Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"
18 noyabr 2026
# 15:00

Kulis.az tanınmış hind yazıçı Amitava Kumarın yazmağın prinsipləri və qaydaları ilə bağlı yazısını təqdim edir.

Professorluğa yüksəldiyim vaxt çalışdığım universitetin kitabxanası məndən karyeramda faydalandığım bir kitabın adını istədi. V. S. Naypolun “Mərkəzi tapmaq” ("Finding the center") adlı kitabını seçdim. Kitabxana dərhal bir nüsxə aldı və kitab haqqında yazdığım bu qeydlə birlikdə otaqlarından birində sərgiləməyə başladı:

“Oxuduğum ilk ədəbi avtobioqrafiyalardan biri idi. Elə ilk cümləsindən zehnimdə yaranan fikir yazmağın zamanda bir açılış və ya bir başlanğıc olması idi. Bu cümlə sayəsində davamlı təkrarlanan səylərin hərəkətini və ritmini, nəhayətində isə bir araya gəlib çap olunan sözlərin tarixini xatırladım: "Londonda BBC-nin otaqlarından birində, qarşımda köhnə bir yazı makinası, BBC başlıqlı hamar kağıza ilk kitabımın ilk cümləsini yazmağımdan təxminən otuz il keçib." İlk cümlə haqqındakı bu ilk cümlə zehnimdə əks-səda yaratdı və iyirmi illik yazarlıq həyatım boyu da əks-səda verməyə davam etdi. Yazmağa başladığınız hər kitab öz qayğılarını və iddiasını da özü ilə gətirir. Mən də nə vaxt yenidən bir kitab yazmağa başlasam, Naypolun kitabını xatırlayıram.”

Vidiadxar Suracprosad Naypol

Lakin əsl həqiqət nə Naypolla, nə də başlanğıclarla bağlı idi. Sitat gətirdiyim cümlə də, kitab da mənim üçün vacib idi, amma karyeramda mənə əsl kömək edən Naypolun yazarkən özünü yeni başlayan bir naşıya çevirdiyini söyləməsi oldu: “Uğur qazanmaq üçün çox çalışmalı oldum. Əvvəllər iyirmi iki yaşıma qədər yazdığım hər şeyi unutmaq məcburiyyətində qalmışdım. Hər şeyi kənara qoydum və məktəbli bir uşaq kimi yazmağa başladım. "Pişik həsirdən xalçanın üzərində oturdu" - bax, demək olar ki, bu dərəcədə sadə cümlələrlə başladım.”

Və mən də eynisini etdim. Təxminən on il əvvəl idi, ştata qəbul olunmağımdan qısa müddət sonra “Tehelka” jurnalından bir dəvət aldım. Həmin vaxt Hindistanda idim, qış fəsli idi. Redaktorlarla görüşmək üçün “Tehelka”nın ofisinə getdim. Görüş başa çatanda mənə ofisi gəzdirdilər. Divarda qəyyumlar şurasının üzvlərindən biri olan Naypolun portreti, əməkdaşlardan birinin kompüterinin kənarında isə “Yeni başlayanlar üçün V. S. Naypol qaydaları” yazılmış bir kağız var idi.

“Tehelka” müxbirləri Naypoldan istifadə etdikləri dili təkmilləşdirmək üçün bəzi tövsiyələr istəmişdilər, o da nümunə mətnlər üzərində işləyib faksla onlara göndərdikdən sonra müəyyən qaydalar təklif etmişdi. Bir neçə gün sonra Naypolun qaydaları ilə birlikdə Hindistandan ayrıldım və sonrakı həftələrdə “Tehelka”nın ədəbiyyat guşəsi üçün müntəzəm yazmağa başladım. Yazarkən bacardığım qədər Naypolun qaydalarına riayət edirdim. Qaydalar istifadə etməyə vərdiş etdiyim akademik dilə qarşı inanılmaz dərəcədə güclü bir əks-zəhər idi və onların sayəsində öz yazı vərdişlərimin fərqinə vardım. Dil kəşf ediləcək yeni bir ölkə kimi qarşımda idi. Mən isə o ölkəni kəşf edən bir səyyah. Suallar verdim, qeydlər götürdüm və hər şeyi öz hekayələrim daxilində nizamlamağa başladım. Ən azı bir il müddətində bu qaydalara ciddi şəkildə əməl etdim və nəhayət, həmin vaxtlar yazdıqlarımdan “Bombey-London-Nyu-York” kitabım ərsəyə gəldi.

Budur, sizə “Yeni başlayanlar üçün V. S. Naypol qaydaları”:

*Uzun cümlələr yazmayın. Bir cümlə ən çoxu on və ya on iki sözdən ibarət olmalıdır.

*Cümlələr aydın fikirlərdən ibarət olmalıdır. Hər cümlə özündən əvvəlki cümlənin fikrini inkişaf etdirməlidir. Yaxşı bir abzas bir sıra aydın və bir-biri ilə əlaqəli fikirlərdən ibarət olur.

*Uzun sözlərdən istifadə etməyin. Kompüteriniz sizə söz ortalamanızın beş hərfdən çox olduğunu göstərirsə, deməli, nəsə qaydasında getmir. Qısa sözlər sizi yazdıqlarınız haqqında düşünməyə sövq edir. İfadə edilməsi ən çətin fikirləri belə qısa sözlərlə çatdıra bilərsiniz.

*Mənasından əmin olmadığınız sözləri işlətməyin. Əgər bu qaydaya əməl etmirsinizsə, o zaman özünüzə başqa bir iş axtarın.

*Yazmağa yeni başlayanlar say bildirən sifətlərlə rəng və ölçü bildirən sifətlər istisna olmaqla, başqa sifətlərdən istifadə etməməlidirlər. Mümkün qədər zərflərdən də qaçmaq lazımdır.

*Mücərrəd olandan uzaq durun. Həmişə konkret olanla davam edin.

*Ən azı altı ay ərzində hər gün bu qaydalara riayət edərək yazı məşqləri edin. Qısa sözlər, aydın fikirlər ehtiva edən konkret cümlələr. İlk anda qəribə gələ bilər, amma dildən istifadə etmək mövzusunda özünüzü yetişdirmiş olacaqsınız. Hətta bu altı aylıq təcrübə sayəsində universitetdə qazandığınız pis dil vərdişlərindən də xilas ola bilərsiniz. Qaydaları dərindən mənimsəyib onlara hakim olduqdan sonra onların fövqünə keçə və həqiqətən yazmağa başlaya bilərsiniz.

Amitava Kumar

Naypolun qaydalarının sadəlik və birbaşalıq baxımından daha irəli bir səviyyəyə daşına biləcəyini düşünmürəm. Yazmağa yeni başlayan biri bu qaydaları hər gün məşq etməlidir. Əlbəttə, heç bir qayda yazıçının yalnız yazarkən öyrənə biləcəyi, öyrənməli olduğu şeylərin yerini vermir. Amma mən yenə də tələbələrimə müəyyən qaydalar tövsiyə edirəm. Məsələn, bu ilki yazarlıq dərsimin ilk günündə Rey Bredberinin qaydalarının yazıldığı kağızları tələbələrə payladım. Çünki Bredberi bir il müddətində hər həftə qısa bir hekayə yazılmasının vacibliyinə dair dəyərli bir məsləhət verirdi. Nə üçün? “Çünki ard-arda əlli iki pis hekayə yaza bilməzsiniz.”

Mən də tələbələrim üçün öz qaydalar siyahımı tərtib etdim. Siyahım heç bir halda peşəkarlığımı sübut edən bir dəlil deyil, sadəcə onilliklərlə ölçülən yazarlıq təcrübəmin bir göstəricisidir:

Hər gün mütləq yazın. Bu, ən məlum klişelərdən biridir, amma özünüzə hər gün yazmalı olduğunuzu dedikdə yazmağa daha çox vaxt ayırdığınızı görəcəksiniz. Yazarlıq dərslərində istifadə etdiyim bir dəftərim var, arxa səhifəsinə tarixləri yazıram və həmin günkü işim bitdikdən sonra yanına bir işarə qoyuram. Tələbələrimə tez-tez bu səhifəni göstərirəm; həm onları həvəsləndirmək üçün, həm də özümə tələbələrimi xəyal qırıqlığına uğrada bilməyəcəyimi xatırlatmaq üçün.

***

Təvazökar hədəfləriniz olsun. Hər gün yüz əlli söz yazmağı hədəfləmək kimi. Bəzən yazmaq üçün kifayət qədər vaxtım olmur, amma bu cür kiçik bir hədəf az zamanda yazmağı asanlaşdırır. Vaxt baxımından rahat olduğum günlərdə isə bu, yalnız bir başlanğıc olur, adətən daha çox yazıram.

***

Hər gün eyni saatda yazmağa çalışın. Bu yaxınlarda Toni Morrison ilə aparılan bir müsahibəni oxudum. Morrison belə demişdi: “Tələbələrimə bilməli olduqları ən vacib şeylərdən birinin günün hansı saatında daha yaradıcı olduqlarını kəşf etmək olduğunu deyirəm.” Mənim üçün ən ideal olanı isə hər gün eyni saatda yazmaqdır. Uşaqları məktəbə qoyduqdan sonra dərslərim başlayana qədər keçən bir və ya iki saatlıq boşluq. Səhər yeməyimi yeyir, qəhvəmi götürüb iş otağına keçirəm. “New Yorker”in bloq səhifəsi “Page Turner”in müəlliflərindən Roksana Robinson qəhvəsini götürdüyü an yazmağa başladığını deyir - qəzetlərə göz gəzdirmək, sosial mediada xəbərlərlə vaxt öldürmək, dostlarına zəng etmək və ya santexnikin gəlib-gəlməyəcəyini öyrənməyə çalışmaq kimi məşğuliyyətlər olmadan. “Telefon zəngi gəldiyi an yazmaq prosesim sona çatır. Çünki hər şeyin qarışıq olduğu, sadə belə olsa, müəyyən qərarlar və danışıqlar tələb edən gündəlik dünyaya daxil olmaq o andan sonra yaza bilməmək deməkdir.” Robinsonun yazısını 2013-cü ildə oxumuşdum və təəssüf ki, o vaxtdan bəri demək olar ki, hər gün bu yazını düşünürəm.

***

İnterneti söndürün. İnternet möhtəşəm bir mənbədir və ondan istifadə etməyimiz qaçılmazdır, amma eyni dərəcədə də diqqəti yayındırır. “Freedom” kimi tətbiqlərdən istifadə etmək diqqətinizi cəmləməyə kömək edə bilər. İkonaya klikləyir və kompüterinizin hansı müddətə internet bağlantısını kəsməsini istədiyinizi qeyd edirsiniz. Mənim seçimim altmış dəqiqədən yanadır. Həm də bunun sayəsində kompüter arxasında oturduğum müddəti nəzarətdə saxlaya bilirəm.

***

Gəzintiyə çıxın. Hətta daha yaxşısı, qaçmağa gedin. Müntəzəm idman etməsəniz, müntəzəm yaza bilməzsiniz. Yaxud ən azından uzun müddət yaza bilməzsiniz. Öz adıma bu məsələdə həmişə səhlənkar davranmışam və əvəzini belimdəki ağrılarla ödəmişəm. Ona görə də bu mövzuda daim tələbələrimi də həvəsləndirir, hətta yazarlıq sinfimdən biri ilə uzunmüddətli söhbət aparmalı olanda ona kampda gəzintiyə çıxmağı təklif edirəm.

***

Özünüzə aid bir kitab rəfiniz olsun. Bu rəfi sizə bələdçilik edəcək kitablara ayırın. Bunların mütləq bədii ədəbiyyat olması vacib deyil. Daha çox tənqidi metod və üslub mövzusunda fikir verən kitablar seçin. Bu məsələ üzərində düşünməyin digər bir yolu da özünüzdən ünsiyyətdə olduğunuz alimlərin, sənətkarların və ya yazıçıların kimlər olduğunu soruşmaqdır.

***

Yazdıqlarınız qrant müraciətlərini xatırladırsa, onlardan xilas olun. Sizi bilmirəm, amma mən qrantlara müraciət edərkən az qala ölü deyilə biləcək bir üslubla yazıram. Halbuki bu standart müraciət dilindən qurtulmaq lazımdır. Durğun bir dil, davamlı jarqon istifadəsi, gücə xitab edən və azadlığı məhdudlaşdıran yazılar. Düzdür, məndəki vəziyyətin səbəbi son müraciət tarixinə qədər gözləməyim və yazını son anda çatdırmağa çalışarkən beyin hüceyrələrimin kütləvi şəkildə intihar etməsi ola bilər.

***

“Yox” deməyi öyrənin. Sizdən yazı istəyən redaktor çox sevdiyiniz bir dostunuz olsa belə. Hal-hazırda üzərində işlədiyiniz mövzudan sizi uzaqlaşdıracaqsa, “yox” cavabını verin. Uşaqlarım hələ kiçikdirlər və adətən “yox”u bir cavab kimi qəbul etmirlər. Amma ətrafımızdakı insanlar məntiqli bir izahat verdikdə anlayış göstərən yetkin insanlardan ibarətdir.

***

Əlinizdəki işi bitirmədən digərinə başlamayın. Ağlınıza tamamilə başqa fikirlər gələ bilər, bunları ayrıca bir dəftərə qeyd edin, amma ilk növbədə üzərində işlədiyiniz kitabı bitirməyə fokuslanın. Bu qayda mənim ən çox faydalandığım qaydalardan biridir. Henri Millerin yazmağa dair tövsiyələrində görmüş və tətbiq etməyə başlamışdım. Amma Millerin bu qaydasına əməl etmək daha çətin idi: “Gərgin olmayın. Əlinizdəki materialın üzərində sakitcə və qayğısızca işləyin.

***

Doqquzuncu qaydanı əsla yadınızdan çıxarmayın. Eyni vaxtda iki kitab birdən yazmağa çalışanda inanılmaz dərəcədə az iş gördüyünüzü müşahidə edəcəksiniz. Yarımçıq qalmış layihələr adətən əhval-ruhiyyəni pozur. Sizdən daim nələrsə tələb edən daxili redaktorunuzu bir müddətlik söndürün və ikincisinə başlamazdan əvvəl əlinizdəkini tamamlayın.

Hazırda bu yazını oxuyursunuzsa, böyük ehtimalla bir yazıçısınız. Və kimsə sizdən peşənizi soruşduqda və ya qarşınıza doldurmalı olduğunuz bir anket çıxdıqda cavabınız bu şəkildə olmalıdır. Enni Dillard belə deyir: “Həyatlarımızı, əlbəttə ki, günlərimizi necə keçiririksə, elə də keçiririk.” Bu sözləri eşidəndə diksinmişdim. Keçən o qədər zamanı düşündüm, yazmaq istəyib də yaza bilmədiyim günləri...

İllərimi boşa xərcləmişdim. İndi hər gün mütləq masanın arxasına keçir, yazıram və o gündəlik mübarizənin sonunda taleyi tərsinə çevirmiş kimi hiss edirəm.

Beləliklə, həyatımı yazaraq keçirəcəyim fərziyyəsi gözümə olduqca normal görünür.

Türk dilindən materialı tərcümə etdi: Sevinc Mürvətqızı

# 63 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissordan yeni layihə - Kianu Rivz baş rolda çıxış edəcək

Məşhur rejissordan yeni layihə - Kianu Rivz baş rolda çıxış edəcək

15:16 18 noyabr 2026
İngiltərə XVI əsrə aid Moğol əlyazmalarının ölkədən çıxarılmasına qadağa qoydu

İngiltərə XVI əsrə aid Moğol əlyazmalarının ölkədən çıxarılmasına qadağa qoydu

14:58 18 noyabr 2026
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində

Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində

14:41 18 noyabr 2026
Qaranlıq - Yeni hekayə

Qaranlıq - Yeni hekayə

14:18 18 noyabr 2026
Türkiyədə dəmir yolu vağzalları muzey kimi fəaliyyət göstərəcək

Türkiyədə dəmir yolu vağzalları muzey kimi fəaliyyət göstərəcək

13:44 18 noyabr 2026
Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət etdi

Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət etdi

13:23 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər