Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri

Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri
16 noyabr 2025
# 12:00

Kulis.az Məhəmməd Nurinin tərcüməsində Moin Dehazın şeirlərini təqdim edir.

Moin Dehaz 1991-ci il, aprel ayının 26-da İranın Kərəc şəhərində anadan olub. Əslən Zəncandan, Cənubi Azərbaycandandır.

"Mənim atım" (“Əsb-e mən") adlı şeir kitabı 2017-ci ildə Tehranda işıq üzü görüb.

PİNOKKİO

Hardasan, Pinokkio?
Hansı ağacın gövdəsindəsən?
Hansı bahar, hansı pöhrə, Pinokkio?
Budaqlar, yəni
ağac yalan danışır.

Yarpaq gözəldir.
Gözəllik gəldi ki,
gizlətsin budağı,
gizlətsin yalanı.

Nə istəyirsən, Pinokkio?
İnsan olmağı?!
Heç kim sənin qədər istəmir bunu.
Ağacdan oğlan olaydım kaş,
yanmağımın
sonu olaydı.

Ey sadəlövh uşaqlığım!
Nağıllar yalan idi.
Yalan gəldi ki,
gecədən qorxmayaq.


NİGARAN

Təkcə bundan nigarandım
ki, səni axtara-axtara
dünyanın ən uzaq küçəsində
evinə gedib çıxam.
Sənsə bu vaxt
məni axtarmağa getmiş olasan.

Necə də qəmlidir
bilməyəndə
itirmisən,
ya itmisən.


CÜMƏ

Hələ cümə günüdür;
Necə də asta hələ,
necə də yalqız hələ...

Gedən uşaqlığımı düşünürəm.
Gedən gəncliyi.
İllər keçdi.
İllər keçdi.
Dəqiqələr amma
keçmək bilmir.


GÖYQURŞAĞI

Güldük.
Biz
güldük göy qurşağına.
Göy üzünün
yeddi rəngdə qəmlənən dodaqlarına.


ZƏNCİROTU

Zəncirotuna baxıram.
Öləndən sonra yola düşür
bu qəribə bitki.


CƏNNƏT

Bütün cənnətdən
üstünə ayaq basacağımız
bir səth istəyirəm.
Bir neçə dəqiqə istəyirəm.
Bir axşamçağı.
Onca yağışın söndürməyəcəyi
bir siqaret.
Və kaş
sıxılmaya ürəyim
cənnətdə yanan siqaretin halını görüb.


BİLƏYDİ KAŞ KİMSƏ

Dəfnimizdən
illər keçir.
Amma
biləydi kaş kimsə
niyə ölmədiyimizi.


BİR OVUC SU

Heç kəsin
xəbəri yox məndən.
Sellə axan
bir ovuc suyam.


# 1606 dəfə oxunub

Oxşar xəbərlər

Bir adadır sevgimiz, hər yanı xatirədir - Baba Vəziroğlu

Bir adadır sevgimiz, hər yanı xatirədir - Baba Vəziroğlu

11:50 30 iyun 2026
Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

10:35 30 iyun 2026
"Öldükdən sonra səni daha çox sevəcəyəm..." - İngilis şairdən sonet

"Öldükdən sonra səni daha çox sevəcəyəm..." - İngilis şairdən sonet

15:30 29 iyun 2026
"Dünya başdan-başa nə imiş dedin?" - Əli Kərimin şeirləri

"Dünya başdan-başa nə imiş dedin?" - Əli Kərimin şeirləri

12:00 29 iyun 2026
"Sənə insan öldürməyi öyrətdilər..." - Yapon şairin müharibə əleyhinə yazdığı məşhur şeiri

"Sənə insan öldürməyi öyrətdilər..." - Yapon şairin müharibə əleyhinə yazdığı məşhur şeiri

13:30 28 iyun 2026
"Yenə əzəlkidir, baxışın, səsin..."  - Anna Axmatovanın şeirləri

"Yenə əzəlkidir, baxışın, səsin..." - Anna Axmatovanın şeirləri

12:00 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər