ABŞ tarixinin ən məşhur çıxışlarından birinin yaranma prosesini göstərən nadir sənəd onilliklər sonra yenidən gündəmə gəlib.
Kulis.az xəbər verir ki, Martin Lüter Kinqin 1963-cü ildə söylədiyi “I Have a Dream” nitqinin yeganə məlum əlyazma son variantı tapılıb və hərraca çıxarılacaq.
Yeddi səhifədən ibarət sənəd Kinq tərəfindən 28 avqust 1963-cü ildə, Vaşinqtonda çıxışından bir neçə saat əvvəl yazılıb. Sarı kağız üzərində mavi mürəkkəblə yazılmış səhifələrdə müəllifin düzəlişləri, üzərindən xətt çəkdiyi sözlər və fikrini necə formalaşdırdığını göstərən qeydlər var. Əlyazma uzun müddət Kinqin köməkçisi və nitq redaktoru Edvard Kleytonun şəxsi sənədləri arasında saxlanılıb. Onu ilk dəfə 1990-cı illərin sonunda Kleytonun həyat yoldaşı Kserona Kleyton tapıb, lakin sənədin tarixi əhəmiyyətini tam anlamadığı üçün yenidən siyirməyə qoyub. Əlyazma 2024-cü ildə təkrar aşkar edilib.
Sənədlə bağlı ən maraqlı məqam isə budur: Kinqin çıxışına adını verən məşhur “I Have a Dream” ifadəsi əlyazmada yoxdur. O, həmin sözləri nitqini söyləyərkən spontan şəkildə əlavə edib. Sənədin 2027-ci il yanvarın 22-də Nyu-Yorkda hərraca çıxarılması planlaşdırılır. “Christie's” əlyazmanın 10 milyon dollardan baha satıla biləcəyini gözləyir.