Pakistan mətbuatı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanından yazır

Pakistan mətbuatı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanından yazır
17 noyabr 2026
# 15:24

Azərbaycan ədəbiyyatının seçilən əsərlərindən biri Urdu dilində nəşr olunduqdan sonra Pakistan mətbuatının diqqətini cəlb edib.

Kulis.az xəbər verir ki, 2026-cı ilin mart ayında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Urdu dilinə tərcümə edilərək Pakistanda nəşr olunub. Əsər Pakistanın bir neçə qəzetində təqdim və təhlil edilib, Azərbaycan yazıçısının yaradıcılığına, romanın ideya qatlarına və Azərbaycan ədəbiyyatının özünəməxsus dünyasına maraq göstərilib.

“Vadi-e-Tilsim” adı ilə Urdu dilində oxuculara təqdim olunan roman Pakistan mətbuatında sirr, yaddaş, həqiqət və insan təcrübəsi ətrafında qurulan çoxqatlı bədii əsər kimi dəyərləndirilib. Yazılarda Kamal Abdullanın tarixi və fəlsəfi düşüncəni müasir təhkiyə ilə birləşdirən müəllif üslubu ön plana çəkilir. Romanın oxucunu yalnız hadisələrin ardınca aparmadığı, onu həqiqət və gerçəklik anlayışları barədə düşünməyə dəvət etdiyi vurğulanır.

Əsər haqqında materiallar “Daily Aeen Peshawar”, “Daily 51 News Peshawar” və “Daily Aksriyat Peshawar” qəzetlərində dərc olunub. Nəşrlərdə romanın süjeti ilə yanaşı, Kamal Abdullanın yazıçı və alim kimi yaradıcılığı, Azərbaycan ədəbiyyatının fərqli mədəniyyətlər arasında qurduğu ədəbi körpülər də işıqlandırılıb. Bu yazılar Urdudilli oxuculara Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən birinin yaradıcılığı ilə tanış olmaq imkanı yaradıb.

Kamal Abdullanın əsərləri milli yaddaş, tarix, mif və müasir insanın düşüncə dünyası arasında əlaqələr qurması ilə seçilir. “Sehrbazlar dərəsi” də bu baxımdan oxucuya hazır cavablar təqdim etməkdən çox, onu suallar üzərində düşünməyə sövq edir. Romanın Urdu dilində nəşri Azərbaycan müəllifinin yaradıcılığının yeni oxucu auditoriyasına çatdırılması baxımından əhəmiyyətli addımdır.

Əsərin Urdu dilinə tərcüməsi və Pakistan oxucusuna təqdim olunması Azərbaycan Dillər Universitetinin Pakistan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlıdır. Tərcüməni mərkəzin rəhbəri və tərcüməçi Athar Mahmood həyata keçirib. Bununla belə, Pakistan mətbuatında diqqət mərkəzində olan əsas mövzu Kamal Abdullanın müəllif dünyası və “Sehrbazlar dərəsi”nin bədii-fəlsəfi məzmunudur.

Pakistan qəzetlərində yayımlanan bu materiallar əsərin Urdu dilli məkanda tanıdılmasına və Azərbaycan ədəbiyyatına marağın artmasına töhfə verir. “Sehrbazlar dərəsi”nin yeni dildə oxucu ilə görüşü Kamal Abdullanın yaradıcılığının sərhədləri aşan ədəbi dialoqa qoşulduğunu göstərir.

"Sehrbazlar dərəsi”nin Pakistan nəşri romanın beynəlxalq ədəbi yolunun yeni mərhələsidir. “Sehrbazlar dərəsi” Türkiyədə (2010), Rusiyada (2010, 2013, 2016), Litvada (2013), Qazaxıstanda (2013), Fransada (2013), Yaponiyada (2013), İranda (2014), ABŞ-da (2015), İtaliyada (2016), Rumıniyada çap olunub və bu ölkələrdə böyük təqdimat mərasimi keçirilib.

Urdu dilində yayımlanması Kamal Abdullanın yaradıcılığını Pakistan və Cənubi Asiya oxucularına daha yaxından tanıtmaqla yanaşı, Azərbaycan ədəbiyyatının beynəlxalq ədəbi dialoqa töhfəsini də genişləndirir.

# 45 dəfə oxunub

Oxşar xəbərlər

"Bir zamanlar Hollivudda"nın davam filmində Leonardo DiKaprio olmayacaq - Səbəb

"Bir zamanlar Hollivudda"nın davam filmində Leonardo DiKaprio olmayacaq - Səbəb

15:11 17 noyabr 2026
80 il sonra tapılan fotolar - Pilbara tətilinin görünməyən tarixçəsi

80 il sonra tapılan fotolar - Pilbara tətilinin görünməyən tarixçəsi

14:36 17 noyabr 2026
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı

Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı

14:26 17 noyabr 2026
Van Qoqun 180 milyon dollarlıq tablosu satışdan çıxarıla bilər

Van Qoqun 180 milyon dollarlıq tablosu satışdan çıxarıla bilər

13:57 17 noyabr 2026
14-cü Boğaziçi Film Festivalının  qalibləri bəlli oldu

14-cü Boğaziçi Film Festivalının qalibləri bəlli oldu

13:26 17 noyabr 2026
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

12:56 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər