Yəqin ki, çox adamda belə bir xüsusiyyət var: şkafı yığışdırıb kitabların tozunu alanda, yer çatmadığına görə üst-üstə qalaqlanan kitabların bir hissəsini yeşiklərə yerləşdirəndə bəzilərini vərəqləyir, oturub bir-iki şeir, bir hekayə, romandan bir parça oxuyuruq. Hansısa kitabı götürəndə ya onu hədiyyə edən adamı, ya da haradan, nə vaxt aldığımızı xatırlayır, kitabla assosiasiya olunan nələrisə istər-istəməz yadımıza salırıq. (Eynən qəfil eşitdiyimiz musiqilər, təsadüfən rastımıza çıxan filmlər kimi)
Belədə bir şkafın yığışdırılması saatlarla uzana bilir, heç bir kitaba qıyıb yeşiyə qoymaq istəmirsən, istəyirsən hamısı elə bu şkafda – gözünün qabağında olsun. İşim çox olduğundan bu dəfə özümə söz verdim ki, bu işə bircə saat vaxt ayıracam, heç bir kitabı vərəqləməyəcəyəm. Amma heç xəbərim də olmadı, Əli Kərimin şeirlərini nə vaxt oxuduğumdan, Əziz Nesinin “Taxtalı köydən məktubları”na növbəti dəfə daldığımdan...
İllər öncə oxuduğum kitablardan birini əlimə götürürəm. İlk səhifəsini açıram və əyri-üyrü xətlə yazılmış qeyd yenə məni kövrəldir: “Əziz müəlliməm, sizi 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirəm. Həmişə belə gözəl və sevimli qalın. Emin. 11 b”
İndi şagirdlər müəllimlərinə kitab bağışlamırlar, heç 15 il öncə də bu, dəbdə deyildi. Qız kimi həyalı Emin qızara-qızara bükülü hədiyyəni mənə uzadanda qəlbini qırmamağa çalışaraq mümkün qədər mülayim tərzdə “Çox sağ ol, amma bilirsən ki, mən şagirdlərdən hədiyyə götürmürəm” demişdim, o daha da qızarmışdı, səsi titrəyə-titrəyə “kitabdır” demişdi. Sinif yoldaşlarının lağ obyektinə çevrildi həmin dəqiqə, ələ salıb gülməyə başladılar, “hədiyyəsinə bax bunun” deyə. Mənsə sellofan paketdəki kitabı çıxarıb sehrlənmiş kimi baxırdım: Teofil Qotye ”Dva aktyora na odnu rol”. Həyəcandan əllərim titrədi, gülümsəyib “mənə sonuncu dəfə nə vaxt kitab hədiyyə edildiyini xatırlamıram” dedim.
Özümü o qədər xoşbəxt hiss edirdim ki. Emininsə gözlərində həm mənim sevincimdən doğan sevinc, həm də yoldaşlarının lağlağısından yaranan məyusluq vardı. Həmişə sakitcə, az qala pıçıltıyla danışardı. Yenə zorla eşidilən səslə “bütün tənəffüslərdə kitab oxuduğunuzu, ya da nəsə yazdığını görürəm, - dedi, - həm də çox vaxt rusca oxuyursunuz deyə bu kitabı seçdim, xoşunuza gəldiyinə görə sağ olun.” O hətta verdiyi hədiyyəni mənə bəyəndirə bildiyinə görə təşəkkür edəcək qədər mədəni idi. Eminə o qədər minnətdar idim ki, qalxıb onu öpüb bağrıma basmaq istəyirdim. Amma doğru anlaşılmayacağından ehtiyat etdim: onlar 11-ci sinif şagirdləri, mənsə onlardan vur-tut 5-6 yaş böyük olan 22 yaşlı müəllimə idim.
Elə həmin tənəffüsdəcə kitabı oxumağa başladım, bir neçə gün sonra bitirdim. Hətta Eminə orada ən çox bəyəndiyim bir neçə novellanın məzmununu da danışdım bir az, bir daha təşəkkür etdim.
Üstündən bir neçə il keçəndən sonra bir gün qohumlarım danışdılar ki, bəlkə mən tanıyaram, filankəsin oğlu Emin dünyasını dəyişib – 22 yaşında. Uşaqlıqdan ağır xəstəliyi varmış, heç kəs bilmirmiş. Sən demə, bir müddət psixiatriya dispanserində müalicə alıb, ən yaxınlarını belə tanımayacaq hala gəlibmiş. Və sonrası ölüm... Nə qədər məyus oldum, gözlərimdən yaş gilələndi. Qalxıb kitablarımın arasında onun neçə il öncəki hədiyyəsini aradım. Çoxdan oxuduğum kitabları yığdığım yeşikdən çıxarıb balaca kitab şkafıma - gözümün önünə qoydum.
İndi hər dəfə gözüm sataşanda kitabı vərəqləyir, Emini üzümdə təbəssüm, gözlərimdə yaşla xatırlayıram. Düşünürəm ki, məhz onun bu dərdə düçar olub dünyasını dəyişməsi də təsadüfi deyildi: o, çox fikirləşirdi, dindirməsən, saatlarla susardı. Gözlərini qarşısındakı kitaba, dəftərə dikib dinləyərdi dərsi, əl qaldırmazdı, birbaşa ona müraciət etməsən, heç vaxt cavab verməzdi. Cavab verəndə heç vaxt üzümə baxmazdı.
Hərənin öz dünyası var, kimsənin bilmədiyi, aid olmadığı, heç kimi yaxın buraxmadığı bir dünyası. Onun da dünyası bambaşqaydı. Uşaqlar zarafata salıb deyirdilər ki, deyəsən, Emin gizlicə şeir yazır, amma heç kim onun bir sətrini belə, oxumamışdı, eşitməmişdi. Mən də bunu həmişə hiss edirdim. Hiss edirdim ki, Emin şairdir, şeir yazsa da, yazmasa da, ondan bir sətir oxusam da, oxumasam da, onu şair kimi tanıyırdım. Şairlikdən, yazarlıqdan dəliliyə isə bircə addımdır, sonra ikisinin arasına bərabərlik işarəsi də qoymalı oluruq.
İndi hədiyyə olaraq, tez-tez kitab alıram, daha çox işimlə bağlı, daha çox müəlliflərin özləri hədiyyə edir. Hamısı əzizdir, dəyərlidir, amma heç biri Eminin bağışladığı kitab qədər dəyərli olmadı mənimçün, olmayacaq.