Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."
17 sentyabr 2024
# 15:37

Kulis.az Yaşar Kamalın Sait Faiq Abasıyanıqla müsahibəsini Həmid Piriyevin tərcüməsində təqdim edir.

Axşamüstü yolun sol tərəfiylə Tuneldən üzü Taksimə getsəniz, gözünüzə fikirli, qara eynəkli, kədərli, amma elə-belə kədərli yox – kədəri uzaqdan bəllidir, elə bilərsən, əlini uzatsan, üzündə donmuş kədəri götürə bilərsən, – şalvarı ütüsüz, ağarmış saçı pırtlaşıq bir adam dəyər. Bu adamın görkəmi Beyoğlu qələbəliyinin fonunda sizə onun tənha, tək-tənha olduğunu deyər. Nə üçün belədir? Bunu heç kim bilməz... Elə adam var ki, üzündən kin, nifrət oxunur. Bəzilərindən qürur, bəzisindən şənlik, bəzisindən isə bayağılıq, alçaqlıq... Bu adamın üst-başından da tənhalıq tökülür. Hələ bu adamı Kadıköy İskelesinin skamyalarından birində oturub heybəli kəndlilərə, ayaqyalın uşaqlara, xanımlara baxarkən görsəniz...

Bu adam hekayəçi Sait Faiqdir.

Yadımda düz qalıbsa, adamın canına yayılan, şüşə kimi parıldayan payız səhərlərindən biriydi, onu həmin skamyalardan birində oturan gördüm.

“Necəsən, Sait?” soruşdum. “Hekayə yazırsan?”

“Yox”, dedi, “yaşayıram”.

Sait hüznlü, ilıq, insan sevgisi ilə dolu hekayələrini yazmır, yaşayır. Sait dərdli, pisliklərdən, alçaqlıqlardan, dünyadakı bütün bayağılıqlardan, çirkdən iyrənən adamdır. O, həmişə yaxşılığı tərənnüm edib.

Saitin Mark Tven dərnəyinin fəxri üzvü seçildiyini öyrənəndə, ondan fikrini soruşmaq qərarına gəldim. Həmin gün günortadan sonra İstiqlal Caddəsini dolaşdım, sonra Kadıköy İskelesinə getdim, heç yerdə tapa bilmədim. Sait anası ilə birlikdə Burqaz adasında yaşayır, bu biri gün gəmiyə minib ora getdim. Anası Saitin İstanbula getdiyini dedi. İstanbula qayıdıb onu bayaq dediyim yerdə tapdım. Yenə dalğın, hirsli idi. Çırtma vursan qanı çıxar deyirlər ha, bax, elə.

“Üzv seçilməyin barədə nə deyə bilərsən?” soruşmaq istəyirdim, qorxdum.

“Salam”, dedim.

“Əleyküm salam”, dedi.

“Nə var, nə yox?” soruşdum.

“Salamatlıq”, dedi.

“Mark Tven...” dedim.

“Fikir vermə”, dedi.

“Bax”, dedim, “Sait, bilirsən ki, qəzet üçün reportaj yazıram, müsahibə alıram”.

“Aha”, dedi.

“Fikrini de”, dedim.

Sağ olsun, sözümü yerə salmadı.

Mən sualı verməmiş özü başladı.

“Məni Mark Tven Cəmiyyətinin fəxri üzvlüyü verilib. Dünya ədəbiyyatına etdiyim xidmətə görə. Çoxu kimi mən də çaşıb qaldım. Dünya ədəbiyyatına xidmət etmədiyimi deməyə nə ehtiyac var? Məncə, bu, üzvlük vermək üçün uydurduqları incə bir səbəbdir”.

“Səndən qabaq Atatürk o Cəmiyyətin üzvü olub...”

“Bilirəm. Məni də sevindirən budur. Atatürkdən sonra mənim üzv olmağım, bilirsən, nə boyda şərəfdir? Bir millətin yetişdirdiyi ən böyük insanı ilə həmin millətin adi bir hekayəçisinin Amerikadakı Cəmiyyətdə qarşılaşmağı həmin balaca hekayəçi üçün həyati əhəmiyyətli fürsətdir. Cəmiyyətə üzv olmağıma da məhz bu səbəbdən sevinirəm”.

“Siyasət...” dedim.

Sözümü kəsdi:

“Qarışmıram”.

“Yaxşı, bəs səni Cəmiyyətə nəyə görə, hansı əsərinə görə üzv seçdilər?”

“Ən böyük dövlət adamlarının, nazirlərin və prezidentlərin fəxri və ya həqiqi üzvü olduğu bir Cəmiyyətə məni nə üçün seçiblər deyə fikirləşdim, bu qənaətə gəldim: demək, dünya şöhrətli bir hekayəçini yad etmək üçün qurulmuş Cəmiyyətə, başqa ölkələrin balaca hekayəçiləri də üzv seçiləcək. Türk hekayəçiləri təmsil edirəm, mənasında demədim, qətiyyən. Hər hekayə yazan və çap etdirən türk hekayəçisi öz şəxsində bir dilin hekayəçiliyini təmsil etdiyi üçün, Mark Tven Cəmiyyətinin mənə göstərdiyi bu diqqət və qayğının daha çox türk hekayəçiliyinə hesablandığını fikirləşirəm. Mən də bu diqqət və sevgini bütün hekayəçi dostlarımla paylaşmaq istəyərəm. Qəbul etsələr əgər. Özünü bütün dünyaya tanıda bilmiş Mark Tveni yad edənlərin arasına türk dilində hekayə yazan birini də üzv etməyi düşünənlərə də təşəkkür edirəm”.

“Mark Tven barədə nə deyə bilərsən?”

“Sən də əcəb sual verdin. Nə deyim? Mark Tven sağlığında öz cəmiyyətindəki saxtakarları, neft maqnatlarını, pambıq şahzadələrini, dəmir bəylərini, polad krallarını ələ salırdı. Öləndən sonra da bir türk hekayəçisini ələ salsa, nolacaq? Sağolsun Mark Tven!”

Sonra güldü:

“Başqa sualın?”

“Sağ ol”, dedim.

Kinoteatrın qabağında ondan ayrıldım.

17.5.1953

# 2630 dəfə oxunub

Oxşar xəbərlər

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

17:10 12 fevral 2026
Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

15:23 11 fevral 2026
Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

12:00 11 fevral 2026
İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

15:00 10 fevral 2026
Qumar masasında uduzulan şah əsər  - Qadınlar yaraşıqlı zabitləri qoyub niyə Puşkinə qaçırdılar?

Qumar masasında uduzulan şah əsər - Qadınlar yaraşıqlı zabitləri qoyub niyə Puşkinə qaçırdılar?

12:00 10 fevral 2026
Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

10:00 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər