Vaqif Səmədoğlunun xanımı: “Deyirdi tək qalmağa ehtiyacım var”

Vaqif Səmədoğlunun xanımı: <span style="color:red;">“Deyirdi tək qalmağa ehtiyacım var”
26 dekabr 2015
# 12:00

Kulis Vaqif Səmədoğlunun xanımı Nüşabə Babayeva-Vəkilova ilə müsahibəni təqdim edir.

- Nüşabə xanım, Vaqif müəllimin şeirlərindən təklik, tənhalıq duyğusu təkcə gənclik illərində yox, eyni zamanda sizinlə ailəli olduğu dövrdə də onu tərk eləmədi. Sizcə bunun səbəbi nə idi?

- Vaqif Səmədoğlunu tənhalığın şairi də adlandırırlar. O yaradıcılıq prosesindəki təkliyi sevirdi, arzulayırdı. Ancaq ümumi mənada o yalnızlığı sevmirdi. Bir də görürdün deyirdi, gedirəm bağa, bir-iki gün tək qalamağa ehtiyacım var. Deyirdim yaxşı. Gedirdi. Çatandan sonra zəng edirdi ki, bağdayam, özümü elə yaxşı hiss edirəm, bura elə yaxşıdır. Axşamtərəfi zəng edəndə səsi qəribsəyirdi. Üstündən bir az keçirdi, yenə zəng vururdu, deyirdi ki, bərk darıxıram. Gülürdüm. Səhər tezdən qayıdırdı evə. Bir gündən artıq tək qala bilmirdi. O, sakitliyi sevirdi, təkliyi yox.

- Bildiyim qədər Vaqif müəllimin gündəliklərini çapa hazırlayırsınız. O dəftərlərdə elə yerlər varmı ki, çap olunmayacaq, yaxud çıxarılacaq?

- O, demək olar hər gecə gündəlik yazırdı və fikirlərini onunla bölüşürdü. Bəzən xırda nələrsə yazırdı. Məsələn, qeyd edirdi ki, bayırda külək əsir, ancaq sonra o düşüncələr tamam başqa yerlərə gedib çıxırdı. Onun gündəliklərində elə adlar, elə məqamlar var ki, onların çap olması düz olmaz. Özü də gündəliklərində yazır ki, elə yerlər var gərək onları oturub bir də işləyəm, düzəldəm. Əgər sualınızın altında hansısa qadınla münasibətlərdən söhbət dayanırsa, o barədə xüsusi bir şey yazmayıb. Bu məsələdə çox ləyaqətli insan idi. Vaqif müəllimin gündəliklərində şeirlərinin çap olunmadığı, dramlarının səhnələşdirilmədiyi dövrlə bağlı xeyli ağrılı qeydləri var. Məsələn, yazır ki, filan redaktor əgər filan şeirimdə bir sözü dəyişsə, ürəyim partlayar. Onun ümidi yox idi ki, onun kitabı çıxacaq. Ona görə gündəliklərində yarızarafat-yarıciddi yazır ki, ay camaat, əgər mən öləndən sonra şeirlərimdə bir sözü dəyişsəniz, ya çıxarsanız görüm sizin beliniz qırılsın. Eləməyin elə şey (gülürük). Mən od tutub yanaram o dünyada.

- Vaqif müəllimlə müxtəlif vaxtlardakı görüşümüzdə həmişə təzə nəsə yazdığını deyirdi, kitab hazırladığını vurğulayırdı, ancaq bir müddət keçəndən sonra tamam başqa səpkidə kitab üzərində işlədiyindən danışırdı. Danışdıqları kitabların da sonradan heç biri işıq üzü görmürdü. Bunun səbəbi nə idi, niyə başladığı və ya başlamışam dediyi işləri yarımçıq qoyurdu?

- Yəqin mən onun əsərlərini çapa hazırlamasaydım, bəlkə də kitabları çap olunmayacaqdı. Olsa-olsa, biri çıxardı. Buna görə həmişə mənə təşəkkür edirdi. Çünki bəzən başladığı işlərə həvəsi sönürdü, yaxud çox sonraya saxlayırdı. Onun 80-ci illərin əvvəllərində yazdığı “Gürzə-Çöl yazıları” əsəri var. Pritçalardan ibarətdi. Bir gün həmin əsərin əlyazmasını tapdım, dedim gəl bunu çap edək, hirsləndi, gəlib dəftəri məndən alıb ciddi tövrlə dedi: “Hələ onun üzərində işlənilməlidir”. Mən başa düşdüm ki, o əsər çap olunmayacaq. Mən o əsəri çap etmək haqda düşünürəm. Nəşr edilməmiş heç nə qalmamalıdır, çünki bir zamanlar onun üzərində böyük həvəslə işlədiyi mətndir. Gündəliklərində “Gürzə-Çöl yazıları” haqqında qeyd edib ki, bu əsəri indi işləməsəm yarımçıq qalacaq.

Başqa bir məsələni də deyim, sənin sualına cavab kimi, Fərid. Vaqif tez həvəsdən düşən insan idi, bir dəfə şeirlərinin çap olunmaması, əsərinin geri qaytarılması onu geri addım atmağa, özünə qapanmağa vadar edə bilərdi. Adam var ki, mübarizdi, bir dəfə çap olunmur, ikinci dəfə cəhd edir. Vaqif belə deyildi. Yaxşı ki, heç olmasa o dövrdə pyesləri oynanıldı, şeirlərinin bir neçəsinə mahnı bəstələndi, yoxsa tamam məhv olardı. Bir dəfə guya mən də nəsə yazmaq üçün əyləşmişdim, gəldi oxudu, xoşuna gəldi, sonra ata evimlə bağlı esse yazmışdım, oxudu bəyəndi sonra dedi: “Mən yazdım nə oldu ki, sən yazıb nə olasan?” Çaş-baş qaldım ki, sən hara, mən hara? Mən axı yazıya iddialı adam deyiləm, heç müqayisə olunası misal da deyil. Ancaq o sözün arxasında çap olunmağa ümidini itirdiyi zaman dururdu. 80-ci ilin ortalarında yazdığı gündəliyində belə fikir var: başqa şairlər vitrində olanda, mən anbarda qalmışam. Bu sözlərdə çox böyük ağrı, kədər, sarsıntı var...

- Vaqif müəllimin kitablarını siz çapa hazırlayırdınız, bu gün də yeni kitabları üzərində işləyirsiniz. Onu anlamağınızı, duymağınızı müşahidə etməyim bəs edir ki, deyəm: Vaqif müəllim xoşbəxt şairdir...

- Təşəkkür edirəm. Bir hadisə danışım sizə. “Mən burdayam, İlahi” kitabını çapa hazırlayanda axşamlar yazı makinasına dəftərlərindən şeirləri köçürürdü. Bu iş ləng gedirdi. Qərara gəldim ki, ona kömək edim. Ancaq özünə deməmiş, o otaqda olmayanda başladım şeirləri köçürməyə. Birdən gördüm ki, arxada dayanıb dirsəyini qapıya söykəyib gözlərində məmnunluq gülümsəyir. Çəkinə-çəkinə dedim: “Vaqif, mən çap eləyirəm, olar?”. Ürəyindən sanki tikan çıxdı: “Əlbəttə olar. Mən bütün ömrüm boyu rus yazıçılarının xanımlarına həsəd aparmışam ki, onlar ərlərinə necə kömək ediblər. Bu mənim çoxdankı arzum idi”.

- Belə bir aforizmi də var: “İntihar servisidir” mənim poeziyam”. Şeirlərində daim intihar mövzusuna toxunmasının səbəbi nə idi?

- İntihar etmək fikri nə vaxtsa hamımızda olub. Səndə də, məndə də, onda da... İntihar sadəcə insanın bir an gəldiyi qənaətdir. O, özü deyirdi ki, həyata vurğun pessimistəm. Bəzən nəsə baş verir və insan məhz özünü günahlandırır. Sonuncu müttəhim, ittiham olunan insanın özü olur, ona görə bəzən insan özünü ittiham edəndə intihar fikrinə gəlir. O, çox sevirdi həyatı. Xüsusən də xəstələnəndə...

- Heç zaman atasını müdafiə etdiyini görmədik. Bu cəmiyyətə qarşı olan təmkin idi, yoxsa Səməd Vurğun haqqında hansısa xoşagəlməz yazını oxuyanda, yaxud verilişdə nələrsə deyiləndə hirsləndiyi olurdu?

- O, hisslərini büruzə verməməyi bacarırdı. Hətta soyuqqanlı da ola bilirdi, xüsusən ciddi məqamlarda. İçində çəkirdi ağrılarını, dilə gətirmək, hiss etdirmək onluq deyildi. O ki qaldı bu məsələyə, deyirdi ki, S.Vurğunun oğul müdafiəsinə ehtiyacı yoxdur... Həm də oğulun atanı müdafiə etməsini qeyri-etik sayırdı. Son vaxtlar uşaqlığına tez-tez qayıdırdı, atalı günlərinin xatirələrinə dönürdü. Atasını çox sevirdi... Bəlkə də atası 50 yaşında ölməsəydi, həyatı tamam başqa olardı... Vaqifin həyatı boyu qarşılaşdığı böyük çətinliklərin arxasında bir gözəgörünməz ata boşluğu vardı.

- Vaqif müəllimin müasir poeziyaya təsiri çox olub, özü bu barədə nə fikirləşirdi?

- Bəli, müasir ədəbiyyata təsiri böyük oldu. Onun “Yoldan teleqram” adlı ilk kitabı vaxtı ilə əl-əl gəzib. O dövrün gənc şairləri V.Səmədoğluyla bir dövrdə yaşadıqlarından fəxr duyduqlarını deyirdilər... Sağlığında klassikləşmişdi. Onun yaradıcılığı haqda tədqiqatçılar yazmış və hələ də yazacaqlar. O özü də çox yaxşı bilirdi öz yaratdıqlarının qiymətini. Həddən artıq təvazökar olsa da...

- Şeirlərinin əksərinin minimalist, qısa olması məni həmişə düşündürüb. Əlyazmalarını görmək istərdim, sanki böyük mətnin içindən seçilib, ancaq mahiyyət götürülmüş kimi görünür mənə.

- Sizə bir məqamı da deyim. Vaqif müəllim çox heyfslənirdi ki, poemaları oxunmadı, məşhur olmadı. Halbuki bilirsiniz, onun poemaları həcmində şeirlər yazan şairlərimiz var. Cavan şairlərə də deyirdi ki, çalışın uzun şeirlər yazmayın.

Özü də onun şeirlərində qəribə fəhm, uzaqgörənlik var. 1995-ci ildə mənə həsr etdiyi bir şeirdə son günlərini, köynəyinin belə əyninə yük olacağı anları, 20 il sonranı yazmışdı:

Bəlkə bu sağlamlıq

Bir gün gözə gələcək,

Canım taqətdən düşüb,

Ölgün sizə gələcək.

Hər quş səsi, hər çiçək,

Çiynimə yük olacaq

Ən nazik ipək köynək

Əynimə yük olacaq.

- Onun şeirlərində Allaha ərkyana bir münasibət, təpərli səsləniş var. İstərdim söhbətimiz dediyim məsələyə yön alsın...

- Vaqifin Allaha inamı dinlə əlaqədar deyirdi. O, dinə yox, Allaha inanırdı. Onunla bir ortaq cəhətimiz də bu idi ki, mən də eləyəm. Vaqiflə Allahın arasında heç nə və heç kim yox idi. Hərdən deyirdi ki, Allah əgər mən nəsə eləmişəmsə yuma günahlarımı, bağışlama məni.

- Söhbətimizdən əvvəl danışarkən dediniz ki, suala cavab verməkdən zəhləsi gedirdi, ancaq özünün dünyaya verdiyi sualların sayı-sanası yoxdur. Hətta belə bir fikri var: “Yazıda ən gözəl durğu işarəsi - sual işarəsidir”.

- Düz deyirsən. Həyata çox sual verirdi, çox məsələlər ona qaranlıq idi və o nadir insanları düşündürən sirlər haqqında fikirləşirdi. Deyirdi mən elə yerə çatdım ki, cavablarım tükəndi. Bir də başqa bir özəl xasiyyəti vardı. Heç vaxt məsləhət verməyi sevmirdi, kiməsə ağıl öyrətməkdən uzaq adam idi. Həmişə düşüncəli, fikirliydi. Birdən nəsə soruşurdum, guya mənə baxırdı, amma mən bilirdim ki, o gözlərimin içindən tamam başqa bir yerə boylanır.

- Adətən, insanlar yaşlaşdıqca aqressivləşirlər, ənənələrə bağlılıq artır deyə yeni və fərqli düşünə bilmirlər. Amma Vaqif müəllim bütün müsahibələrində, ədəbi söhbətlərində daim nəsə yeni bir fikir irəli sürürdü və müasirliyə, fərqli fikrə qarşı təmkinini daim qorudu. Onun belə təzəliyinin, fərqliliyinin və müasirliyə açıqlığının kökündə sizcə nə dayanırdı?

- Həmişə orijinal, gözlənilməz idi. Qeyri-adi düşünürdü ki, qeyri-adi də yazırdı. Evdə də eləydi, daim orijinal idi... Belə adamlarla darıxmaq qeyri-mümkündür. Onun gözlənilməz hərəkətlərini, zarafatlarını, atmacalarını heç nəylə doldurmaq mümkün deyil. Onunla çox maraqlı idi... Xəstəliyinin ən ağır vaxtı belə mənə diqqət göstərməyə çalışırdı... Qeyr-adiliyin kökündə o cür yaradılışı dayanırdı. Keçən il yayda xəstə olanda bir də gördüm üç təkərli velosiped axtarır...

- O, sizi daim “sevgilim” deyərək təqdim etməsinin səbəbi nə idi, yəni nə üçün “həyat yoldaşı” ifadəsini dilinə gətirmirdi, yaxud o ifadəni “sevgili” sözünə naəlac izaha kimi işlədirdi?

- O, “həyat yoldaşı” ifadəsini sevmirdi. Deyirdi ki, “sevgili” daha doğma sözdür və daha dərin mənanı ifadə edir.

- Adətən, şair-yazıçılar proqnoza gəlməz, anlaşılmaz, ipə-sapa yatmaz insanlar olur. Belə adamların neyləyəcəyini, bir an sonra nə düşünəcəyini bilmək çətin olur deyə qarşı tərəfin daim fərqli situasiyalara bir daxili səfərbərlik tələb olunur. Sizə həmin situasiyaları anlamaq, ona uyğun davranmaq çətin deyildi ki?

- Vaqifi dərk etmək asan məsələ deyildi, məsələn ayağını kənara qoy sözündən bərk inciyə bilərdi. Gərək elə adamın hər an ovqatının necə dəyişdiyini duyasan, ona uyğun hərəkət edəsən. Mən demirəm mənə çətindi, mən xoşbəxtəm ki, ömrümü Vaqiflə yaşayıram. Hərdən mənə sual verirdi ki, hardaydın mənim cavanlığımda? Mən də cavab verirdim, bəlkə də biz vaxtında görüşmüşük, cavanlığımda mən də dikbaş olmuşam, kaprizlərim vardı. Ancaq Vaqiflə hər şey başqa cür oldu. Öz-özümə deyirdim, yaxşı, mən də onu başa düşməsəm bəs kim onu başa düşəcək? Vaqiflə münasibətdə öz eqomu qatlayıb kənara qoydum. Bilirsiz, mən bunu dəfələrlə demişəm, mən anladım ki, yanımdakı Kimdir və Kimlə yaşayıram.

- Dəfələrlə bir məqama da fikir vermişdim: Yusif Səmədoğlu haqqında danışanda onu özündən nədənsə bir pillə yuxarı tutardı, məsələn deyərdi ki, o güclü, qətiyyətli idi, mən onun qədər kitab oxumamışam və s.

- Onlar həm bir-birlərinə bənzəyir, həm də fərqli idilər. Xavər xanım deyirdi ki, Yusifdən bir dəfə də inciməmişəm, o, “yox” sözünü elə deyərdi ki, adamın ruhu da inciməzdi. Ancaq Vaqif elə deyildi, bəzi məqamlarda sərt idi. Yusif ünsiyyətcil idi. Həmişə Yusifdən ağız-dolusu, sevgiylə danışırdı. Yusif müəllim Vaqifdən 4 yaş böyük idi. Böyük qardaşa hörmət hissi sona kimi Vaqiflə qaldı.

- Əlbəttə, Vaqif müəllim itkisini başa düşürəm, ancaq konkret necə ifadə edə bilərsiniz, onun yoxluğu həyatınızda nəyi dəyişdi?

- Onun itkisi ilə uşaqlığımın, gəncliyimin, bütün ömrümün üstünə Vaqif adı qoyuldu. Halbuki mən bu günlə yaşayan adam idim. Mənim bugünkü reallığım dünənə döndü. Mən daha dünənlə yaşayıram. Dünəni bu gün yaşatmaqla.

- Hesab edirsiniz ki, onu tam mənada anladınız?

- İki cür adam var. Adam var ki, evə girəndə maska taxır, çöldə azad olur, adam da var ki, əksinə. Vaqif müəllim evə girəndə tam azad olurdu, çöldə yox. Çöldə həmişə hər şeydə sərhəd gözləyirdi, münasibətlərə fikir verirdi. O, yaşam gücünü evdən alırdı. Fərid, bunu bil ki, inam, etibar varsa ailə var. Sevgi onlardan sonra tam görünür. Hər adamla azad olmurdu. Ünsiyyətcil insan deyildi. Vaqif müəllimin məndən əvvəlki hisslərini, həyatını gündəliklərindən oxuyuram və dəhşətə gəlirəm. Və ondan soruşmaq istədiyim suallar yaranır. Yaxud elə şeylər var ki, gündəliyi oxuyub, səbəblərini indi anlayıram və istəyirəm ona deyəm ki, Vaqif filan məsələni indi başa düşdüm. Mən hələ onu tanımağa davam edirəm...

# 2123 dəfə oxunub

Müəllifin son yazıları

# # #