"Ceyn Eyr"in tənhalığa məhkum müəllifi - Höte onun haqqında nə yazırdı?

"Ceyn Eyr"in tənhalığa məhkum müəllifi -  Höte onun haqqında nə yazırdı?
21 aprel 2026
# 14:00

Bu gün məşhur ingilis yazıçı Şarlotta Brontenin doğum günüdür.

Kulis.az Sevda Səfərovanın "Şarlotta Brontenin əsərlərində qadın obrazlarının təsviri" yazsını təqdim edir.

Realistik bioqrafiyada, şəxsin həyat detallarını olduğu kimi təsvir etmək əsas və müqəddəs bir iş sayılır. Yazarların şəxsi həyatında baş verən hadisələrin işıqlandırılmasında , ictimaiyyətə çatdırılmasında realistik bioqrafiyanın nə qədər önəmli olması diqqətə çəkilir. N. Muravyovanın məşhur fransız yazıçısı Viktor Hüqonun həyat və yaradıcılığından bəhs edən kitabını - "Hüqo" bioqrafik əsərini oxuyanda ilk dəfə şahidi oldum ki, dünyada şəxsi həyatı, məşhur əsərlərindən də maraqlı olan müəlliflər varmış. Sonralar bunun təkrar-təkrar şahidi oldum.

Bu müəllifləri sadalamaq fikrində deyiləm, amma indi bəhs edəcəyim istedadlı ingilis yazıçısı Şarlotta Bronte də bu sırada olan yazıçılardan biridir. Həqiqətən də bu gənc qadın yazıçının həyatını, hətta yalnız faktları belə həyəcansız, kədərsiz, heyrətsiz oxumaq mümkün deyil. Həyatı itkilərlə, mənəvi və psixoloji, hətta deyərdim ki, fiziki sarsıntılarla keçən bu zərif qadın hər şeyə rəğmən istedadına layiq bir ömür sürüb. Əsərlərində həyatda gördüklərini, yaşadıqlarını, təsəvvüründə yaşatdıqlarını, yazıçı təxəyyülünü ustalıqla qələmə almağı bacarıb. Məhz elə buna görə də dünya ədəbiyyatı müəlliflərinin sırasında adı var.

Şarlotta Bronte 1816-cı il aprelin 21-də Yorkşir qraflığının Xauorte şəhərciyində keşiş ailəsində anadan olub. Onun özündən başqa dörd bacısı və bir qardaşı var idı. Uşaqlıqdan özünə qapılan bu balaca qızcığazın beş yaşı olanda anası Meri xəstələnərək vəfat etdi və bundan sonra bu kasıb ailənin güzəranı daha da ağırlaşdı. Uşaqlarının qayğıları, tərbiyəsi ilə onsuz da yaxından maraqlana bilməyən atası Patrik Bronte tez-tez qəbiristanlıqdakı hücrəsinə çəkilərək özünü hər kəsdən təcrid etdi.

Uşaqların və təxminən başsız qalan kasıb ailənin bütün qayğıları böyük bacı olan Mariyanın üzərinə düşdü. Bu qayğı onun üçün cox çətin idi. Uşaqların heç biri demək olar ki, özlərinin uşaqlıq həyatını yaşaya bilmədilər. Onların hər biri cansıxıcı, kədərli, yeknəsək ətraf mühitin təsirindən qaradinməz uşaqlara çevrilmiş, hər birinin qəlbində kölgələrlə əhatələnmiş həyat özünə yer etmişdi. Bronte ailəsi kasıb və qapalı həyat keçirirdi.

Erkən uşaqlıq vaxtlarından balaca Şarlottanın ən sevimli məşğuliyyətlərindən biri özündən əfsanəvi nağıllar uydurmaq, hansısa real fikirləri nağılvari formada quraşdırmaq idi. Əslində bu prosesdə ailənin digər uşaqları da iştirak edərdi. Atası 1824-cü ildə həm kasıblıq, həm də qızlarının təhsil alması ehtiyacından onları Koun-Bricdə yetimlər üçün pansionata verdi. Amma bunun nəticəsi faciə ilə bitdı. Böyük bacıları Mari (Mariya) və Elizabet məktəbdə uzun müddət təhsil ala bilmədilər.

Bütövlükdə ailənin acı taleyi sanki ananın ölümü ilə başladı və uzun müddət beləcə davam etdi. Mariyanın zəif orqanizmi onun xəstələnməsinə səbəb oldu, təxminən bir ildən sonra qızcığaz dünyasını dəyişdi. Analıq etmək qayğıları üzərinə düşmüş Mariya vəfat etdikdən bir neçə ay keçəndən sonra Elizabet xəstələndi və çox çəkmədi ki, o da öldü. Qorxuya düşən atası Şarlotta ilə Emiliyanı pansionatdan çıxartdı. Amma sıxıntılar bitmədi. Belə demək mümkündürsə, böyük bacılarının bir-birinin ardınca vəfat etməsi bu dəfə balaca Şarlottanın çiyinlərinə böyük yük qoydu. Çünki indi hamıdan yaşca böyük olduğu üçün hər bir işin öhdəsindən o gəlməli idi. Bacılar bir-birlərinə oxşamırdı. Emiliya ciddi və təmkinli idi, öz hisslərini asanlıqla büruzə vermirdi. Anna təvazökarlığı ilə seçilir, dindarlığa meyl edirdi. Şarlotta bacıların ən qətiyyətlisi idi.

Xarakterləri fərqli olan bacıları tənhalıq birləşdirirdi. Qızlar yetkinlik yaşına çatanda Vuler bacılarının açdığı nüfuzlu pansionata yazılırlar. Bu ələdüşməz səadət idi. Pansionatda keçirdiyi günləri Şarlotta "həyatının ən xoşbəxt çağları" adlandırırdı. Pansionatı uğurla başa vurandan sonra bacılar mürəbbiyə kimi işləyə, hətta müəllimlik edə bilərdilər.

Şarlotta 19 yaşında artıq mürəbiyyə işləməyə başladı. Lakin çox çəkmədi ki, işdən onu uzaqlaşdırdılar. Bundan sonra kiçik bacısı Emili ilə məktəb açmaq fikrinə düşdülər və bunun üçün fransız ədəbiyyatı ilə məşğul oldular. Bir müddət sonra isə xalasının maddi köməyi ilə onlar Brüsselə Eqerin pansionatına getdilər və iki il orada qaldılar. Bu uzunmüddətli səyahətdən sonra bacıların dünyagörüşündə böyük dəyişikliklər yarandı. Vətənə qayıtdıqdan sonra bacılar öz ədəbi düşüncələrini oxucularla bölüşməyə qərar verdilər. Onların ilk kiçikhəcmli kitabı 1846-cı ildə çap olundu. Onda Şarlottanın təxəllüsü Korrer, Emilininki Ellis Bell, Annanınsa Akton Bell oldu. Amma bu kitab geniş oxucu auditoriyasının diqqətini özünə cəlb edə bilmədi İlk kitabda şeirləri çap olunan bacılar bu dəfə özlərini prozada sınamaq qərına gəldilər.

Şarlotta "Müəllim", Emiliya "İldırımlı uçrum", Anna isə "Aqnes Qrey" povestlərini naşirlərə təqdim etdilər. Amma maraqlıdır ki, "Müəllim"dən başqa digər iki povestin nəşri üçün naşir tapıldı. İlk sarsıdıcı uğursuzluqdan sonra qəti ruhdan düşməyən gənc Şarlotta öz bədii yaradıcılığını durdurmadı və çox çəkmədi ki, Şarlottanın zəhməti nəticəsiz qalmadı.

1849-cu ildə onun məşhur "Ceyn Eyr" romanı işıq üzü gördü. Bu əsər Şarlotta Brontenin ilk çapdan çıxmış romanıdır. “Ceyn Eyr” avtobioqrafiq bir əsərdir və gerçək hadisələr əsasında yazılıb. Bütün əsərlərində olduğu kimi bu əsərdə də Şarlotta Bronte şəxsi həyat təcrübəsi ilə xəyalında olduğu romantik duyğulari birləşdirir. Onunn qəhrəmani ağıllı, mülayim, səxavətli və təhsillidir. Əsərin əsas sujet xətti qadın, tərbiyəçi və müəllimin hissləri, qəlbi və öz arzularına çatmaq üçün apardığı mübarizədir. Ceyn Eyr cəmiyyətdə insanların qeyri- bərabər hüquqlu olmasına, məhkumiyyətə qarşı kortəbii etiraz edən bir qızdır. O, həqiqət aşiqidir, zülmün, yalanın, ədalətsizliyin düşmənidir. Heç kəsdən asılı olmaq istəmir, üsyankardır, müstəqil yaşamağa çalışır.

Onun fikrincə, bu sərbəstliyi var - dövlət yox, namuslu əmək təmin edə bilər. Bu insani keyfiyyətlər Ceyni cazibədar edir. Əsər heç kimin, heç Şarlottanın özünün də gözləmədiyi bir müvəffəqiyyət qazandı. Çapından qısa müddət sonra roman Avropanın müxtəlif dillərinə tərcümə olunaraq nəşr edildi. Şübhəsiz ki, müəllifinə böyük şöhrət qazandıran bu əsər həm də ailəyə maddi dəstək də gətirdi. Şarlotta Bronte əsərlərini təxəllüslə yazıb çap etdirdiyi üçün həmin imzanın arxasında kimin dayandığını bilməmək də insanlarda daha böyük marağın yaranmasına səbəb oldu. Amma həm kitab həvəskarları, həm də ədəbi mühit artıq hiss edirdi ki, ədəbi üfüqdə yeni bir istedad doğulmaqdadır. Bir vaxtlar onun yazılarını çap etməkdən imtina edən naşirlər belə ondan yeni əsərlər gözləyirdilər. Ailənin kədərli həyatı davam edirdi. Növbəti faciə "özünü yetirdi".

Qardaşı Brenuell 1848-ci ilin sentyabrında vəfat elədi. İki gənc bacısını erkən yaşlarında itirən Şarlotta bu itkidən dərin sarsıntı keçirdi. Tədqiqatçıların yazdıqlarından məlum olur ki, gənc yazıçı tez-tez qardaşının qəbri üstünə gedər, uzun müddət oradan ayrılmazdı. Amma heç bu da son deyildi. Ailəni yeni itkilər gözləyirdi. Qardaşının ölümündən dörd ay ötməmiş bacısı Emiliya lap cavan yaşında dünyasını dəyişdi. Sevimli bacısının itkisindən özünə gəlməyə macal tapmamış yazıçı növbəti zərbəni aldı.

O, 1849-cu ildə kiçik bacısı Annanı da torpağa tapşırdı. Sanki həyat eyni acıları ona yaşatmaq üçün inad edirdi. Onun itirməyə kimisə qalmışdımı? Bu solğun bənizli, zəif qızın bu qədər itkilərdən sonra həyatda dura biləcəyinə o vaxt çoxları inanmırdı. Amma Şarlotta Bronte hərtərəfli sarsılsa da bütün olanlara tab gətirdi. Bəlkə də yazıbyaratmasaydı, özünü əsərlərinə həsr etməsəydi, bu, onun üçün mümkün olmayacaqdı. Şarlotta özünü bütünlüklə yazı-pozunun içərisində qərq etmək istəyirdi və bunu edirdi. Bronte növbəti əsərini tamamladı. Bölgənin fəhlələrinin həyatından bəhs edən ikinci roman - "Şerli" çap olunandan sonra oxucular artıq məlum təxəllüsün arxasında özünü saxlayan müəllifin ədəbi istedadını bir daha təsdiqlədilər. Şarlotta "Şerli" əsərində Şerli və Kerolayn obrazlarinda sevimli bacılarının Emiliya və Annanın surətlərini yaratmışdı. Onun maraqlı, özünəməxsus üslubu çoxlarının ürəyinə yatırdı. Əslində Şarlotta Bronte "Ceyn Eyr"lə sözün əsl mənasında yazıçı karyerasına başlamışdı. Ədəbi mühit, oxucular hər yerdə bu sirli, gənc müəllif haqqında danışırdı.

Bu arada Şarlotta Brontenin təxəllüsü də müəllif tərəfindən aşkarlıq qazanmışdı və bu onun ətrafında yaranmış söhbətlərə yeni stimul vermiş oldu. Artıq onun naşir problemi yox idi. O dövrün ən imkanlı naşirləri Şarlotta Brontenin əsərlərini çap etməyə hazır idi. Bu arada aldığı qonorarlarla maddi durumu da xeyli yaxşılaşmışdı. O isə təəssüf ki, bütünlüklə tənha idi. Tənhalığının ən son nöqtəsini ən kiçik bacısı qoymuşdu. Bronte bacı-qardaşlarından həyatda kimsə qalmamışdı. Onların hamısı gənc yaşlarında bu dünya ilə vidalaşmışdılar. Yalnız xəstə və qoca atası Patrik qalmışdı, o da demək olar ki, çox pis vəziyyətdə idi . Digər tərəfdən Şarlotta Brontenin öz şəxsi həyatında da problemlər baş alıb gedirdi. Yaşadığı köhnə və yeni stresslər onu həyatdan küsdürmüşdü. Əvvəlki illərdəki sevgisindən ayrılan Şarlotta ürəyini verdiyi naşir Smitlə xeyli müddət birlikdə olsa da bu yaxınlıq daimi ola bilmədi. Hətta onlar nişanlanmağa qədər gəlib çatmışdılar.

Son dövrlər Şarlotta Bronte özü də gücünün bitib tükəndiyini hiss edirdi. O vaxtının çox hissəsini Harvortdakı evində tənhalıqda keçirirdi. Mənəvi əzablardan əziyyət çəkən yazıçı bütün acı sıxıntılarına baxmayaraq, 1853-cü ildə özünün yeni romanını - "Vilett"i üzə çıxardı. Bu romanı da oxucular tərəfindən maraqla qarşılandı. O isə özünü kimsəsiz və lazımsız hiss edirdi. Bütün varlığı ilə bağlı olduğu sevdiyi insanların çoxu ondan uzaqlarda, əlçatmaz yerdə idilər. Smitlə də yolları ayrılmışdı. Belə deyirlər ki, Şarlotta sonuncu əsərindən sonra itirdiyi qardaş və bacılarının qəbrini daha tez-tez, daha uzun-uzadı ziyarət etməyə başlamışdı .

Yazıçı 1854-cü ildə keşiş Nikolass Bellə ərə getdi. Amma bu izdivac, ailə həyatı da onun həyat tərzində ciddi dəyişikliyə səbəb olmadı. Şarlotta Bronte həm də fiziki cəhətdən çox zəifləmişdi. Tez-tez xəstələnir, halı pisləşirdi. Nikahdan heç bir il ötməmişdi ki, istedadlı yazıçı, əsərləri qısa zaman içərisində dünyanın bir çox dillərinə tərcümə olunmuş, lakin kədərli bir həyat keçirmiş Şarlotta Bronte 1855-ci il mart ayının 31-də 39 yaşında vəfat etdi. Onun parlaq istedadı, inanılmaz təsvir qabiliyyəti, duyğuları gözə çarpdırmaq xüsusiyyəti bu gün də oxucuların, elə naşirlərin də diqqətindədir.

Vaxtılə onun rədd edilmiş ilk əsəri "Müəllim" də Brontenin ölümündən sonra cap edildi. Qısa ömür yaşamış Şarlotta Bronte Avropanın ən tanınmış müəlliflərindən olmaqla yanaşı, özündən sonrakı nəhənglərin də diqqətini özünə cəlb eləmişdi. Onun haqqında yazan İ.V. Höte Şarlotta Brontenin özünəməxsus xarakterini onun "məhz yaradıcılıq sirri" adlandırmış, yazıçının əsərlərini yüksək dəyərləndirmişdi. İstedadlı yazıçının yaradıcılığında möhtəşəm yer tutan məşhur "Ceyn Eyr" romanı dünyanın demək olar ki, əksər dillərinə tərcümə olunub və bu gün də maraqla oxunur.

# 112 dəfə oxunub

Oxşar xəbərlər

"Avropasayağı" tərbiyə metodu: Müəllimləri 200 manat cərimələmək bizə nə verəcək?

"Avropasayağı" tərbiyə metodu: Müəllimləri 200 manat cərimələmək bizə nə verəcək?

14:30 21 aprel 2026
ADRA-dan yeni kampaniya: “Dilimizi qoruyaq, sevək və yaşadaq!”

ADRA-dan yeni kampaniya: “Dilimizi qoruyaq, sevək və yaşadaq!”

14:20 21 aprel 2026
Zahid Sarıtorpağın şeirlər kitabı çap olundu

Zahid Sarıtorpağın şeirlər kitabı çap olundu

14:10 21 aprel 2026
Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi yad edildi

Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi yad edildi

14:00 21 aprel 2026
Süni intellektlə hazırlanan saxta və seksual məzmunlu materiallara qadağa

Süni intellektlə hazırlanan saxta və seksual məzmunlu materiallara qadağa

13:38 21 aprel 2026
Kamal Abdullanın "Gizli Dədə Qorqud"  kitabının müzakirəsi keçiriləcək

Kamal Abdullanın "Gizli Dədə Qorqud" kitabının müzakirəsi keçiriləcək

12:41 21 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər