Freydçi fikirlər, qarşısıalınmaz libido, azğın cinsi arzular... - Psixoanaliz mövzusunda 10 məşhur əsər

Freydçi  fikirlər, qarşısıalınmaz libido, azğın cinsi arzular... - Psixoanaliz mövzusunda 10 məşhur əsər
19 noyabr 2026
# 15:00

Kulis.az psixoanaliz mövzusunu ehtiva edən 10 məşhur əsər haqqında Filip Van Hautun yazısını təqdim edir.

Freydin əsərləri psixologiya və cinsəllik haqqındakı fikirləri dəyişdirdiyi qədər bədii yaradıcılığı və fəlsəfəni də dəyişdirdi.

Görkəmli mütəfəkkirlərin mühüm mətnlərini digərlərindən fərqləndirən cəhət onların dəfələrlə oxuna bilməsi və hər dəfə yeni düşüncələr oyatmasıdır. Və bu, Ziqmund Freydin "Cinsəllik üzərinə üç esse" adlı kitabı üçün də tamamilə keçərlidir. Əsərləri ilə insan psixologiyasına dair fikirləri kökündən dəyişdirən Ziqmund Freydin yaxın vaxtlarda yeni tərcüməsi ilə rəflərdəki yerini alan bu əsəri "Yuxuların yozumu" ilə birlikdə təkcə psixoanalizin təməl mətnlərindən biri olmaqla qalmayıb, həm də cinsəlliklə bağlı fikirlərə dərindən təsir edib.

Lakin maraqlıdır ki, kitabın 1924-cü il tarixli ilk versiyasındakı cinsəllik nəzəriyyəsi bir çox cəhətdən sonrakı heteronormativ əlavələrlə ziddiyyət təşkil edir. Bu daha liberal və bir mənada kuir nəzəriyyə sonrakı nəşrlər və sonrakı şərhlər tərəfindən arxa plana sıxışdırılıb. Buna görə də əsərin yeni tərcüməsi Freydin eyni dövrdə həyata keçirdiyi işlərə işıq tutur və daha da önəmlisi, kitab üzərindəki bu görünməz təzyiqin aradan qalxması ilə Freyd genderə dair müasir müzakirələr baxımından bir daha öz əhəmiyyətini ortaya qoyur.

Psixoanaliz və ya freydçi fikirlərlə bağlı olan kitablar isə hələ də yolumuzu işıqlandırmağa davam edən bir ənənənin parçaları kimi qarşımıza çıxır.

"Freyd" - Conatan Lir


Freydin nəzəriyyə və təcrübələrinin mərkəzində dayanan, insanın həm özü ilə, həm də dünya ilə qurduğu münasibət baxımından hələ də əhəmiyyət daşıyan fikir və anlayışlarla tanış olmaq üçün yəqin ki, ən yaxşı seçimlərdən biridir. Lirin kitabında şüursuzluq, yuxular, zehnin fəaliyyəti və ruhun quruluşu, eləcə də cinsəlliyin artıq instinkt kimi deyil, impuls kimi nəzərdən keçirildiyi nəzəriyyələr barədə bir çox məlumat yer alır.

"Hamlet" - Uilyam Şekspir


Danimarka şahzadəsinin şübhələri, ziddiyyətləri və tərəddüdləri yazıldığı gündən bəri Freyd də daxil olmaqla demək olar ki, hər oxucunun diqqətini çəkib.

Edip mifində açıq şəkildə gördüyümüz dağıdıcı arzu və fantaziyalar vicdanı tərəfindən qorxağa çevrilən Hamletin hekayəsində tamamilə sıxışdırılır.

Bununla belə, Hamlet təkcə əmisi və ona meydan oxumağa hazır rəqibləri üçün deyil, həm də Ofeliya üçün təhlükəli fiqurdur.

Edip kompleksinin əslində nə demək olduğunu bizə Hamlet göstərir.

"Səs və Qəzəb" - Uilyam Folkner


Şüur axını təhkiyəsi ilə Folknerin bu romanı ədəbiyyatda personajların ruhani duyğu durumlarının ön plana çıxdığı, yəqin ki, Freydə borclu olduğumuz bir dövrlə bağlıdır.

Görünüşə görə, şüurlu düşüncələr fantaziyalardan, fikirlərdən, xatirələrdən və qavrayışlardan doğur.

Folknerin bu möhtəşəm hekayəsi üç qardaş arasındakı dinamika üzərində qurulub: əqli pozuntusu olan Benci, kinik və depressiv Kventin, istehzalı davranışları ilə hər şeyi ələ salan Ceyson.

Bu üç qardaşın zehni vasitəsilə aristokrat Kompson ailəsinin otuz illik qaçılmaz süqutunun şahidi oluruq.

"Cinsəlliyin tarixi" - Mişel Fuko


"Cinsəlliyin tarixi" bu mövzuda yazılmış ən mühüm müasir mətnlərdən biridir.

Adətən psixoanalizə yönəlmiş tənqid kimi oxunur.

Çünki Fukonun cinsəllik nəzəriyyəsi içimizdə daşıdığımız təbii impulsdan daha çox, tarixi proses ərzində yaşanan sosial praktikaların doğurduğu arzulara əsaslanır və ona görə psixoanaliz də məhz belə bir praktikadır.

Bununla yanaşı, bəzi sosial strukturları vurğulaması baxımından Fukonun bədənə yanaşması Freydin "Cinsəllik üzərinə üç esse"dəki ilk versiyasında mövzulaşdırdığı uşaq cinsəlliyini yada salır.

Orada cinsəllik fiziologiya terminlərinin təsvir etdiyi funksional olmayan bədəni zövqlərlə eyniləşdirilə bilər.

"Vəsvəsə və ilham arasında" - Jan Laplanş


Uşağın böyüklərin cinsəlliyi ilə qarşılaşması öz cinsəlliyini qurmasında mühüm rol oynayır.

Həqiqətən də cinsəllik təkcə insanın "içində" deyil, digəri tərəfindən göndərilən sirli mesaj kimi xaricdə də qavranılır.

Böyüklər - bu, uşağın xoşuna gəlsin ya gəlməsin, nələrin fərqində olsun ya olmasın, uşaqların qarşısına öz təcrübələrinə qismən inteqrasiya edə bildikləri anlaşılmaz cinsi mesajlarla çıxırlar.

Bu mesaj ehtiraslı öpüş də ola bilər, hamilə ana da, sözügedən "antropoloji vəziyyət" cinsi (hissi) bədəni heç vaxt tam aradan qaldırıla bilməyəcək sual işarəsinə çevirir.

"Freyd: Zehnin bioloqu" - Frenk C. Sallouey


Freydin nəzəriyyəsi Darvinin dərslərini mənimsəməklə kifayətlənməyib, həm də XX əsrin əvvəllərinə qədər intellektual yol yoldaşı olan müəmmalı Vilhelm Flisdən təsirlənib.

Sallouey isə bu freydçi nəzəriyyənin bioloji əsaslarını diqqətəlayiq şəkildə yenidən qurur.

Salloueydə psixoanaliz darvinçi psixologiya nəzəriyyəsi kimi deyil, darvinçi baxış üçün psixologiya kimi ortaya çıxır.

"Portnoyun fəryadı" - Filip Rot


Kitab subay yəhudi psixoanalitik Dr. Spilvogel ilə görüşlərində azğın cinsi arzularını ətraflı danışdığı monoloqlardan ibarətdir.

Roman tərkibindəki masturbasiya səhnələri və ədəbsiz dili səbəbindən nəşr olunduğu 1969-cu ildə xeyli müzakirələrə səbəb olmuşdu.

Tarix dəyişir, amma insanlar o qədər də dəyişmir, sərt əxlaq qaydaları ilə tanınan Viktoriya dövründə yaşayan Freyd də bənzər mübahisələrlə mübarizə aparmalı olmuşdu.

"Cinsəlliyin ortaya çıxması" - Arnold Devidson


Psixoanalizin düzgün anlaşılması yalnız öz dövrünün psixiatriyası ilə mümkündür.

Fukodan ilhamlanan Devidson "ruhi sağlamlığı" psixopatologiyanın üzərində və əksinə yerləşdirən psixoseksuallığın və onu dəstəkləyən "psixiatrik düşüncə tərzinin" ortaya çıxmasını araşdırır.

Burada psixoanaliz birbaşa təsirlidir, lakin digər tərəfdən sözügedən düşüncə tərzindən radikal qopma vəd edir

Həmin andan etibarən patoloji olan, xüsusilə də cinsi sapmalar normallığın bir hissəsinə çevrilir.

Psixoanaliz isə məhz psixiatriya ilə qurulan bu qeyri-müəyyən münasibətdən doğur.

"Nitsşe ağlayanda" - İrvin D. Yalom


1882-ci il... Yəni psixoanalizin yaranmasından xeyli əvvəl...

Lu Andreas-Salome Freydin ilk iş yoldaşlarından olan Yozef Breyerə Fridrix Nitşe adlı mütəfəkkirdən danışır və bu dahi, lakin ümidsiz, ümidsiz olduğu qədər də intihara meyilli gəncə kömək etməsi üçün yalvarır.

Faktla uydurmanın iç-içə keçdiyi romanda Breyer "danışıq terapiyasını" kəşf edərkən, Nitşe də Zərdüştü yazmaq üçün ehtiyac duyduğu "hakimiyyət iradəsini" qazanır.

Bu əsər, heç yaşanmamış, lakin buna baxmayaraq mümkün olduğu qədər real olan dostluğun təsirli hekayəsidir...

"Eşq və sivilizasiya" - Herbert Markus


Markusu 1955-ci ildə nəşr olunmuş kitabı müharibədən sonrakı dövrdə freydçi nəzəriyyə əsasında inkişaf etdirilən fəlsəfi düşüncələr baxımından dönüş nöqtəsidir.

Kitab əsasən insanın cinsi təminat axtarışı ilə nevrotik məhsuldarlıq və funksionallıqda performans tələb edən repressiv kapitalist cəmiyyət arasındakı ziddiyyətin marksist oxunuşudur.

Markusa görə, əmək gələcəyin sosialist cəmiyyətində repressiv qüvvələrdən qurtulub azad olduqda, libidoya aid hər cür həzz də yalnız o zaman sərbəst qalır.

Türk dilindən tərcümə etdi: Aydan Ağayeva

# 49 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor vəfat etdi - Səbəb

Tanınmış aktyor vəfat etdi - Səbəb

15:02 19 noyabr 2026
“Tame Impala” Avstraliya musiqisinin tarixində yeni səhifə açdı – Bir gecədə 7 mükafat

“Tame Impala” Avstraliya musiqisinin tarixində yeni səhifə açdı – Bir gecədə 7 mükafat

14:46 19 noyabr 2026
İranda həbs edilən rejissora dəstək - Tanınmış kino simaları və festivallar tərəfindən

İranda həbs edilən rejissora dəstək - Tanınmış kino simaları və festivallar tərəfindən

14:12 19 noyabr 2026
Süni intellekt şirkətləri 2 milyon kitabı məhv edib? – Yazıçılardan ciddi ittiham

Süni intellekt şirkətləri 2 milyon kitabı məhv edib? – Yazıçılardan ciddi ittiham

13:48 19 noyabr 2026
AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib - Format dəyişikliyi olacaq

AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib - Format dəyişikliyi olacaq

13:36 19 noyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

13:14 19 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər