əntiqənin dərdini özü ilə gəzdirmək istəmədi. Onu unutmağa çalışdı. Üç ay keçməmiş Ağca yazdı ki, Pənah Əntiqəni göndərdi atası evinə. Qaçay nə sevindi, nə kədərləndi.

Qaçay əsgərlikdən qayıdandan sonra bir dəfə evlərində Əntiqədən söhbət düşdü. Məlum oldu ki, Pənah qızla heç kəbin də kəsdirməyib. Ata-anası Əntiqəni almağa razı deyilmiş. Cavahir yana-yana dedi ki, bütün günahlar qızın anasındadır. Bufetdə işləyir. Əntiqə evdə tək-tənha, baxımsız qalır. Sahibsiz qızı qaçırdarlar da, qaytararlar da. Qaçay Əntiqəni görəndə qəlbində oyanan hisslərdən özü də baş aça bilmirdi. O, Pənahın ətli, aralı dodaqlarını xatırladı: "Yəqin əvvəllər Əntiqəni istədiyimdən xəbərdardır. Bəs indi niyə ondan əl çəkmir?.. Eh, cəhənnəm olsun Pənah da, onun yaşıl "Volqa"sı da, qara eynəyi də".

Qaçay o biri yanı üstə çevrildi. Ağca quyunun yanında yox idi. Barının dibində yığılmış səbət qalağı ot tayası təkin ağarırdı. Süleymanın kamançası indi zilə çıxmışdı...


# 96 dəfə oxunub

Oxşar xəbərlər

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Dilənçi -  Bəhruz Tağızadənin yeni hekayəsi

Dilənçi - Bəhruz Tağızadənin yeni hekayəsi

10:45 7 may 2026
Ac daşlar - Rabindranat Taqorun hekayəsi

Ac daşlar - Rabindranat Taqorun hekayəsi

10:00 7 may 2026
Qaranlığı yaran işıq - Coşqun Xəliloğlunun hekayəsi

Qaranlığı yaran işıq - Coşqun Xəliloğlunun hekayəsi

15:08 6 may 2026
Tısbağa şorbası - Sevinc Elsevərin hekayəsi

Tısbağa şorbası - Sevinc Elsevərin hekayəsi

14:57 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər