Azərbaycanlı heyvansevərlər heyvanlara nifrət yaradır – Vüqar yazır...

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

2 iyun 2022
# 13:00

Kulis.az Vüqar Babazadənin "Heyvanıstan - 2" yazısını təqdim edir.

Özünü bil.

Adamlar çaşıblar. Başları çaşıb. Mən, şəxsən, başımı itirmişəm. “28 May”dan metroya minirəm, görürəm ki, reklam lövhəsində yekə bir şirəçəkən maşın reklam olunur. Faizsiz, rahat şəkildə, ayda cəmi 11 manat ödəməklə şirəçəkən maşına sahib olmaq olar. Daha sonra “Elmlər Akademiyası”ndan çıxıb görürəm ki, bu dəfə ütü reklam olunur. Ayda cəmi 5 manat verməklə ütü almaq olar. Çətin bir seçim qarşısında qalıram. Bilmirəm, nə iş görəm, ayda cəmi 11 manata şirəçəkən alam, yoxsa 5 manata ütü alam? Tamam çaşıb qalmışam. Hər şey boldur, istədiyin hər şeyi necəsə əldə etmək olur. Bir az axtarsan, hər şeyin daha fərqli formasını tapmaq mümkündür.

Hər kəs belədir. Bizi axmaq yerinə qoyublar. Getdikcə ibtidai formata qayıdırıq. Kimə baxırsan, krediti var, ikiayaqlı bütün canlılar kiməsə borcludurlar, kimə baxırsan, narahatdır. Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaqla məşğuldurlar. O krediti götürüb, bu krediti bağlayırlar. Bu krediti götürüb, o krediti bağlayırlar. Sabaha heç kimin bir ümidi qalmayıb.

Hər kəs maşın, ev almaq hayındadır. Mənim bir tanışım 15 ildir ki, 2 sot yer alıb, ora bir kamaz kubik tökür. 15 ildir bir kamaz kubiki töküb qurtara bilmir. Ən böyük arzusu həmin 2 sotun içində balaca, xudmani bir ev tikməkdir. Amma bir maşın kubikə artıq 15 ilini həsr edib. Ev tikməyə başlasa, görən, necə olacaq? Bir haşiyə çıxım ki, Azərbaycanda kasıb adam ev tikməyə başladısa, vəssalam, ayaqlarını uzadıb ölsə, bu işdən daha mərifətli olar. Yaxşısı budur ki, kasıb adam qıraq yerlərdən, “banliyö”lərdən ev alsın. Tikməklə alınmır.

Hər kəs bir iz qoyaraq bu dünyadan köçmək istəyir. Azərbaycanlılar da bu prosesi ya ev tikməklə, ya bir daha ev tikməklə, ya kubik tökməklə, ya da övlad dünyaya gətirməklə yola verirlər.

Bir sözlə, adam özünü tanımasa, arzuları və sərhədlərini müəyyən etməsə, çaş-baş qalacaq. Hər şey qəlizləşib.

Azərbaycan cəmiyyəti və heyvanlar

Bu çətin dövrdə bir də ciddi şəkildə heyvan problemi var. Əslində, belə çətin bir dövrdə adamlardan nəsə gözləmək yersizdir. Amma yaxşısı budur ki, mən sözlərimi deyim. Bəlkə, kimsə oxuyub nəsə götürər.

Azərbaycanda yaşayan hər kəs Azərbaycan cəmiyyətinin bir hissəsidir. Bura irqindən, dinindən, cinsindən və milliyyətindən asılı olmayaraq, hər kəs daxildir. Yəni başqa bir ölkənin vətəndaşı da əgər Azərbaycanda yaşayırsa, deməli, o, cəmiyyətin bir parçasıdır. Ona görə də xalq və cəmiyyət bir-birindən bu baxımdan fərqlənir.

Azərbaycan cəmiyyətinin çarxlarını fırladan şey puldur. Əksər azərbaycanlılar dərinin məsamələrinə qədər, bütün vücudu ilə pul arzulayırlar. Pulsuz adama salam da verməzlər.

Azərbaycanlı hər şeyi əmtəə şəklində görür. Bu əmtəənin ən çox gəlir gətirən, daşınabilən əmlakı heyvanlardır. Heyvan haqları, heyvan sevgisini-filan unudun getsin. Heyvan haqları nədir?

Eramızdan əvvəl VIII-VI minillikləri əhatə edən Neolit dövründə atı əhliləşdirirlər. Neolit dövründən bu yana yavaş-yavaş heyvanlar əhliləşir, onlar insanlarla yaşamağa başlayır, həyatın bir parçasına çevrilir. Sözümün canı odur ki, bizim heyvanlarla münasibətimiz qədim və tarixi münasibətdir. İnsan kimi heyvan da təkamül edə-edə dəyişir, bacardıqları qədər öz sahiblərinə sadiq qalırdılar.

Təxminən 4000-5000 il əvvəl əhliləşdirilən, evə salınan, insanlarla birlikdə yaşayan heyvanlar indi görün nə gündə yaşayırlar?

Sovetin adamlarının, xüsusən də, qadınların birmənalı olaraq heyvanlardan acıqları gəlir. İt-pişik görməyə gözləri yoxdur. Küçədə it-pişik görəndə təpik vururlar, at görəndə çapırlar, eşşək görəndə minirlər, quzu görəndə basıb yeyirlər. Azərbaycanlılar “levi” yaşayır. Elə bilirlər ki, bu dünyadakı hər şey məhz onlar üçün yaradılıb. Cənnət anlayışının da məğzi elə budur.

Son dövrlərdə şəhər anlayışının ortaya çıxması ilə müxtəlif heyvansevərlər peyda olublar. Yaxşısı budur ki, onlardan danışmayaq. Onlar sadəcə fiyaskodur. Rəzillik və rüsvayçılıqdır. Son dövrlərdə peyda olan azərbaycanlı heyvansevər görəndə, heyvanlara nifrət edirəm.

Son vaxtlar itləri yenə öldürürlər. İtləri öldürməklə, guya ki, küçələri təhlükəsiz edir, insanların rahat yaşamağını təmin edirlər. Adama deyərlər ki, bəs bu qədər yiyəsiz itin küçədə nə işi var ki, onları artıq güllələmək lazımdır ki, azalsınlar. Niyə bu qədər it küçədədir? Bu işlərlə məşğul olan qurumlar nə üçün işlərinə biganə yanaşırlar?

Azərbaycanlılar heyvanları istismar etməklə məşğuldurlar. Əgər bir heyvandan pul, süd, yun, ət gəlmirsə onu saxlamağı heç cür anlaya bilmirlər. Məsələn, sizi tam əmin edirəm: bir sovet adamından soruşun ki, evinizdə it saxlayarsınız? Deyəcək, it murdardır. İti adam evə soxmaz.

Adamın ürəyi ağrıyır. Günahsız küçə itlərini güllələyib-güllələyib öldürürlər. Cəmdəklərini də atırlar bir qırağa iylənməyə.

Sonda yazıçı Əli Əkbərin hikmətli kəlamları ilə yazını bitirək:

Ümumiyyətlə, azərbaycanlıların heyvanlara, təbiətə münasibəti fəlsəfidir. İnsan – sosial təlim-tərbiyə prosesindən keçdiyi nisbətdə, insandır. Azərbaycanlılar təbiətin özü olduqları üçün, onlar təbiətin “fövqündə” dayana bilmirlər.

Azərbaycanlıların heyvanlara və təbiətə münasibəti çox rasionaldır – “bu mənə, bax şəxsən mənə, lazımdırmı? Şəxsən mənə, indi və burada?”.

“Soğan olsun, nağd olsun” deyirlər. Ona görə azərbaycanlılar təbiətdən zövq almırlar. Onu qorumaqla mükəlləf olduqlarını düşünmürlər. Onun məsuliyyətini daşıdıqlarını bilmirlər, bu fikri yaxına belə buraxmırlar.

Siz bir qaya parçasından aşıb yolu bağlamamağı, ildırımdan ağacı vurmamağı, arılardan adamı sancmamağı, sarmaşıqdan lazımsız bir yerdə bitməməyi tələb edə bilməzsiniz. Onlar “lazım bildikləri” zaman aşacaq, vuracaq, sancacaq və bitəcəklər. Azərbaycanlılar (əlbəttə, tək onlar yox, Şərqin böyük hissəsi) özlərini təbiətdən ayrı görmürlər ki, təbiətə zərər yetirən davranışlarında daxili bir ziddiyyət, diskomfort keçirsinlər.

Bu mənada, azərbaycanlıdan təbiətə, heyvanlara qarşı məsuliyyətli olmağı tələb etmək olmaz. Bu, infantilizmdir. Azərbaycanlı gül-çiçəkdir, ot-alaqdar, dağ-daşdır, qayada bitən mamırdır.

# 1591 dəfə oxunub

Oxşar xəbərlər

# # #