Fuad Poladov: “Nəyə görə həbs olunduğumu bilməliydim” – Müsahibə

Fuad Poladov: “Nəyə görə həbs olunduğumu bilməliydim” – Müsahibə
16 yanvar 2021
# 09:00

Kulis.az kinoşünas Aygün Aslanlının Xalq artisti Fuad Poladovla vaxtilə kitab üçün götürdüyü müsahibədən növbəti hissəsini təqdim edir.

əvvəli burda

Dördüncü cəhd

Buzovnadakı çəkilişdən sonra iki həftə Fuad müəllimə zəng eləmədim. Düzü, orada gördüklərim, Aydın Talıbzadənin “Şərəfnamə”sində oxuduqlarım gözümü qorxutmuşdu. Özümü labirintə düşmüş kimi hiss eləyirdim. Ətrafı ilə özü arasına uzun distansiyalar qoyan bir insanı, aktyoru qısa müddətə necə çözmək olar? Yadıma “teatr.doc”- sənədli teatr janrı düşür. Bu janra aid olan tamaşalar real mətnlər, müsahibələr əsasında hazırlanır. Rusiyada “teatr.doc”un yaradıcılarından biri olan dramaturq Maksim Kuroçkinin dediyinə görə, burada ən əsası, çoxlu və ən müxtəlif suallar vermək, sonra da cavabların arasında həqiqəti tapıb üzə çıxartmaqdı, tamaşa isə son nəticə, həqiqəti ünvanına çatdırmaq üçün vasitədi.

Bir də bu üsulu sınayaq.

– Fuad müəllim, Ayaz Salayev sizin haqqınızda danışanda dedi ki, o, ekranda həmişə həyatından narazı, amma bunu gizlədən ziyalı obrazını yaradır. Bəs reallıqda necədi? Həyatınızdan razısınız, ya narazı? Narazısınızsa, nədən?

-Bu mənim təbiətimdən irəli gəlir: cəmiyyətdən narazılıq, ətrafımdan narazılıq, ünsiyyətdə olduğum insanlardan narazılıq. Çünki çox vaxt insanlardan istədiyim qarşılığı ala bilmirəm. Ünsiyyətə girən kimi görürəm ki, ovuclarında daşı hazır tutublar. Birdən hansısa sözün, hərəkətin xoşlarına gəlməsə, o dəqiqə reaksiya verməyə, daşı atmağa hazırdılar. Mən isə həmişə ağ vərəq oluram. Hamıya ürəkaçıqlığı ilə yanaşıram. Özümdə ən çox narazı qaldığım keyfiyyətdi… Amma onlar həmişə “birdən nəsə deyərsən, ya da mənim hansısa ağrılı yerimə toxunarsan. Buna hazır olmalıyam” mövqeyindədilər.

-Həmişə belə narazı olmusuz?

– Yox, yaşa dolduqca yaranıb. Mən dəyişməyə çalışmamışam. Ancaq çox vaxt insanlar onlara bəslədiyim ümidləri doğrultmur. Hətta ən yaxınlarım belə. Həmişə ehtiyatlıdılar. Heç kim eşitməsin deyə pıçıltı ilə danışırlar. Mən isə hər zaman “kim eşidir, eşitsin” deyirəm və ən əsası – sözümün arxasında dayanıram. Belə məqamlara görə narazılıq da həmişə var. Ayaz bunu düz tutub.

– “Axırıncı dayanacaq” filminin çəkişilində siz hamı ilə danışıb gülürdünüz. Ancaq həm də hər kəslə aranızda çox qalın divar vardı.

– O divarı da illərin təcrübəsi yaradıb. Bir-iki dəfə əlin yanır. Hiss eləyirsən ki, heç kimi çox yaxın buraxmaq olmaz, distansiyanı qorumaq lazımdı. Təzəcə iki kəlmə kəsdiyin adam sənin çiyinlərinə döyəcləyirsə, buna icazə vermək olmaz. Ya gərək acılayasan… Acılasan, ünsiyyət birdəfəlik qırılacaq. Odur ki, divar yaratmaq hamısından yaxşıdı. Çox vaxt ürəyiaçıqlıqdan, qəlbə yaxın buraxmaqdan sui-istifadə olunur. Məsələn, mən piyada gəzməyi, camaatın arasında olmağı xoşlayıram. Sadəcə həmin vaxt, elə bil, skafandr geyinirəm, ya da gözəgörünməz oluram. Çünki özünü tamamilə təcrid eləmək də mümkün deyil. Hərdən elə məqamlarla rastlaşıram, elə şeylər görürəm ki, sonra rol oynayanda lazım olur. Bir duruş… Bir baxış, gülüş… Bir dəfə metro ilə gedirdim. “Sahil”də minmişəm, “Gənclik”də düşməliyəm. Vaqonda bəstəboy, nimdaş plaşlı bir kişi gördüm. Üzündən hiss olunur ki, ziyalı adamdı. Bəlkə də sovet vaxtı hansısa zavodun baş mühəndisi olub. Sonra zəmanə dəyişib. İndi ya təqaüddədi, ya nəsə başqa şey. Yanında nəvəsi var. Nəvəsi də fiziki məhdudiyyətli uşaq idi. Yəqin, məktəbdən gətirirdi onu. Uşağın üzündə qəribə bir təbəssüm vardı. Elə bil, “Baba, mən görə narahat olma. Hər şey yaxşı olacaq” deyirdi. Kişi də gözünü nəvəsindən çəkmirdi. Onlara baxa-baxa düz “Əhmədli”yə qədər getdim. Həmin müddətdə kişi bir jest elədi. Əli ilə uşağın boynundakı şərfi düzəltdi. O hərəkətdə o qədər məhəbbət, o qədər təmizlik vardı ki! Yolboyu bir kəlmə də danışmadı. Amma mən onun üzündən həyat tarixçəsini oxuyurdum, içində səslənən monoloqu eşidirdim. Sanki “Mənim nəvəm niyə belə olmalıdı? Mən niyə beləyəm? Mənim taleyim başqa cür olmalıydı, ancaq qürurum əl-qolumu bağladı” deyirdi. Bu əhvalat, yalan olmasın, on-on iki il əvvəl baş verib. Amma o kişinin səssizliyi bu gün də yaddaşımdadı. Yarım saatlıq pauza. Onu oynamaq…

– Heç yazmağı sınamısınız?

– Yox. Hər şeyi bura yazıram, – deyib alnını göstərir.

– İzmirdə aldığım ikinci əl kitab yadıma düşdü. İlk səhifəsində həbsxana möhürləri var. Onları görəndə kitaba əhvalat uydurmuşdum.

– İstər-istəməz təxəyyül işləyir. Oynadığın obrazın da tarixçəsi olmalıdı. Bax, “Axırıncı dayanacaq” filmindəki rolum. Ssenaridə personajımın həbsdə yatdığı yazılmışdı. Rejissorla ilk görüşümüzdə onun niyə həbs olunduğunu soruşdum. Çünki mən nəyə görə yatdığımı bilməliyəm. Əvvəlcə “nə fərqi var” dedilər, sonra da öz fikrimi soruşdular. Dedim, məncə, bu kişi vaxtilə yaxşı cibgir olub. Personajımın tarixçəsini yazdım, döyməsinə qədər bütün detalları fikirləşdim. O, köynəyini boğazına qədər düymələyir. Niyə? Mən həyatda elə adamlar görmüşəm. Sinələrinə boğaza qədər uzanan Kreml döyməsi vurdururdular. Azadlığa çıxandan sonra Kremlin ulduzu görünməsin deyə köynək həmişə axırıncı düyməsinə qədər bağlı olurdu. Bir sözlə, onu cibgir kimi təsəvvür elədim. Buna görə də şahmat oynayanda barmaqlarını daima masaya döyəcləyir. Bu hərəkəti cibgirlərdə görmüşəm. Obraz belə zənginləşir.

– Fuad müəllim, Ayaz Salayev bir də sizi İblis rolunda görmək istədiyini dedi.

– Oynamışam. Rəhmətlik Hüseynağa Atakişiyevin quruluşunda Rus Dram Teatrında. Təvazökarlıqdan uzaq da olsa, çox maraqlı bir obraz alınmışdı. Mən fərqli İblis yaratmışdım. Təxminən, 90-cı illərdə olub.

– “İblis”i deyə bilmərəm, amma mən “İvan Buninin son qarşıdurması” tamaşası haqqında xeyli eşitmişəm. Bildiyim qədərilə bu tamaşa Rusiyada böyük maraqla qarşılanıb.

– İvan Bunini “İbrus”un səhnəsində ilk dəfə mən oynamışam. Mən Bunini oynayırdım, Mehriban da (Mehriban Zəki) Ümbülbanunu. Rusiyada o tamaşaya baxan hər kəs mənim ifamda Buninin tamamilə fərqli olduğunu deyirdi. Rüstəm “Buninin son qarşıdurması” tamaşası ilə fəxr eləyirdi. Deyirdi ki, azərbaycanlının Bunini oynamağı və belə qarşılanmağı qürurvericidi. Mən “İbrus”dan çıxandan sonra o rola Yuri Baluyevi dəvət elədilər. Sonralar eşitdim ki, Rüstəm ona “Yuri, yaxşı oynadın, amma bu tamaşanın gözəlliyi onda idi ki, Bunini azərbaycanlı oynayırdı və o, Rusiyada qəbul olunurdu” deyib.

– Aydın Talıbzadə “Şərəfnamə”sində sizi Hollivudda xəyal elədiyini yazıb. Heç xaricdən təklif almısınız?

– Mən evdən, uşaqlardan ayrıla bilmirəm. Fikrim həmişə burada qalır. Türkiyədə “Dədə Qorqud”a çəkiləndə hardasa bir il hər ay gedib-gəlirdim. Üç gün, beş gündən sonra dəli olurdum.

– “Alov” tamaşasındakı rolunuz haqqında soruşmaq istəyirəm. Ona ilk dəfə məktəbdə oxuyanda baxmışdım. Bir də dünən “Youtube”da. Yadıma düşdü ki, sizin, Yaşar Nurinin qəhrəmanının sözlərini aforizmə çevirmişdik – “Emmanuel Kantın transsendental fəlsəfəsi”, “bu dünyada paççahdan-zaddan da olmadıq” cümləsi.. O rola necə hazırlaşmışdınız? Qəhrəmanınız kiminsə prototipi idi, yoxsa müəllif təxəyyülünün məhsulu?

– Yox, prototip deyildi. Amma pyesi oxuyan kimi başa düşürsən ki, bu adam özünü hamıdan ağıllı, hamıdan yuxarıda hesab eləyir, guya hər şeyi bilir. Bunlar mənim təbiətimə tamamən zidd cəhətlərdi. Yadınızdadırsa, qəhrəmanım güləndə “ss, ss, ss” eləyir. Özündən son dərəcə razı adamın gülüşü. Bu ştrixi özüm tapmışdım. İndiyə qədər də tamaşaçılardan o rolum barədə xoş sözlər eşidirəm. Demək ki, yaddaşlarda qalıb.

– Televiziyada ilk rolunuz idi?

– Yox, televiziyada lap uşaqlıqdan oynamışam. Peşəkar kimi ilk rolum isə “Atayevlər ailəsi” tamaşasında olub. “Alov” ikinci tamaşam idi. “Atayevlər ailəsi” də var internetdə?

– Var. Hamısını yerləşdiriblər.

# 5605 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
#
#
# # #