Süni intellektin ədəbiyyat və nəşriyyat sahəsinə təsiri ilə bağlı yeni araşdırma maraqlı nəticələr ortaya qoyub. Sənayedə çalışan əməkdaşların böyük əksəriyyəti texnologiyanın gələcəkdə kitab bazarına mənfi təsir göstərə biləcəyindən ehtiyat edir.
Kulis.az xəbər verir ki, “Publishers Weekly” nəşrinin 2026-cı il əməkhaqqı və iş şəraiti araşdırmasına əsasən, sorğuda iştirak edən nəşriyyat əməkdaşlarının 77 faizi süni intellektə mənfi münasibət bəsləyir.
Bununla belə, şirkətlərin 73 faizində bu texnologiyadan müəyyən formada istifadə olunur. Ən çox rast gəlinən tətbiq sahələrindən biri bazar araşdırmasıdır.
Araşdırmada əsas narahatlıq süni intellekt vasitəsilə yazılmış kitabların nəşrə hazırlanması və müəllif əməyinin dəyərsizləşməsi ilə bağlıdır. Bəzi əməkdaşlar texnologiyanın gündəlik iş prosesində tətbiqini zəruri hesab etsələr də, digərləri bunun yaradıcı peşələrin gələcəyini təhlükə altına qoyduğunu düşünür.
Hesabatda daha bir diqqətçəkən məqam əməkhaqları ilə bağlıdır. Sorğu iştirakçılarının orta əməkhaqqı 2024-cü ildəki 80 min dollardan 78 min dollara düşüb. Beləliklə, kitab sənayesi eyni zamanda həm iqtisadi çətinlik, həm də texnoloji dəyişikliklərlə üzləşir. Araşdırma göstərir ki, süni intellekt artıq nəşriyyatların iş prosesinə daxil olsa da, bu sahənin peşəkarları onun gələcəyinə hələ də böyük şübhə ilə yanaşırlar.