Bir çox şeydən əzəldir türk bayrağı - Şeirlər

Bir çox şeydən əzəldir türk bayrağı - Şeirlər
20 noyabr 2026
# 14:10

Kulis.az Tural Əlizadənin şeirlərini təqdim edir.

Dəli olmaq istəyirəm

Həyatda ən böyük arzum:
Dəli olmaq istəyirəm!
Sarsılsın cümlə şüurum,
Dəli olmaq istəyirəm!

Karlığın əziyyəti var,
Korluğun məşəqqəti var,
Lallığın da zəhməti var;
Dəli olmaq istəyirəm!

Dərd çəkməkdən tamam bezdim,
Ürəyimi sıxıb-üzdüm,
Boş xəyallar qoşub-düzdüm;
Dəli olmaq istəyirəm!

Tərəddüddən gəldim cana,
Ah-zar etdim yana-yana,
Sığmadım kövnü məkana;
Dəli olmaq istəyirəm!

"Allah varmı, yoxmu görən?
Varmı mərifətə varan,
Həqiqət meyvəsin dərən?" -
Dəli olmaq istəyirəm!

Şübhə ruhuma saldırdı,
Çirkaba, pasa daldırdı,
İmanımın belin qırdı;
Dəli olmaq istəyirəm!

Xoşbaxt günlər harda qaldı?!
Ruhum soluban saraldı,
Köksümdə qəlbim daraldı;
Dəli olmaq istəyirəm!

Havalanıb düşəm çölə,
Camaat lağ edə, gülə,
Dərdlərdən canım qurtula;
Dəli olmaq istəyirəm!

Turalam, iman dilərəm,
Dərdimə dərman dilərəm.
Əgər tapılmasa çarəm,
Dəli olmaq istəyərəm.

2015

Münacat

Seyid İmadəddin Nəsimi və Hafiz Şirazinin pak-mübarək ruhlarına ithaf olunur.


Etdim istiğfarü tövbət,
Çəkdim nəfsimə riyazət.
Gəldi mənə öylə halət;
Həqqə məzhər oldu canım!

Eyləmədim həyavü ar,
Qıldım fəğanü ahü zar,
Vücudum mənə gəldi dar,
Qalmadı tabım-təvanım!

Gəl meylə doldur badəmi,
Sirab eylə ləblərimi.
İmtahan etmə səbrimi,
Ey saqiyi-mehribanım!

Qoy şərabdan sərxoş olum,
Vüsalından bihuş olum.
Eşqindən od tutmuş olum,
Alışım, yaxılıb-yanım!

Kaş rəhmətin gələ cuşa,
Məğfirətin coşub-daşa;
Rəhm edəsən bu naxoşa,
Ya Qəfurum, ya Rəhmanım!

Cihad üçün riyazət şərt,
Riyazət üçün xəlvət şərt,
Xəlvətçün mənsubiyyət şərt;
Budurmu ruşi-asanım?!

Əgər Sən salmasan nəzər,
Nəfsi Qul Turalı əzər.
Məğlubiyyətdən dad-həzər!
Hanı zəfəri-zişanım?!

30.08.2019

Bizim əsgər

Vətən müharibəsinin
qazi və şəhidlərinə ithaf olunur.


Dizlərində qüvvət, köksündə iman,
Döyüşür Qarabağda bizim əsgər!
Düşmən mövqelərini məhv eyləyir,
Həm aranda, həm dağda bizim əsgər!

Dilində “Allah!”dır, əlində silah,
Gözündə vüqara, əzəmətə bax!
Döyüşərkən qorxu, süstlükdən uzaq,
Zəfər üçün soraqda bizim əsgər!

Dağıdınca istehkamı, bəndləri,
Batil edir hiylələri, fəndləri.
Fəth eyləyir qarış-qarış kəndləri,
Həm isti, həm sazaqda bizim əsgər!

PUA-larımız Əbabil tək uçuşur,
Ermənilər pərən-pərən qaçışır.
Hər biri kükrəyən aslan, qoçu, şir
Ön cəbhədə, qabaqda bizim əsgər!

Döyüşlər verir çox parlaq nəticə:
Torpaqlar azad olur bircə-bircə.
Bürünərkən qəlblərimiz sevincə,
Yaş süzülər yanaqda, bizim əsgər!

Əvvəl Cəbrayılın xəbəri gəldi,
Sonra Füzuliyə bayraq dikildi.
Zəngilan alındı, Güney dirçəldi;
İran qəzəb saçmaqda, bizim əsgər!

Qubadlı kafirlərdən azad oldu,
Mirsədi ağanın ruhu şad oldu.
Şuşa qurtuldu, məscid abad oldu,
Çün azan oxumaqda bizim əsgər!

Üçtərəfli sənəd imzalanınca,
Qırx dörd günlük döyüş tamamlanınca,
Ağdam, Kəlbəcər, Laçın boşalınca,
Düşmənin halına bax da, bizim əsgər!

Türk əsgəri Qarabağa çatarsa,
Xankəndini ölkəmizə qatarsa,
DQR süqut edibən batarsa,
Tural kefdə-damaqda, bizim əsgər!

21.11.2020

Türk bayrağı

Bayraqlar rəngbərəng, bayraqlar min-min,
Hamısından əfzəldir türk bayrağı!
Livayi-dövlətdir, həm livayi-din,
Yolumuzda məşəldir türk bayrağı!

Bidayəti Kosovo savaşıdır,
Tarixi millətin təməl daşıdır.
Ələ salan hərcayıdır, naşıdır;
Bir çox şeydən əzəldir türk bayrağı!

Döyüşdə çox mücahidlər can verdi,
Şəhid oldu, al-qırmızı qan verdi.
Ay və ulduz göründü, nişan verdi,
O gündən ləmyəzəldir türk bayrağı.

Əbdülməcid xandan bəri caridir,
Beşguşəli ulduz, ayı varıdır.
Rəngi aldır, sanki laləzar(ı)dır,
Tamaşadır, gözəldir türk bayrağı!

Hilal - islamiyyətə bir işarət,
Ulduz - şanlı türk milləti, əşirət.
Al - şəhid qanı; cənnətə bəşarət.
Mənaları özəldir türk bayrağı.

Şəninə çox şeirlər qoşulubdur;
Misralarda coşulub-daşılıbdır,
Qədirbilməzlərlə savaşılıbdır -
Hecadır, həm qəzəldir türk bayrağı!

Mənimki də olsun onlardan biri,
Dinləyənlərdən qazansın təqdiri.
Tural bununla bitirir şeiri:
Həp örnəkdir, məsəldir türk bayrağı!

02.07.2026

# 53 dəfə oxunub

Oxşar xəbərlər

"Göyqurşağını ilmə-ilmə toxuyanı tanıyıram..." - Ullie Kayenin şeiri

"Göyqurşağını ilmə-ilmə toxuyanı tanıyıram..." - Ullie Kayenin şeiri

16:39 17 noyabr 2026
"Yollar bir-birini tanıyırdı hələ..." - Enn Karsonun şeirləri

"Yollar bir-birini tanıyırdı hələ..." - Enn Karsonun şeirləri

11:31 15 noyabr 2026
Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər

Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər

13:47 12 noyabr 2026
"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

12:32 12 noyabr 2026
"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." -  Əli Şirin Şükürlünün metamodern şeirləri

"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." - Əli Şirin Şükürlünün metamodern şeirləri

15:00 11 noyabr 2026
"Qoy, mən də gəlim səninlə..."  - Yannis Ritsosdan şeirlər

"Qoy, mən də gəlim səninlə..." - Yannis Ritsosdan şeirlər

13:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər