Televiziya sektorundakı ümumi daralmaya baxmayaraq, rəqəmsal yayım platformaları Hollivudun ən məşhur ulduzlarına milyonlarla dollar ödəməyə davam edir.
Kulis.az "Variety" nəşrinə mistinadən xəbər verir ki, qısa sezonlar (6–10 bölüm) və müstəsna müqavilə şərtlərinin yumşaldılması kino ulduzlarını seriallara cəlb edən əsas amillərdir.
Cennifer Eniston və Riz Uizerspun, eləcə də Silvestr Stallone hər bölüm üçün təxminən 2 milyon dollar qonorar alır.
"Only Murders in the Building" serialının 6-cı sezonunda Selena Qomez, Stiv Martin və Martin Şort, "The Five-Star Weekend" layihəsində isə Cennifer Qarner 1 milyon dollardan çox qazanan aktyorlar arasındadır.
Zendaya və Nikolas Keyc də yüksək büdcəli razılaşmalarla seçilirlər.
"Apple", "HBO", "Amazon" və "Paramount+" kimi platformalar ulduz adlara sərmayə qoymağa üstünlük versə də, orta səviyyəli aktyorlar üçün iş tapmaq çətinləşib.
Digər tərəfdən, 2018-ci ildə Kaliforniyada qəbul edilən qanun aktyorların əvvəlki qazanclarının yeni müqavilələrdə əsas götürülməsini qadağan edərək, qadın və azlıq qruplarından olan sənətçilərin maaş bərabərliyini gücləndirib.