Səni hər görəndə qabırğalarımı sayıram - ŞEİRLƏR

Səni hər görəndə qabırğalarımı sayıram - ŞEİRLƏR
15 iyun 2015
# 09:00

Kulis Fərid Hüseynin yeni şeirlərini təqdim edir

Suomi gözəlinə...

Səni doğmaqçün sənsizlik sancısı çəkirəm.
Səndən qaçmaq olmur,
fərari olmaq olmur səndən.
Sən göstərdin ki,
qadın kişiyə bir cüt qabırğa əvəzində
bütün canını verə bilər.

İndi mən, boş badəyə zillənmiş sərxoş gözüyəm,
kimə satıldığını bilməyən qulam,
məni sahibim yox, taleyim düşündürür.

Sən dünyanın o başının Şimal gözəli
Mən dünyanın bu başının başıbəlalısı –
Bizim ayrılığımız qütb ayrılığıdır.


Sənə qədər söz idim,
gəlib bəstələdin təkliyimi,
indi öz nəğməmizin tətik səsi qorxudur məni.


Başını qoysan – sevda balışındı,
qoymasan, tabut yeridi çiynim.
Səni görsəm, muştuluğa uzanmış ələm,
görməsəm, papağına zillənmiş dilənçi.
Məni qınama, demə ki, getdin –
Mən səni yox, yatağımı tərk etmişəm sadəcə.

Sən o “Göllər ölkəsi”ndə suya su demirsən,
Mənim çaylarım qürbət ellərdən axıb gəlir, Şimal gözəli.
Öz ömrümcə üzüb, alın yazısını kəşf etmək istəyirəm.

Minimalist şeirlər

Çiçəklər öz rənglərinə

inanmırlar -

Solurlar...

***

Allah bizə ömür

verir,

insanlarsa vaxtımızı alır.

***

Qar üzərində yeriyirəm

ancaq

sol ayağımın izləri qalır.

***

Şəkil çəkdiririk nağıla dönür:

Biri var idi,

biri yox.

***

Ezop zəncirini açmağa qorxur,

Bilir ki,

itləri bağlayacağıq.

***

Müharibə:

Əsgər ağzında evlərindəki

çörəyin xəyalını çeynəyir.

***

Vaxt ötdükcə,

sənin günahlarını unudub

öz günahlarımı xatırlayıram.

***

Nitq hissələri:

Sifətlərlə sevirik,

fellərlə ayrılırıq.

***

Bəlkə də səadət mən gəlməmişdən öncə

evdə işıqların yanmasıdı ancaq...

***

Səni hər görəndə

qabırğalarımı sayıram

əskik gəlir.

***

Heç nə unudulmur bu yer üzündə -

Hər şey öz adıyla əzaba dönür.

# 2482 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #