Sərhədi pasportsuz keçən bir quş kimi... - Güneydən şeirlər

Şair Emin Hacılı, Güney Azərbaycan, Xoy şəhəri

Şair Emin Hacılı, Güney Azərbaycan, Xoy şəhəri

20 oktyabr 2021
# 17:10

Kulis.az “Sözün Güneyi” layihəsindən Xoy şəhərindən olan şair Emin Hacılının şeirlərini təqdim edir.


***

Mən səni sevirəm
Sən məni yamsıla
Ağzımı əy istərsən
Peş-peşə gələn sözlərim ağzımda yumaq kimi burulub dursa da
Bunu kəsin deyə bilərəm:
Səni sevirəm

Hansı durağı gözdən keçirsəm şaşqınlığın içindəki inanc
Səni hansı duraqda gözdən keçirsəm inancın içindəki axmaqlıq
Afişdəki qorxu filminin baş rolunda oynayan aktörü tanıyıram
Bir öncəki filmində səadət quşuna uçmaq öyrədirdi
Heyrət
Heyrət
Heyrət: şaşqınlığın içindəki şaşqınlıq

Hansı durağı gözdən keçirdim
İçimə götürdü məni
hansı duraqda səni gözdən keçirdim içimdə sənə rastladım
Bir sözcük bir sözcüyə bağlıdır
Bir insan bir insana
Sözcük sürüləri səni açıqladı
İnsan sürüləri səni gizlətdi
Heyrət
Səni sevirəm
Sən məni yamsıla
Ağzımı əy istərsən
Peş-peşə gələn sözlərim ağzımda yumaq kimi burulub dursa da
Mən səndən bilərək əksilirəm


***

Səndən qurtulub röyana başlamışdım
Sən başqasının yatağına
Alt paltarını
Məni
Alt paltarındaki izimi, iniltimi daşıdığın kimi
Səni keçmişə daşımışdım deyə,
röyanın keçmişdəki kökünü qazımışdım
Oysa ilk dəfə görürdüm səni
Oysa çiçək lirik tutumunu qoruyurdu hələ
Oysa sevdalar üzərinə romanlar yazılırdı,
gözlərindəki yazar qapını çalıb getmədən öncə
Tanışdırıram:
- şair
- tikan
- tikan
- şair

Qorxunun ölümə olan ziyanını düşündüm intaharımdan əvvəl
İntaharımdan sonra ölümün hayata olan ziyanını
Hahaha
Tanışdırıram
Hayat ölüm və qorxunun naməşru uşağıdır
Sən isə bağlaclarla yazarın arasındaki məsafəni dolduran dinclik
Sən yoxsan ama
Sən heç bir zaman olmayacaq kimi yoxsan
Və röyan əbədidir
Heç bir zaman getməyəcək kimi
Ama bu əllər də nə belə?
Yaxama sarılan
Yaxamdan boğazımı
Boğazımdan adını çıxaran
Adından başqa özəlliklərini
papağımdan dovşan çıxarır kimi çıxaran əllər də nə belə?

Səndən qurtulub röyana başlamışdım
Sən mənə başlamadan əvvəl
Sinə sancağını boynuna asan bir qadın vardı
Keçib gedərdi hər gün röyamdan
Sınırdan pasaportsuz keçən quş kimi
Nə adı oxunardı telsizdən
Ne telsizdən oxunacaq məlum bir adı vardı
Röya idi üstəlik
Və röyanın həqiqətə olan ziyanı
həqiqətin sevdaya olan ihanəti boyda idi


***

İki yanlış bir doğrunu apardı

Pürsəkli qar yağışında
özünü öymək üçün ayələr göndərən tanrı kimi,
lambalarını yandırırdı şəhər hər atdımlarında
İki yanlış bir doğrunu apardı

Gecənin yarısında
Bir olaya şahid oldum
Cümlə başlamadan mötərezəmi açıb görsətdim kimlik kartımı
Mən sorğu işarəti idim
Saymadılar
Sayğı görsətdim
İndi sayğı işarətiyəm
Mən gördüm
İki yanlış bir doğrunun əlindən tutub apardılar
Sonra mətndən dışarı çıxdılar
Mən dış səs
(Birinci yanlış: hayata gəlmək
İkinci yanlış: hayatda qalmaq
Doğrusu: yaşamaq)
Mən də olsaydım aparardım
Yaşamaq itin boynundaki zinqirovun gözəlliyinin içində itin əsarəti isə
(Elədir, mən dış səs)
Sonra mötərezəmi bağladım
İçində yaşayıb bitən hikayə
əslində
Oxunmasa da olar dediyin bir cümlədir
Cümlə:
İki yanlış bir doğrunu apardılar.

# 9269 dəfə oxunub

Oxşar xəbərlər

Düyü tarlalarından qlobal isyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal isyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

14:10 16 iyul 2026
Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

12:30 16 iyul 2026
Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

17:33 15 iyul 2026
Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

15:30 14 iyul 2026
Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

15:06 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər