Amerikalı aktrisa İrma P. Holl 91 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, aktrisanın ailəsi onun ölümünü noyabrın 11-də açıqlayıb.
Holl noyabrın 10-da Dallasda dünyasını dəyişib. Ölüm səbəbi barədə məlumat verilməyib.
Aktrisanın sənət yolu bir çox həmkarından fərqlənirdi. O, aktyorluğa başlamazdan əvvəl iyirmi ildən artıq müəllim işləyib, Dallas məktəblərində ingilis dili və xarici dillərdən dərs deyib. Kino karyerasında əsl tanınma isə 60 yaşından sonra gəlib.
1997-ci ildə çəkilmiş "Soul Food" filmindəki Big Mama obrazı ona geniş şöhrət qazandırıb. Bu roluna görə aktrisa NAACP Image mükafatına layiq görülüb. Sonradan eyni obrazı filmin televiziya serialında da canlandırıb.
Hollun digər yaddaqalan işi Koen qardaşlarının 2004-cü ildə çəkdiyi "The Ladykillers" filmi olub. Tom Henksin tərəf-müqabili kimi Marva Mansun obrazını canlandıran aktrisa Kann kinofestivalının münsiflər heyətinin xüsusi mükafatını qazanıb.
Onun yaradıcılığında "Beloved", "A Family Thing", "Patch Adams", "Midnight in the Garden of Good and Evil" və "Meet the Browns" filmləri də xüsusi yer tutur. Holl yalnız ekran fəaliyyəti ilə deyil, gənc aktyorlara dəstəyi və Dallasda teatr sənətinin inkişafına töhfəsi ilə də tanınırdı.