Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi
20 noyabr 2026
# 13:28

Özbəkistanın Qaşqadərya vilayətində keçirilən “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda Şah İsmayıl Xətai adına Azərbaycan Dili və Ədəbi İrsi Mərkəzinin açılış mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında yaradılan mərkəzin açılışında elm, təhsil və mədəniyyət nümayəndələri, institutun professor-müəllim heyəti və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

XVI əsrin görkəmli dövlət xadimi və şairi Şah İsmayıl Xətainin adını daşıyan bu mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin, eləcə də ölkəmizin zəngin mədəni irsinin beynəlxalq aləmdə daha geniş tanıdılmasına töhfə vermək, tələbə və gənclərin bu irsə marağını artırmaq, Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələri möhkəmləndirməkdir.

Mərkəzin ekspozisiyasında Şah İsmayıl Xətainin həyatı, yaradıcılığı və ədəbi-siyasi fəaliyyəti haqqında məlumatlar, Azərbaycan mütəfəkkirlərinin portretləri və onların irsini əks etdirən materiallar, eləcə də Mədəniyyət Mərkəzinin layihəsi əsasında nəşr olunmuş kitablar və müxtəlif suvenirlər nümayiş etdirilib. Ekspozisiya ziyarətçilərin Azərbaycan ədəbiyyatı və mədəniyyəti, milli-mənəvi irsimizin görkəmli nümayəndələri haqqında biliklərini genişləndirməklə yanaşı, tələbələrə bu irsi dərindən öyrənmək və müstəqil araşdırmalar aparmaq imkanı yaradacaq.

Həftə çərçivəsində, həmçinin Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda “Azərbaycan–Özbəkistan əlaqələrində Şah İsmayıl Xətai və Əmir Teymur irsi” mövzusunda elmi dəyirmi masa təşkil olunub.

Dəyirmi masada çıxış edən Şəhrisəbz şəhərinin hakimi Şerzod Buriyev Ədəbiyyat və Sənət Həftəsi çərçivəsində keçirilən tədbirlərin Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafına və xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə verdiyi töhfəni qeyd edib. O, dəyirmi masa iştirakçılarına uğurlar arzulayıb.

Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunun rektoru Məşəl Səidov çıxışında dəyirmi masanın Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi, alim və tədqiqatçılar arasında fikir mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Şah İsmayıl Xətai və Əmir Teymurun irsinin birgə müzakirəsi xalqların ortaq tarixi-mədəni dəyərlərinin daha dərindən öyrənilməsinə, bu irsin gələcək nəsillərə çatdırılmasına və ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafına imkan yaradır.

Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli dəyirmi masanın mövzusunun Azərbaycan və Özbəkistan arasında tarixi-mədəni əlaqələrin öyrənilməsi baxımından aktuallığını vurğulayıb. Şah İsmayıl Xətai və Əmir Teymurun dövlətçilik tarixindəki rolundan bəhs edən Akif Marifli onların elmə, mədəniyyətə və incəsənətə verdikləri töhfələrlə də tarixdə mühüm iz qoyduqlarını qeyd edib. O, həmin hökmdarların saraylarında sənətkarlara və mədəniyyət xadimlərinə göstərilən himayənin dövrün mədəni həyatının və incəsənət mühitinin zənginləşməsində mühüm rol oynadığını bildirib.

Dəyirmi masada AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın XV–XVIII əsrlər tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Tofiq Nəcəfli, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev, Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunun dosenti, fəlsəfə elmləri namizədi Qanoatova Feruza, eləcə də Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun Şərq klassik ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri namizədi, dosent Eşonova Salimaxon məruzələrlə çıxış ediblər.

Məruzələrdə Şah İsmayıl Xətai və Əmir Teymur irsinin dövlətçilik, ədəbiyyat və mədəniyyət tarixindəki əhəmiyyətindən, Xətainin divan ədəbiyyatındakı yerindən, tarixi şəxsiyyətlərin dövlətçilik ənənələrinə təsirindən, eləcə də Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış mədəni və diplomatik əlaqələrdən bəhs olunub.

# 55 dəfə oxunub

Oxşar xəbərlər

Ağdamda Qarabağ atlarının şousu keçirildi

Ağdamda Qarabağ atlarının şousu keçirildi

13:31 20 noyabr 2026
AMEA-nın strukturunda dəyişiklik edildi

AMEA-nın strukturunda dəyişiklik edildi

13:28 20 noyabr 2026
Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

13:21 20 noyabr 2026
Həyatın montaj otağında qalan adam - "Tənhalıq həsrəti" haqqında

Həyatın montaj otağında qalan adam - "Tənhalıq həsrəti" haqqında

13:20 20 noyabr 2026
Tarix və mədəniyyət abidələrinin  əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

Tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

13:17 20 noyabr 2026
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi

12:51 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər