Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər

Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər
12 noyabr 2026
# 13:47

Kulis.az Hacı Səfərlinin qəzəllərini təqdim edir.

Hüsnün çəmən çiçəklərinin diqqətin çəkir,
Gülzardə nə varsa, onun həsrətin çəkir.

Mümkün mü qarə gözlərinə göz dəyə sənin?!
Kirpiklərin bəbəklərinin qeyrətin çəkir.

Zülfündə ki şükufələnir yay küləkləri,
Zülfün dağılmasın, payızın surətin çəkir.

Gün batdı, ay cəmalın ilə çıxma bir yerə,
Ulduz görəndə gözlərin ondan çətin çəkir.

Lütf eylə, zəhmət olmasa, ey gül, bu Əhmədə,
Şeriylə hər dəfə saçının zəhmətin çəkir.

***

Sənin gözündə, gözəl qız, gözəllərin gözü var,
Üzündə cənnətin əksi, İlahinin izi var.

Qaşın, gözün, bəbəyin, kirpiyin bir aləmdir,
Bütün vücudun içində bu aləmin özü var.

Çəmən çiçəkləri qarşında baş əyir hər gün,
Düzür önündə təbiət nə lalə, nərgizi var.

Nəzakətin, ədəbindir səni birinci edən,
Üzün gözəlliyi şərt olsa, əllisi, yüzü var.

Əcəb qoyub səni, Leylayə üz tutub Məcnun,
Həya da yoxdur üzündə, həyasızın üzü var.

Cahanə car çəkirəm, sevgilim, məhəbbətimi,
Bu incə şeri eşitsinlər, Əhmədin sözü var.


Əbülhəsən Raciyə nəzirə

"Bəzmi-nişatə saqi meyi-ərğuvan verir,
Aşiqi-mürdədillərə guya ki, can verir."

Hüsnün gözəlliyi güli-firdövsə tən gəlir,
Qəddin onun vücudunu, ey gül, nişan verir.

Sən bu təbiətin gülüsən, mən də bülbülü,
Göz yaşımı sıxıb sənə su bağban verir.

Eşq əhlinə bir özgə əziyyət rəva deyil,
Onsuz həyata kim ki gəlir, imtahan verir.

Kəşf etmişəm bu eşq ilə dünyanın əvvəlin,
Versin qoy axırın mənə Allah, haçan verir.

Əhməd dilər yolunda verə başü-canını,
Çünki o qorxmayır ki, məhəbbət ziyan verir.

***

Nə vaxt dikirsə bu qız asimanə gözlərini,
Bütün mələklər öpürlər miyanə gözlərini.

Nə sirrdirsə, mənə, bilmirəm, qəribə baxır,
O yanə qaşların əymiş, bu yanə gözlərini.

Cahanda kimsədə yoxdur onunkutək ala göz,
İlahi xəlq eləyibdir yeganə gözlərini.

Rəvamı heç bu gözəllikdə dilbərin, yaş ötə,
Təbiət hüsnünü alsın, zəmanə gözlərini?!

Qaşıyla kirpiyi birlikdə qan tökür gecələr, *
Dəva bilir səhər eşq əhli canə gözlərini.

Şikəstə Əhmədəm, arzum nigarımın özüdür,
Səhərdən eyləyirəm mən bəhanə gözlərini.


***

Bir yaxşı yarın eşqi bu qəlbi yaman tutub,
Nöqsan tutubsa kimsə o yarə, yalan tutub.

Parlaq cəmalı ilə tutub asimanı nur,
Ondandı nuru ilə Yeri asiman tutub.

Tutmuş gözü məni, elə bil çöldə ov tutur,
Bir əldə ox tutub, o birində kaman tutub.

Bir səhvi tutmuram ki, nə yerdə buraxmışam,
Könlüm quşu o yarın evində məkan tutub.

Zöhd əhli açmayıb ayağın mən açan yerə,
Qura'n şərhinə açıb əldə bəyan, tutub.

Bax Əhmədin bu şerinə, ondan tutan tutur,
Hicran oduyla dövrəsin ahü-fəğan tutub.


***

Biz öz nigarımızın məhcəmalın istəyirik,
Üzündəki iki ulduz misalın istəyirik.

Gələn deyil quzu, ceyran gözüylə fənd bizə,
Təbiətin ala gözlü maralın istəyirik.

O dilbərə kəmər altında incə bel yaraşır,
Qaşın fəqət gözü üstündə qalın istəyirik.

Gözəllik aləminin hərtərəfli şahıdır o,
Həmi cəmalın, həm əqlin, kamalın istəyirik.

Yanağı al, çiyələkdən seçilməyir, amma
Güləndə gizləməsin qarə xalın, istəyirik.

O Kəbə üzlü bizə qibləgahdır, Əhməd,
Bizə tərəf eləyə kəc hilalın, istəyirik.


# 57 dəfə oxunub

Oxşar xəbərlər

"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

12:32 12 noyabr 2026
"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." -  Əli Şirin Şükürlünün metamodern şeirləri

"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." - Əli Şirin Şükürlünün metamodern şeirləri

15:00 11 noyabr 2026
"Qoy, mən də gəlim səninlə..."  - Yannis Ritsosdan şeirlər

"Qoy, mən də gəlim səninlə..." - Yannis Ritsosdan şeirlər

13:00 11 noyabr 2026
İki qonşunun partiya sevdası - Rafiq Ələkbərin sərbəst esse-poeması

İki qonşunun partiya sevdası - Rafiq Ələkbərin sərbəst esse-poeması

12:45 10 noyabr 2026
“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

10:00 9 noyabr 2026
"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

11:32 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər