“Məni fotoqraf edən film” - MÜSAHİBƏ FOTOSESSİYA

“Məni fotoqraf edən film” - MÜSAHİBƏ FOTOSESSİYA
25 aprel 2011
# 11:21
Kulis.az Azərbaycanın gənc fotoqrafları ilə sizi tanış edir.
İlk qonağımız fotoqraf Abbas Atilaydır.
Fotolentdə isə Abbasın seçmə fotolarına baxa bilərsiniz.


Bir sənədli film izlədim həyatım dəyişdi

- Fotoqrafiyaya başlamaq qərarına necə gəldiniz? Foto təhsiliniz varmı?

- 2007-cı ildə Oslo şəhərində yaşadığım zaman Norveç dilini öyrənməyə çalışırdım. Bunun üçün bu dildə altyazıları olan bir DVD tapmişdim, müharibə fotoqrafı Ceyms Naçvey haqqında çəkilmişdi. O, arxada hərəkət edən fotoları fonunda maraqlı bir şey danışırdı: “Biz tələbə olarkən Vyetnam müharibəsi gedirdi. Siyasətçilərin hərəsi bir şeydən danışırdı. Sözün düzünü deyən isə yalnız fotolar idi”. Orxan Pamuk demişdi ki, bir gün bir kitab oxudum, bütün həyatım dəyişildi. Bəlkə də mənim həyatımı dəyişdi Ceyms Naçvey.

Sonra onun işləri ilə maraqlandım, Kosovada, Ruandada, Əfqanıstanda çəkdiyi fotolara baxdım. Milliyyətini belə bilmədiyim bu insan mənə özünüifadənin yeni formasını öyrətdi. Başa düşdüm ki, bununla mən özümü ən azından özümə ifadə edə bilərəm. Sonra Norveç dilini kənara tulladım, yalnız 4 milyon insanın başa düşəcəyi dili deyil, bütün insanların anlayacağı dili öyrənməyə çalışdım. Fotoqrafiyanın texniki baxımdan öyrənmək üçün bir neçə kursa getdim. Ancaq ən faydalı kursa fotoaparatı aldığım gündən başladım.

- Siz fotoqrafiyanı özünüifadə kimimi görürsünüz?

- Sənət, incəsənət insanın özünü ifadə formasıdır. İnsan təhtəlşüurunda ilişib qalanını yaradır sənətlə. Şahmat üzrə dünya çempionu Bobbi Fişer uşaqlıq yaddaşı valideynlərinin
dava-dalaşı ilə, sonra atasız ağır günlərin xatirələri ilə dolu olmasaydı onu kim məcbur edirdi ki, liberalizmin belə populyar olduğu bir zamanda durub ABŞ-a qarşı anti-təbliğat aparsın və ya İsrailin dövlət terrorundan bir yəhudi kimi bəhs etsin. Fotoqrafiya da belədir. Hər kəs öz keçmişini çəkir deyəsən. Məşhur fotoqrafların fotolarını incələyin, sonra da həyatını oxuyun, görün nə tapırsınız. Ona görə uşaq vaxtı cırıq başmaqla məktəbə gedən bir fotoqrafı toy çəkməyə dəvət etsəniz axtarıb hüznlü bir şey tapacaq.

- Yaradıcılığınıza təsir edən fotoqraflar kimlər olub? Və ya hansı fotolar olub?

- Yuxarıda haqqında danışdığım Ceyms Naçvey təsirləndiyimi dəqiq deyə bilirəm. Çünki bir çox vaxt bir mənzərəyə rast gələndə bunun bənzərini onun yaradıcılığında xatırlayıram ixtiyarsız və çalışıram ki, onun kimi çəkim. Bu imitasiyadır, amma bu cür imitasiyalar insana öz yolunu tapmağa yardım edir. Çünki sənətdə birini imitasiya etmək olur, amma onun özü olmaq olmur.
Əslən İran azərbaycanlısı Rza Deqqətinin yaradıcılığını çox sevirəm. İtalyan Francesk Zizolanın müharibə fotolarını, erməni əsilli türkiyəli Ara Gülərin İstanbul fotolarını çox xoşlayıram.

- Hansı mövzularda fotolara üstünlük verirsiniz? Fotolarınızın qəhrəmanları kimlərdir?

- Müharibə fotoqrafiyası ilə məşğul olmaq istərdim. Çünki məndə fotoqrafiyaya həvəs yaradan fotolar müharibə fotoları idi, həmişə müharibə fotoqrafı olmaq istəmişəm. Amma maddi imkan olmur qaynar nöqtələrdə olaq. Misir hadisələri zamanı bir neçə dəfə cəhd etdim, 1500 manat tapa bilmədim ora gedim. Bu gün də göndərən olsa Liviyaya uça-uça gedərəm. Amma kim maliyyələşdirəcək? Heç kim. Çünki bizim ölkədə media istədiyi fotonu “google”-dan rahat və məsuliyyət hiss keçirmədən götürüb istifadə edə bilirsə, əlavə xərc çəkib kimisə hadisənin episentrinə göndərmək “səfehlik”-dir.

- Qəzetlər fotolarınızı istinadsız verəndə çox əsəbiləşirsiniz deyəsən...

- Əlbəttə, kim haqqının yeyildiyini görüb gülümsəyər? Sizə elə bu günə bir misal çəkim. Xınalıqda yaşayan insanların yarısı qış zamanı aran ərazilərə köç edir. Aprelin sonlarında isə geriyə qayıdırlar. Bu köç zamanı insanlar ev-eşikləri ilə dağlarda 10 gün yol gedir. Bu bir etnik qrupun özünə məxsus mədəniyyətidir. Xınalıqlıların həyatı ilə bağlı foto-film hazırlamaq istəyirəm, buna görə bu köçü çəkməliyəm. Lazım olan xərc vur-tut 200 manatıdır.

Amma heç kim dəstək olmur. Amma sabah borc alıb gedib bu işi gördükdən sonra görəcəyik ki, min cür əzabla çəkdiyimiz fotolar hansısa qəzetdə istinadsız, öz fotoları kimi istifadə olunur. Bilirsiniz, onlar bu fotoları istifadə etdikləri zaman düşünmürlər ki, fotoların müəllifi fotoaparat üçün bankdan götürdüyü krediti hələ qaytarmayıb.

Medianın vəziyyəti ağırdır, başa düşürük, amma pulun yoxdur, heç olmasa peşəkarlığın olsun. “Müəllif hüquqları” deyilən bir şey var axı. Sabah məhkəməyə verdikdə deyəcəklər ki, “azad sözə basqı var”. Bu insanlara izah etmək lazımdır ki, bu gün “google”-dan foto oğurlamaq insani baxımdan tərbiyəsizlik, hüquqi baxımdan cinayətdir.

- Azad Fotoreportyorlar Birliyi yaratmısınız. Azərbaycan Fotoqraflar Birliyi adlı bir təşkilat da var. Bu həmin təşkilata alternativdirmi? O Fotoqraflar Birliyi ilə münasibətləriniz necədir?

- Bu təşkilatı bir neçə fotoqraf birlikdə yaradıb. Məqsəd məcburiyyətdən başqa işlərlə məşğul olan fotoqrafları öz peşəsinə - fotoqrafiyaya yönəltmədir. İstəyirik ki, maliyyə vəsaiti əldə edib yadda qalan işlər görək. İndi hal-hazırda təşkilatın internet səhifəsini hazırlayırıq. İstəyirik bu sayt media üçün fotobank rolunu oynasın.

Sistemlə mübarizə üçün alternativ sənət, alternativ incəsənət yaratmaq lazımdır. Misal üçün 68-in divar afişaları və ya Banskinin qrafitiləri o dövr üçün ağla gəlməz alternativlik idi. Fərdə deyil, sistemə alternativ yaratmaq lazımdır. Fərdə alternativlik uğursuz cəhddir, tutalım sabah onunla yaxın qohum oldunuz, necə olacaq?

- Hansı mövzularda fotolara üstünlük verirsiniz? Hansı fotonu ən yaxşı fotonuz hesab edirsiniz.

- Mən informasiya verən fotonu deyil, insanda hansısa təəssürat yaradan fotonu xoşlayıram. Foto özü danışmasın, sizi danışdırsın. Sizə o foto nəyisə xatırlatsın. Buna görə ən yaxşı fotomu fikirləşəndə ilk ağlıma gələnlərdən biri Keşlədə “Şanxay” qəsəbəsində 2010-da çəkdiyim vannadakı uşaqlar şəklidir. Desələr bu foto sizə nə danışır, deyərəm heç nə. Amma bu fotoya baxdıqca çox narahat oluram.

- İndi çox adamda fotoaparat var. Hamının çəkmək, yaymaq imkanı var. Sizcə bu fotoqrafiyaya necə təsir edir? Sizi bir peşəkar kimi narahat edirmi?

- Yuxarıda dediyim kimi, məncə fotoqrafiya özünüifadə formasıdır. Kimsə özünü bu formada ifadə etmək istəyirsə kim bunun qarşısını ala bilər. Sənətşünas deyiləm, amma mənə belə gəlir ki, sənətdə qiymət şkalası hər bir insanın öz zövqüdür.
Hamının əlinə bir fotoaparat alması öz-özlüyündə çox yaxşıdır, kortəbii olsa da bu yeni foto məktəbə çevrilə bilər. Faydası bəlkə də müzakirə mövzusudur, amma ziyansızlığı 100%-dir.

- Yeni başlayanlara nə məsləhət görərdiniz?

- Məncə yaxşı fotoqraf olmaq üçün ilk növbədə çox ədəbiyyat oxumaq lazımdır. Çünki ədəbiyyat fərqliliklər için eyniliyi, eyniliklər içində isə fərqliliyi görmək imkanı verir. Bu imkan olmayanda sizin fotonuz rəngli kağız parçası olacaq. İkinci olaraq mən məsləhət görərdim ki, maraqlı fotoqrafların fotolarına tez-tez və diqqətlə baxın. Bu fotolar sizdən xəbərsiz yaddaşınızda qalacaq. Buna bənzər situasiyada isə o özünü sizdən xəbərsiz sizə xatırladacaq.


Elmin Həsənli

Abbas Atilayın fotosunun müəlifi Əhməd Muxtardır
# 1519 dəfə oxunub

Oxşar xəbərlər

Sənə heç nə demirəm, eşidirsən? - Ulucay Akifin şeirləri

Sənə heç nə demirəm, eşidirsən? - Ulucay Akifin şeirləri

12:00 14 may 2024
Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri

Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri

15:00 13 may 2024
Bu da bu cür həyatdır – Elçinin hekayəsi

Bu da bu cür həyatdır – Elçinin hekayəsi

09:05 13 may 2024
Qatarda - İsi Məlikzadənin hekayəsi

Qatarda - İsi Məlikzadənin hekayəsi

11:20 12 may 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Beşinci hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Beşinci hissə

12:00 11 may 2024
Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

17:00 10 may 2024
#
#
# # #