"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva
8 oktyabr 2026
# 12:00

Bu gün tanınmış rus şair Marina Svetayevanın doğum günüdür.

Kulis.az onun "Qısqanclıq cəhdi" şeirini Məhəmməd Nurinin tərcüməsində təqdim edir.

Necə gedir həyat başqa qadınla?
Sahil xətti boyu avar çəkərək
çoxmu tez alındı məni unutmaq?
Çoxmu asan gəldi məni tərk etmək?

Mən bir əsrarəngiz, üzən adaydım,
(yerim göylər idi, nəinki dəniz!)
Ey ruhlar! Siz bacı olmalıydınız,
sevgili olmalı deyildiniz siz.

Necə gedir həyat adi qadınla?
Tanrısız qadınla yaşamaq asan?
Necə gedir həyat salandan sonra
şanlı məlikəni uca taxtından?

Necə gedir həyat, çabalayırsız?
Sarılıb yatırsız, durursuz necə?
Ölümsüz şitliyin rüsumunu siz
ay yazıq, necə bəs verirsiz, necə?

Daha öz yolumla gedəcəyəm mən,
bəs edər özümü kəsib-biçdiyim!
Necədir həyat o yoldan ötənlə?
Necədir, ey mənim sevib-seçdiyim?!

Sizə xas, tezbazar o yeməklərdən
bezsəniz, deyinmək yerinə düşməz...
Necə gedir həyat bir surət ilə,
Ey Sina dağını tapdalayan kəs!

Necə gedir həyat o yad qadınla?
Gəlirmi xoşunuz qabırğasından?
Xəcalət qırmancı alnınızdan heç
Zevsin cilovutək tökürmü tər-qan?

Necə gedir həyat? Sağalmısınız?
Alınır? Gəlirmi nəğmələr dilə?
Ay yazıq, bəs necə keçinirsiniz
ölümsüz vicdanın xorası ilə?

Bazar malı ilə necədir həyat?
Yoxsa çox ağırdır vergi şərtləri?
Necədir həyat o gips tozuyla?
(Noldu Karraranın bəyaz mərməri?

Bu mərmər möhkəm və sal qayalardan
yonulmuş büt idi, sındı büsbütün!)
Yüz mininci ilə necədir həyat
Liliti tanımış bir kişi üçün?

Bazar yeniliyi doydurur sizi?
Mənim sehrim gəlir sizinçün bayat?
Maraqlı gəlirmi dünyaya bağlı,
altıncı hissiz o qadınla həyat?

İndi peşmansınız, ya xoşbəxtsiniz?
Yoxsa yorur sizi o dayaz çökək?
Necədir, istəklim, həyat, ağırmı
mənə başqasıyla ağır olantək?

19 noyabr 1924

# 67 dəfə oxunub

Oxşar xəbərlər

“Mənə o dibçəyi ver, bir də akvariumu...” - Mətləb Ağanın yeni şeirləri

“Mənə o dibçəyi ver, bir də akvariumu...” - Mətləb Ağanın yeni şeirləri

11:00 8 oktyabr 2026
“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri

“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri

10:30 7 oktyabr 2026
"Sözlərə bürünəcəyəm ala-bəzək otlar kimi..." - Alfred Tennison

"Sözlərə bürünəcəyəm ala-bəzək otlar kimi..." - Alfred Tennison

15:30 6 oktyabr 2026
"Məndən nəsə var Antonio Banderasda..." - Həmid Herisçinin yeni şeirləri

"Məndən nəsə var Antonio Banderasda..." - Həmid Herisçinin yeni şeirləri

15:00 6 oktyabr 2026
"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

17:45 2 oktyabr 2026
Bir daha demərəm tamarzıyam mən – Günün şeiri

Bir daha demərəm tamarzıyam mən – Günün şeiri

11:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər