Milli Məclisin deputatı, tanınmış ədəbiyyatşünas Elnarə Akimova parlamentdəki büdcə müzakirələri zamanı son günlər cəmiyyətdə ciddi rezonans doğuran məktəb dərslikləri problemini gündəmə gətirib.
Kulis.az xəbər verir ki, millət vəkili təhsilə ayrılan vəsaitlərin xərclənməsinə, dərsliklərdəki kütləvi məzmun və texniki qüsurlara kəskin etirazını bildirib, aidiyyəti qurumları – xüsusilə Elm və Təhsil Nazirliyini hesabatlılığa çağırıb.
O, büdcə müzakirələrinin sadəcə quru rəqəmlərdən ibarət olmadığını, cəmiyyətin gələcəyini müəyyən edən strateji baxışın ortaya qoyulmasının vacibliyini vurğulayıb:
"Təhsilə ayrılan hər bir manat dövlətin gələcəyinə qoyulan sərmayədir. Bu sahədə nə qədər uğurlu olacağıqsa, gələcəyimizi sabahkı nəslə bir o qədər aydın, əmin və arxayın həvalə edəcəyik. Amma əvvəlcə biz onlara o sağlam mühiti yaratmalıyıq".
Dərslik qalmaqalı və nazirliyin sükutu
Son günlər efirlərdə, sosial şəbəkələrdə, eləcə də ziyalı mühitində məktəb dərsliklərinin bərbad vəziyyəti, oradakı ciddi məzmun xətaları və texniki yararsızlıqların geniş müzakirə olunduğunu xatırladan Elnarə Akimova, ictimaiyyətin narahatlığını tamamilə haqlı hesab etdiyini bildirib.
Valideynlərin, müəllimlərin və mütəxəssislərin həyəcan təbili çaldığını deyən deputat, Elm və Təhsil Nazirliyi səviyyəsində bu tənqidlərə adekvat reaksiya verilmədiyini, sağlam izahatın və problemin həllinə yönəlik addımların görünmədiyini diqqətə çatdırıb.
"Milyonlar xərclənir, ortada qüsurlu mətnlər var"
Millət vəkili bildirib ki, dərsliklərin hazırlanması və nəşri üçün dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır. Ancaq nəticə ürəkaçan deyil:
"Bu gün əgər ayrılan milyonlarla manat vəsaitin müqabilində cəmiyyətdə haqlı etiraz doğuran, qüsurlu və səthi mətnlərlə dolu dərsliklər ortaya çıxırsa, deməli, hardasa çox ciddi nəzarət boşluğu var. Bu vəsaitlər daha səmərəli və məqsədyönlü xərclənməlidir".
E.Akimova dərslikləri sadəcə təhsil vasitəsi deyil, dövlətin strateji təhlükəsizliyi adlandırıb. O qeyd edib ki, uşaqlarımıza milli kimliyi, ana dilini və doğru tarixi aşılayan bu vəsaitlər bizim milli-mənəvi dəyərlərimizin keşiyində durmalıdır. Deputat, ölkə başçısı İlham Əliyevin YAP-ın 8-ci qurultayında və VII Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunda etdiyi çıxışlara istinad edərək, sağlam gələcəyin formalaşması üçün təhsilin və milli dəyərlərin önəmini xatırladıb.
Yəhudi alimin ibrətamiz cavabı
Çıxışının ən diqqətçəkən məqamında deputat yəhudilərin təhsilə və elmə yanaşması ilə bağlı maraqlı bir detala toxunub:
"Təhsil ümummilli məsələdir. Bir yəhudi alimindən soruşurlar ki, niyə görə sizin içinizdən bu qədər Nobel mükafatçıları çıxır? O cavab verir ki, çünki biz dərsliklərimizə özümüzün ən müqəddəs dəyərlərimizi yerləşdiririk. Məncə, biz də bu yöndə düşünməli və nəticə çıxarmalıyıq".
Parlamentdən sərt 3 təklif
Vəziyyətdən çıxış yolu kimi Elnarə Akimova parlamentin tribunasından üç konkret təkliflə çıxış edib:
İctimai dinləmələr keçirilsin: Parlamentdə Elm və Təhsil Nazirliyi və müvafiq qurumlarla birlikdə mütəmadi ictimai dinləmələr təşkil edilsin. Mövcud irad və təkliflər dinlənilsin, birlikdə həll yolları axtarılsın.
Şəffaf hesabat tələbi: Dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı Milli Məclisin komitəsinə ətraflı və şəffaf hesabat təqdim olunsun.
Müstəqil Ekspertiza Komissiyası yaradılsın: Dərsliklərin qiymətləndirilməsi prosesinə ictimaiyyətin, tanınmış alimlərin, əsl mütəxəssislərin və ziyalıların real təsiri təmin edilsin. Bununla da məzmun keyfiyyətinə nəzarət gücləndirilsin.
Çıxışının sonunda E.Akimova deputatların əsas missiyasına da toxunub:
"Bizdən gözlənilən təkcə büdcəni rəqəmlər olaraq təsdiqləmək deyil, dövlətin pulunun hara və necə xərcləndiyinə, xüsusilə də uşaqlarımızın təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyinə nəzarət etməkdir".
Millət vəkili yekunda dövlət büdcəsini dəstəklədiyini bildirərək çıxışını yekunlaşdırıb.