Son illərin məşhur fantastik romanlarından biri böyük ekran üçün hazırlanıb.
Kulis.az xəbər verir ki, "Paramount Pictures" yazıçı Tomi Adeyeminin 2018-ci ildə yayımlanan bestselleri əsasında çəkilmiş “Children of Blood and Bone” filminin yeni treylerini təqdim edib.
Ekran əsərinin hadisələri Orişa adlı uydurma Afrika krallığında cərəyan edir. Hekayənin mərkəzində xalqından zorla alınmış sehrli gücü geri qaytarmağa çalışan Zeli adlı gənc qadın dayanır. O, qardaşı Tzain və kralın övladları Amari ilə İnanla birləşərək zalım hökmdar Saranın hakimiyyətinə qarşı mübarizəyə başlayır.
Filmin rejissoru Cina Prins-Baytvuddur. Baş rolda Tuso Mbedu çıxış edir. Aktyor heyətində Amanda Stenberq, Deymon İdris, Çivetel Eyfor, Sinsiya Erivo, Laşa Linç, Reqina Kinq, İdris Elba və Viola Devis kimi tanınmış simalar var. Nigeriyalı müğənni Tems də layihənin musiqi istiqamətində iştirak edir.
Treylerdə sehrli aləmin vizual imkanları, döyüş səhnələri və Afrika mədəniyyətindən ilhamlanan geyim və dekorasiyalar diqqət çəkir. Layihənin maraqlı tərəfi fantastik janrın Avropa və ya Qərb mifologiyası əvəzinə Afrika dünyagörüşü və mifoloji elementləri üzərində qurulmasıdır.
“Children of Blood and Bone” filminin 15 yanvar 2027-ci ildə kinoteatrlarda nümayişi nəzərdə tutulub. Romanın geniş oxucu auditoriyası qazandığını nəzərə alsaq, ekranlaşdırmanın gələn ilin diqqətçəkən fantastik layihələrindən biri olacağı gözlənilir.